Ramiz Babayev

ÖN SÖZ

Əziz dostum və tələbə yoldaşım Ramiz Babayevin  yeni kitabı çapa hazırladığını digər bir tələbə dostumuz, Azərbaycan Respublikasınını Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynovdan eşidəndə yadıma bir neçə il əvvəl Ramizin işıq üzü görmüş kitabından birinə yazdığım resenziya düşdü: Bu şeirdə müasir gəncliyin eşq, məhəbbət, Sara kimi deyil, adi münasibət göstərmələrinə müəllif çox səmimi şəkildə etiramı ifadə edirdi. 

 

Çayların suları çoxdan azalıb, 

Sellər neçə ildir dönüb mataha.

Çoxlu Xançobanlar Sarasız qalıb,

Sellər Saraları aparmır daha.

 

Və yoldaşlarımız arasında bu barədə yüngülvari mübahisələr də olmuşdu ki, Ramiz bugünki gəncliyi düzgün dəyərləndirmir. Bütün hallarda mən Ramizlə indi də həmfikirəm…. Bu bir başqa mövzudur. Mətləbə keçərək onu deyim ki çap olunacaq kitab redaktə üçün əlyazma şəklində mənə təqdim olunanda bu yeni nəşrə Rövşən Hüseynovun ön söz yazdığını gördüm. Şeir xiridari olan dostumun məndən qabağa düşdüyünə sevindim. Çünki o, yazdığı ön sözdə Ramizin  yaradıcılığını olduğu kimi təhlilə cəlb edə bilib. Ona görə də mən Ramizsevərlərin vaxtını almadan onun sevilən şeirləri haqqında bir neçə söz demək qərarına gəldim.

Öncə Ramizi yeni kitabı münasibətilə təbrik edir yaşının bu çağında öz əbədi mövzularına sadiq qaldığıüçün minnətdarlığımı bildirirəm. Ulu Öndər Heydər Əliyevin obrazını, müstəqilliyimizin ərazi bütövlüyümüz uğrunda öz canından keçərək şəhidılik zirvəsinə ucalan eloğullarımızı, doğma Naxçıvanımızın şərəfli tarixini, bu gününü vəsf edib. özünəməxsus ifadə tərzi ilə bədiləşdirilib.

Ramizi yaradıcılığı boyu bütün oxucuları məhəbbət şairi kimi tanıyıblar; həqiqətdə də bu belədir. Hələ gənclik illərindən bu mövzu onun şeirlərinin mayasına çevrilib. Həmin könül pıçıltılarında Ramiz səmimidir; bəzən küskünləşən anları da olur; qəzəblənir də. 

 

Sənin gözlərində gizlənib gözüm,

Çıxara bilməzsən, ata bilməzsən.

Məni yuxu kimi çıxartma yaddan,

Axtara bilməzsən, tapa bilməzsən.

 

Ancaq ümumi halda Ramiz bütün məhəbbət şeirlərində özüdür; özünün məninə sadiqdir. 

 

Unut bu sevdanı, çıxar yadından,

Daha o günlərə dönənmərik biz.

Bir çılğın, dəlisov quş qanadında,

Düşüb dəryalara itib sevgimiz.

 

O da vurğulanmalıdır ki, Ramiz didaktikadan uzaqdır, kiməsə məsləhət vermir, bugünki gəncliyi bədii sözün sehrinə salır. Bununla məhəbbətin nəyə qadir olduğunu göstərir. Daha dəqiq desək, Ramizin şeirləri məhəbbət ətrinə bürünüb; bu ətir məhəbbət adlı bir dünyanı olduğu kimi dərk edən, onunla yaşayan, yol gedən insanlar daha yaxşı duyurlar, bu ətirdən zövq dəalırlar, “qəm dəryasına” da batırlar.

 

Ömrün payız çağında

Bil ki, sən nə vaxtsa peşman olassan,

Etiraf edəssən o ilk sevgini.

Nə vaxtsa yanıma qayıdacaqsan,

Ünvanı səhv düşən məktublar kimi.

 

Şair dostuma bir tövsiyyəni də demək istərdim ki, əgər bundan sonra da qələm götürüb öz iç dünyasını poeziyaya gətirəcəksə (buna şübhəm yoxdur), ümidsiz notlara aludə olmasın. Çünki məhəbbətdir insanı yaşamağa sövq edən məhəbbət ən böyük, ən ülvi hissdir; ədəbiyyatın, konkret olraq poeziyanın ədəbi və əzəli mövzusudur.

 

Məcnun tək gəzəcəm səhranı, çölü,

Quracam ömrümə bir vüsal gölü.

Məhəbbət yolunda verib bir ömrü,

Dağlarda qar olub donacağam mən,

Bir sevgi nəğməsi yazacağam mən.

 

Muxtar Məmmədoğlu,

Əməkdar jurnalist,

“Şərq qapısı” qəzetinin müxbiri

 

Kitabı Yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir