Uşaqlar üçün

.UŞAQLAR ÜÇÜN YAZILMIŞ DƏYƏRLİ KİTAB.

                               Kamil Araz. “Hamısı tapmacadır”.

         Şair Kamil Arazı uşaqlar üçün yazdığı  “Hamısı tapmacadır” (Naxçıvan, “Əcəmi” 2025 ) kitabının nəşr edilməsi münasibətilə  təbrik edirəm. Bu kitab uşaqların elmi dünyagörüşlərinin inkişafında, həyat haqqında, ətraf aləm haqqında biliklərinin genişlənməsində , zəka və ağıllarının yüksəlməsində, zehni qabiliyyətlərinin artmasında, nitqlərinin təkmilləşməsində,   hətta, onların hazırcavablıqlarında  çox böyük əhəmiyyət kəsb edir.

          Kitabın müəllifi Kamil Araz pedaqoji peşə sahibi olduğundan,  böüyk müəllimlik təcrübəsinə malik olduğundan uşaq psixologiyasını, uşaq təbiətini çox yaxşı bilir. Bunu  da bilir ki, uşaq psixologiyasına uyğun, onların maraq və istəklərinə uyğun yazıb yaratmaq da  çox çətin və mürəkkəb bir işdir. Kamil müəllim bu işin öhdəsindən uğurla gəlməyi bacarır və əsərlərini, dəyərli şeirlərini  uşaqlara həsr edir. Onun uşaqlar üçün artıq bir neçə əsəri- “Xəzinə”, “Göydən üç alma düşdü”, “Tapmacalar – şeirlər kitabı uşaq ədəbiyyatının ən dəyərli nümunələri olaraq çap edilmiş və  uşaq poeziyasını xeyli zənginləşdirmişdir.  

      Kamil Arazın uşaq şeirləri müxtəlif məzmunlu, müxtəlif məna çalarlı şeirlərdir ki, onların hamısında milli mənəvi dəyərlər, vətən sevgisi, əxlaqi keyfiyyətlər, yüksək mədəni davranış, zəka və ağıl, düşüncə və təfəkkür öz əksini tapmışdır. Müəllifin şeirlərində təbiət gözəlliklləri, tarixi yerlərimiz, vətənimiz, qəhrəmanlarımız öz bədii ifadəsini tapmışdır. Bu şeirlərdə əsas cəhət milli mənəvi dəyərlər, vətənpərvərlik, vətən sevgisi, xalqımızın birliyi və bir yumnruq altında birləşməsi, bir məfkurə və bir amalının yüksək tutulmasıdır.

        Müəlifin şeirlərdə Vətən, azadlıq, əsgər marşı, bayrağın, gerbin, himnin  vəsfi, torpaqlarımızın işğalçılardan azad edilməsi, Zəfər sevinci  əsas motiv kimi təqdir edilmişdir.

           Şairin şeirlərində vətən sevgisi həmişə ön plandadır, şairin yaşadığı vətən – qədim  və zəngin mədəniyyətə malik Naxçıvan daim diqqət mərkəzindədir. Bu bədii, poeziya nümunələrində  Naxçıvanın tarixi yerləri, abidələri, təbiət gözəllikləri vətənin bir parçası kimi dəyərləndirilir, uşaqların dünyagörüşünə və təfəkkürünə təqdim  edilir.

        Şairin vətən, bayraq, himnimiz, yurd sevgisi ilə bağlı şeirləri onların mənalarının anladılması  uşaqlarımızın zamanın gərdişinə uyğun olaraq müasir, ləyaqətli bir vətəndaş, dəyərli bir şəxsiyyət kimi yetişməsində öyrədici, tərbiyəedici və inkişaf etdirici amil olaraq   mühüm rol oynayır.

       Digər bir məqamı  da qeyd  edək ki,  Kamil Arazın şeirləri üçün yumoristik, xoş  ovqat hakimdir ki, bu da uşaqların şeirləri həm tez mənimsəməsinə, həm onların dünyalarının maraqlı, məzmunlu olmasını nəzərdə tutur. Şairin “Şikayət”, “Hüseynin doğum günü”, “İki uşaq”, “Gəlməyib”, “Mıx dəymişdi gözümə”, “Hadisə” və onlarla bu tip şeirlərində yumoristik ab-havanı duymaq xoş hisslər yaradır.

  Kamil Arazın “Nənəmin nəsihəti” kitabında (Naxçıvan, “Əəcmi”poliqrafiya nəşriyyatı,   2022, 48 səh) toplanmış şeirlər uşaq dünyasının “möcüzələri”, düşüncələri, istək və arzuları, xəyalları əks olunmuşdur. “Azad Şuşa” şeirində oxuyuruq: Atam evdən çıxanda/ Hamıya əl uzatdı/Nənəm də arxasınca kasa dolu su atdı/ İndi düşür yadıma/ Atamn nəsihəti/Divarı yazmaq olmaz/Bunu etməyin qəti/ Atam bir video göndərib/ Dostlarımla paylaşam/Atam yazır divarda ;/”Sən azadsan , ay Şuşam. Bu şeirdə  Zəfər sevinci, Şuşanın  azad olması, atanın nəsihəti, nənənin gedənın arxasınca  su atması xalqın adəti bədi lövhələrlə ifadə olunmuşdur. Təbiət gözəlliyinə həsr  edilmiş silsilə şeirlər içindən “Qış gəlib” şeirinə diqqət edək: Yenə gəlibdir/Kəndimizə qış/Qışın  da  ayrı ləzzəti varmış/Anam gətirir/Şabalıd, püstə, Qovurğa, heyva/ Masanın üstə/ Babam deyir ki/ gözəl havadır/, belə havalar, dərdə davadır.

       Kamil Arazın son illərdə çap etdirdiyi “Xəzinə”, “Göydən üç alma düşdü” və “Tapmacalar” kitablarındakı şeirlərin hamısı uşaqlar üçün qələmə alınmış, məna aydınlığı ilə seçilən  qiymətli bədii nümunələrdir. Şairin yaradıcılığı ilə bağlı mərhum professor, filologiya elmləri doktoru Hüseyn Həşimli qeyd edir ki, “Kamil Arazın uşaqlar üçün yazdığı şeirlər mövzuca müxtəlif olduğu kimi, həm də janr, bədii təsvir və ifadə vasitələri baxımından da rəngarəngdir. Şair balaca oxuculara vətənvərpərlik tərbiyəsinə, həmçinin təbiət haqqında biliklərinin dərinləşməsinə xüsusi fikir verir. Məsələn, Kamil Arazın “Qarabağ marşı”, “Vətənə andım”, “Mənə uşaq deməyin”, “Baş endirək” və başqa bu kimi şeirləri uşaqlarda vətənə, xalqa, müstəqil dövlətimizə və onun atributlarına məhəbbət hissinin qüvvətləndirmək məqsədi daşıyır”.

           Kamil Arazın yaradıcılığında uşaqlara ünvanlanmış  bədii şeir tapmacaları xüsusi yer tutur. Onun uşaqlar üçün yazdığı “Hamısı tapmacadır” – adlı kitabı bu yaxınlarda Naxçıvanda “Əcəmi” nəşriyyatında nəşr edilmişdir (Naxçıvan “Əcəmi” 2025). Ön sözün müəllifi Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə xanım Akimovadır.

   Onun şeir tapmacaları  sirli və məntiqə əsaslanan suallardır ki, cavabını tapmaq üçün uşaqlar düşünməlidir. Tapmacaların əsas məqsədi də insanı düşündürmək, zehni əməyə, fəaliyyətə sövq etməkdir. Bir tapmacanı tapmaq üçün ən ipucları diqqətlə təhlil etmək və məntiqi əlaqə qurmaq çox önəmlidir. Bəzən tapmacalar gündəlik əşyaları və hadisələri fərqli baxış bucağından təqdim edir. Bu, onları həm maraqlı, həm də öyrədici edir.

         Kitabda toplanan tapmacalar müxtəlif elm sahələrinə, müxtəlif fənlərə, həyat və təbiət hadisələrinə aiddir. Kitabda verilən tapmacalar uşaqların yaş səviyyələrinə, bilik səviyyələrinə uyğun olaraq tərtib edilmişdir. Uşaqlar tapmacaları oxuduqda düşünürlər ki, bu hansı fənnə, hansı bilik sahəsinə, yaxud hansı təbiət hadisəsinə uyğun ola bilər. Tapmacalarda hər hansı bir əşyanın, hadisənin, fənnin əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir və  onun uşaqlar tərəfindən  tapılması tələb olunur.Bu təfəkkür axtarışı  uşaqların düşüncə qabiliyyətini, təfəkkür və təxəyyülünü, zehni qabiliyyətlərini xeyli dərəcədə  inkişaf etdirir və  biliklərini dərinləşdirir. Tapmaca şeirlərdən nümunələrə diqqət yetirək:

Şirin dadını bilmək/ Ağızdadı, dildədi/Qəlibdən çııxmış olsa/Dördbucaqlı kəllədi.  Təbii ki, uşaqlar  Qənd deyəcəklər. Qəndə uyğun bir tapmaca  da var: “Çay yoldaşı, şəkər qardışı”. Tapmacalarda riyaziyyata, rəqəmlərə aid şeirlər də  vardır: “Üç rəqəmdi, bəllidi/İki dəfə əllidi”. Bu rəqəm də 100 olacaqdır.

              Kamil Arazın “Kəpənəklər (Şeirlər tapmacalar)” (Naxçıvan “Əcəmi, 2024, 60 s.) şeirlər kitabı  da  yuxarıda dediklərimizə bir nümunədir. Burada da müəllif öz dəyərli şeirləri ilə bərabər, həm də tapmaca şeirlərə müraciət  etmişdir:”Həmişə beldə”

     “Bir zaman hamı/Bağlayıb onu/Saxlayırmış o/Şalvarı donu/…      

           Beləliklə  deyə bilərik ki, bu dəyərli kitablar uşaqların sevimli kitabları olmalı, tezliklə uşaqlara çatdırılmalı, oxutdurulmalıdır. Məktəblərdə müzakirəsi və təqdimatı keçirilməli, tapmaca müsabiqələri təşkil edilməlidir. Bu kitabda bir çox tapmacaların dərsliklərə salınması da çox əhəmiyyətli olardı. Kamil müəllimi bu əhmiyyətli, vacibli  kitabın çap olunması münasibətilə bir daha təbrik edir və daha yeni uğurlar arzulayırıq.

   Prof. Rüfət Lətif oğlu Hüseynzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir