Qobustanda aşkarlanan Vikinq izi

Qobustanda aşkarlanan Vikinq izi

Norveçlilər və ümumilikdə Skandinaviya xalqları özlərini yaşadıqları torpaqlara sonradan gəlmiş xalqlar kimi qəbul edirlər. Maraqlı bir hipotez isə onların uzaq keçmişdə, hətta Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz bölgəsindən köç etmiş ola biləcəklərini irəli sürür. Bu qeyri-adi, amma maraqlı fikri məşhur norveçli səyyah və tədqiqatçı Thor Heyerdahl ortaya atmış və bunun üzərində illərlə tədqiqat aparmışdı.

Heyerdahl hesab edirdi ki, Skandinaviya xalqlarının, o cümlədən vikinqlərin ulu əcdadları min illər əvvəl Xəzər dənizi sahillərindən Voqa boyu yola çıxaraq Qara dənizi keçib, oradan Avropaya və nəhayət Skandinaviya yarımadasına qədər köç ediblər. Bu nəzəriyyəni dəstəkləmək üçün o, bir neçə dəfə Azərbaycana səfər etmiş və xüsusilə Qobustandakı qədim qayaüstü rəsmlərlə ciddi maraqlanmışdı.

Heyerdahl ilk dəfə 1981-ci ildə Sovetlər dönəmində Azərbaycana gəlmiş və Qobustanda tapılan petroqlifləri yerindəcə araşdırmışdı. Onun xüsusi diqqətini çəkən isə qayaüstü rəsmlərdən birində təsvir olunan kiçik, manevrli və sürətli bir gəmi olub. Bu təsvir ona qədim viking gəmilərini xatırladıb. Bildiyimiz kimi, vikinqlər gəmiqayırma və naviqasiya sahəsində son dərəcə mahir idilər və onların bu bacarığı sayəsində 9–11-ci əsrlərdə Avropa ölkələrinə tez-tez və demək olar ki, itkisiz qarət yürüşləri həyata keçirirdilər.

Qobustandakı bu gəmi rəsmi isə Heyerdahl üçün bir ipucu olmuşdu. Bəlkə də bu texnologiya Skandinaviya yarımadasına Qobustandan daşınmışdı? Onun fikrincə, vikinqlərin əcdadları Azərbaycanda yaşadıqları dövrdə bu tip qayıqları hazırlamağı bilirmişlər və bu bilik nəsildən-nəslə ötürülərək sonradan Norveçdə, Danimarka və İsveçdə daha da təkmilləşdirilmişdir.

Heyerdahl tədqiqatlarına sovet dövründə başlasa da, bu iş asan olmamışdı. İlk vaxtlar həmin zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev ona müəyyən dəstək göstərsə də, 1982-ci ildə Heydər Əliyevin Moskvaya, SSRİ Nazirlər Sovetinə yüksək vəzifəyə getməsi bu tədqiqatların davamına mane olmuşdu. Azərbaycana yeni gələn sovet rəhbərliyi H.Əliyevin bütün layihələrdində problemlər, nöqsanlar axtarmağa başlamış, belə demək mümkündürsə ayağının altını qazıblar, haqqında mərkəzi hakimiyyətə olmasın şər-böhtan, yalan-palan yazıb göndəriblər. Bu bədxalar Heyerdahlın işlərinə də şübhə ilə yanaşmış və onun təqdqiqatlarını yarımçılıq saxlamışdılar.

Lakin illər sonra, müstəqil Azərbaycanın prezidenti olaraq Heydər Əliyev bu layihəni yenidən canlandırmaq istəyir. 1994-cü ildə Thor Heyerdahl ikinci dəfə Azərbaycana dəvət olunur. Bu dəfə o, yalnız Qobustanla kifayətlənmir, ölkənin müxtəlif bölgələrinə səfərlər edərək öz nəzəriyyəsini dərinləşdirməyə çalışır. Prezidentlə görüşü zamanı qədim sivilizasiyaların miqrasiyası haqqında fikirlərini paylaşır və Azərbaycan mədəniyyəti ilə Skandinaviya arasında oxşarlıqları daha ətraflı araşdırmağa başlayır.

Aşağıda çəkdiyim şəkildə və yanında durduğum Norveçdə hazırda turistlər üçün bərpa edilən qədim üslublu viking gəmilərindən biridir. Gəminin forması Qobustan petroqlifində təsvir olunan gəmi rəsmi ilə təəccüblü dərəcədə oxşardır. Bu bənzərlik Thor Heyerdahlın nəzəriyyəsini tam sübut etməsə də, tarixə fərqli baxış bucağı gətirdiyi üçün həm elmi, həm də mədəni baxımdan böyük maraq doğurur.

Müəllif: Səlim Abbaszadə (Norveç)

SƏLİM ABBASZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

 

Mənbə: https://yazarlar.az/2025/06/16/qobustanda-askarlanan-vikinq-izi/#respond

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir