Admiral Piri Rəis, Paolo Toskanelli və Martin Valdzemüllerin xəritələri

Print Friendly

Əvvəlki araşdırmalarımda müəyyən etmişəm ki, genuyalı dənizçi (Kolumb) hələ özünün birinci transatlantik səyahətini həyata keçirməmişdən əvvəl Atlantik okeanının qərb hissəsində yerləşən nəhəng torpaq ərazisinin konturları çəkilmiş xəritəyə malik idi. Məhz həmin xəritənin sayəsində o, İspan katolik monarxlarına təqdim edəcəyi layihəsini tərtib etmişdi.

Xristofor Kolumbun müəmmalı xəritəsinin kökünün araşdırılması müəyyən mənada dolambacı xatırladır. Sözü gedən xəritədə əvvəlcədən çəkilmiş dördüncü qitənin konturları vardı. Elə sirr də bundadır. Alman kocmoqrafı və xəritəşünası Martin Valdzemüllerin xəritəsindəki “Cənub” materikinin aşağı hissəsinin dəqiq göstərilməsi yalnız “Kolumbun itmiş xəritəsi”ndən köçürülə bilərdi. Lakin həmin mühüm material alman aliminin əlinə haradan keçə bilərdi? İş ondadır ki, nəinki peşə sahibləri və yaxud da alimlər üçün, ümumiyyətlə bütün bəşəriyyət üçün maraqlı olan həmin sensassion xəritənin varlığı və harada yerləşməsi səbr kəsasını daşdırıbdır. Mən, özüm də bu maraqlı mövzuya toxunmuş və vaxtımın müəyyən bir dövrünü bu məsələnin araşdırılmasına sərf etmişəm.

Hələ 15 il bundan əvvəl “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərimdə mən, amerikan professoru Çarlz Hepqutun araşdırmasına istinadən göstərmişəm ki, 1929-cu ildə İstambulun Topqapı muzeyində tapılan türk admiralı Piri Rəisin müəllifliyi ilə tərtib edilən xəritənin (1513-cü il) qərb hissəsi Kolumbun xəritəsindən istifadə edilmişdi. Diyeqo Solis La-Plata körfəzinə çatmamış, Fernan Magellan qitə ilə Odlu Torpaq arasındakı boğazı aşkarlamamış və Sakit okeana çıxmamış, Faddey Bellinshauzenlə Mixail Lazarev Antarktidanı kəşf etməmiş həmin deyilən ərazilər artıq türk admiralının xəritəsində dəqiq konturlarla göstərilmişdir. Maraqlıdır ki, Valdzemüllerin Cənubi Amerika materikinin təsviri ilə Piri Rəisin çəkdiyi həmin nəhəng ərazinin təsvirində demək olar ki, müəyyən oxşarlıq var. Alman alimi həmin xəritəni türk admiralından 6 il əvvəl tərtib etmişdir. Bu yerdə diqqətli olmaq lazımdır. Məsələ ilə bağlı olan fərziyyələrim bunlardır:   

Martin Valdzemüller (1470-1521)

Admiral Piri Rəis (1475-1554)  

1. Piri Rəisin etirafını nəzərə alsaq o, xəritəsini tərtib edərkən, qərb hissəni Xristofor Kolumbun xəritəsindən köçürmüşdür. Deməli, həmin xəritə Kolumbda, hələ özünün transatlantik layihəsini Lissabonda yerləşən “Riyaziyyatçılar Xuntası”-na təqdim edərkən (1484-cü il), mövcud idi. Lakin maraqlıdır, həmin xəritə Kolumbun əlinə haradan keçmişdir? Axı, dəqiqliklə demək olar ki, dünya alimlərinin indiyədək axtardıqları naməlum xəritənin müəllifi genuyalı admiral deyil.

