Akademik Asəf Nadirov – 85

Print Friendly, PDF & Email

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi Asəf  Nadirov şərəfli və məsuliyyətli bir ömür yolu yaşamış, zəngin elmi axtarış və yaradıcılıq yolu keçmişdir. Müasir iqtisad elminin əsas yaradıcılarından biri olan Asəf  Nadirov 85 il bundan əvvəl, 1929-cu il mart ayının 13-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Baş Noraşen kəndində (indiki Cəlilkənd) qulluqçu ailəsində anadan olmuşdur. Görkəmli alim Nadirxanovlar adlı tanınmış bir şəcərəni təmsil edir.  Atası Abbasqulu Nadirov XX əsrin böyük bir dövrü ərzində Naxçıvan Muxtar Respublikasında məsul vəzifələrdə xidmət göstərmiş, el-oba arasında sanballı ağsaqqal kimi qəbul olunmuşdur.

 Asəf Nadirov 1946-cı ildə Yengicə kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə iqtisadi coğrafiya ixtisası üzrə universiteti bitirmişdir. Ali məktəbdə təhsil alarkən bacarıqlı tələbə kimi diqqəti cəlb edən Asəf  Nadirov Azərbaycan Dövlət Universitetinin “İqtisadi coğrafiya” kafedrasına assistent vəzifəsinə təyin olunur. Bu ərəfədə Azərbaycan SSR-in rəhbər orqanlarının təklifi ilə o, gənc və ümidverici mütəxəssis kimi Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin aparatına işə göndərilir, inzibati-ərazi bölgüsü üzrə məsləhətçi kimi fəaliyyətini davam etdirir. Təbiidir ki, iqtisadi coğrafiya ixtisası üzrə ali məktəbdə əldə olunmuş elmi bilik və informasiyaların praktiki olaraq tətbiqi və mövcud bilik və bacarıqların inkişaf etdirilməsi və zənginləşdirilməsi üçün yaranmış imkan gənc mütəxəssis tərəfindən lazımınca dəyərləndirilmişdir. Heç də təsadüfi deyildir ki, görkəmli akademikin həyat və elmi fəaliyyəti ilə əlaqədar müşahidələr aparan mütəxəssislər, bu təsadüfi faktın sonradan alimin regional iqtisadiyyatın problemlərinin tədqiqi sahəsində böyük rol oynadığını xüsusi olaraq qeyd edirlər.

Gənc mütəxəssisdə sözügedən sahə üzrə elmi araşdırmalara yaranan maraq onu Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasına qəbul olmağa sövq edir və Asəf  Nadirov 1952-ci ildə adıçəkilən institutun aspiranturasına daxil olur. Məhz həmin vaxtdan etibarən görkəmli alimin Elmlər Akademiyası sistemində fəaliyyəti başlayır.

Daha sonra təhsilini davam etdirmək üçün o, Azərbaycan EA Rəyasət Heyəti tərəfindən Moskva şəhərinə – SSRİ EA-nın aspiranturasına ezam olunur. 1956-cı ildə Asəf Abbasqulu oğlu Nadirov “Naxçıvan MSSR-in iqtisadi coğrafi xarakteristikası” mövzusunda namizədlik işini uğurla müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülür və müvafiq olaraq elmi ictimaiyyət tərəfindən tanınaraq, zəhmət və elmi bacarığı sayəsində böyük elmi nüfuz qazanır. Heç də təsadüfi deyildir ki, XX əsrin 50-60-cı illərində Moskvada nəşr olunan və bütün ölkədə məhsuldar qüvvələrin yerləşdirilməsi problemlərinə həsr edilən kollektiv monoqrafiyanın həmmüəlliflərindən biri kimi Asəf  Nadirov həmin nəşrdə Azərbaycan Respublikasında problemin həlli məsələləri ilə əlaqədar özünün əsas elmi fikirlərini irəli sürmüşdür.

Namizədlik işini uğurla müdafiə etdikdən sonra bir müddət Azərbaycan SSR EA Coğrafiya İnstitutunda işləmiş, daha sonra isə o, 1 yanvar 1957-ci il tarixdən etibarən Azərbaycan EA-nın İqtisadiyyat bölməsində (1958-ci ilin mayından İqtisadiyyat İnstitutunda) elmi fəaliyyətini davam etdirmişdir. Asəf  Nadirov İqtisadiyyat İnstitutunda 1958-ci ildə “İctimai istehsalın yerləşdirilməsi” şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş və 1992-ci ilə kimi 34 il bu vəzifədə çalışmışdır. Tanınmış alim 1964-cü ildə İqtisadiyyat İnstitutunun direktorunun elmi işlər üzrə müavini kimi çalışır və elə həmin il ona SSRİ EA Rəyasət Heyəti tərəfindən böyük elmi işçi adı verilir.

Asəf Nadirov 1968-cı ildə “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edərək elmlər doktoru alimlik dərəcəsinə, 1970-ci ildən professor adına layiq görülür. 1980-ci ildə Asəf  Nadirov Azərbaycan EA-nın müxbir üzvü, 1981-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin baş elmi katibi vəzifəsinə seçilir və həmçinin Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri kimi elmi fəaliyyətini davam etdirir.  Asəf  Nadirov  1981-ci ildən bir müddət Azərbaycan EA-nın Xəbərləri (İqtisadiyyat seriyası) jurnalının baş redaktoru, “Azərbaycan SSR EA Məruzələri” jurnalı redaksiya heyətinin üzvü, Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin (sonralar İctimai Elmlər Bölməsi) büro üzvü seçilir. 1989-cu ildən Azərbaycan EA-nın həqiqi üzvü, 1990-cı ildə isə Akademiyanın akademik-katibi kimi səmərəli elmi fəaliyyətlə məşğul olmuşdur. 1997-ci ildə Elmlər Akademiyasının Rəyasət Heyətinə üzv seçilən akademik Asəf  Nadirov 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi müşavir vəzifəsinə təyin edilmiş ilk alimlərdən biri kimi diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, 1956-1957-ci illərdə kiçik elmi işçi kimi fəaliyyətə başlayan, bütövlükdə 63 ildən çox böyük bir dövr ərzində Elmlər Akademiyası sistemində olduqca məqsədyönlü və elmi cəhətdən məhsuldar fəaliyyət göstərən, bir çox yüksək və məsul elmi adlara, titullara və vəzifələrə layiq görülən akademik Asəf  Nadirov mənalı və şərəfli alim ömrünü yaşamaqda davam edir. Bu çoxillik elmi fəaliyyəti bütün aydınlığı ilə nəzərə çatdırmaq üçün əsas faktlara və onun tərəfindən həll edilmiş problemlərə diqqət yetirmək kifayətdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, akademik Asəf  Nadirov regionların iqtisadi inkişaf problemləri üzrə nüfuzlu elmi məktəbin yaradıcısıdır. Görkəmli alimin rəhbərliyi ilə 7 elmlər doktoru, 60-dan çox elmlər namizədi dissertasiya işi müdafiə etmişdir. Asəf  Nadirov elmi fəaliyyəti dövründə 800-dən çox elmi əsərin, o cümlədən 35 iri həcmli monoqrafiya və kitabın, ali məktəblər üçün dərsliklərin müəllifidir.  Regionların iqtisadi inkişafının son yüzillikdəki inkişafının bütün mərhələləri akademik Asəf Nadirovun tədqiqatlarında özünün mükəmməl elmi həllini tapmışdır. Buna görədir ki, akademik Asəf  Nadirov regional iqtisadiyyatın problemlərinin araşdırılması sahəsində Azərbaycan məktəbinin yaradıcısı və rəhbəri kimi böyük elmi nüfuz qazanmışdır. Qeyd etmək lazımdır ki, keçən əsrin əllinci illərinin ikinci yarısı və altmışıncı illərin əvvəllərində Azərbaycan Respublikasında məhsuldar qüvvələrin yerləşdirilməsi problemi ilə əlaqədar  aparılan tədqiqatlar zamanı Asəf  Nadirov diqqəti respublikanın iqtisadi cəhətdən inkişaf etdirilməsi baxımından zəruri olan bir çox problemlərin həll edilməsinin vacibliyinə yönəltmişdir. O, məhsuldar qüvvələrin yerləşdirilməsi problemi ilə əlaqədar elmi müşahidələrini yekunlaşdıraraq hələ keçmiş sovet rejimi zamanı belə bir qənaətə gəlmişdi ki, sosial-iqtisadi inkişafın, xüsusən də sənaye istehsalının ümumi inkişaf səviyyəsinə görə respublikanın iqtisadi rayonları arasında yerləşdirilməsi məhsuldar qüvvələrinin inkişafına, istehsalın artmasına müsbət təsir göstərə bilər. Bunu nəzərə alaraq akademik Asəf  Nadirov respublika sənayesinin, Bakı-Sumqayıt ərazisinin əsas götürülməsi ilə yanaşı, tədricən xammal ehtiyatlarının mövcud olduğu regionlara doğru genişləndirilməsi ideyasını irəli sürmüşdür. Azərbaycanda sovet dövründən başlanan həmin proseslərin müstəqillik illərində daha da genişləndirilməsi akademik Asəf Nadirovun elmi ideyalarının ölkənin daha da inkişaf etdirilməsinə xidmət etdiyini əyani surətdə nəzərə çarpdırır. Bütün bunlar son nəticədə həm də görkəmli alimin vətənpərvərliyini və uzaqgörənliyini nümayiş etdirir.

