XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda müəllim kadrlarının hazırlığı

Print Friendly, PDF & Email

Xülasə

Məqalədə XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda müəllim kadrlarının hazırlığı məsələləri araşdırılmışdır. Bu zaman öyrənilmişdir ki, Naxçıvanda təhsil sahəsində həyata keçirilmiş mütərəqqi dəyişiklərdən biri də yerli, milli pedaqoji kadrlarının hazırlanması və müəllim potensialının  formalaşması olmuşdur. Bu isə regionda ədəbi-mədəni mühitin canlanmasına və yerli ziyalı sinfinin formalaşmasına təkan verdi.

Açar sözlər:Məktəb, müəllim, təhsil, şagird, texnikum, inistitut, pedaqoji kadır

XIX əsrin sonlarında aparılan islahatlar təhsilə də təsir etmişdir. Ona görə ki, çarizm siyasəti xalaq maarifinin təşkilində xalqın tələblərinə əməl etmək əvəzinə yuxarı təbəqə nümayəndələrinin fikirlərini əsas götürürdülər. Buna səbəb çarizm yuxarı təbəqənin nüfuzlu şəxslərini öz tərəfinə çəkməyə və onları qulluq etməyə məcbur edirdilər. Bu yolla çarizm siyasəti öz adət və ən’ənələrini Azərbaycanda olduğu kimi Naxçıvan qəzasında da yaymağa çalışırdılar.                                                                          

Qeyd edək ki, XIX əsrin 70-ci illərinə qədər digər Azərbaycanın bölgələrində olduğu kimi  Naxçıvanda da müəllim kadrları hazırlayan hər hansı bir tədris müəssəsi olmamışdır. Məhz bu səbəbdən həmin dövrdə Naxçıvan məktəblərinə əsasən Rusiya Xalq Maarif Nazirliyi tərəfindən hazırlanmış müəllimlər və Tiflis gimnaziyasının mə’zunları göndərilirdi.

Bununla əlaqədar İrəvan qubernatoru 1870-ci il avqust ayındakı hesabatında göstərmişdir ki, azərbaycanlıların təhsil səviyyəsini yüksəltmək üçün yeni məktəblər açılmalı, pedaqoji tələblərə cavab verən tədris vəsaiti tərtib edilməli və müsəlman məktəbəri üçün savadlı yerli müəllim kadrları hazırlanmalıdır (4, s. 68). O, bu məqsədlə müəllimlər seminariyası yaradılmasını  təklif etmişdi.

Daha dəqiq desək, müəllim kadrları hazırlayan yalnız belə bir müəssisə ilk dəfə olaraq 1866-cı ilin mart ayında Tiflis şəhərində “Aleksandrovski müəllimlər məktəbi” açılmışdır. Bunun ardınca müəllim kadrlarını hazırlayan müəssisələr 1871-ci ildə Kubanda, 1876-cı ildə isə Qori şəhərində fəaliyyətə başlamışdı (2, vər. 11).                                                    

Onu da qeyd etmək vacibdir ki, XIX əsrin sonunda Naxçıvanda müəllim kadrlarının hazırlığında Tiflis şəhərində fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının nəzdində 1879-cu il sentyabr ayının 23-də açılmış Azərbaycan şö’bəsinin rolu çox olmuşdur. Seminariyada təhsil müddəti üç il olmuşdu. Bura yaşı 16-dan az olmayan azərbaycanlı yeniyetmələr  Rusiya Xalq Maarif Nazirliyinin ikisinifli ibtidai məktəbinin proqramı həcmində imtahan vermək yolu ilə qəbul olunurdular. Lakin şəhərli yeniyetmələrdən fərqli olaraq kəndlərdən olanlar seminariyaya birbaşa qəbul oluna bilməzdilər. Onlar ilk öncə seminariyanın nəzdində fəaliyyət göstərən xüsusi hazırlıq siniflərində hazırlıq keçmələri vacib idi.

