NAXÇIVAN ABİDƏLƏRİ ENSİKLOPEDİYASI

Print Friendly, PDF & Email

Redaksiyadan

 

     Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası son illərdə sosial-iqtisadi, siyasi və mədəni cəhətdən çox sürətlə inkişaf edir. Həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun adı ilə sıx bağlıdır. Qədim Azərbaycan torpağı olan Naxçıvanın hərtərəfli inkişafı tarixin heç bir mərhələsində indiki səviyyədə olmamışdır. Bu inkişaf həyatın bütün sahələrində özünü göstərir.

     Naxçıvan ərazisi ilk insan məskənlərindən biridir. Qədim daş dövründən başlayaraq insanlar bu ərazidə yaşamış, zəngin mədəniyyət yaratmışlar. Bu diyarda Azərbaycan xalqının tarixi, elmi və mədəni irsi formalaşmışdır. Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarı əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi statusunu qoruyub saxlamışlar. Naxçıvan, eyni zamanda, Azərbaycan dövlətçiliyi tarixində mühüm yür tutmuşdur. Bu ərazidə mövcud olmuş dövlət qurumları milli dövlətçilik ənənələrinin formalaşması ilə yanaşı həm də bölgənin inkişafına, müdafiə qabiliyyətinin güclənməsinə, inzibati-idarəçiliyin möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

     Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyətidir, tarixi abidələridir. Bu cəhətdən Naxçıvan ərazisi xüsusilə diqqəti cəlb edir. Naxçıvan torpağı antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu qədim diyarda hər addımda ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, daş qoç heykəllərə, türbələrə -bir sözlə, nadir maddi-mədəniyyət nümunələrinə rast gəlmək mümkündür. Naxçıvandakı Qazma, Əshabi-Kəhf və Kilit mağaraları daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. E. ə. III minilliyin sonu – II minilliyin əvvəllərində Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Govurqala… kimi qala şəhər məntəqləri yaranmışdır. Gəmiqaya qayaüstü rəsmləri e. ə. IV-I minillikdə xalqımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır. Memar Əcəmi Naxçıvaninin fəaliyyəti XII əsrdə Naxçıvanda elmin tükənməz imkanlarını nümayiş etdirərək xalqımıza Yusif Küseyir oğlu və Möminə xatın türbələri kimi möhtəşəm sənət nümunələri qoyub getmişdir. Orta əsrlərdə və sonrakı dövrlərdə Naxçıvan diyarında yüzlərlə belə abidələr ucaldılmışdır. Bunu nəzərə alan ulu öndərimiz Heydər Əliyev qeyd etmişdir ki, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

     Son illərdə Naxçıvanın hərtərəfli öyrənilməsinə, tarixi-memarlıq abidələrinin bərpa və restavrasiyasına ciddi əhəmiyyət verilir. Naxçıvan MR Ali Məclisi Sədrinin rəhbərliyi ilə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” (1996) beynəlxalq simpoziumu Naxçıvan diyarının tarixinin milli mənafeyi baxımından, obyektiv şəkildə araşdırılmasında mühüm rol oynamışdır. 1996-2007-ci illərdə Naxçıvanın tarixi, mədəniyyəti, toponimikası, biomüxtəlifliyi və təbii ehtiyatlarının öyrənilməsi, azərbaycanlıların soyqırım və deportasiyası tarixi, maarifçilik hərəkatının inkişafı və b. məsələlərlə bağlı 40-a qədər konfrans və simpozium keçirilmişdir. Naxçıvan mövzusunda, onun tarixi, mədəniyyəti, abidələri, təbii sərvətləri və iqtisadi inkişafı ilə əlaqədar 350-yə yaxın kitab və monoqrafiya çap olunmuşdur. “Naxçıvan ensiklopediyası” (ikicildlik) və “Naçıvan: tarixi və abidələri” kitabları əhəmiyyətlilik dərəcələrinə görə diqqəti xüsusilə cəlb edir.

