Yoxluq fəlsəfəsi – Antinatalizm!
Varlığın nədən ibarət olduğunu bilirsiniz? Yəni, varlıq məhfumu çərçivəsində nələr var bilirsiniz? Müəyyən yaşa qədər yaşamış kəslər varlıq çərçivəsində nələr var bilər. Mən də izah edim…
İlk öncə heç bir rızanız olmadan valideynlərinizin hər hansısa istəyinə və şəhvətinə uyğun formalaşıb dünyaya gəlirsiniz. Sonra möhtac bir varlıq olaraq müəyyən yaşa qədər (təxmini 3-4) idarə edilib sağ qalmağınıza səbəb olurlar. Çünki, insan övladı heyvan qədər təbiətdə sağ qala biləcək potensiala sahib deyil. Bir neçə il sonra təlim tədris həyatınız başlayır. Təxmini 10-12 ilinizi orada keçirirsiniz(ölkədən ölkəyə dəyişir). Və bu illər ərzində ancaq gələcəyə ümid edərək(tək çarəniz budur) yer tutmağı diləyirsiniz. Sonra o yer tutmağı dilədiyiniz o 2-ci tədris həyatınıza başlayırsınız (başlamaya da bilərsiniz). Və bu zaman da yenidən gələcəyə ümid edərək yer tutmağı diləyirsiniz. Ancaq bir problem var. Sizin etdiklərinizi başqaları da edir. Eynən sizin kimi və ya bənzər. Minlərlə rəqibiniz var. Daha sonra iş dünyasında bir təhər yer tutub tutmadıqdan sonra türklərin dili ilə desək dünya evinə yəni, evlilik ailəminə girməyə ümid edirsiniz. Onu da edirsiniz və yenidən ümid etməyə başlayırsınız. Bu səfər ümid etdiyiniz şey bir addım əvvəldən başlayaraq sizin ilkin vəziyyətinizə qədərki perioddur. Yəni siz də müəyyən istəkləriniz və şəhvətinizə uyğun uşaq dünyaya gətirmək istəyirsiniz. Anlayıram sizi, lakin geri dönüb baxarkən hansı mənanı gördünüz? Eyni şeylərin təkrarlandığı mənasız periodu görmürsünüz? Mən görürəm və tövsiyə edirəm ki o periodu dayandıraraq insan öz həyatı üçün müəyyən fərqliliklərə səbəb ola bilər. Məsələn daha çox səyahət edə bilər, daha çox insanla tanış ola bilər, daha üstün xidmət görə bilər, daha çox özünə vaxt ayıra bilər və s. Bunları edə bilməməsi üçün qarşısında o mənasız və təkrarlanan period yoxdur çünki, rahatlıqla edə bilər. Antinatalizm bunu xatırladır. İlk öncə insanın özü üçün insanı sorğulamağa vadar edir…
- Nə üçün rızanız olmadan dünyaya gəlirsiniz?
- Nə üçün məktəbə getməlisiniz?
- Nə üçün işə girib çalışmalısınız?
- Nə üçün əziyyət və ya zəhmət çəkməlisiniz?
Yəni var olmadan bunları etməkdən məhrum oluruqsa bu niyə pis bir şey olsun ki? Nəticədə insan əziyyət çəkmək istəmir, çalışmağa meyilli olmur, zəhmətdən qaçmağa çalışır. 99% insan həyatı mükəmməl və daha yaxşı olsun istəyir. Amma real həyat belə deyil. O zaman var olmayaraq, dünyaya gəlməyərək bunu etmək mümkündür. Var olmasanız kredit dərdi çəkməyəcəksiniz, borcunuz olmayacaq, heç kimə möhtac olmayacaqsınız, əziyyət çəkmək məcburiyyətində deyilsiniz, qorxunuz yoxdur, şübhə hissini tanımırsınız, üşümürsünüz. Hətta çalışmaq məcburiyyətində də deyilsiniz və məruz qalmırsınız. Doğulmadan əvvəlki o bilinməyən qüsursuzluğun həzzini elə doğulmamaq verər.
Antinatalizm sadəcə mənəvi xüsusiyyətlərə sığınmır, eyni zamanda dünyəvi dəyərləri də öz süzgəcindən keçirir. Bu dünyəvi dəyərlərə günümüz iqtisadiyyatı daxildir, müharibə və münaqişə məsələləri daxildir. Həmçinin həll oluna bilməyən təbii fəlakətlər də daxildir. Qaynaqların azalması, mənbələrin tükənməsi, qida və suyun sürətlə azalması və s. Bunlar bir gün yaşanacaq dünyada su tükənəcək, qida bitəcək və enerji mənbələri fəaliyyətini dayandıracaq. Maraqlısı budur ki insan yoxdan var yarada bilmir. Yəni, o gün gələndə insan nə edəcəyini özü də bilməyəcək. Özü də bilməyəcəyindən başqalarından oğurlamağa başlayacaq. Hər kəsin əsas peşəsi oğurluq olacaq. Yemək və su tapa bilmək üçün bir-birilərini yeyəcəklər. Əvvəl-axır bu ssenari yaşanacaq. Ki, buna qarşılıq əgər insan nəsli bunlar olmadan əvvəl də kəsilə bilər deyirsinizsə yenə də Antinatalizmə qalib gələ bilmirsiniz. Tutaq bu ssenaridə insan nəslinin dünyanın parçalanmasını görməsi və buna məcbur qalması nə dərəcədə doğrudur? Öz azad və hür iradəmizlə niyə özümüz sonlandırmırıq? Belə deyərkən bir qrub insan nəslinin dünya üçün əhəmiyyətini izah edir. Sanki insan nəsli olmasa dünyanın əksik qalacağını, nəsə itirəcəyini düşünürlər. Ancaq dostlar sizə onu deyim ki yer üzünün bakteriyası elə ali varlıq adlandırdığımız insan övladıdır. Sizcə insan yer üzünün ən ali canlısıdır? Sırf şüurumuz var deyə bu təbəqəyə layiqik? Məncə deyilik çünki, elə insan övladının sahib olduğu o şüur elə dünyaya ən çox zərəri verənlərdəndir. Heyvanlar ailəmində təcavüz normaldır, bir-birilərinin cinsi istəyinə uyğun bir-birilərinə təcavüz edə bilərlər. Çünki heyvanların bunu dərk edəcək şüurları yoxdur. Onlar bir-birilərini də rahatlıqla öldürürlər. Bu tip şeylər onlar üçün normaldır. Anormal olan şüuru olduğu halda bunları normal imiş kimi edən insan övladıdır. Bunu bilinçli edir. Heyvanlar qədər də xeyrimiz yoxdur dünyaya. Onlar üzvi maddələrin torpağa yayılmasında əsas rol oynayırlar. Onlar təbiəti dəyişdirmir, olduğu kimi istifadə edir. Onlar bina tikmirlər, onlar havanı çirkləndirmir və yerə zibil atmırlar. Bir çox sahədə də geriyə qalırıq onlardan. Məsələn insan bir çita kimi sürətli qaça bilməz, quş kimi süzülüb uça bilməz və eyni zamanda balıq kimi suda nəfəs ala bilməz. Ali varlıq adlandırıldığımız halda bunları etmək üçün başqa əşyalara möhtacıq. Məsələn çita kimi qaça bilmədiyimizdən maşın istehsal edirik(çita heç bu qədər əziyyətə və xərcə girmir), quş kimi uça bilmədiyimizdən təyyarə istehsal edirik, balıq kimi suda nəfəs ala bilmədiyimizdən oksigen alətləri taxırıq. Və bəzən elə öz yaratdığımız şeylər bizim sonumuz ola bilir. Öz silahımızla özümüzü vura bilirik. Sizcə indi ən ali varlıq insandır? Hər şeyə möhtac olan bir varlıq necə ali ola bilər? Bir gün ləvazimat tükəndikdə maksimum nə qədər müddət həyatda qala bilərik? Elə gəldiyimiz yerə yəni, mağaraya qayıdıb yenidən heyvan kimi yaşamağa başlayacağıq. İnsan nəsli haradan gəldisə ora da qayıdacaq demək mümkündür.
Yəni qısaca bu dünya insan var olmadan öncə də var idi, insan olmadan sonra da davam edə bilər. Davam etməsə belə bunun insan övladına dəxli yoxdur. Təbiət hər daim özünü bərpa etmə və təkamül edə bilmə xüsusiyyətinə sahibdir. Sanki siz öldükdən sonra dünyanı düşünürsünüz? Düşünsəniz nə olacaq nəsə edə bilərsiniz? Niyə də edəsiniz ki onsuz da ölmüsünüz heç nə edə bilməzsiniz. İnancınız nə olur olsun(islam,xristian,buddist, ateist,aqnostik fərq etmir) siz artıq bu dünya üçün əlçatan olmayacaqsız. Yəni qısaca “THE END” və “FİNİSH” “Goodbye”. Yəni olmadan əvvəl düşünə bilmədiyiniz dünyanı öldükdən sonra da düşünməyə ehtiyac yoxdur. Mən belə deyərkən insanlar bunu deyir-“bəs səni kim dəfn edəcək, kim sənə baş sağlığı verəcək? Dünyada insan nəsli tükənsə bunları kim edəcək?” Mən isə açıqca deyirəm ki bunları etsələr də etməsələr də mənim üçün fərqi yoxdur. Nə fərqi var ki? Onsuz da ölmüşəm mən nə biləcəyəm ki bədənim haradadır və ya nə olub? Onsuz da bilməyəcəm. Bilməyəcəyim bir bir şeyin dərdini niyə çəkim? Yəni məzarda qurdlar nəşimi parçaladıqları halda küçədə itlərin parçalaması nə kimi fərq yaradır ki? İkisi də eynidir. “Yaradıcının qaydalarından kənara çıxmış olursan” deyirsinizsə yenə səhv düşünürsünüz. Bəyəm yaradan qaydalarını tətbiq etmək üçün insan övladına möhtacdır? Məgər o hər şeyə qadir deyil???
Antinatalizm fəlsəfəsini müasir dövrdə önə sürən fəlsəfəçi David Benatardır. Əslən Afrika qitəsindən olan filozof ətrafındakı insanların min bir əzab görməsini müşahidə edir və çoxalmağın əslində əhəmiyyətli olmadığını düşünür. Bu sadəcə Afrika qitəsində yaşayan insanlar üçün deyil, milyoner olsanız belə insanın yaşadığı mənəvi problemlərdən və ölüm kimi bir gerçəkdən boyun qaçıra bilməyəcəksiz. Nə bilirsiniz öldükdən sonra nə olacaq? 100% nəsə olacaq demək məntiqlidir? Onu öləndə bilə bilərik. Bəs heç qorxmursunuz bundan? Bilmədiyiniz halda çoxalmağınız sizə nə dərəcədə məntiqli gəlir? Bu fəlsəfədə əsas yanaşma David Benatarın Asimmetriya qanunudur. Yəni Benatara görə həyatda əzab və xoşbəxtlik simmetrik deyil, hətta əzab daha çoxdur. Benatar buna dayanaraq deyir ki “Əzabın yoxluğu insan üçün qazancdır, varlığı isə itki. Lakin xoşbəxtliyin yoxluğu insan üçün itki deyil(əgər bundan məhrum deyilsə), eynilə varlığı da itki deyil. Yəni insan yaxşı olan şeydən məhrumdursa bu onun üçün pisdir”. Belə düşünün; siz əgər sadəcə Kanada da yetişən meyvəni bilsəniz və bunu əldə edə bilməsəniz, bu sizin üçün itkidir. Çünki varlığından xəbərdarsınız ancaq əldə edə bilmirsiniz. Ancaq onu bilməsəniz bu sizin üçün itki deyil, çünki siz bundan xəbərsizsiniz. Bilib də əldə edə bilməmək sizin üçün itkidir, ancaq bilmədiyiniz bir şeyi tələb edə bilmədiyinizdən bu sizin üçün itki olmayacaqdır. Eynilə doğulmayan insan üçün də belədir. O dünyanı görmədiyindən, xəbərsiz olduğundan tələb edə bilmir və bu onun üçün itki deyil.
Qısaca antinatalizmi var edən yəni yoxluğu varlıqdan üstün tutan səbəblər bunlardır,
- dünya müharibələri, siyasi münaqişələr
- qaynaq və enerji qıtlığı, mənbələrin tükənməsi
- duyğu hissiyatı-şübhə, qorxu.utanc, üşümək yanmaq və s
- mənasızlıq, məqsədsizlik(ölümdən sonrakı həyatın varlığı və ya yoxluğu)
- həll edilə bilməyən təkrarlanan problemlər-insan münasibətləri, gələcək qayğısı, mənasız sistem və enerji sərfiyyatı
- rəqabət, ömür boyu mübarizə hər kəs sizin etdiyinizi edir, müsabiqə iştirakçısı çoxalır, dünya əhalisi sürətlə artır və bu zaman siz daha çox insana qarşı mübarizə aparmalı olursunuz. Sizin kimi minlərlə həkim və ya mühəndis formalaşır
Çox şey yazmaq olar. Əminəm ki ağlınızda bir sıra suallar yarandı. ” son nəsilə kim baxacaq? uşaqsız necə yaşayacağıq? yanlızlıqla necə mübarizə aparacağıq və s. Bu və digər sualların yer aldığı Antinatalizm mövzusu barədə “Fərqindəlilik” kitabımda ətraflı yazı yazmışam. Kitabı əldə etmək və ya yaranan suallarınızı vermək üçün bir başa mənimlə əlaqə saxlaya bilərsiniz. Oxuduğunuz üçün minnətdarlığımı bildirib təşəkkür edirəm…var olasınız…
Məqalə sahibi; Ayxan Qəribov –
Naxçıvan Dövlət Üniversiteti Turizm işinin
təşkili ixtisası üzrə 3-cü kurs tələbəsi, yazıçı, 3 kitab müəllifi







