Tarixin yaddaşı: Hüseyn Cavidin həyatı
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin həyat və yaradıcılığı xalqımızın mədəniyyət tarixində əvəzolunmaz yer tutur. Romantik şair, dramaturq və filosof kimi Cavidin yaradıcılığı milli poeziyamızşn inkişafına güclü təsir göstərmişdir. Onun əsərlərində bəşəri ideyalar, azadlıq arzusu, ədalət və insanlıq prinsipləri əsas yer tutur. Onun ədəbi irsi Azərbaycan romantizminin zirvəsini təşkil etməklə yanaşı, həm də milli azadlıq, insani dəyərlər və mütərəqqi ideyaların carçısı olmuşdur.
Hüseyn Cavid yalnız poetik və fəlsəfi yaradıcılığı ilə deyil, həm də çətin və keşməkeşli həyatı ilə xalqın yaddaşında əbədi iz qoymuşdur. Dövrün sərt ictimai-siyasi şəraiti, 1930-cu illərdə hökm sürən totalitar rejim Cavidin həyatına və taleyinə ağır zərbələr vurmuşdur.
Hüseyn Cavidin həyat və fəaliyyətinə dair ən etibarlı mənbələrdən biri məhz arxiv sənədləridir. SSRİ totalitar rejiminin minlərlə ziyalılara qarşı həyata keçirdiyi repressiyaların qurbanı olan Hüseyn Cavidin taleyi, onun faciəli ölümü arxiv sənədlərində aydın şəkildə öz əksini tapmışdır. Bu sənədlər onun yaradıcılığına qarşı başlanan tənqidlərdən tutmuş, həbs olunması, sorğu-sualı, sürgün həyatı və ölümünədək olan prosesləri əks etdirir.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan bu sənədlər Cavidin məruz qaldığı haqsızlıqları, onun mənəvi böyüklüyünü və dövlət səviyyəsində irsinin bərpası üçün görülən tədbirləri işıqlandırır.
Arxiv materiallarında Cavidin həbsinə dair bir sıra istintaq sənədləri qorunub saxlanılmışdır. Belə ki, 4 iyun 1937-ci ildə şairin Bakıda həbs edilməsi haqqında Azərbaycan Xalq Daxili İşlər Komissarlığının qərarı diqqəti cəlb edir.
Onun şəxsi “sorğu vərəqi”ndə yazıçının doğum tarixi 1882-ci il, milliyyəti azərbaycanlı, sosial vəziyyəti kəndli, partiyasız olduğu, alitəhsilli və evli olduğu göstərilir. Bu vərəqdə həbsin səbəbi kimi “gizli millətçi, əks-inqilabi fəaliyyət” göstərilmiş, Cavid Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü xüsusi şöbəsində qeydiyyata alınmışdır. Bu sənədlərdən görünür ki, yazıçı uzun-uzadı istintaqlara cəlb olunmuş, günlərlə davam edən sorğulara tab gətirmişdir.
1939-cu ildə tərtib edilən başqa bir arayışda isə qeyd olunur ki, Hüseyn Cavid SSRİ Xalq Daxili İşlər Komissarlığının xüsusi iclasının qərarı ilə azadlıqdan məhrum edilmiş və Uzaq Sibirə sürgün olunmuşdur. Arxiv sənədlərindən aydın olur ki, Hüseyn Cavid əvvəlcə Maqadana, daha sonra isə Şərqi Sibirə – İrkutsk vilayətinin islah-əmək düşərgəsinə göndərilmişdir. Burada o, ağır iqlim şəraiti, aclıq və xəstəliklərlə üz-üzə qalmışdır. Dramaturqun səhhəti getdikcə pisləşmiş, 1941-ci ilin dekabrında sürgün həyatı onun ömrünə son qoymuşdur.
Arxivdə saxlanılan materiallara görə Cavid 1941-ci il dekabrın 5-də Qapalı Əlillər Evində saat 2230-da ayaqlarını soyuq aldığından, sepsis və ürək xəstəliyindən dünyasını dəyişmişdir. O, məhbus qəbiristanlığında 59 nömrəli qəbirdə 2 metr dərinliyində dəfn edilmişdir.
Arxiv sənədləri yalnız Cavidin həbs və sürgün illərini deyil, həm də sonrakı dövrdə onun irsinə göstərilən qayğını da təsdiqləyir. Belə ki, 1981-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə “Hüseyn Cavidin anadan olmasınin 100 illiyi haqqında” qərar qəbul edilmiş, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin abidələrinin qoyulması, Bakıda 1920-1937-ci iIlərdə yaşadığı evin fasadına xatirə lövhəsi vurulması, üzərində Hüseyn Cavidin portreti olan xatirə medalının hazırlanması və s. Tədbirlər həyata keçirilmişdir.
1982-ci iIdə Ulu Öndər Heydər Əliyev Naxçıvana səfəri zamanı yubileylə bağlı görülən işlərlə maraqlanarkən ziyalılar ona Cavidin nəşinin Azərbaycana gətirilməsi təklifi ilə müraciət etmişlər. Beləliklə, Heydər Əliyev SSRİ rəhbərliyinə müraciət etmiş, onun təşəbbüsü və prinsipial mövqeyi nəticəsində Naxçıvan Vilayət Partiya Komitəsi Cavidin cənazəsinin gətirilməsi ilə bağlı 12 oktyabr 1982-ci il tarixli qərar qəbul etmişdir. Bu qərarın icrası komitənin katibi Həmid Cəfərova tapşırılmışdır.
Beləliklə, Hüseyn Cavidin nəşi Uzaq Sibirdən gətirilərək Naxçıvanda dəfn olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan sənədlər arasında bu mərasimlə bağlı məlumatlar da mövcuddur. Bu materiallar bir daha sübut edir ki, milli irsimizin qorunması, böyük sənətkarlarımızın adlarının əbədiləşdirilməsi dövlət səviyyəsində həyata keçirilən mühüm işlərdən olmuşdur.
Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsi, onun Naxçıvanda əbədi məskən tapması Hüseyn Cavidin şəxsiyyətinə və yaradıcılığına verilən yüksək dəyərin göstəricisi idi. Bu yalnız bir ədibin xatirəsinə ehtiram yox, həm də Azərbaycan xalqının milli-mənəvi yaddaşının bərpası idi. Bu hadisə onun irsinin gələcək nəsillərə çatdırılmasına böyük təkan vermiş, yaradıcılığının yeni mərhələdə araşdırılmasına geniş imkanlar açmış, həmçinin Azərbaycan ədəbiyyatında romantik ənənələrin davamlılığını təmin etmişdir. Bu addım həm də repressiya qurbanlarının xatirəsinə ehtiramın və ədəbiyyat tarixində obyektivlik prinsipinin bərpasının mühüm göstəricisi kimi qiymətləndirilməlidir.
Hüseyn Cavidin həyat və yaradıcılıq yolunu öyrənmək üçün arxiv sənədlərinin əhəmiyyəti misilsizdir. Onlar yalnız şairin şəxsi taleyinə işıq salmır, həm də, bütövlükdə, Azərbaycanda repressiya dövrünün real ictimai-siyasi mənzərəsini ortaya qoyur.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində qorunan materiallar Cavidin necə əsassız ittihamlarla həbs olunduğunu, hansı şəraitdə sürgün həyatı yaşadığını, eyni zamanda onun irsinə sonrakı dövrlərdə dövlət səviyyəsində qayğı göstərildiyini təsdiqləyir.
Bu gün Hüseyn Cavid yalnız böyük ədib kimi deyil, həm də milli iradənin, ədalət və haqq uğrunda mübarizənin rəmzi kimi yaşayır. Onun həyatını əks etdirən arxiv sənədləri isə gələcək nəsillər üçün qiymətli bir tarixi yaddaşdır.
Mənbə: https://fax.org.az/az/news-detail/tarixin-yaddasi-huseyn-cavidin-h-yati