Admiral Piri Rəisin 1513-cü ildə hazırladığı xəritə 

Martin Valdzemüllerin hazırladığı xəritənin cənub hissəsi

2. Müəyyən tədqiqatçılar bildirirlər ki, Xristofor Kolumb coğrafiya, astronomiya, xəritəşünaslıq və okeanoqrafiya elmlərinə XV əsrin məşhur alimlərindən biri olan Paolo dal Pottso Toskanellidən (1397-1484) öyrənmiş və onu böyük ustalıqla praktikada tətbiq etmişdi. Bir çoxlarının iddia etdiyi kimi guya o, səyahətə yollanan zaman Toskanellinin 1474-cü ildə tərtib etdiyi xəritədən istifadə etmişdi. Lakin mənim fikirimcə, bu tədqiqatçıların verdikləri yalnış istiqamətdir. Ona görə ki, Kolumb Avropa ilə Asiya arasındakı – Zipanquya (Yaponiya) qədər 10000 km., Çinə çatmaq üçün isə 12000 km. – məsafəni nəzərə alsa idi, onda həmin səyahətdən imtina edə bilərdi. Deməli, belə çıxır ki, genuyalı dənizçi həmin mənbəni başqa bir yerdə əldə etmişdi.

Паоло Тосканелли (1397-1482)  

 

Paolo Toskanellinin 1474-cü ildə tərtib etdiyi xəritə

  (Kremerin rekonstruksiyası)

3. İspan hakimyyəti tərəfindən sarsıntılara məruz qalan Xristofor Kolumb təsəlli tapmaq üçün Ameriqo Vespuççi ilə daha da mehribanlaşandan sonra o, məxfi saxladığı xəritənin bir hissəsi ilə florentsiyalı mühasibi tanış etmişdi. Vespuççi isə xəritəni vizual olaraq yaddaşına həkk etmiş, ondan sonra kağız üzərinə köçürmüşdü. Məhz həmin xəritəni o, dolayısı yolla Martin Valdzemüllerə göndərərək, dördüncü qitəyə öz adının verilməsinə nail olmuşdu.

Mənim fikrimcə, Kolumb səyahətdən qayıdan kimi, xəritəni ən etibarlı bir qasidi ilə İtaliyaya, doğma şəhəri Genuyaya və yaxud Florensiyanın ictimai kitabxanasına göndərir. Xəritə isə öz ünvanına çatmır. İş ondadır ki, həmin dövrdə Piri Rəis Aralıq dənizinin böyük hissəsinə nəzarət etmiş və başçılıq etdiyi donanma ilə müntəzəm olaraq, İspaniyanın, Portuqaliyanın, Fransanın, Genuyanın, Venetsiyanın və Vatikanın gəmilərinə hücum edərək, orada olan bütün əmlakı mənimsəmişdi. Yuxarıda göstərildiyi kimi xəritə 1505-ci ildə Vatikanın iki qalerasında İtaliyaya göndərilərən yolda türklərin əlinə keçir. Bir sözlə, xəritə öz ünvanına çatmır.         

Tarixi qaynaqlar göstərir ki, ümumiyyətlə, dördüncü qitənin (qitə kəşf edilənə qədər) varlığına işarə edən heç bir xəritə Xristofor Kolumbdan və Piri Rəisdən başqa digər tanınmış adamlarda mövcud deyildi. Sadəcə olaraq həmin dövrdə, yəni, XV əsrin sonuna qədər alimlər Atlantik okeanının qərb hissəsində mifik Antiliya, Brazil, Müqəddəs Brandan, “Yeddi Şəhər” adalarının varlığına inanmış və xəritəşünaslıq standartlarına cavab verməyən, primitiv qaydada düzəldilən xəritələrdə həmin adaların koturlarını çəkməyə cəhd göstərmişdilər. Sonrakı illərdə yəni, Kolumbun birinci səyahətindən başlayaraq 10-15 il ərzində, yalnız Alberto Kantinonun xəritəsindən başqa, qərbdə naməlum nəhəng torpaq ərazisinin göstərildiyi xəritə Avropanın heç bir ölkəsində yayılmamışdı.

Tarixi qaynaqlarda göstərilir ki, Lotaringiyada “Ovçarka” təxəllüsü ilə fəaliyyət göstərmiş Martin Valdzemüller xəritəşünaslıq ixtisası üzrə müəyyən təcrübələr toplamışdı. Məhz 1507-ci il üçün o, özünün böyük layihəsi sayılan, sahəsinin ölçüsü 3 kvadrat metr olan “Böyük dünya xəritəsini” başa çatdırmağa müvəffəq olmuşdu. 

 

Belə bir fikir yürüdürlər ki, guya Vespuççinin Fransada yayılan traktatı Valdzemüllerin dünyagörüşündə böyük bir dönüş yaratmışdı. Məhz bu səbəbdən o, tərtib etdiyi xəritənin üzərində, XV əsrin sonlarında kəşf edilmiş “Cənub” materikinə böyük “Amerika” sözünü yazmalı olmuşdu.

Martin Valdzemüllerin 1507-ci ildə tərtib etdiyi xəritə

Qərb yarımkürəsində Valdzemüller şimalda böyük olmayan torpağı, cənubda yerləşən böyük bir ərazini bərxəz vasitəsi ilə birləşdirirdi. Şimalda göstərilən ərazi “naməlum torpaq”, cənubdakı ərazi isə “Amerika” kimi göstərilirdi. Həmin ərazilərin naməlum qərb sahilləri düz xətt ilə çəkilmişdi. Xəttin o biri tərəfində Şimal qütb dairəsindən başlamış ta ki, 400 c. en dairəsinə kimi böyük bir okean göstərilir. Simvolik sahildən 100 qərb tərəfdə Cipanqo (Yaponiya) adası yerləşir. Yeni ikili qitə Asiyanın bir hissəsi kimi yox, Asiya ilə Avropa arasındakı bir maneə kimi göstərilir. 

Məlum xəritəni diqqətlə nəzərdən keçirəndən sonra çox aydın görmək olur ki, Asiyaya qərb yolu ilə getməkdən ötrü Yeni Dünyanı 600ş. en dairəsindən keçmək lazımdır. Bununla da “Şərq okeanına” (Sakit okean) getmək üçün ilk dəfə Atlantik okeanından Şimal-Qərb keçidinə işarə edilir. Lotarangiyalı xəritəşünasın bu xəritəsi onun axtarışının ağıllı nəticəsini, yoxsa xoşbəxt səhlənkarlığımı adlandırmaqla həmin dövrün xəritəşünaslarına və coğrafiyaşünaslarına heç bir təkan vermədi.1

Bu necə ola bilər? Bəlkə Martin Valdzemüller zamanı qabaqlamaq sirrinə nail ola bilmişdir. Bəşəriyyət tarixində bunun mümkün olmadığı sübuta yetirilibdir. Bəs, Cənubi Amerikanın La-Plata körfəzindən aşağıda yerləşən sahil zolağının konturları hansı şəkildə xəritəyə həkk olunubdur?

İş ondadır ki, xəritənin şimal hissəsindəki Şimali Amerika materiki də bəzi suallara aydınlıq gətirmişdir. Atlantik okeanından şimal-qərb istiqamətində üzməklə, nəinki Sakit okeanına, o cümlədən “Ədviyyat adaları”na gedib çıxmağa bir işarədir.

 

(Ardı – “Andrea Biankini, Martin Behaym və Alberto Kantinonun xəritələri” – adlı məqalədə)

                                                                                              Yazıçı-tədqiqatçı Ramiz Dəniz

                                                                                              Prezident təqaüdçüsü,

                                                                                              “Qızıl qələm” mükafatı laureatı

     1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-ческих открытий, IIтом. Москва, “Просвещение”, 1982. стр.79-80

 
 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =