Əkrəm Məmmədli haqqında

Print Friendly, PDF & Email

Əkrəm 20-ci əsrin ərsəyə gətirdiyi qüdrətli tarzənlərdən biridir.Bu, dəbdə olan gurultulu söz deyil, həqiqətdir.
    1991-ci ildə Türkiyədə yaşayan dostlarımdan biri Naxçıvanla həmsərhəd olan İqdır qəsəbəsində festifal hazırlıqlarından söhbətə başladı və xahiş etdi ki, Naxçıvan tərəfindən dəstək gəlsin.
    Götür-qoy etdim, xüsusi rəğbət bəslədiyim Əkrəm bəyi bu işə qoşdum. Birgə ssenari hazırladıq. Əkrəmi mən uşaqlıqdan tanıyıram,  Azərbaycan dövlət mahnı və rəqs ansamblın orkestrində əsas tarzən idi.   

     Sözümün qısası, iki ay oteldə yaşayıb Üzeyir Hacıbəyovun “Koroğlu” operasından çənlibel xorunu yazdığı uvertiranı Əkrəmin İqdırın ətrafında yaşayan oğlan və qızların arasından seçdiyi gənclərlə necə işlədiyinin canlı şahidi oldum.

    İlk günlərdə hətta Əkrəmə dedim ki, əzizim, bu dağ ayıları ilə nə edəcəksən, axı onların heç musiqi təhsili də yoxdur.
    Qəsəbədə hətta bir dənə də olsun piano olmadığından Əkrəm özüylə bir neçə musiqisini də Naxçıvandan İqdıra gətirmişdi.

    Gəldiyim nəticə bu oldu ki, O, sənətinin fədaisidir, xor sənətinin maestrosudur.
    Təəssüf  ki, festifalın iştirakçısı olmaq mənə qismət olmadı… Əkrəmsə sözün həqiqi mənasında İqdırda fırtına qopardi. Bir neçə gün həmin qəsəbəni Azərbaycan musiqisi ilə şənliyə qonaq etdi.

    İstanbuldan, Ankara və Ərzurumdan gələn mütəxəssislər isə gözlərinə inanmadılar, dedilər ki, qarşılarına çıxan kollektiv Naxçıvanın ən görkəmli kollektivlərindəndir, hətta onu Ankara  radiosunun xoru ilə müqayisə edənlər də oldu.

    Günlərin birində məni Əkrəmlə qonaq çağırdılar, qonaqliq izdihamlı idi və təntənə şəklini almışdı. Təşkilatçılar Əkrəm bəydən tarda çalmasını xahiş etdilər.
    Əkrəm razılaşmırdı, deyirdi ki, neçə ildir çalmıram. Mən də xahişçilərə qoşulanda Əkrəm məcburiyyət qarşısında razılıq verdi, köynəyini çırmayıb çalmağa başladı. Onu tər basmışdi…Hamını ovsunlamışdı…

Bu əlüstu və bir nəfəsə yazdığımla onu deyirəm ki, Əkrəm öz sehirli sənəti ilə həmişəyaşar sənətkardır və ailəmizin üzvlərindən biridir…

Arif  Əliyev,
əməkdar müəllim

07. iyun 2013-cü il

Bu da bir xatirə…və təklif

Gözəl ziyalı, mərhum dostum Elman Əliyev vasitəsilə daha yaxından tanıya bildiyim əməkdar müəllim  Arif Əliyevlə bir məclisdə böyük sənətkar, tarzən, bəstəkar, görkəmli musiqi bilicisi, Əkrəm Məmmədli haqda söhbət edir, övraqımızda (sayt) onun da haqqında material yerləşdirdiymiz barədə ona məlumat verirdim…

Arif müəllim stolun üzərindəki kağız dəsmaldan bir parça götürüb arabir mənimlə söhbət edə-edə nə isə yazmağa başladı… Bir azdan bədahətən yazdığı yuxarıdakı yazısını mənə uzadaraq “Əkrəm haqqında birnəfəsə yazdığımdır, tanış ola bilərsən”, dedi: Oxudum… gözlərimə inanmadım, 15-20 dəqiqə ərzində ərsəyə gələn bu yazı nə qədər səmimi, təsirli və tarixi idi…Hər ikisi həm Arif müəllim, həm də Əkrəm mənim gözümdə elə ucaldılar, elə yüksəldilər ki…

Sonra Arif müəllim sözünə davam edərək dedi: “Siz saytda (övraqda) ziyalılara da, ümumən camaata da müraciət edin, qoy onlar da qaldırdığınız müxtəlif elmi, mədəni məsələlər barədə öz fikirlərini desinlər. Elə Əkrəm barədə də…”

Söz beynimə batdı, agıllı fikirdir, deyə düşündüm…və budur, Arif müəllimin bu gözəl fikirlərini Sizə çatdıraraq Sizləri də onun bu gözəl təklifinə qoşulmağa dəvət edirik.

AqRa EİDİB-in idarə heyətinin sədri Mirələkbər Seyidov

07. iyun 2013-cü il

Sözardı: onu da qeyd etmək yerinə düşər ki, Əkrəm Məmmədlidən materialların bizə gəlib çatmasına, məşhur kamança ustası Salman Əliyev, Əkrəm müəllimin oğlu Kənan Məmmədli, qardaşım Mirələsgər Seyidov və başqaları da kömək etmişlər…Hamısı sağ olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 18 =