Bu seminariyanın 13 may 1880-cı il tarixdə təsdiq olunmuş Əsasnaməsində bu şö’bənin məqsədi belə izah olunmuşdu: “Zaqafqaziya ölkəsinin Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və təcrübəli müəllimlər hazırlamaqdan ibarət idi” (5, s. 42-43).Qeyd olunmalıdır ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şö’bəsi Naxçıvandan çox uzaqda açılmasına baxmayaraq  onun yaradılması XIX əsrin sonunda müəllim kadrlarının hazırlığında önəmli mərhələlərdən birini təşkil etmişdir. Bu seminariyanın Azərbaycan şö’bəsini bitirən Naxçıvanlı mə’zunlardan Cəlil Məmmədquluzadənin, Əlbdülqasım Sultanovun, Mirzə Ələkbər Süleymanovun, Ələkbər Məmmədxanovun,  Əli Səbrinin və başqalarının adlarını fəxrlə çəkə bilərik. Onlar tarixə xalq yolunda ömürlərini şam kimi əridən  xalq müəllimlərinin nümunəsi kimi düşmüşlər

XIX əsrin sonunda Naxçıvanda müəllim kadrlarının hazırlanmasında İrəvan Müəllimlər Seminariyası da  mühüm rol oynamışdı. Demək olar ki, bu dövrdə Naxçıvanın kənd məktəblərində çalışan müəllimlərin bir qismi də bu seminariyanın mə’zunları olub. Həmin dövrdə seminariyanı bitirmiş Axund Məmmədbağır Kazımzadə, Məmməd Axundov, Hacı Məmmədəli oğlu, Rəhim Xəlilov, Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov və Qulam Namazov kimi neçə-neçə müəllimlik sənətinin vurğunu olan Naxçıvan ziyalılarını qürur hissi ilə xatırlaya bilərik. Hər iki müəssisə 1870-ci ildə nəşr edilmiş “Müəllimlər seminariyası haqqında” Əsasnamə ilə idarə idarə olunub (1, vər. 9) Ümumilikdə götürüldükdə XIX əsrin 70-ci illərindən başlayaraq Naxçıvanda ümumtəhsil məktəblərinə yerli əhalinin tələbatının artması o, dövrdəki hakimiyyətin bu məktəblərdə çalışması üçün yerli müəllim kadrlarının hazırlanması məsələsi ilə daha ciddi məşğul olmağa məcbur etmişdi.

Belə ki, bu dövrdə Çar Rusiyası Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvan qəzasında da dövlət məktəbləri açmağa başladı. Lakin digər bölgələrdə olduğu kimi Naxçıvan qəzasında da açılan bu məktəblərdə müəllim çatışmamzlığı problemi var idi. Bildiyimiz kimi açılan hər bir dövlət məktəbinin inkişafı bacarıqlı və savadlı yerli müəllim kadrlarından çox asılı idi. Bu işin öhdəsindən gələ biləcək müvafiq müəllim təhsili görmüş yerli müəllim kadrları yetişməmişdir.  

Qeyd etmək lazımdır ki, XIX əsrin 80-cı illərində Naxçıvan bölgəsinin şəhər və kəndlərində açılan ibtidai xalq məktəblərində müəllimlik etmək üçün həmin məktəblərin nəzdində qısamüddətli iki və üç aylıq pedaqoji kurslar da yaradılmışdır. Bu kurslar əsasən təcrübə məqsədilə edilmişdir. Bura yalnız şəhər məktəbini bitirənlər daxil ola bilərdi. Akademik Hüseyn Əhmədovun məlumatına əsasən, bu kurslarda həm nəzəri, həm də təcrübi məşğələlər keçilirmiş, sonda kursun müdavimləri təcrübəli müəllimlərin rəhbərliyi altında sınaq dərsləri deyirmişlər (3, s. 114).                                                                                                      

Bu kurslar müəllim kadrlarının hazırlığında çox da elə bir böyük rol oynaya bilməsə də o, dövrdə Naxçıvan bölgəsində yerli savadlı müəllim kadrları hazırlığını Çar hakimiyyətinin diqqət mərkəzinə gətirirdi.

Beləliklə,  XIX əsrin sonunda Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da yerli bacarıqlı müəllim kadrlarına olan təlabatı qismən də olsa ödəmək üçün  müvəqqəti tədbir kimi, şəhər məktəbərini bitirən savadlı şəxslər də imtahan vermək yolu ilə Naxçıvan bölgəsində məhəllə və ibtidai məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilirdilər. Bu isə  Naxçıvan gənclərində müəllimlik peşəsinə maraq oyadırdı.

Onu da qeyd edək ki, Naxçıvan qəzasındakı dövlət məktəblərində çalışan müəllimlərə Rusiyanın dövlət məktəblərində çalışan müəllimlərdən daha çox üstünlük verirdilər. Məsələn, 10 il müəllim kimi çalışan şəxsə və ailəsinə dövlət təqaüdü verirdilər. Bununla yanaşı dövlət məktəblərində çalışan yerli  Azərbaycan dili və şəriət müəllimləri 2-ci dərəcəli dövlət qulluqçuları hesab edilirdilər.

Naxçıvanın görkəmli maarifpərvərləri müəllimə‚ onların nəcib əməllərinə yüksək qiymət vermiş və böyüyən nəslin tə’lim-tərbiyəsində müəllim əməyinin rolunu yüksək dəyərləndirmişlər. Müəllim zəhmətinə yüksək qiymət verən Məhəmməd Tağı Sidqi (1854-1903) yazmışdı ki‚ «məktəb bir cismə bənzər ki‚ onun ruhu müəllimdir» (3, s. 26). M.T. Sidqinin fikrincə‚ müəllim tə’lim-tərbiyə işində böyük qüvvədir‚ müəllim uşaqlara bilik verir‚ ona görə də savadlı olmalıdır. Savadsız müəllimdən uşaqların tə’lim və tərbiyəsini gözləmək dəmirçidən saatsazlıq tələb etmək kimidir. Müəllimin elm və tərbiyəyə sahib olması əsas şərtdir.

XX əsrin əvvəllərində görkəmli Naxçıvan ziyalıları müəllim kadrlarının hazırlanması ilə bağlı mətbuatda tez-tez çıxış edirdilər. Onlar öz yazılarında ana dilində dərs deyə bilən müəllimlərin hazırlanmasını dövrün əsas tələbi kimi qiymətləndirmişlər. Bu sahədə Eynəli bəy Sultanov, Əliməmməd Xəlilov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Süleymanov, Məhəmməd ağa Şahtaxtılı, Sadıq  Xəlilov, Məmmədqulu bəy Kəngərli, Əbülqasım Sultanov, Qurbanəli Şərifov, Əliqulu Qəmküsar, Mirzə Cəlil Şürbi və başqaları  xüsusilə fərqlənirdilər.   Göstərilən dövrdə Muxtar respublikada maarifin inkişafını ləngidən əsas məsələlərdən biri bölgələrdə müəllim kadrlarının çatışmaması idi. Müəllim kadrlarının yoxluğu sovet hakimiyyətinin ilk illərində pedaqoji təhsili olmayan, ancaq müəyyən savada malik şəxsləri məktəblərə müəllim kimi cəlb etməyə məcbur edirdi. Ona görə də qısa müddət ərzində pedaqoji kadrlar hazırlanması məsələsi partiya-sovet orqanlarının qarşısında duran əsas vəzifələrdən birinə çevrilmişdir.  Bu vəziyyətdən çıxmaq üçün 1921-ci ildən Xalq Maarifi Komissarlığının nəzdində 35 nəfərlik qısa müddətli kurs təşkil edildi. Bakıda və digər şəhərlərdəki kurslarda təhsil almaq üçün müdavimlər göndərilirdi. 

Məsələn, bu dövrdə Qori müəllimlər seminariyasında azərbaycanlılardan çox az müəllim hazırlanmışdır. 1920 ci ilə kimi keçən 50 il ərzində Qafqazda 262 nəfər azərbaycanlı müəllim hazırlanmışdı ki‚ bunun da 63 nəfəri İrəvan Müəllimlər Seminariyasında hazırlanmışdır (5, s. 54-55). (İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə açılmış, 69 şagirdi olmuşdur. İrəvanda 1882-ci ildə daha bir Müəllimlər Seminariyası açılmışdır ki, buranın da  64 şagirdi olmuşdur (5, s. 59).İrəvan müəllim seminariyasına gələn azərbaycanlıların uşaqlarını çox çətinliklə qəbul edirdilər. «Bir müsəlman uşağı gəlib ərizə verərdi ki‚ mən istəyirəm seminariyaya girəm‚ cənab Miropyev (seminariyanın direktoru) əyilib diqqət ilə baxırdı cavanın üzünə və ərizəsini qaytarıb verərdi və deyərdi: bala‚ səni götürə bilmərəm ondan ötrü ki‚ qaşın qaradır» (5, s.57-58; 8, s. 54-55).

1922-ci il avqust ayının 28-də Naxçıvan şəhərindəki teatr binasında keçirilən Naxçıvan Müəllimlərinin I qurultayında da Naxçıvanda müəllim çatışmamazlığı haqqında ciddi söhbət getdi və 1 noyabr 1922-ci ildən etibarən Naxçıvan Müəllimlər seminariyası açmaq haqqında qərar qəbul olundu (6, s. 24).

Bir neçə aylıq müəyyən hazırlıq işlərindən sonra seminariyanın açılması üçün maddi-texniki baza yaradıldı və seminariya fəaliyyətə başladı. Naxçıvanın gələcək kadr hazırlığında çox mühüm rol oynayacaq Naxçıvan Müəllimlər Seminariyasına Xəlilağa Hacılarov ilk direktor, Əbdüləzim Rüstəmov onun köməkçisi və coğrafiya müəllimi tə’yin olundular. Seminariyanın müəllimləri arasında Məhəmməd Rəsizad, Həsən Səfərov, Əbdülləzim Rüstəmov, Həsən Qaziyev, İbrahimxəlil  Axundov, Əli Xəlilov  və  başqaları var idi (4, s. 17-19; 7, s. 10).

1938-1939–ci tədris ilində isə Naxçıvan Pedaqoji texnikumunu 92 nəfər gənc bitirərək pedaqoji fəaliyyətə başladı. Bu gənclər sonralar Azərbaycanda ictimai-siyasi fikrin və xalq maarifinin inkişafında mühüm rol oynadılar. Bunların arasında dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin də  həmin texnikumu bitirdiyi və 25 iyun 1939-cu il tarixdə ona 2027 №-li qeydiyyatla diplom verildiyi qeyd edilmişdir (6, s. 25).

1941-ci ildən isə Naxçıvan Pedaqoji Texnukumu ləğv edilərək Ordubad Pedaqoji texnikumuna birləşdirildi. Bu texnikum Muxtar Respublika üçün müəllim kadrların hazırlanmasında böyük rol oynadı. Yarandığı 1926-cı ildən 1941-ci ilə qədər texnikumda 1071 nəfər müəllim hazırlanmış ki,  onlardan 182 nəfəri qadın olmuşdur (2, s. 6-8).

Bu qərarın qəbul edilməsinin əsas səbəbi Naxçıvanda yeni tipli təhsil ocağının yəni Müəllimlər İnsttutunun yaradılması oldu. Naxçıvan MSSR-də pedaqoji məktəb olan Müəllimlər İnistitutu Muxtar Respublika xalq Komissarlığı sovetinin 14 avqust 1939-cu il tarixli qərarı ilə yaradılmış və həmin il sentyabrın 15-də iki fakultə ilə fəaliyyətə başlamışdı. Bu inistituta ilk qəbulda 180 nəfər tələbə kontingenti nəzərdə tutulsa da, cəmi 129 nəfər tələbə qəbul edilmişdir. Onlardan cəmi 31 nəfəri qız olmuşdu. Növbəti 1940-1941-ci tədris ilində Naxçıvan Müəllimlər İnistitutunda artıq 4 fakultə, dil-ədəbiyyat, fizika-riyaziyyat, təbiət-coğrafiya və tarix fakultələri açılmışdır ki, orada ümümilikdə 230 nəfər tələbə oxumuşdu. Lakin I kursa qəbul edilənlərin bir hissəsi sovet ordusuna səfərbər  edilib, onlardan bir qismi isə müxtəlif səbəblərdən təhsillərini başa vura bilməmişdilər. 1941-ci ildə inistitutun ilk mə’zunlarının sayı cəmi 65 nəfər təşkil etmişdir. Onların 52 nəfəri ədəbiyyat, 13 nəfəri fizika–riyaziyyat fakultələrinin bitirmişdilər. Bu ilk mə’zunlar arasında Qəzənfər Əkbərov, Nazlı Tahirova, Mahmud Axundov, Qasım Haciyev, İsmayıl Sadıqov, Yunis Qasımov, Salman Ağayev (8, s. 54-56; 6, s. 40-45) və başqalarının adlarını çəkmək olar. İnistituta qəbul isə partiya və komsomol təşkilatlarının zəmanəti ilə aparılmışdır.     

Naxçıvan  Müəllimlər Qurultayının qərarına uyğun olaraq 1924-cü ilin oktyabrında Naxçıvan Muxtar respublikasında qadın seminariyası  fəsaliyyətə başladı. Seminariyaya rəhbərlik N. Nəcəfovaya tapşırılmışdır. 1925-1926-ci tədris ilindən isə demək olar ki, Seminariya Qadın Pedaqoji Texnikumuna çevrildi. Texnikumun ilk direktoru Fatma Əlizadə oldu. Həmin ildə texnikumda 80 nəfər tələbə qız təhsil alıb. Bu texnikumda Xədicə Yusifbəyli, Sövkət Mahmudbəyova, Sabirə Güləhmədova və digər tanınmış qadın müəllimləri dərs deyiblər (1, s.  9-10; 2, s. 24-26).

XX əsrin əvvəlində Naxçıvanda qadın müəllimlərinin hazırlanması üçün qadın-pedaqoji kursları da fəaliyyət göstərmişdir. Bu ilk kurslardan biri 1922-ci ilin noyabrında açılmış və orada 60 nəfər qadın müəllimə hazırlanmışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin qərarı ilə 1928-1929-cu tədris ilində kişi və qadın texnikumları birləşdirildi. Bu isə öz növbəsində müəllim kadrlarının keyfiyyətcə hazırlanmasına səbəb oldu. Həmin ildə Naxçıvan MSSR-dəki bu texnikumda 411 nəfər tələbə oxuyurdu ki, onlardan  cəmi 71 nəfəri qız tələbəsi olmuşdur  (7, s. 123).                                                                              

XX əsrin əvvəlində Naxçıvanda müəllim kadr hazırlığının digər forması naxçıvanlı gənclərin Azərbaycanın və  SSRi-nin ali məktəblərinə göndərilməsi olmuşdur. 1922-1923-cü ilində 110 nəfər gənc müxtəlif ali məktəblərə göndərilmiş və təqaüdlə təmin olunmuşdur. Onların əksəriyyəti isə fəhlə və kəndli balaları idilər. Bu tələbələr arasında İbrahim Qədimov, Qəzənfər Vəkilov, Abbas Qasımov, Cəlil Rəhimov, Kərim Səfiyev (3, s. 33-40) və başqalarını göstərmək olar. Bütün bu tədbirlər öz bəhrəsinin qısa müddətdə vermişdir. Məsələn, 1913-1914-cü illərə nisbətən Naxçıvanda müəllimlərin sayı 1924-1925-ci  tədris ilində 125,4%, 1925-1926-ci tədris ilində isə 171,4% artmışdır (9, s. 48).  Əgər 1913-1914-cü illərdə Naxçıvanda işləyən müəllimlər arasında azərbaycanlılar cəmi 0,4 % təşkil edirdilərsə, 1925-1926-ci tədris ilində 76,2%-ə çatmışdır.

Professor İbrahim Mollayevin məlumatlarına görə 1921-1922-ci illərdə Naxçıvanda 86 nəfər (onlardan 2 nəfəri qadın) 1924-1925-ci illərdə 154 nəfər (4 nəfəri qadın), 1930-1931-ci illərdə isə 277 nəfər (72 nəfəri qadın) müəllim çalışırdı (4, s. 101-105).                  

Müəllim hazırlığının genişləndirmək məqsədi ilə 1937-1938–ci tədris ilində artıq Ordubad şəhərində də pedaqoji texnikum açılmışdı ki, bu  texnikumun ilk direktoru vəzifəsinə Mehdi Mehdiyev tə’yin edilmişdi. Texnikuma birinci ildə 7 nəfər qız olmaqla 57 nəfər tələbə qəbul olunmuşdu. Növbəti tədris ilində isə onların sayı arıq 4 dəfə artırılaraq 213 nəfərə çatdırılmışdı.

