Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev – tariximizin öyrənilməsinin vacibliyi barədə

Print Friendly, PDF & Email

Azərbaycan ele bir ölkədir ki, onun çox qədim tarixi var. Bizim tarixçilər XX əsrdə çox işlər görüblər. Ancaq mən cəsarətlə deyə bilərəm ki, Azərbaycanın, xalqın, ümumiyyətlə, bu torpağın, ölkənin tarixi, lazımı səviyyədə öyrənilməyib, tədqiq olunmayıbdır. Bu sahədə çox böyük işlər görülməlidir. Bununla onu demək istəyirəm ki, Azərbaycan nadir bir ölkədir, nadir bir ərazidir, bəşər tarixində Azərbaycan bir ərazi kimi, bir ölkə kimi və Azərbaycan xalqı bir xalq kimi böyük tarixi proseslərin iştirakçısı olubdur.

 Biz indi, müstəqil Azərbaycanda özümüz ölkəmizin, torpağımızın sahibi olduğumuz halda gərək bu qədim, çox zəngin tariximizi araşdırıb meydana çıxaraq, həm də dünyaya göstərək ki, Azərbaycan xalqının kökü hardandır, tarixi nədir və Azərbaycan bir ölkə kimi bəşər tarixində hansı yeri tutur. Ancaq biz indiyə qədər bunu göstərə bilməmişik.

Azərbaycan haqqında fikirlərimi sizə çatdıraraq, demək istəyirəm ki, bu baxımdan Naxçıvan xüsusi yer tutur. Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür.

Bizim insanlarda çox passivlik olubdur, amma mən istəyirəm ki, daha bu passivlik olmasın. İndi heç kəs, heç nədən qorxmasın. Belə şeylərdən ötrü heç kəsi cəzalandırmaq mümkün deyildir. Heç kəs müstəqil Azərbaycanın işinə qarışa bilməz. Mən də Azərbaycan Prezidenti kimi Sizə və bütün əhalimizə, bütün alimlərimizə, ziyalılarımıza bildirmək istəyirəm ki, Azərbayanın, onun xalqının tarixini, mədəniyyətini, keçmişini dürüst, əsaslı şəkildə sübut edən hər bir əsər bəyəniləcəkdir. Bu barədə heç kəsə nə millətçi damğası vurulacaq, nə də kimsə günahlandırılacaqdır. Bununla bir daha bildirmək istəyirəm ki, indi, müstəqil dövlət şəraitində bizim alimlərimizin böyük imkanları var. Amma alimlərimiz gərək keçmiş sovet sistemində çalışdıqları iş üslubundan uzaqlaşsınlar.

Gərək o passivlikdən əl çəksinlər, bəziləri gərək «yuxudan ayılsınlar». Çünki əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir?

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002 – ci il 12 avqustda Azərbaycan MEA Naxçıvan Bölməsinin yaradılmasına həsr edilmiş muşavirədəki nitqindən

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin “Xəbərlər”i, 2005, №1, 154 səh.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.