AMЕA Naxçıvan bölməsi əlyazmalar fondunda saxlanılan naxçıvanlı müəlliflərin əlyazmaları və onların mövzu xüsusiyyəti

Print Friendly, PDF & Email

Bədii ifadə ilə belə bir deyiliş vardır ki, me`marlıq abidələri bəşər mədəniyyətini nəsillərdən-nəsillərə sözsüz, kitablar isə sözlə ötürür. Dünyanın bütün xalqları bəşər dühasının yaratdığı əsas sərvəti yazılarda qoruyub saxlamış, bunu min illərlə əl ilə kağızdan-kağıza köçürərək, bugünkü nəsillərə gətirib çatdırmışdır. Dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Azərbaycanda da bu yolla yaranmış minlərlə əlyazma Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.

Təməli ümummilli liderimiz H.Əliyev tərəfindən qoyulan AMEA Naxçıvan Bölməsi və onun tərkib hissəsi olan Əlyazmalar Fondu bu ənənəni davam etdirmiş və qısa zaman kəsiyində Fondun profilinə uyğun 283 adda əlyazma toplaya bilmişdir. Toplanılan əlyazmalar arasında Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədqiq olunmamış əlyazma, qədim kitab və məktublar vardı ki, bunlardan Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvaninin (Hə-qaiq-ət-tarix), Məhəmməd Həsən Ordubadinin (Astronomiya), Məhəmməd Tağı Sidqinin (Məktub), Molla Məhəmməd Naxçıvaninin (Sihabud-dumu), Hatif İsfahaninin (Divanı) əsərlərini göstərmək olar. Fondda toplanılan əlyazmaların mövzu müxtəlifliyini ümumi şəkildə aşağıdakı kimi qruplaşdırmaq mümkündür.

a)      Tarix, dil və ədəbiyyat;

b)     Məntiq – fəlsəfə, tibb;

c)      Təfsir və hədis;

d)     Fiqh və ilahiyyat;

e)      Həndəsə və asrtonomiya

Fondda mühafizə olunan “Qürrətül-əbsar” əsərinin müəllifi h.q. 1268-ci (1847) ildə anadan olmuş naxçıvanlı Molla Məhəmməd Naxçıvanidir. Molla Məhəmməd Naxçıvani Azərbaycan mərsiyyə ədəbiyyatında digər şairlər kimi Kərbəla hadisəsi və şəhidlərin necə şəhadətə çatdıqları barədə “Sihabud-dumu” “Ağlayan buludlar” adlı, azərbaycan dilində üç cilddən ibarət kitab yazmışdır. Birinci cilddə Həzrəti Məhəmməd (s), İmam Əli (ə), Fatimə (ə) və İmam Hüseyn (ə) həyatları barəsində danışılır. Bu əsər iki adla adlandırılmışdır: “Qürrətül-əbsar” və “Dürrətül-əbrar”. H.q. 1316-cı (1895) ildə şairin sağlığında Təbrizdə çap edilmişdir. İkinci cild “Sihabud-dumu” adı ilə adlandırılmışdır ki, Kərbəla hadisəsi barəsindədir. Üçüncü cild isə “Məzairül-ənvar fi əqaidul-əxyar” adı ilə adlandırılıb. Bu kitabın əsas mövsuzu əqidə və imanın əsaslarından bəhs edir. Molla Məhəmməd Naxçıvani özünün bu əsərində ərəb və fars şeirlərinə də yer vermişdir. Molla Məhəmməd Naxçıvani hicri tarixi ilə 1334-cü (1913) ildə 66 yaşında Kərbəlada vəfat etdiyi göstərilir. Qəbri Nəcəfi Əşrəfdə yerləşir (5, s. 7-11).

Müəlliflərin bə`ziləri haqqında əlimizdə az qaynaq olduğundan onların həyatı barədə dəqiq mə`lumat vermək mümkün olmamışdır. Müseyib Naxçıvaninin əsərinin sonunda götərilən tarixdən (hicri qəməri 1226 (1805)) və möhrdən bu qənaətə gəlmək mümkündür ki, Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvani XVII əsrinin ikinci yarısı, XVIII əsrin əvvəllərində yaşamış, dövrünün yaradıcı simalarından biri olmuşdur.

M.H.Naxçıvaninin Fondda saxlanılan əsərinin adı Həqaiqi-əl-Tarix ol-duğu ehtimal olunur. Əsərin əvvəlində bir qədər düşdüyündən onun adını dəqiq müəyyən etmək çətindir. Əsər mövzu etibari ilə islam tarixini əhatə edir. Ərəb-fars dilində yazılmış bu əsərdə Şərq paqinasiya (vərəqləmə) üsuluna tam əməl olunmuş, yəni sonrakı vərəqin ilk sözü əvvəlki vərəqin aşağı hissəsində yazılmışdır (bu cür vərəqləmə üsulu “kustod” adlanır) (1, s. 64). Mövcud əsərin həc-mi 338 vərəq, mətnin yazılı hissəsi 23 x 13sm, vərəqin ölçüsü 28 x 20sm, hər səhifədəki sətrin sayı 23-ə bərabərdir.

İslam tarixini əhatə edən bu əsər 20 məclisdən ibarətdir. Başlıqlar qırmızı rənglə verilmiş, aşağısından xətt çəkilmişdir (2, s. 13). Üçücü əsərin daha maraqlı yönləri vardır. Araşdırmalardan bu nəticəyə gəlmək mümkündür ki, əsər hicri-qəməri 1281 (1860) tarixində yazılmışdır. Əsərin müəllifi Məhəmməd Həsən Оrdubadinin Naxçıvanın dilbər guşələrindən biri оlan Оrdubad şəhərindən оlduğu aşkarlanmışdır. Əsərin sоnunda göstərilən tarixə əsasən Məhəmməd Həsən Оrdubadinin XIX əsrin birinci yarısında, təqribən 1810-1860-cı illərdə yaşadığını və fəaliyyət göstərdiyini təxmin еtmək оlar. О bir alim, maarifpərvər ziyalı kimi öz dövrünün görkəmli şəxsiyyətlərindən biri оlmuşdur. M.H.Оrdubadi şərq dillərini öyrənmiş və bir sıra nəzər sahibləri ilə fikir mübadiləsi еtmişdir. Müəllifin əlimizdə оlan ərəb dilli, həcmi 73 səhifə, ümumi ölçüsü 21×15.5 sm, mətnin ölçüsü 14×8.5 sm, nəstəliq xətti ilə yazılmış bir əsəri əlyazma şəklində əlimizə gəlib çatmışdır. Əsərin həm əvvəlindən, həm də sоnundan bir hissəsinin düşməsi səbəbindən оnun adını müəyyən еtmək mümkün оlmamışdır. Еləcə də bu səbəbdən əsər bütöv dеyil. Bununla bеlə müəllifin astrоnоmiyadan (göy və səma cisimlərindən) bəhs еdən bu əsəri istər öz dövrü üçün, istərsə də özündən sоnrakı dövrlər və bu gün üçün əhəmiyyətli xaraktеr kəsb еtməkdədir. Əsərin müqəddiməsindəki açıqlamadan mə`lum оlur ki, həmin dövrdə Оrdubad şəhərində Əl-Həqiqət adlı məşhur еlm mərkəzi оlmuşdur. Məhəmməd Həsən Оrdubadi bu mərkəzin ən görkəmli aparıcı simalarından biri kimi fəaliyyət göstərmişdir. Tərtib оlunmuş bu əsər isə həmin еlm mərkəzində, tə`lim və tədris vasitəsi kimi nəzərdə tutulmuşdur. Əsər mövzu baxımından dəqiq və hümanitar еlmləri əhatə еdərək Astrоnоmiya, həndəsi fiqurların fəza nə-zəriyyəsi, Riyaziyyat və Cоğrafiyanın müxtəlif sahələrinə aiddir. Müəllif müqəddimədə özündən əvvəl və dövrünün bir nеçə aliminin adını çəkmiş, Ömər Xəyyam, Sufi Əbdulrəhman, Bəhmənyar, Əbu Əli Sina, Ptоlоmеy və оnların nəzəriyyələrinin qarşılıqlı təhlilindən bəhs еtmiş, həmçinin özünün bu nəzəriyyələrə münasibətini bildirməklə оbyеktiv nəticə çıxarmağa çalışmışdır.

            Əsər iki əsas bölmədən ibarətdir. Hər bir bölmənin müqəddiməsində məqalənin nədən bəhs еtdiyi və nеçə fəsildən ibarət оlduğu açıqlanmışdır. Həmin məqalələrin müqəddiməsinin qısa məzmunu aşağıdakı kimidir.

            Birinci məqalə: Kainatın quruluşu, göy cisimlərinin daxili və müstəvi hərəkətləri, ulduzlar barəsində bilgi, ulduzların hərəkət dairələri və bu hərəkətlərin mərhələləri haqqında.

İkinci məqalə: Yеr kürəsi və оna aid оlan tədqiqatlar haqqında. Yеr kürəsinin ölçüləri, yеddi iqlim və оnun xassələri, hüdudları, başlanğıc və sоn nöqtələri.

Fondda saxlanılan digər qiymətli əlyazma Məhəmməd Tağı Sidqi tərəfindən yazılmış məktubdur. Məktub həcmi 20 səhifədən ibarətdir, sadə, kərpici dəftər vərəqində, ərəb əlifbası ilə, nəstəliq xətlə, Azərbaycan dilində tərtib edilmişdir. Məktubun yazılma tarixini orijinalda olduğu kimi qeyd etmək istərdim. “Bədə ədayı vacib əleyna ümumi hüzzari məclisin xidməti valalarına ərz və izhar edirəm. Bu gün ki, tarix Məshiyyənin 1896-cı ilin may ayının 14-ü ki, tarixi-hicrət nəbəviyyənin 1313-cü ilinin zilhəccə ayının 13-cü gününə mütabiqdir” (4, s. 2). Məktubda toxunulan mövzular, məktəb və pedoqoji fikir tariximizi özündə ehtiva edən çox dəyərli qaynaqdır. Bir daha əlyazmaya müraciət edək. “Əlhasil məktəbdir ki, ətfali-xurdəsali ki, hədiqeyi millətin novnəhalı mənziləsindədir. Bağban tərbiy vasitəsilə abrəvan mərifətlə havayi insaniyyətində xaki adəmiyyətin pərvərişi ilə nəşvi-nüma etdirib sayədar və bari vər ağaclar kimi dərəceyi təkmilə yetirir.

Məktəbdir ki, sadə dil sibyanı vüqar-pudi daneş və bineşindən ari olan uşaqları ənvai ülum və rəngarəng fünunilə pornəqşi və nigar edib ləffafe mə-rifətlə piçiləndirib bazari insaniyyətdə dükkani kəmalatın qəfəsinə qoyur!

Məktəbdir ki, insanı mayeyi-əl imtiyazi olan qüvveyi natiqəsi ilə cəhli-abad nadanlıqdan çıxarıb əncüməni-daniş əzalarından sayılan əşxasın cərgəsində əyləşdirir.

Məktəbdir ki, təlim yaftə şagirdin asar-i qələmiyyəsi öz həmcinslərinin təlim və tərbiyəsinə müvəccib olduğu surətdə bir bisavad adamın yol kəsib bəni növ bəşərin nahəqq qanını töküb əmvalını tarac edib əhli və əyalını fəqir və na-qisə mübtəla etdiyi üçün bu babında olan nəhayətsiz təvafütü əlaviyyə nişan verir.

Məktəbdir ki, əsr-hazırımızda olan bu qədər tərəqqiyyatı əzimə və kəş-fiyyatı qəribə və muxtəriyyatı əcibə və məsnuati ədidə və cədidəni kürreyi ərzin hər bir noqatında hər vəch əkməl və bətəriqi əshəll meydanı zühür və büruzə buraxmışdır.

Xülasə dovvəli müəzzimənin və meləli mütaməddinənin müəzzəm bə-lədlərində və paytaxt şəhərlərində hər bir elmə dair məxsusi məktəblər təşkil olunub. Məsələn, məktəbi ziraət, məktəbi sənaət, məktəbi ticarət, məktəbi tibb, heyət, hikmət, tərbiyyə, riyaziyyə, həndəsə, bəhriyyə, əsəkəryyə və hakəza hər elmin özünəməxsus müxtəlif lisanlarda mütəəddid məktəblər bina olunub və olunmaqdadır.

Be hər hal bizlər imdi ki, o qunə məktəblərin təsisindən məhrum və ülu-me məzkurənin təhsilindən binəsibik, pəs ümumən əhaliye müsliminə, xüsusən, Qafqaz qitəsində sakin olan müsəlmanlara təqazeye əsrə görə lazımdır ki, hər şəhərdə və bəlkə hər qəriyyədə “Məktəbi ədəb” namında yəni təhsil-i ədəbiyyat üçün be ibarət axırı təlim qəvaidi lisaniyyə üçün müntəzəm surətdə “Üsuli-cədid” üzrə milli məktəblər bina olunub, o məktəblərdə türki, farsi, ərəbi, rusi, dillərinin təhsil və tərbiyəsinə davam olunsun” (5, s. 5-7).

M.T.Sidqinin bu məktubu 1898-ci ildə Naxçıvan şəhərinin mötəbər, nüfuzlu qazisi Axund Hacı Molla Məhəmməd Naxçıvaniyə bir xatirə yadigar olaraq verilmişdir.

 

ƏDƏBİYYAT

1. Nağısoylu M. XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”. Bakı:

    Nurlan, 2003, 192 s.

2. Naxçıvani M.H. Həqaiqi-əl Tarix. AMEA Naxçıvan Bölməsi, Əlyazmalar

    Fondu, 1805, 338 s.

3. Ordubadi M.H. Astronomiya. AMEA Naxçıvan Bölməsi, Əlyazmalar Fondu,

    1860, 73 s.

4. Sidqi M.T. Dilimiz və məktəbimiz haqqında. AMEA Naxçıvan Bölməsi,

    Əlyazmalar Fondu, 1896, 20 s.

5. Naxçıvani M. Sihabəd-dumu. Təbriz: Ərk, 1895. 480 s.

FƏXRƏDDİN EYLAZOV

AMEA Naxçıvan Bölməsi

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRI

İctimai və humanitar elmlər seriyası, 2010, №3(səh 203-208)

 

Фахреддин Эйлазов

РУКОПИСИ НАХЧЫВАНСКИХ АВТОРОВ, ХРАНЯЩИЕСЯ В РУКОПИСНОМ ФОНДЕ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАНА И ОСОБЕННОСТИ ИХ СОДЕРЖАНИЯ

Среди собранных в фонде рукописей содержатся произведения и рукописи авторов-нахчыванцев. Из них можно перечислять «Сехабедду-му» и «Хагаиги ат-тарих» М.Нахчывани, «Мектубу» М.Сидги и «Астро-номию» М.Ордубади. С точки зрения темы эти труды охватывают все об-ласти истории, литературы, астрономии и педагогик у того времени.

ИЗВЕСТИЯНАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА

Серия общественных и гуманитарных наук, 2010, №3

 

Fakhraddin Eylazov

MANUSCRIPTS OF NAKHCHIVAN AUTHORS STORED IN MANUSCRIPT FUND OF NAKHCHIVAN BRANCH OF NANA AND FEATURES OF THEIR CONTENTS

Among the manuscripts collected in the fund works and manuscripts of Nakhchivanians authors are kept. From them it is possible to mention M.Nakh-chivani is “Sahabad-dumu” and “Hagaigi at-tarih”, M.Sidgi’s “Maktubu” of and M.Ordubadi’s “Astronomy”. As regards to the theme, these works cover all areas of history, literature, astronomy and pedagogic.

 

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES

The series of social and humanities sciences, 2010, №3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.