Əsrin güzgüsü – Naxçıvan teleradiosu

ÖN SÖZ

  Bəşər sivilizasiyasının ən qədim mədəniyyət mərkəzlərindən olan qədim Naxçıvan torpağı tarixin müxtəlif dövrlərində dünya mədəniyyəti xəzinəsinə görkəmli şəxsiyyətlər bəxş etmiş, tarixin axarını dəyişən şəxsiyyətlərin simasında Azərbaycan dövləti və dövlətçiliyi şanlı inkişaf yolu keçmişdir. Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycan dövlətçiliyinin, milli mədəniyyətinin, ədəbiyyatının, ictimai-siyasi düşüncəsinin mərkəzi fiqurlarından biri kimi Azərbaycanın tarixi torpağıdır. Naxçıvanın keçdiyi tarixi inkişaf yolunun hərtərəfli şəkildə öyrənilməsini elmimizin qarşısında mühüm vəzifə kimi qoyan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Naxçıvan muxtariyyatını tarixi nailiyyət kimi qiymətləndirərək qeyd edirdi: “Naxçıvanın muxtariyyatı mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur… Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyat hüququ veriblər”. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Naxçıvanın hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlamış, mühüm dövlət proqramları çərçivəsində Naxçıvan Muxtar Respublikasının da dinamik inkişafına dövlət dəstəyi göstərməklə ulu diyarın sürətli tərəqqisinə nail olmuşdur. Tarixin çətin sınaqlarından üzüağ çıxan Naxçıvan XX əsrdə çoxsaylı məhrumiyyətlər görsə də, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətindən ayrı düşsə də, muxtariyyat mübarizəsi etsə də, sovet rejimi dağıldıqdan sonra ağır blokada şəraitində mübarizə aparsa da, bu məğrur diyar mübarizə yolunda irəliləyərək Azərbaycan dövlətçiliyinin inkişafına töhfələrini vermişdir.

 Tarix isə öz dərslərini diktə etməkdədir. Ulu diyarın yetirdiyi görkəmli şəxsiyyətlər Naxçıvanın inkişafına hər zaman dəyər qatmışlar. Tarixin axarını dəyişən belə görkəmli şəxsiyyətlərdən biri də Ulu öndər Heydər Əliyev olmuşdur. Hələ siyasi hakimiyyətinin birinci dövründə Ulu öndər Naxçıvana daim diqqət və qayğı göstərmiş, muxtar respublika sürətli inkişaf yolunu məhz onun dəstəyi ilə tutmuş, dövlət strukturlarının formalaşması, mərkəzi idarəçiliyin təkmilləşməsi prosesi öz bəhrələrini vermişdir. Bu sırada Naxçıvan Teleradiosunun inkişafı da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Moskvanın şovinist siyasətinə qarşı istefa verən, güclü təzyiqlərə məruz qalıb doğma məkana – Naxçıvana qayıdan Heydər Əliyev xalqın ümid yeri, pənahı kimi doğma yurdunun müdafiəsi və mühafizəsi üçün düşünülmüş fəaliyyətə başladı. Naxçıvan MR Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə Heydər Əliyev Naxçıvan Teleradiosuna da xüsusi diqqət göstərmiş, radio-televiziya mühitinin saflaşdırılması, informasiya blokadasının yarılması və təhlükəsizliyinin təmin olunması, sahəsində mühüm işlər görərək bu məkana yeni nəfəs vermişdir.

  Naxçıvan Teleradiosunun yaranmasından keçən şanlı illərin müxtəlif mərhələlərində dövlət dəstəyi ilə bu qurum doğma diyarın ictimai-siyasi, ədəbi-mədəni həyatının güzgüsünə çevrilmiş, yaxın tariximizin salnaməsi kimi möhtəşəm illərimizə şahidlik etmişdir. Naxçıvan Teleradiosunun keçdiyi tarixi inkişaf yolunun ayrı-ayrı mərhələləri, problemləri, bu məkanda çalışmış şəxsiyyətlərin, teleməkanın keçdiyi inkişaf yolunda əməyi keçən insanların fəaliyyət yolunu ümumiləşdirilmiş şəkildə yaddaşlara yazmaq həm teleradio tarixinin hərtərəfli öyrənilməsi, həm də burada fəaliyyət göstərən simaların zəhmətinin qiymətləndirilməsi baxımından xüsusilə əlamətdardır. Bu mənada hazırlanan “Əsrin güzgüsü: Naxçıvan Teleradiosu” kitabı Naxçıvanda teleradionun yaranması, inkişaf yolu, tərəqqisi və bu tarixin şahidlərinin müqəddəs əməyinə verilən töhfə kimi inanırıq ki, ictimaiyyətin diqqətini xüsusilə cəlb edəcəkdir. Teleradio əməkdaşlarının kadrlarla iş şöbəsində saxlanılan anket vərəqlərindən, teleradionun filmotekasında mühafizə olan videokasetlərdən, ayrı-ayrı dövrlərdə fəaliyyət göstərən şəxslərin arxiv fotoşəkillərindən, xatirələrindən, Faiq Abbasoğlunun (Musayevin) şəxsi arxivindəki müxtəlif səpkili materiallardan istifadə olunmaqla bu kitabda yaşanmış tarixi dövrün xronikası yaradılmışdır.

Kitabı yüklə

 Əhməd Əhmədov,

 Naxçıvan Televiziyasının baş redaktoru,

 Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir