Cavid obrazı, milli təsviri və tətbiqi sənətimizdə

Print Friendly, PDF & Email

XX əsrin ilk illərindən şöhrət qazanmış görkəmli şair-dramaturq Hüseyn Cavidin bədii obrazı həmin əsrin müxtəlif dövrlərində bir çox fırça və tişə ustalarının müraciət etdiyi mövzulardan olmuşdur.

Heç şübhəsiz ki, Hüseyn Cavidin əsərləri tamaşaya qoyulduqca və kitabları nəşr edildikcə müxtəlif rəssamlar tərəfindən verilmiş dekorasiya eskizləri, pyeslərdə, poema və şeirlərdəki əsas süjetlərin rəsmləri xeyli çox olmuşdur. Lakin Cavidin öz portreti Zivərbəy Əhmədbəyovun çəkdiyi portretləri çıxmaq şərti ilə təsviri sənət tariximizdə 1950-ci illərin sonunadək demək olar ki, öz əksini tapmamışdır.

Azərbaycan təsviri və tətbiqi sənətində Cavid obrazının tərənnümünü üç dövrə ayırmaq olar: 1937-ci ilə qədərki, 1956-cı ildən sonrakı və 1981-ci ildən bu günədək olan dövr.

 Qeyd etdik ki, Hüseyn Cavidin portretini ilk dəfə böyük istedad sahibi olan, Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmiş Zivərbəy Əhmədbəyov çəkmişdir. Qrafika üsulu ilə 1922-1923-cü illərdə çəkilmiş hər iki portret H.Cavidin Bakı şəhərindəki ev-muzeyində qorunur. Bu iki böyük sənətkarın yaxınlığı nə dərəcədə inandırıcı olmuşdur? Sənətşünas Ziyadxan Əliyevin apardığı araşdırmalar bu ehtimalın əsassız olmadığını təsdiqləmişdir. Belə ki, Zivərbəy Əhmədbəyovun 1918-ci ildən Bakı şəhərinin baş memarı vəzifəsində çalışmasını, sonralar həmin vəzifəni Sovet hakimiyyəti illərindən ta ömrünün sonuna qədər (1873-1925) icra etdiyini yazır. Müəllif Zivərbəy Əhmədbəyovun dövrünün tanınmış söz ustası ilə tanışlığını təbii hesab edir. Heç şübhəsiz memarın iki dəfə 1922-1923-cü illərdə Hüseyn Cavidin portretini çəkməsi bu tanışlığın təsadüfü olmadığından, onların bir-birinə daha ciddi tellərlə bağlılığından xəbər verir. Onların hər ikisinin taleyinə yazılmış faciəli sonluq da hardasa şair və memarın əqidə və məslək yaxınlığını göstərir. H.Cavid ömrü uzaq Sibirdə, Zivərbəy Əhmədbəyov ömrü isə Bakıda, daşnaq və onların başqa millətlərdən olan şovinist havadarlarının mənəvi təyziqləri nəticəsində qırıldı.

Sonrakı illərdə, xüsusən 1956-cı ildən, Cavidə bəraət veriləndən sonra rəssam və heykəltaraşlarımız Cavid obrazına azacıq da olsa müraciət etmiş, ayrı-ayrı illərdə müxtəlif janrlarda, müxtəlif səpkili heykəllər, rəsm əsərləri və tətbiqi sənət nümunələri yaratmışlar.

Nəhayət, xalqımızın qeyrətli oğlu, ulu öndər Heydər Əliyevin 1981-ci ilin iyul ayında dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında imzaladığı tarixi qərarda görüləcək bir çox işlərlə yanaşı Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidələrin qoyulması, Bakı şəhərinin Kommunist (indiki İstiqlaliyyət) küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilə- dək yaşamış və işləmiş olduğu 8 nömrəli evin fasadına xatirə lövhəsinin vurulması və üzərində H.Cavidin portreti olan xatirə medalının hazırlanması nəzərdə tutulmuşdur.

Bu tarixi qərardan sonra fırça və tişə ustalarımız bu böyük sənətkarın faciəli həyatı və yaradıcılığını öz əsərlərində daha geniş şəkildə göstərməyə çalışmışdılar. Belə ki, 1981-ci ildən bu yana dahi şair haqqında incəsənətin başqa sahələrində olduğu kimi təsviri və tətbiqi sənət sahəsində də bir çox monumental əsərlər yaranmağa başladı.

Hüseyn Cavid obrazı Azərbaycanın tanınmış rəssamlarından Mikayıl Abdullayevin,Oktay Sadıxzadənin,Böyükağa Mirzəzadənin,Elmira Şahtaxtinskaya- nın, Nəcəfqulu İsmayılovun, Kamil Nəcəfzadənin, Hüseyn Əliyevin, Əli Verdiyevin, Abbas Məmmədovun, Arif Hüseynovun, Hüseynqulu Əliyevin, Mircəlil Seyidovun, Məmməd Şirzadovun, Məmmədəli İsmayılovun, Ənvər Əliyevin, Altay Hacıyevin, Elxan Tahirovun, Səmədağa Cəfərovun, Nurhüseyn Mahmudovun, Abazər Qardaşbəyovun, Sabir Qədimovun, Ülviyyə Həmzəyevanın, Telman Abdinovun, Aydın Rəcəbovun, Qədirulla Bağırovun, Elman Cəfərovun, Əli Səfərlinin müxtəlif vaxtlarda yaratdıqları kompozisiyalarda öz əksini tapmışdır. Adları yuxarıda çəkilən bu rəssamların dahi şairə həsr etdikləri tematik tablolar və portretlər müxtəlif janrlarda, müxtəlif səpkilərdə yaradılmışdır.

Mikayıl Abdullayevin «Hüseyn Cavid», Oktay Sadıxzadənin «Cavid aləmi», Əyyub Məmmədovun «Hüseyn Cavid, Abdulla Şaiq, Seyid Hüseyn və Əhməd Cavad Bakı dənizkənarı bulvarda gəzərkən», Əli Verdiyevin «Təhsil illəri» triptixi, Elmira Şahtatxtinskayanın plakat janrında çəkdiyi «Hüseyn Cavid», TofıqKərimovun «Abdulla Şaiq və Hüseyn Cavid», Böyükağa Mirzəzadənin «Hüseyn Cavid Üzeyir Hacıbəyovla yeni opera üzərində işləyərkən», Elxan Tahirovun «Hüseyn Cavidin portreti», Səmədağa Cəfərovun «Hüseyn Cavid» ekslibrisi, Aydın Rəcəbovun «Hüseyn Cavidin portreti», Ənvər Əliyevin «Müslüm Maqomayev bitirə bilmədiyi “İblis” operasının ilk parçasını səsləndirir», Abbas Məmmədovun «Hüseyn Cavid və Cəlil Məmmədquluzadə», Altay Hacıyevin «Son yay», Məmmədəli İsmayılovun «Hüseyn Cavid “Şeyx Sənan”ı yazarkən» adlı əsərlərində müəlliflər şair-dramaturqun orijinal kompozisiyalı portretlərini və ona həsr olunmuş müxtəlif mövzularda kompozisiyalar yaratmışlar.

Adları qeyd olunan bu əsərlər Respublikanın müxtəlif muzeylərində, sərgi salonlarında, mədəniyyət müəssisələrində və hətta şəxsi kolleksiyalarda qorunur və nümayiş olunur.

Hüseyn Cavid obrazı tətbiqi sənət sahəsində çalışan rəssamların yaradıcılığında da geniş yer tutmuşdur. Lətif Kərimov, Afaq Kərimova və Qədirulla Bağırov bu böyük söz ustasına müraciət edərək onun obrazını ilmələrdə yaratmışlar.