     Naxçıvan diyarının tarixinin, arxeologiyasının öyrənilməsi, Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması, Naxçıvanda “Dədə Qorqud” meydanının salınması, Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpa edilməsi haqqında və sair bu kimi vacib məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 12 fərmanı və sərəncamı olmuşdur.

     Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan bütün tarixi abidələr qorunur və mühafizə olunur. Möminə xatın və Qarabağlar memarlıq kompleksləri konservasiya eilmiş,  Əshabi-Kəhf, İmamzadə, Buzxana abidələri, Bazarçay ətrafındakı yeraltı abidə, Came məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Yusif Küseyir oğlu türbəsi, Xan Sarayı, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Culfada Xanəgah kompleksi əsaslı bərpa olunmuşdur. Qədim qoç heykəlllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədi ilə Açıq Səma Altında Muzey yaradılmışdır. Gəmiqaya qayaüstü təsvirlərini tədqiq etmək məqsədi ilə elmi ekspedisiyalar yaradılmış, Naxçıvan abidələrinin sistemli şəkildə öyrənilməsinə başlanmışdır.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında “2005-ci il 6 dekabr tarixli sərəncamından sonra Azərbaycan MEA Naxçıvan Bölməsində işçi qrupu yaradılmış və ərazidə olan tarix və mədəniyyət abidələri tədqiq edilmiş, hər bir abidəyə pasport yazılmışdır. 2006-2007-ci illərdə aparılan tədqiqatlar nəticəsində Naxçıvan MR ərazisində 1162 abidə qeydə alınmışdır ki, bunun da 788-i ilk dəfə aşkar edilmişdir. Müəyyən edilmiş abidələrdən 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələridir.

     Bizə düşmən mövqedə dayanan ermənilər haqsız olaraq Naxçıvan ərazisinə, onun tarixi abidələrinə iddialar irəli sürür, beynəlxalq ictimaiyyətə qeyri-obyektiv məlumatlar ötürürlər. Aparılan tədqiqatlar bir daha sübut edir ki, bütün tarix boyu Naxçıvan torpağı Azərbaycan türklərinin və onların ulu əcdadlarının vətəni olmuşdur. Əcdadlarımızın özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim diyarın Azərbaycançılıq möhürüdür.

     “Naxçıvan abidələri” ensiklopediyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq nəşrə hazırlanmışdır. Bu nəşr Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən işlənmişdir.

     “Naxçıvan abidələri” ensiklopediyasında Naxçıvan Muxtar Respublikası ərazisində olan dünya və ölkə əhəmiyyətli tarixi, arxeoloji, mədəniyyət, memarlıq, təbiət abidələrindən, körpü, qala, ziyarətgah və yaşayış yerlərindən bəhs edilir.

     Ensiklopediyada 600-ə yaxın məqalə dərc edilmiş, 806 şəkil, 21 sxem, 5 xəritə, maddi-mədəniyyət nümunələrinin şəkilləri, şərti işarələr və ixtisarlar verilmişdir.

     Ensiklopediyada məqalələr əlifba sırası ilə düzülmüş və qara şriftlə yazılmışdır. Əgər qara  şriftlə verilmiş məqalənin adından sonra seyrək yazılmış başqa söz varsa, deməli, həmin söz məqalə adının sinonimidir. Mətndə kursivlə verilmiş və ya önündə “bax” yazılmış söz ayrıca məqalə kimi verilir. Qənaət məqsədilə ixtisarlardan istifadə olunur.

     “Naxçıvan abidələri” ensiklopediyası müstəqillik dövründə abidələrimizin elmi şəkildə öyrənilməsinin və təbliğinin yeni nümunəsidir. Bu nəşr dünya ictimaiyyətinə Naxçıvan abidələri haqqında əsl həqiqəti çatdırmağa xidmət edir.

 

  Naxçıvan Abidələri Ensiklopediyası – Kitabı Yüklə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 13 =