Səfəvi xalça sənətində unudulmuş Sufi simvolu

Qoca* “Hərşəng” Səhv adlandırılması: Səfəvi xalça sənətində unudulmuş Sufi simvolu
Əmir Oskouei – 30 iyun 2025
Əsrlər boyu klassik Səfəvi xalçalarında tez-tez rast gəlinən fərqli bir motiv bazarda “Hərşəng” (Farsca “xərçəng” deməkdir) adı ilə tanınıb. Ticarətçilər və kolleksiyaçılar bu termini qəbul edərək, həmin formanı səhvən xərçəngə bənzər qısqaclar və ya üzvi budaqvari çıxıntılarla əlaqələndiriblər. Lakin bu yanlış adlandırma tarixdəki əsl mənadan çox, müasir ticarətdəki sadələşdirilmiş yanaşmanı əks etdirir.
Bu motivin daha dərindən incələnməsi xüsusilə Səfəvi dövrü incəsənəti, miniatür rəssamlığı və sufi ənənəsi prizmasından onun dünyəvi anlayışlardan uzaq, müqəddəs və simvolik bir məna daşıdığını göstərir.
Dizayna daha yaxından nəzər salın
XVI əsrin sonu – XVII əsrin əvvəllərinə aid edilən, xüsusilə Təbriz, İsfahan və ya Herat emalatxanalarına məxsus xalçalarda, mərkəzi medalyon və ya şəbəkə quruluşunun ətrafında təkrarlanan alovabənzər motivlərə rast gəlinir. Bu gün sadəcə “Hərşəng” adlandırılan bu motivlər həm formaca, həm də mənəvi anlam baxımından Səfəvi miniatürlərində ilahi elçilərin, peyğəmbərlərin və ya sufi şeyxlərinin başı ətrafında təsvir olunan alovları əks etdirir.
Məsələn, Səfəvi miniatüründə hörmətli bir şəxsin başı ətrafında təsvir olunmuş “NUR-E HAQQ” (İLAHİ NUR) haləsini saray xalçasındakı “Hərşəng” motivi ilə müqayisə etdikdə bu bənzərlik aydın görünür. Bu yalnız vizual deyil, həm də simvolik oxşarlıqdır, yəni ruhani işıqlanmanı, ilahi rəhbərliyi və ezoterik biliklərin ötürülməsini ifadə edir.
Simvolizm: Sufi Yol Xəritəsi
Estetikadan kənarda bu motivin quruluşu mürəkkəb bir ruhani dili ortaya qoyur:
• – Dizayn dörd simvolik elementdən ibarətdir və bunlardan ikisi Səfəvi dövrü xalçalarında təkrarlanan naxışlar arasında yer alır. Bu elementlərdən biri isə qədim mədəniyyətlərdə kosmik nizamı və mənəvi istiqaməti ifadə edən svastika formalı bucaqvari motivlə birgə təqdim olunur.
– Sufi ənənəsində bu cür simvollar çox güman ki, vizual təlim vasitələri kimi istifadə olunurdu. Onlar meditasiya, öyrənmə və mənəvi təşəbbüs üçün nəzərdə tutulan xanəgahlar, mədrəsələr, dərviş otaqları və ya sırxanalar üçün sifariş edilən xalçaların içində yerləşdirilmişdi.
Bu motivin, Sufi təlimində ustad (ostad) ilə şagird (mürid) arasında ötürülən şifrəli bir mənəvi xəritə kimi funksional olduğu ehtimal olunur. Bu baxımdan, “alov” yalnız bəzək elementi deyil, İLAHİ VARLIĞIN simvolu, həqiqətin təmizləyici nuru və ya Sufi yolundakı fanā’, yəni “məhv olma atəşi”nə işarə ola bilərdi.
Motivin Geri Qazandırılması
Bu dizaynı “Hərşəng” adlandırmaq, onun metafizik köklərini silib aparır. Bu, xərçəng deyil, ilahi nurun alovudur, bir Sufi şifrəsidir və müqəddəs toxuculuq ənənəsinin qəlbinə toxunmuş ruhani bir işarədir.
Bu irsin alimləri, kolleksiyaçıları və qoruyucuları olaraq biz miras qalmış terminologiyanı yenidən nəzərdən keçirməliyik xüsusilə də, o zaman ki, bu terminlər bu şah əsərlərin hər əriş və arğacında gizlənmiş mistik, fəlsəfi və bədii irsi kölgədə qoyur.
*Qoca: (Pir, Ustad, Mürşid, Xoca, Müəllim)
Əmir Oskouei