Ən’ənə ilə müasirliyin bütövlüyü

Print Friendly, PDF & Email

Təsviri sənətimizin müstəqillik dövrünü əhatə edən inkişaf mərhələsi hələ ki, daha çox bədii axtarışların təzadlı olması ilə diqqət çəkməkdədir. Belə ki, “Bədii şura”ların yoxluğu ilə rəssamların yaradıcılığına duyulası sərbəstlik verilən indiki durumda müxtəlif yaşlı müəlliflərin milli dəyərlərə tapınmalarından daha çox, Qərbdən ixrac olunan “izm”lərə nəzirələr çəkmək tendensiyasının artdığını görməkdəyik. 

Hər bir yaradıcının ideoloji bağlılıqdan uzaq olmasının qarşılığında, baş verənləri təbii qəbul etməyə məcbur olsaq da, deməliyik ki, beynəlxalq aləm üçün bədii məkanda artıq yaşananların təkrarlanması heç cür maraqlı görünmür və görünə də bilməz. İndiki halda milli dəyərlərimizin ƏN’ƏNƏ ilə müasirliyin qovşağında təqdimatı dünya üçün yeni, bir çox hallarda isə çox maraqlı görünür. Səttar Bəhlulzadənin tabloları, Vaqif Mustafazadənin ifası, Firəngiz Əlizadənin bəstələri, Alim Qasımovun oxusu, Eldar Mikayılzadənin xalçaları, Məzahir Avşarın keramikası kimi… Buna nail olmağın gərgin axtarışlardan keçməsi qarşılığında bu yolu seçənlərin bu gün azlığı da kifayət qədər hiss olunandır. Respublikanın əməkdar rəssamı, istedadlı fırça ustası Ülviyyə Həmzəyeva məhz həmin çətin yolu seçən azların sırasındadır…

Qənaətimizcə, bu gün respublikamızın mədəni və ictimai həyatında fəallığı ilə seçilən gənc rəssamın keçdiyi ömür yolu onun yaradıcı missiyasını dərindən dərk etdiyini sərgiləyir. Naxçıvan Dövlət Universitetində ixtisas təhsili alan (2006) Ülviyyə Həmzəyeva çox qısa zaman kəsiyində baş tutan yaradıcılığı ilə ona bəslənən ümidləri doğrultmuşdur, desək, yanılmarıq. Əvvəlvə Naxçıvan Muxtar Rspublikasının (2008), sonra isə “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adlarına, 2014-cü ildə isə Portuqaliyada keçirilən Beynəlxalq təsviri sənət festivalının “Vera” mükafatına layiq görülməsi də bunun təsdiqidir. Onun 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsini isə Naxçıvan Rəssamlar Birliyinin sədri kimi gördüyü davamlı ictimai işlərin dəyərləndirilməsinə cavab saymaq olar. 

O, hər şeydən əvvəl gördüklərinə yaradıcı münasibət bəsləyən, onları heyrət qaynağına çevirməyi bacaran rəssamdır. Əsərlərini səciyyələndirən klassik irsdən gəlmə məziyyətlər – kompozisiya bitkinliyi, məna – məzmun dərinliyi və düşündürücülüyü, inandırıcı stilizə və bədii şərtilik də bunu təsdiqləyir. 

Onun zəngin yaradıcılığı rənglərin dili ilə yazılmış “bədii həqiqətlər məcmusu”na bənzəyir. İldən-ilə rəssamın palitrasında yer almış rənglərin işığı artdıqca, yaradıcı təcrübəsi çoxaldıqca bu fani dünya ona daha sirli-soraqlı, daha maraqlı görünüb. Bu da ona mövzu və süjetlərin alt qatına nüfuz etməyə, orada “gizlənən” mənəvi-fəlsəfi qatı aşkarlamağa imkan verib. Odur ki, ildən-ilə ərsəyə gətirdiyi əsərlərin qarşısında tamaşaçı seyrçi kimi yox, müsahib kimi dayanır, onunla dialoqa girir…

Etiraf edək ki, “izm”lərin mübarizəsinin kəskinləşdiyi indiki xaotik vəziyyətdə qəlbinin səsinə qulaq asmaqla, ruhunda gəzdirdiyin yaratmaq gücünü ifadə etmək elə də asan məsələ deyildir, desək, yanılmarıq. Amma bütün dövrlərdə olduğu kimi, dünyanın palitradakı rənglər kimi “qarışan” vaxtında qəlbinin səsinə, milli qədim ƏN’ƏNƏlərə tapınan Ülviyyə Həmzəyeva orta əsrdə yaşayıb-yaratmış sələflərinin bədii irsinə təfsir yolu ilə yeni forma-biçim verməklə, milli qaynaqların bütün dövrlərdə əvəzsiz ilham mənbəyi olduğuna biz tamaşaçıları da inandıra bilmişdir. 

Əgər onun müxtəlif mövzuları və janrları əhatə edən dünyaya baxışının məziyyətlərini vurğulamalı olsaq, onda öncə əsərlərindəki bədii şərhin özünəməxsusluğunu vurğulamaq lazımdır.Ülviyyə xanım bununla da çox qısa zaman kəsiyində bütün yaradıcıların arzusunda olduğu sənətkar “mən”ini təsdiqləmişdir, desək, yanılmarıq. Onu da etiraf edək ki, bu bədii-texniki göstəricini əldə etmək çox çətindir. Bu mənada gənc fırça ustasının əsərlərində müşahidə olunan kiçik yaxılar toplusunun yaratdığı bütövlük – bənzərsiz mənəvi qaynaq bədii-estetik baxımdan cəlbedici və duyğulandırıcıdır. 

Ülviyyə Həmzəyevanın yaradıcılığı janr əlvalığı ilə diqqət çəkir. Onun sənətkarlığının əsas göstəricisi də elə janrından asılı olmayaraq yaratdıqlarının bədii tutumunun tamaşacını ovsunlaya bilməsidir. Bunu şərtləndirən səbəbsə rəssamın janrdan-janra qarşısına qoyduğu bədii vəzifələri yeniləşdirməsi, bədii ifadəni məzmun tutumuna müvafiq reallaşdırmasıdır. Qənaətimizcə, bütün bunlara – görüntüyə gətirilənlərə son nəticədə tamaşaçını düşündürə biləcək psixoloji-fəlsəfi tutum verə bilməsi isə yəqin ki, bir yaradıcı kimi onun ən böyük qazancıdır. Bu mənada rəssamın “Muğam”, “Bəşəriyyət”, “Məkan və zaman”, “Fani dünya”, “Olum-ölüm”, Günahkar”, “İtirilmiş həyat”, “Həyat ağacı”, “Baxış”, “İtmiş dünya” və “Çərxi-fələk” kimi süjetli lövhələrinin məhz rəng-cizgi tutumunda “gizlənən” məna-məzmun yükünün çoxqatlı mahiyyətinə görə onlara zamansızlıq bəxş etməsi duyulandır. Əslində rəssam təxəyyülünün nəhayətsizliyini nümayiş etdirməyə imkan verən belə əsərlərin ərsəyə gəlməsi bir qayda olaraq rəssam professionallığı ilə yanaşı, həm də müəllifin gerçəkliyə münasibətinin və intellektinin necəliyindən keçir. Qənaətimizcə, Ülviyyə xanımın adları çəkilən lövhələrdəki bədii görüntüləri tamaşaçı ilə “həmsöhbətə” çevirə bilməsi, onun bilavasitə qarşısına qoyduğu yaradıcı niyyətə nail olmasının ifadəsidir. Doğrudan da rəssamın bədii təfsirində dünyamıza və onun ağlı-qaralı hadisələrinə yanaşma hər bir obyektdəki fəlsəfi tutuma başqalarını inandırmaqla yanaşı, onları eyni zamanda düşündürməyə yönəldir… “Muğam”da bənzərsizliyi birmənalı olan ruhi dəyəri milli mənəvi sərvətlərimizdə qovşaqda, “Həyat ağacı”nı təzadlı hadisə və yaşantılar məcmusunun ifadəsində, “Çərxi-fələk” sehrini “günahlı dünya”da qazandıqlarımızla itirdiklərimizin nisbətinin aşmamasında görən müəllif, bu fəlsəfi münasibətdə həm də düşüncələrinin bəduii şərhçisi kimi həm də özünün-sənətkar “mən”inin ifadəçisidir. 

Onun dekorativliklə şərtiliyin, zərif cizgilərlə “puantilist” nöqtələrin qovuşağından “boylanan” özünəməxsus dəst-xəttinin mayasında həm də qədim ƏN’ƏNƏlərə malik miniatür üslubu-ruhu durduğundan, ərsəyə gətirilən hər bir əsər tamaşaçısını duyğulandıran mənəvi qaynaq kimi qəbul olunur. Kompozisiya səthində ilk baxışda xaotik, diqqətli müşahidə də isə kifayət qədər ritmli və axıcı görünən bu yaxı-cizgi “axını” bəzən qurama ilə anım yaratsa da, mahiyyətvə bütövdürlər. Elə bu bütövlük də onun əsərlərinin bədiiliyini şərtləndirir, desək, yanılmarıq. O, bir çox əsərlərində məşhur sələfi Səttar Bəhlulzadənin yaradıcılığında olduğu kimi təsvirin inandırıcı alınması üçün işıq-kölgəsiz də keçinməyin mümkünlüyünə başqalarını inandırmağa nail olması da, onun qədim ƏN’ƏNƏyə müasir münasibətin göstəricisidir. 

Ülviyyə Həmzəyevanın uzaq-yaxın keçmişimizə işıq salan portretlərində və milli mənəvi dəyərlərimizə həsr edilmiş əsərlərində də, digər yaradıcılıq nümunələrində olduğu kimi, ritmli-ekspressiv yaxıların yaratdığı faktura effektləri ilə qarşılaşmaq mümkündür. “Ulu öndər H.Əliyevin portreti”, “Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin portreti”, “Naxşıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun portreti”, “Avesta”, “Cahan Pəhləvan”, “Milli rəqs”, “Van Canavarı”, “Hüsyn Cavid”, “Səttar Bəhlulzadə”, “Rəşid Behbudov”, “İsa Həbibbəyli”, “Xarı-bülbül”, “Molla Nəsrəddin dünyası” və digər lövhələrində bunu müşahidə etmək mümkündür. Bu əsərlərdə tarixi həqiqətlərə və onların yaradıcıları olan şəxsiyyətlərin ömür yoluna tutulan “bədii güzgü” kifayət qədər forma-biçim etibarilə cəlbedici, məna-məzmun baxımından isə düşündürücüdür…

Bütünlükdə, Ülviyyə Həmzəyevanın yaradıcılığını ilhamını naturaya təslim etməməyin əyani ifadəsi hesab etmək olar. Elə müxtəlif janrlı əsərlərində hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizələrdən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Bütün bunları isə həmişə axtarışlarla yaşayan Ülviyyə Həmzəyevanın sənət uğuru saymaq mümkündür…

P.S. Yazı “Kaspi” qəzetinin 10 sentyabr tarixli sayında çap olunub.

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + sixteen =