Hüseyn Cavid obrazı ilmələrdə ilk dəfə görkəmli xalça ustası, ornamentçi rəssam, xalq rəssamı Lətif Kərimovun yaradıcılığında dərin iz buraxmışdır. H.Cavidin anadan olmasının 100 illik yubileyi ərəfəsində bu sənətkar xalçada realist səpkidə Cavidin portretini toxumuşdur. Xalçanın Azərbaycan ornamentləri ilə bəzədilmiş kənarlarında dahi şairin yaratdığı əsərlərin adları verilmişdir. Həmin xalça H.Cavidin Naxçıvandakı Ev-muzeyinin «qonaq otağı»nı bəzəyir.

Tanınmış rəssam H.Cavid haqqında silsilə əsərlər yaratmış Afaq Kərimovanın tamamilə fərqli bir formada toxuduğu süjetli xalçanın üzərində Hüseyn Cavidin portreti və acınacaqlı həyatını təsvir edən detallar öz əksini tapır. Afaq xanımın toxuduğu bu xalça Cavidin Bakı şəhərindəki Ev-muzeyinin ekspozisiyasında nümayiş olunur.

Heykəltəraşlarımızın yaradıcılığında da H.Cavid obrazı əsas yer tutur. Tanınmış tişə ustalarından Tokay Məmmədov, Elxan Şamilov, Münəvvər Rzayeva, Südabə Əliverdiyeva, Fuad Salayev, Akif Əsgərov, Xanlar Əhmədov və Arif Qazıyev vaxtaşırı Cavid obrazına müraciət etmişlər.

Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi haqqındakı tarixi qərardan sonra heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov Hüseyn Cavidin çox monumental, kompazisiyalı heykəli üzərində yaradıcılıq işi apardı. Baknın çox görkəmli bir yerində, Azərbaycan Milli Elmlər Akademiyasının möhtəşəm binası qarşısındakı parkda ucaldılan bu abidədə də Ömər Eldarov orijinal kompazisiya, səlis plastik forma, daxili ekspressiya və dinamika axtarmışdır. Görkəmli sənətkar qarşısına qoyduğu ciddi yaradıcılıq vəzifəsini ləyaqətlə yerinə yetirmişdir.

Naxçıvanda yaşayıb-yaradan rəssamların yaradıcılığında da Cavid obrazı özünəməxsus yer tutur. Belə ki, xalq rəssamı Hüseynqulu Əliyevin yağlı boya ilə kətan üzərində yaratdığı «Hüseyn Cavid» əsərində müəllif Cavidi əlində pensnesi (gözlüyü) ayaqüstə dayanmış vəziyyətdə təsvir edir ki, bu da monumentallığı, bütövlüyü, şairin həyatda əyilməz və uzaqgörənliyini izah edir. Rəssam əsərdə böyük şairin daxili xarakterini özünəməxsus ustalıqla təsvir etmişdir.

Azərbaycan Respublikasının əməkdar rəssamı mərhum Mircəlil Seyidov öz yaradıcılığının böyük bir hissəsini Cavid obrazına, Cavid mövzusuna həsr etmiş böyük bir silsilə əsərlər yaratmışdır. Müxtəlif janr və üsullardan istifadə edən sənətkar bir-birinin ardınca «Cavidi düşünürkən», «Cavid gəlir», «Cavidlə İblisin dialoqu», «Şairin yuxusu», (əsəri müəllif avtoqrafla Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyevə hədiyyə etmişdir) «Cavid dünyası» (əsər Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yaşayan Doktor Mövlud Torbaşın şəxsi kolleksiyasındadır) adlı əsərlər yaratmışdır.

Mircəlil Seyidovun ustalıqla yaratdığı «Cavid dünyası» əsərində müəllif Cavidin bütün əsərlərində olan obrazları əzabçəkən insanları xatırladan buludların üzərində cəmləşdirib. Əsərdə göy üzündən yer üzünə süzülən bir işıq buludlarda cəmləşmiş obrazlar yığınağını şölələndirir və Əmir Teymurun da İstanbula yürüşü həmin buludlar arasında gözə görünməz olur. Həmçinin, rəssam Cavid yaradıcılığında xeyir və şəri qabarıq vəhdətdə təqdim edir. Ümumiyyətlə istedadlı rəssam Cavid fəlsəfəsini dərindən duyaraq kətan üzərində fırça açımı ilə çox ustalıqla təqdim etmişdir.

Digər bir istedadlı sənətkar Məhəmmədəli Ələkbərov yağlı boya ilə yaratdığı «Cavid və mələklər» əsəri boyakarlıq baxımından şairə həsr edilmiş əsərlərdən seçilir. Azərbaycan təsviri sənətinin boyakarlıq sahəsində Cavidə həsr olunmuş bu mövzu dəfələrlə işlənsə də rəssam onu öz yaradıcılığına xas olan təsvir vasitələrinin köməyi ilə həll etməyə çalışmışdır. Belə ki, rəssam bir əlində ay və ulduz çələngi tutmuş mələk və əsərin aşağı hisssəsində od, alov içərsində olan İblisi təsvir etməklə xeyirlə şərin mübarizəsini təqdim edir.

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin müəllimi, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva qrafika üsulu ilə Cavid ömrünün acınacaqlı bir hissəsini, dustaqlıq və sürgün illərini özünəməxsus ustalıqla yaratmışdır. Həmin qraflk tablo müəllif tərəfindən şairin Naxçıvandakı Ev-muzeyinə hədiyyə edilmiş və hazırda muzey ekspozisiyasının «repressiya otağı» adlanan otaqda sərgilənir.

Hüseyn Cavidin ev-muzeyi yaradılandan bu günədək muzeyin-fondunda tanınmış rəssam və heykəltəraşların dahi şairə həsr etdikləri tətbiqi sənət və heykəltəraşlıq nümunələri, rəngkarlıq və qrafika əsərləri toplanmışdır ki, bunların bir qismi muzey ekspozisiyasında nümayiş olunur, bir qismi isə muzeyin fondunda mühafizə edilir.

Muzey fondunun təsviri sənət və heykəltəraşlıq bölməsində şair-dramaturqa həsr olunmuş 50-dən artıq boyakarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq nümunələri vardır. Bunlardan Hüseynqulu Əliyevin «Hüseyn Cavid», Əli Verdiyevin «Təhsil illəri» triptixi, Mircəlil Seyidovun «Dialoq», «Cavidin yuxusu», (əsərin eskiz varinatıdır) Elxan Tahirovun «Hüseyn Cavid», Səmədağa Cəfərovun «Hüseyn Cavid» ekslibrisi, Arif Əzizovun «Hüseyn Cavid», Elman Cəfərovun «Doğma diyarda», Qədirulla Bağırovun «Aylı gecə» və Hüseyn Cavidin 100 illiyinə həsr etdiyi xalçanın eskiz variantı, Abuzər Qardaşbəyovun «Şair mütaliə edərkən», Ülviyyə Həmzəyevanın «Hüseyn Cavid» əsərləri, görkəmli sənətkar Ömər Eldarovun Cavidlər ailəsinin hər bir üzvünə Hüseyn Cavidə, MişkinazCavidə, Ərtoğrul Cavidə və Turan Cavidə böyük ehtiram və məhəbbətlə hazırladığı büstlər, Akif Əsgərovun gələcəkdə ucaldılması nəzərdə tutulmuş H.Cavidin 9 metr hündürlükdə olacaq heykəlinin eskiz-maketi, Südabə Əliverdiyevanın və Arif Qazıyevin hazırladıqları H.Cavidin büstləri muzey ekspozisiyasının ayrı-ayrı otaqlarının tərtibat həllini tamamlayır.

Xalq rəssamı, akademik Ömər Eldarovun «Hüseyn Cavid» məqbərəsində şairin sevdiyi qızılgüllər arasında böyük sənətkarlıqla yaratdığı qorelyef və Ev-muzeyin giriş qapısının yanına vurulmuş, müəllifi Xanlar Əhmədov olan H.Cavidə həsr edilmiş kompozisiyalı qorolyef görkəmli sənətkarların dahi söz ustasına olan məhəbbətlərinin təzahürüdür.

Bəhruz Axundov, Hüseyn Cavidin Naxçıvandakı Ev-muzeyinin direktoru.
Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.