Əjdər Fərzəlinin “Dədə Qorqud Yurdu” kitabı

Print Friendly, PDF & Email

SÖZLƏRİN DƏ AÇARI VAR

   Dünyanın bir çox ölkələrini gəzib dolanmış böyük rus alimi və etnoqrafı Mikloxo Maklay bir daha sübut etmişdir ki, irqindən və dilindən asılı olmayaraq insan hər yerdə insandır, bütün xaqlar bərabərdir. Xalqların vahid Ümumbəşər, Ümuminsan kökünə bağlılığından çox yazıb, çox deyiblər. Lakin bu elə müqəddəs mövzudur ki, ona hər vaxt müraciət ediləcək. Biz də həmin mövzuya üz tutarkən belə qənaətə gəldik ki, məsələnin şərhinə sözlərin, həm də daha çox bələd olduğumuz türk-oğuz-Azərbaycan sözlərinin bir qisminin açıqlamasından başlayaq. Axı, bu dilin elə sözləri var ki, zamanın keçiminə qarışıb, ən uzaq çağlardan bu günümüzə radio dalğaları tək gəlib çatır, bəzən hissimizə, ağlımıza “toxunur”, sanki həzin bir meh olub üzümüzü “sığallayır”. Və biz bu dalğa –sözlərimizi tutmaq üçün açar axtarırıq. “Açarı” tapılmayan sözlər də tuta bilmədiyimiz dalğalar kimidir, açarı tapılmayan da hansı dilə mənsub olduğu bilinmir.

  Son illərdə respublikamızda lüğətlər, adlar, sözlər və s. haqqında kitablar çıxır, klassiklərimizin əsərlərinin sonuna da lüğətlər əlavə edilir. Onlarda həqiqi alınma sözlərlə yanaşı, dilimizin bir sıra qədim, doğma sözləri də ehtiyac olmadan, elmi sübut gətirilmədən ərəb, fars, latın, yunan, yəhudi və s. dillərinə aid edilir. Hər təzə lüğət yazan özündən əvvəl yazılanlara tənqidi nəzərlə baxmadan, ondan olduğu şəkildə köçürür. Bəlkə birisi elə sənin varlığını danır, tarixinin üstündən qələm çəkir, onudamı gözüyumulu köçürməlisən!? Nə isə…

   Maddənin ilkinə baş vurmaq üçün atomun bölünməsi, neçə min illik ehkam qabığının parçalanması lazım gəldi. Sözlərin də ilkinə baş vurmaq üçün inanışlar dünyasının bər-bəzəklərini bir az da qaldırmaq, Mifdən gələn saysız işıqların mənbəyinə işıq salmaq, “materialı qəbul edən görmə bucağını bir dəfə dəyişmək” (K.Abdullayev) lazımdır. Axı, elə söz, ifadə var ki, ayrıca bir xalqın yaradıcılığının məhsuludur, canlı əsəridir. Hər bir sənətkar kimi, hər bir xalqın da öz müəlliflik hüququ var və o bu hüquqdan istifadə etməyə tam haqlıdır.

   Azərbaycan xalqının dili, folkloru, tarixi əsrlər boyunca istilaçılar tərəfindən qəsdən təhrif edilmişdir. Yalnız Böyük Oktyabr sosialist inqilabı belə təhriflərə və xalqımızın başına gətirilən milli və ictimai zülmə son qoymuşdur. Bu gün Azərbaycan tarixi, ədəbiyyatşünaslığı, dilçiliyi bütünlüklə ümumi Sovet tarixinin, ədəbiyyatşünaslığının və dilçiliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan folklorunun, onomostikasının tədqiqi sahəsində respublikamızda geniş miqyasda iş görülür. Sov.İKP XXVII qurultayının və XIX Ümumittifaq partiya konfransının irəli sürdüyü yenidənqurma və aşkarlıq siyasəti mədəni və iqtisadi quruculuqla yanaşı elmi və ədəbi axtarışlara da yeni təkan vermişdir.
   Bu sətirlərin müəllifi son illərdə mətbuatda “Dədə Qorqud yurdu” , “Axtarışlar, mülahizələr” , “Yurdumuzu gəzə-gəzə” və digər başlıqlar altında dərc etdirdiyi yazılarında nə vaxtsa zorla, yaxud səhvən “özgələşdirilmiş” sözlərimizdən bir qisminin etimologiyasını da açmaq istəmişdir. Bu kitabda da o, qarşısına təqribən belə bir məqsəd qoyub. Dünyaya marksist-leninçi baxışı rəhbər tutaraq, elmi-məntiqi metodologiya əsasında Azərbaycan toponimlərinin, hidronimlərinin, bəzi qəbilə, insan və predmet adlarının tarixi-coğrafi etimologiyasının elmi-kütləvi şərhini verməyə və Azərbaycan xalqının etnogenezisinin müəyyənləşdirilməsi kimi çox çətin bir problemin də əsas düyün nöqtələrini açmağa çalışmışdır. Məhz belə çətin problemlərin həllinə cəhd edilən bir kitabda bəzi qüsurların meydana çıxa bilməsi təbiidir. Bununla əlaqədar müəllifə öz fikirlərini yazıb göndərəcək yoldaşlara əvvəlcədən təşəkkür edirik.

   Kitabın yazılmasında dəyərli məsləhətləri ilə müəllifə yaxından kömək göstərmiş Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, habelə Tarix institutlarının, S.M.Kirov adına ADU-nun filologiya, tarix və jurnalistika fakültələlərinin, Azərbaycan Dövlət Nəşriyyatının əməkdaşlarına da minnətdarlığımızı bildiririk. Müəllif öz mülahizələrində yeri gəldikdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq, Ədəbiyyatşünaslıq və Dilçilik, Coğrafiya, Fəlsəfə, Astronomiya, Pedaqogika institutlarının əsərlərinə, arxiv materiallarına və folklora müraciət etmişdir.

 

“Hər dilin sirri o dilin özündədir.”

Ə.Nəvai

Kitabı Yüklə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + nineteen =