Elmin gücü, duzun möcüzəsi

Ramazanova Xəyalə Sərdar qızı.

Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına
2 saylı tam orta məktəbin biologiya müəllimi.
xeyaleserdarqizi889@gmail.com

Prof. Rüfət Lətif oğlu Hüseynzadənin

rəhbərliyi ilə təqdim edilir.   

Duz insanların yaşaması, sağlam olması üçün ən vacib qida məhsuludur. Duzsuz insanın yaşaması mümkün deyildr. Duz tək yeyilməsə də, qida məhsullarının üstünə səpilməklə qidanı daha dadlı və  ləzzətli edir.  Ona görə atalar sözü olaraq deyilmişdir: “Məni tək yeməzlər, mənsiz də yemək olmaz”.      

        Duz iki zəhərdən  – natrium və xloriddən əmələ gəlmiş və yemək üçün yararlı, vacibli qida məhsulu olmuşdur.

          İnsan orqanizminin fəaliyyəti  sinirlər vasitəsilə və humoral yolla tənzim olunur. Bu tənzimlənmədə əsas şərt natrium xlorid – yəni xörək duzu hesab edilir. Yodla zəngin olan xörək duzunun insan orqanizmi üçün faydaları misilsizdir. İnsan orqanizminə daim müxtəlif qida maddələri daxil olur. Bu maddələrin parçalanması nəticəsində enerji yaranır. Həmin enerji sinir impulslarının yaranmasına səbəb. Sinir impulslarının bir istiqamətdən digər istiqmətə ötürülməsini isə xörək duzu vasitəsilə orqanizmə daxil olan natrium ionları dahada sürətləndirir. Enerji balansı düzgün idarə olan insan orqainzmi daha güclü immun sistemimə malik olmaq qabiliyyətinə məxsusdur. Düzgün enerji balansı orqanizmə daxil olan ziyanlı mikroorqanizmlərin inkişaf etməsinin qarşısını alır. Xörək duzunun tərkibində olan xlor ionları isə mədədə xlorid ionlarının yaranmasına səbəb olur. Orqanizmə daxil olan digər  məhsullar mədə selikinin tərkibinə daxil olan xlorid ionları hesabına horra qarışımı şəklini rahatlıqla ala bilir. Bu halda bağırsağın işini asanlaşdıraraq həzm prosesinin normal getməsini təmin edir.

Qayadan əldə olunan xörək duzunun tərkibində olan yod elementi orqanizmdə fəaliyyət göstərən qalxanabənzər vəzinin trioksin hormonun normal şəkildə sintezini təmin edir. Trioksin hormonu maddələr mübadiləsinin normal getməsini istiqamətləndirən həyati vacib hormondur. Bununla yanaşı enerji istehsalı, hüceyrələrin inkişafı və yenilənməsini, bədən istiliyinin tənzimlənməsini təmin edir.

        Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin Naxçıvanın dünya miqyasında tanıdan və özünəməxsus sərvəti olan duza, Duz dağına, duz mədənlərinə, duzun əhəmiyyətinə həsr olunmuş “Duzdağ mozaikası” adlı kitabı çox dəyərli və maraqla qarşılanmış bir əsərdir.  “Elm və təhsil” (2017) nəşriyyatı tərəfindən  yüksək poliqrafik keyfiyyət və dizaynla nəşr olunan 308 səhifəlik kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir (1). 

       Naxçıvandakı Duzdağ ilə, Duz müalicəxanası ilə  hərtərəfli tanışlıq baxımından, insanları məlumatlandırmaq baxımından kitab çox qiymətlidir. Belə zəhmət tələb edən bir nəşrin ortaya çıxması əlbəttə böyük vətəndaşlıq mövqeyinin elmi ifadəsi kimi səciyyəvidir.  

    Arxeoloji tədqiqatlar zamanı ərazidən tapılmış müxtəlif daş alətlər, məmulatlar  belə bir fikir söyləməyə əsas verir ki, bəşər tarixində duzdan qida elementi kimi və müalicə vasitəsi kimi  ilk dəfə Naxçıvanda istifadə olunmuşdur. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, Duzdağ Naxçıvanın qədim tarixi və mədəni potensialını özündə cəmləşdirən əvəzsiz məkandır.  Məsələnin digər maraqlı tərəfi bundan ibarətdir ki, son illərdə muxtar respublikaya gələn yerli və xarici turistlərin ən çox ziyarət etdiyi ünvanlardan biri Duzdağdır.

      Tanınmış folklorşünas alim, dos Əkrəm Rüfət oğlu Hüseynzadə (Təəssüf ki, bu yaxınlarda 41 yaşında dünyasını dəyişdu, Allah rəhmət eləsin) duz haqqında bir neçə dəyərli məqalə və tezis yazmışdır. O qeyd edir ki,  “tarixdə duzun ilk dəfə kəşf olunması Naxçıvan diyarına məxsusdur.  Duzu ilk dəfə mətbəxə gətirən oğuzlar olmuşdur. Belə rəvayət edirlər ki,  Nuh peyğəmbərin nəvəsi  Türk xanın oğlu Tütək xan duz dağ ərazisində ət yeyərkən tikəsi yerə düşmüş, qaldırıb tikəni yedikdə tikənin daha dadlı olduğunu duymuşdur. Ona məlum olmuşdur ki, bu duzdur. O vaxtdan duz mətbəxdə istifadə edilməyə başlamışdır…. (2, s. 82)… “Naxçıvan atalar sözlərində duzla bağlı xeyli atalar sözləri, bayatılar, xalq təbabəti, əfsanə və rəvayətlər mövcuddur ki, onların bir  çoxunu “İstiqlal” ordenli, Əməkdar müəllim, 106 il omür sürmüş, qocaman müəllim, babam Lətif Hüseynzadənin xatirələrindən, yaddaşında olan məlumatlardan eşitmişəm.  Onların bəzilərini ədəbi və pedaqoji ictimaiyyətə çatdırmaq faydalı olar: Atalar sözü və açıqlaması: “Hələ duza gedir”. Açıqlaması: Bir insan hələ xamdır, həyat çətinliklərini görməmiş, duza gedib oradan duz gətirməyin ağırlığını, çətinliyini hələ dərk etməmişdir. “Axşamdan duza gedən çox olar”. Açıqlaması: Bəzən düşünüb-daşınmadan, işin ağırlığını dərk etmədən əvvəlcədən  söz verənlər çox olur. Amma işin ağırlığı ağıla gəlincə, onun məsuliyyəti dərk edilincə işdən qaçılır. “Axşamdan verilən söz,  səhər unudulur və müxtəlif bəhanələrlə işdən qaçınır. “Dəvəni tоya cağırırlar. О da ağladı ki, məni ya Naxçıvana duza göndərirlər, ya da Bərgüşada – düyüyə” . Bu atalar  sözü də duzun ağırlığından, daşınmasının zəhmətli iş olduğundan xəbər verir. Ona görə də deyirlər “ Qız yükü , duz yükü”. Duz yükü ağır olduğundan, qız tərbiyə edib, böyüdüb, başa çatdırmaq da bir o qədər ağır işdir. “Bir gün duz yediyin yerə qırx gün salam ver” . Açıqlaması belədir: Yəni heç vaxt nankorluq etmə, sənə xeyir verən insanlara, yerlərə,  məkanlara sədaqətli ol. Yediyin məhsula hörmətlə yanaş. Sənə edilən yaxşılığı  unutma və onun qədrini bil. Bu atalar sözünə bənzər daha  bir atalar sözü də var ki, onun semantikası elə dediyimiz  anlamdadır. ”Duzu yeyib, duzdağa tüpürən…”  . Yaxud da deyilir:  “Duz, çörək haqqını bilməyən kor olar”.“Duz duzlaxda, eşşək tövlədə, ay “duz alan” çağırır”. Açıqlaması:Hələ heç bir real iş görülməmiş və görüləcək iş üçün də əsaslı bir zəmin hazırlanmamışdır. Amma, gələcək görüləcək iş haqqında şirin söhbətlər edilir, məsələlər həll olunur. Halbuki ortalıqda hələ heç nə yoxdur.

        Duzla bağlı  Naxçıvan bayatıları da vardır: 

Naxçıvanın duzu var,

Büllur kimi duzu var.

İki könül bir оlsa,

Kimin оna sözü var.

         Başqa bir bayatıda belə deyilir:

Naxçıvanın duz dağı,

Duz təpəsi, duz dağı.

Çəkdi yar sinəm üstə,

Dağ üstündən yüz dağı .

         Duz həm də xalqın inanc yeri, inamı olmuşdur.  Ona görə də “ Duz haqqı” ifadəsi də işlənməkdədir. Yaxud deyilmişdir: “Duz yerə töküləndə savaş olar, gərək duzun üstünə qənd qoyasan”, İstənmədiyin adam evinizdən gedirsə, duzu iki ovcunda ovxala  arxasınca “Bir daha gəlmə” de – İstəyin yerinə yetəcəkdir. Duz insanların and-aman yeri olmuşdur. “…. bu duz çörək mənə qənim olsun…” – demişlər. Duz – xüsusilə qız-gəlinlər üçün istəkli, şirin, gözəgəlimli  mənasında işlədilir. “Çox duzlu gəlindir”, “Nazlı – duzlu qızdır” və s.   Duzla bağlı yuxu yozumunda deyilir: “Yuxuda duz görənin və ya duz daşıyanın, reallıqda dişi  ağrıyar”. Duz xalq təbabətində də işlənməkdədir: “Diş ağrıyanda yerinə duz  bas və duzla qarqara et” və s. (2, s. 84)

            Duz haqqında tanınmış tədqaqtçı, peblisist, maraqlı elmi yazılar müəllifi  Vahid Rzayevin duz haqqnda çox dəyərli yazıları və fikirlləri vardır ki, onlara  da nəzər yetirmək çox  faydalaı və gərəkli olar. Vahid Rzayev  qeyd  edir ki,  Naxçıvan ərazisi həm Həzrəti Nuha qədər həm də Həzrəti Nuhdan sonra ətraf əraziləri qızıl dəyərinə bərabər olan yemək duzu ilə təmin etmişdir.

“Dünya tüfanından sonra, Həzrəti Nuh ailəsi və tufandan xilas olmuş o insanlar bu ərazini, bu coğrafiyanı Duz yolu, İpək yolu, Zər, İşıq yolu kimi əbədiləşdirə biliblər. Bizi, ərazimizi Zərlərin, Babların, Maqların, Qamların, Durların, Kahinlərin əraziləri kimi də tanıyıb, dəyərləndiriblər. Bu səbəbdən, Zər, Azər, vətənləri Azərilərin vətənidir – deyib, tanıyıblar” (3, s.93).,… Naxçıvan ərazisi ilkdən duz yolu kimi tanınıb tarixləşib. Sonrakı mərhələlərdə ipəkçilik inkişaf etdiyindən bu ərazi bir ad da “İpək Yolu” kimi tanınıb tarixləşib.Azərbaycan xalqı və ərazisi elmi ilə, tarixləri ilə yanaşı olaraq süfrə mədəniyyəti qida çeşidləri də çox zəngin olmaqla yanaşı mə`na və məntiq daşıyıcısı da olmuşdur. Qədim dövrlərdən bütün ailə üzvləri süfrə ətrafında yığışmaqla, hər bir qida çeşidinə təşəkkürlə, nəvazişlə yanaşmaqla yanaşı, süfrə ətrafından başlayan ilkin davranış o, davranışla düşüncə və mə`na aşılanıb. Süfrəyə gətirilən qida ilkdən ailə böyüklərin bir nəvazişlə yanaşılması kiçik ailə üzvlərinə də özündən yaşca böyüklərə qayğı ilə yanaşma, davranışı aşılanmışdır. Su, Günəbaxan, Bal, Daş duz, Şəkər tozu, Qənd parçası da Yer üzündə İşıq-Zərrə təmsilçiləridirlər! Bizim var olmağımız üçün bizə İşıq payı Ayrılır, Bəxş edilir! Onun, O İşıq payının kütləsi var, çəkisi yox (bizlər onun kütlə “Çəkisini” hiss etmirik), kütləsi var, yaddaşı da çox! Amma bizdən Ayrılan (ölüm anı) O (Ruhi İşıq) İşıq Payının isə kütlə çəkisi 0,16 qram hesabatındadır! O İşıq payının hər birimizdə bir müəyyən müddət payı var! Biz, canlı İnsanlar bizə ayrılan o müddət İşığının (müddət payının) bir müddətə daşıyıcısı olarıq!”(3, s. 295). Çox maraqlı fikirlərdir.

     Adətə görə İlk olaraq süfrəyə su, çörək, duz gətirilərək yaddaş rəmzi ilə yanaşı onların insan varlığından ayrılmaz olduğunu həmişə yaddaşlara süfrə ətrafından başlayıb. Təndir üçün yoğurulan gilə, mütləq (nisbət hesabı ilə), Duz dağından gətirilən, duz miqdarı əlavə edilirmiş.Duz ümumi halda, temperatur hədlərini bərabər böldüyündən, təndir üçün istifadədə, təndir daxilində, temperatur həddinin bərabər bölünməsinə sabitliyi, başqa köməkçi vasitə tələb olunmadan həyata keçirmək mənası daşıyırdı.  Zərrələr və zərrələr toplumunu işıq yaddaş daşıyıcısı olduğunu duz, su, unda toplandığını bildiklərindən süfrəyə ilkin olaraq duz, su, çörək gətirməklə ailə üzvlərini vücudlarında işıq toplumlarının bərabər bölünməsində köməkci müqəddəs bilirdilər. Onlar duz, su, çörək onunla bərabər südün özündə də zərrələrin yaddaş işıq daşıyıcısı olduğunu bilərək onları müqəddəs, toxunulmaz kimi qəbul edirdilər.Duz – işıqdan zərrələr toplumunun kristal halıdır, Su – işığın zərrələr toplumunun duru halıdır, Un – İşığın hüceyrələrə zərrənin toplum halıdır, Süd – vücudda zərrələrin bərabər bölüm halıdır. Onların birliyi varlıqlara sağlam işıq daşıyıcısıdır, müqəddəslik anlamıdır… .Vahid Rzayevin duz haqqında çox  maraqlı, fəlsəfi fikirləri davam edir….(3)

   Bunu  da  xüsusuo olarq qeyd  edəlk ki, 1970-ci illərdə Naxçıvan duz mədənində aparılan arxeoloji qazıntılar, tədqiqatlar nəticəsində burada böyük duz mağarası aşkar olunmuşdur ki, bura ən qədim duz müalicəxanasıdır. Avropaya XIX əsrdə duzla müalicə üsulu məlumdursa, Naxçıvanda  bu ən qədim dövrlərdən mövcud olmuşdur. Müəyyənləşdirilmişdir ki, duz  mədənində çalışanların heç birində  bronxit və ya asma  kimi ağciyər xəstəlikləri  yoxdur.

            Duz insanların ən lazımlı qida məhsuludur. Duzsuz yaşamaq  olmaz. Qədim vaxtlarda Hollandiyada məhbusları cəzalandırmaq üçün qeyri humanist hərəkət  edərək  onlara  duzsuz yemək vermişlər. Nəticədə məhbuslar bir neçə aydan sonra iflic olmuş, ya da həyatla vidalaşmışlar. Bu onu göstərir ki, duz olmadan yaşamaq mümkün deyildir.

        Çinlilər, Romalılar, Fransızlar və  bir çox  başqa  xalqlar savaşlar üçün  vəsait toplamaq  üçün duz  vergisi qoymuşlar. Çində duz istifadəsi e.ə.800-cü illərə  aiddir. Duz  mühüm  müqavilələrin bağlanmasında  bir  simvol kimi işlənmiş, ziyafət süfrəsində  duzun olmaması düşmənçilik  sayılmış, şübhə yaratmışdır.

       Erkən orta  əsrlərdə duz müqəddəs  sayılmış, duza inanmışlar. “Duz  haqqı demişlər”. Qədim dastanlarımızda, klassiklərin əsərlərində Duz müqəddəs nemət kimi qeyd edilmişdir.

             Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu müxtəlif ticarət yolları vasitəsilə ayrı-ayrı şəhərlərə daşınmışdır. “Osmanlı ordusunun yemək xərcləri hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı göstərilir”. Tarixən duzu müqəddəs bilən  ata-babalarımız, bəlkə də, elə bu torpağın müqəddəsliyini elə Duzdağla, duzla əlaqələndirib bizlərə çatdırmışlar.

    Çox vaxt qeyd edirlər ki, duz zərərlidir, qəbul etməyin, kğkəlməyə səbb olur  və s.  Bu fikri qəbul etmirik,  və qeyd edirtik ki, duzun insan  sağlığı üçün faydası misilsizdir. İnsan orqanizmi  gündəlik norma olaraq 5-7 qram duz qəbul etməlidir. Həmin miqdar duz insan orqanizmində gedən vacibi prosesləri nizamlayır.

         Duz istifadə edərkən təmiz duz-yodla zəngin qaya duzundan  istifadə etmək – xüsusilə Naxçıvan qaya duzundan istifadə etmək  daha faydalıdır. Əgər lazım olan miqdar duz insan orqanizminə gün ərzində daxil olmazsa, bu bir çox proseslərin pozulmasına səbəb olar və xəstəliklər yaranar.  Başlıca olaraq immunitet sistemi çökəçək. Qanın tərkibində mikroorqanizmlərin miqdarı sürətlə çoxalmağa başlayacaq. Qalxanabənzər vəzinin trioksin hormonu normal sintez oluna bilmir. Xlorid ionun çatışmaması nəticəsində mədənin fəaliyyəti pozulur. Bütün bu hallar insan orqanizminə mənfi təsir göstərərək, onun normal çalışmasını əngəlləyəcək.

          

 Ədəbiyyat .

  1. İsa Həbibbəyli. “Duz mozaikası” Bakı: Elm və təhsil, 20217, 308 s. .
  2. Əkrəm Hüseynzadə. Naxçıvan folklor mətnlərində yaşayan tarix. Bakı:Elm və təhsil, 2016, 184 s.
  3. Vahid Rzayev. İşıq. Zərrə. Bakı: Zərdabi,MMC, 2023, 592 s.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir