Rafiq TƏHMƏZ
“GEDİRƏM…”
Gecələr ulduzlar axanda gözlə,
Bəlkə, ulduz mənəm, axıb gedirəm.
Şimşəklər səmada çaxanda gözlə,
Bəlkə, şimşək mənəm, çaxıb gedirəm.
Gözlərim yuvasın istəmir daha,
Nə fayda fəryada, nə fayda aha,
Dünyada kim bilir özün ən baha?
Vallah, pulum yoxdur, baxıb gedirəm.
Talehin quşudur qəfəsi bağlı,
İnsanın insanla ölçülür ağlı,
Tələnin pendiri süfrədən yağlı,
Əlimi üstümə yaxıb gedirəm.
Mənə nə, zəmanə korlanıb lap da,
Mıxınkı naldadır, nalınkı mıxda,
Duxun var axtar tap, duxun var tap da!
Dünyaya bir iynə taxıb gedirəm.
Həyat başladımı, deyirlər: “Bitir?”
Hər gün qatla barmaq, eylədim zikir,
Az qalır, şeytanı aparsın fikir,
Mənə nə, əsas mən çıxıb gedirəm…
…..
““Fələklə oynamaq istəmirəm mən…”
Fələklə oynamaq istəmirəm mən,
İstəməm, günahkar sayılım səndə.
Göz yaşım ələnsin, ümidsiz olum,
Boynumu büküm mən çarxın önündə.
Fələklə oynamaq istəmirəm mən,
İstəməm, günahkar ayrılım səndən.
Neynirəm, cibimdə bir manat yoxsa,
Milyonluq dünyada sıxım əlindən?
Fələklə oynamaq istəmirəm mən,
İstəməm, sən verən ağlı, huşu.
Neynirəm bir para çörəyi mənə,
Sürüyüb verəsən, deyəsən: “Nuşu…”
Fələklə oynamaq istəmirəm mən,
Sən verən imtahan yaman qəlizdir.
Deyirsən: “Səhradan su çıxar, gətir”,
Seçirsən, bəndəmin hansı əzizdir.
Fələklə oynamaq istəmirəm mən,
Sən məni udanda, şadlıq var, əhsən.
Mən yazıq ağzımla zər tutub atsam,
Şərliyib deyirsən: “Zər tutursan sən…”
Fələklə oynamaq istəmirəm mən,
Dəvələr karvanı, itlər sürüsü…
Qorxuram, bu oyun əlim gətirsə,
Nərdin “n” hərfinə qalmaz heç üzü…
Fələklə oynamaq istəmirəm mən,
Bir dəfə udmağım uduzmağımdır.
Çətini yuxudan oyanan zaman,
Tapım ki, yatırdan hansı nağıldır…
Bayaqdan yaxşıydı, qorxmurdum səndən,
Dostlaşdıq, elə ki, oldum sənə tən,
Doğrusu, bu gecə yaman qorxuram,
Səninlə oynamaq istəmirəm mən…
“Gözəldir”
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Bir yarısı göz aşinası, yarı gözəldir.
Vahid təki şairləri eşqiylə yandırıb,
Söz xatirinə olsada de, barı gözəldir.
Hərdən vurasan mizrabı qoy titrəsin könül,
Dərk eləsin, mizraba da tarı gözəldir.
Yaşmaq taxasan, üstə naxış, bülluru olsun,
Burdan biləsən, namusu, həm arı gözəldir.
Hərdən oturub, seyr edirəm ovçu misali,
Kaş ki, deyirəm gəlsə mənə sarı, gözəldir.
Əvvəl sevərdi hər kəs öz istəkli nigarın,
İndi qocaya gənc, cavana qarı gözəldir.
Əysədə öz başını ardan yenə xoşdur,
Nar ağacı əysə demək, narı gözəldir.
Bir de, necə vəsf eyliyəsən, başqasın hər gün?
Təhməzə də, layiqi, həmvarı gözəldir.
“OLUR” – Mirzə Ələkbər Sabirin “FİSİNCAN” şeiri əsasında…
Sanma ki, ləzzət alıb bayquşu viranlıq olur,
Kül ola buğda kimi, bəndə dəyirmanlıq olur.
Sağ çiyin razılaşıb iblisin əlası ilə,
Sol çiyin yük gətirir insana – bir yanlıq olur.
İndi insan yaradır dövləti də, qiyməti də,
Kimisi quş südüdür, kimləri ayranlıq olur.
Sabirin saqqalı da söhbət edir dövrü ilə,
Nə xeyir, şər atasan, dövrana – insanlıq olur.
Gələcək mədh eləyən, sevgi yazan, alqış alan,
Elə ki, mən yazıram, bunlara nadanlıq olur.
Qardaşıq, qarnımıza düşkün olub millətimiz –
Şimalda bəy plovu, sizdə fisincanlıq olur…
Papağın əyrisi də bildirəcək tez kasıbı,
Birin öz varı əyibdir, biri dövranlıq olur…
Ruhuna bir salavat “A” əvəzi “B” deyənin,
Qurulur dar ağacı, kəlləsi meydanlıq olur.
Fərqi yox, düz deyəsən, səhv deyəsən, fərqi nədir?
Cəhcəhi bülbül edir, alqışı bağbanlıq olur.
Qatırıq min zibili min zibilin dərgahına,
Deyirik, sonra günah bizdə yox, mehmanda olur…
Sabir indi yaşasa, satmayacaq bir sabunu,
Hər kəsin var sabunu – ətrafı səhmanda olur…
Yerli Rafiq yazacaq, lap pozacaq – xeyri nədir?
Siz axı intiligentsiz, xeyir almanda olur…
Rafiq TƏHMƏZ
“Şərq qapısı” qəzetinin jurnalisti və Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının III kurs tələbəsi