Acı xəbər

Print Friendly, PDF & Email

Acı bir xəbər eşitdik, çox acı…

Eşitdiyimiz bir neçə kəlmə söz beynimizdə ilişib qaldı, yaman qaldı…
Dedilər, yanan evdə kiçik yaşlı uşaqlar, körpələr də yanıb həlak olub. 
Ürəklər əsdi, dizlər büküldü, qulaqlar guruldadı bu acı xəbərdən…
Acı bir xəbər eşitdik…

Əl-qolumuz sustaldı, gözlərimiz qaraldı, dünya başımıza dolandı…
Kimi başını tutub yerə çökdü, kimi üzünü tutub hönkürdü, kimi göz yaşlarını gizlətməyə bucaq axtardı. 
Kimi baş qoyub ağlamağa, ürəyini boşaltmağa etibarlı bir çiyin axtardı.

Kimi yanan evin ətrafına gül düzdü.

Kimi kül olan binanın qarşısında şam yandırıb alova alovla üstün gəldi…
Göydə buludlar, havada quşlar, yerdə gözlər ağladı bu müsibətə.
Neçə-neçə körpə, məsum baxışlar söndü, yanan alovun içində. 
Neçı-neçə körpə dodağında təbəssüm dondu, alovun içində…
İlahi!

Bu nə dəhşət?! Bu nə vəhşət?!
Deyirlər, körpə yaşda ölənlər cənnət göyərçinləridir. 
Aç qapılarını, cənnət bağı, aç! Bir dəstə körpə qanad açıb sənə tərəf uçur. 
Aç qapılarını, cənnət bağı, al qoynuna bu pak, günahsız, məsum körpələri. 
Bas bağrına əvvəl ağ olan, sonra yanaraq qara rəngdə olan bu göyərçinləri.
Aç qoynunu cənnət bağı, ana qucağı kimi aç, sənin qucağına anasız qalanlar gəlir.

Əzizlə onları, cənnət bağı, ana kimi əzizlə.

Onlar doyunca əzizlənə bilmədilər, əzizlə onları, qoy ana əvəzinə sənə sığınıb aram olsunlar…

Gülarə Munis, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.