Sonrakı tədqiqat işlərində akademik Asəf  Nadirov respublikada məhsuldar qüvvələrin yerləşdirilməsinin ən aktual məsələlərindən və müasir problemlərindən bəhs etmiş, respublikamız üçün fayda olan təkliflər və tövsiyələr irəli sürmüşdür.

Qeyd etmək lazımdır ki, aparılan araşdırmaların yekunları 1961-1980-ci illərdə Azərbaycanda yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsinin proqnozlaşdırılması zamanı əsas götürülən müddəaların ana xəttini təşkil etmişdir. Akademik Asəf  Nadirov respublikada ipəkçiliyin və ipək sənayesinin inkişaf etdirilməsi üçün təbii imkanlardan istifadə edilməsinin vacibliyini ön plana çəkərək sözügedən istehsal sahəsinin uzun əsrlər ərzində respublikada ənənəvi istehsal sahələrindən biri kimi Azərbaycan xalqına çox böyük mənfəətlər qazandırdığını, hətta sovet hakimiyyətinin ilk onillikləri ərzində ümumittifaq büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına imkan yaratdığını xüsusi olaraq qeyd etmişdir. Tədqiqatçı dövrün ən müasir texnologiyalarından istifadə edərək ipəkçilik sahəsinin daha da inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu elmi şəkildə əsaslandırmışdır. Eyni zamanda, akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Böyük iqtisadi ensiklopediya”da göstərildiyi kimi, Azərbaycanda şəhər istehsalı sahəsinin yaradılması və inkişaf etdirilməsi ideyası da ilk dəfə Asəf  Nadirov tərəfindən irəli sürülmüşdür. Asəf  Nadirov elmi araşdırmalarında Azərbaycan Respublikasında sənayenin iqtisadi rayonlar üzrə inkişaf etdirilməsi üçün istehsal sahələri üzrə ixtisaslaşdırılmanın dərinləşdirilməsi, mövcud resurs və potensiallardan daha səmərəli istifadə edilərək, ərazi istehsal komplekslərinin yaradılaraq inkişaf etdirilməsi ideyasını özünün dərin elmi araşdırmaları, təklifləri və tövsiyələri ilə əsaslandırmışdır. Bütün bunlar isə, müasir iqtisadi anlayışlarla ifadə etsək, klasterlərin analoqları kimi çıxış edən Ərazi İstehsal Komplekslərinin yaranması və inkişaf etdirilməsi fikri kimi qiymətləndirilə bilər. Yəni, Azərbaycan iqtisadi fikrində klasterləşdirmə ideyasının reallaşdırılması ideyasının sovet dövründə ən görkəmli nümayəndələrindən biri akademik Asəf  Nadirov hesab olunmuşdur. Asəf Nadirov, eyni zamanda, bütünlükdə XX əsr Azərbaycan iqtisadiyyatının müxtəlif tarixi inkişaf mərhələləri üzrə inkişafı xüsusiyyətləri ilə əlaqədar sanballı elmi əsərlərin müəllifidir. Deyilənlərlə yanaşı, akademik Asəf  Nadirovun keçən əsrin 80-ci illərində Azərbaycan Respublikasının elmi-texniki tərəqqisi, 1986-2005-ci illər üçün kompleks proqramın “Azərbaycan Respublikasının xalq təsərrüfatının inkişaf etdirilməsinin əsas istiqamətləri” problem komissiyasının sədri kimi gördüyü sanballı işlər də diqqəti cəlb edir. Onun məqsədyönlü fəaliyyəti və elmi araşdırmalarının nəticələrindən istifadə olunmaqla respublika iqtisadiyyatının, xüsusən də yeni sənaye sahələrinin yaradılaraq inkişaf etdirilməsi ideyası əsaslandırılmış, məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi tərtib olunmuşdur.

XX əsrin səksəninci illərinin sonlarından etibarən, hələ Sovet İttifaqı zamanı Asəf  Nadirov respublikanın digər vətənpərvər iqtisadçı alimləri ilə birlikdə, bütün ittifaqda yenidənqurma və sürətləndirmə, habelə təsərrüfat hesablı proseslərin başlandığı zaman həyata keçirilən iqtisadi siyasət nəticəsində respublika iqtisadiyyatına dəyəcək zərərlərdən qaçmaq üçün bir sıra təkliflər irəli sürmüşdür. Beləliklə də, akademik Asəf  Nadirov Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi ideyasının vacibliyi və labüdlüyünü elmi şəkildə əsaslandıran görkəmli iqtisadçı alimlərimizdən biridir. Daha sonra keçid dövründə Asəf  Nadirov bu mürəkkəb dövrün problemləri, neqativ proseslərinin tədricən müsbət inkişaf tendensiyaları istiqamətində davam etməsi üçün nəzəri və praktiki baxımdan xüsusi əhəmiyyət kəsb edən araşdırmalar apararaq konkret təklif və tövsiyələrlə çıxış etmişdir. Akademik Asəf  Nadirov respublikada keçid dövrü proseslərinin xüsusi mərhələlər üzrə davam edəcəyini göstərmiş, hər dövr üçün yarana biləcək problemləri diqqət mərkəzinə çəkmiş və onların həlli yolları ilə əlaqədar dəyərli elmi ideyalar müəllifi kimi çıxış etmişdir.

Müasir dövrdə akademik Asəf  Nadirov Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı, rəqabətədavamlı inkişaf etdirilməsi və problemin regional aspektləri ilə əlaqədar xüsusi əhəmiyyət daşıyan elmi araşdırmalar aparmaqda davam edir.

Eyni zamanda Asəf  Nadirov respublikamızın ictimai həyatında da çox işlər görmüşdür və indiki dövrdə də o, həmin istiqamətdəki səmərəli fəaliyyətini uğurla davam etdirməkdədir. O, hələ sovet dövründə Ümumittifaq “Bilik” cəmiyyətinin, Sovet Sülhü Müdafiə Komitəsi İdarə heyətlərinin, SSRİ Elmlər Akademiyası Əlaqələndirmə və Regional elmi problemlər şurasının üzvü, Azərbaycan Sülh Müdafiə Komitəsinin sədr müavini və sədri olmuşdur. Hazırda akademik Asəf  Nadirov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, respublika elmi-tədqiqat işlərinin Əlaqələndirmə Şurasının sədr müavini, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev İrsinin Araşdırması Mərkəzinin elmi redaksiya şurasının sədri, respublikamızda və respublikadan kənarda nəşr edilən bir çox elmi jurnalların (məsələn, “Ekonomika i obşestvo”) redaksiya şurasının üzvü, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və onun idarə heyətinin üzvüdür.

A.Nadirov Azərbaycan elminin beynəlxalq aləmdə tanınması və elmi nüfuzunun yüksəldilməsi istiqamətində də xeyli iş görmüşdür. O, Macarıstan, Bolqarıstan, Fransa, Almaniya, Hindistan, Çin, Türkiyə, İran, Yunanıstan, Rusiya və digər ölkələrdə keçirilmiş mötəbər elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir.

Akademik A.Nadirovun respublikada iqtisad elminin və bütünlükdə respublika iqtisadiyyatının inkişaf etdirilməsi ilə əlaqədar çoxillik və olduqca məhsuldar elmi fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın “Şərəf” və “Şöhrət” ordenləri, bir çox medallarla, nüfuzlu elmi mərkəzlərin diplomları və fəxri fərmanları ilə təltif olunmuşdur. Akademik Asəf  Nadirov Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adına layiq görülmüş, İslam Əməkdaşlıq Təşkilatının xüsusi elmi mükafatını almışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Nizamnamə Komissiyasının üzvü kimi Asəf  müəllim çoxillik təcrübəsi əsasında elm  sahəsində baş verən yeniləşmə proseslərində də yaxından iştirak edir. Yarım əsrdən çox böyük elmi ideala xidmət edən akademik bu gün də yeni nəsillər üçün nümunə olacaq səviyyədə çoxcəhətli fəaliyyətini təmkinlə və uğurla davam etdirir.

İsa HƏBİBBƏYLİ,

 Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun direktoru, 

iqtisad üzrə  elmlər doktoru

Xalq qəzeti, № 52  (27567)  12.03.2014

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 18 =