Sonda onu qeyd edək ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan  sahəsində baş vermiş mühüm dəyişiklərdən biri də yerli, milli pedaqoji kadrlarının, müəllim potensialının  formalaşması oldu. Bu işdə isə həmin dövrdə Pedaqoji Seminariya, pedaqoji Texnikum, Müəllimlər İnistitutu və pedaqoji kursalrın böyük rolu oldu. Pedaqoji kadrlarla yanaşı, iqtisadiyyatın və ictimai həyatın digər sahələri üçün mütəxəsissislər hazırlamasının əsası qoyuldu. Təhsil sahəsində həyata keçirilmiş mütərəqqi dəyişikliklər Naxçıvanda maarifçilik ideyalarının inkişafında və yerli ziyalı sinfinin formalasımasına təkan verdi. Həmin dövrdə maarif və mədəniyyətdə əldə edilmiş naliyyətlər gələcək uğurlarının əsasını qoydu.    

Ədəbiyyat

1.      Azərbaycan Milli Dövlət Tarix Arxivi. fond 797 siyahı 1, saxlanma vahidi 826, vərəq 2

2.      Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi. Zaqafqzaiya müəllimlər Seminariyasına aid sənədlər. Fond  527, siyahi 1. Saxlanma vahidi  170, vərəqləri sayı  185.

3.      Əhmədov H. XIX əsr Azərbaycan məkbəti. Bakı: Maarif, 2000, 366 s.

4.      Məhərrəmov  Z. İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit). Bakı, “Nurlan”, 2010,  320 s.

5.      Seyidov F. Qori Seminariyası və onun mə’zunları. Bakı: Maarif, 1988, 296 səh.

6.      Azərbaycanda xalq maarifinin inkişafı (1920-1927). Bakı, “Azərnəşr”, 1928, 128s

7.      Cəfərov H. Naxçıvanda təhsil: inkişaf yolu və imkanları. Bakı, “Elm və təhsil”, 2011. 544 s. +24 s. rəngli şəkil

8.      Əhmədov H. Azərbaycan məktəb və pedaqoji fikir tarixi.Bakı,“ABU”, 2001,319 s.

9.      Əhmədov H. XX əsr Azərbaycan məktəbi. Bakı, “Maarif”, 1985, 300 s.

10.  Məhərrəmov  Z. İrəvanda məktəbdarlıq və maarifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit). Bakı, “Nurlan”, 2010,  320 s.

11.  Məmmədov V. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər     İnistitutu. Bakı, “Çənlibel”, 2001, 220 s.

12.  Mollayev İ. Naxçıvanda MSSR-də maarifin inkişafı. Bakı, Bilik cəmiyyəti, 1983, 32 s.

13.  Paşayev Ə. Tatar (Azərbaycan) şö’bəsinin müstəqil seminariyaya çevrilməsi uğrunda mübarizə. “Azərbaycan məktəbi”, 1986, № 3, s. 53-57

14.  Нифталыев М. Културное строителство в Нахчыванской АССР. Баку. 1964, 250 с.

 

Талех Халилов

Нахчыванский государственный университет,

главныйметодист,кандидат

 

XIXНАЧАЛА ХХ ВЕКА, ПОДГОТОВКА УЧИТЕЛЕЙ В НАХЧЫВАНЕ

Pезюме

В статьев конце девятнадцатого века и начала ХХ века, подготовка учителей в Нахчыване исследованы. В этом случае, исследований, которые были проведены в Нахчыване в области образования является одним из самых прогрессивных изменений в местные, национальные подготовки преподавателей и учителей развития стало формирование потенциала. Литературные и культурного возрождения региона и формирование интеллектуального класса дала толчок.                                               

Ключевые слова: Школа, учитель, образование, техническое, педагогическое питания

       Taleh  Khalilov    Nakhchivan State University,   Chiefmethodologist,doctorates    XIX EARLY XX CENTURYTRAİNİNG OF TEACHERS İN NAKHCHİVAN

Summary

The articlelate nineteenth century and early twentieth century, the training of teachers in Nakhchivan investigated.In this case, studies that have been conducted in Nakhchivan in the field of education is one of the progressive changes in the local, national teacher training and teacher development has been the formation of potential. Literary and cultural revival of the region and the formation of an intellectual class gave a push.                                                      

Key words: School, teacher, education, technical, pedagogical Power

 

                                 Taleh Xəlilov Naxçıvan Dövlət Universitetinin baş metodisti, doktorant 

x.taleh@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.