Yusuf Heydər oğlu Məmmədəliyev

Print Friendly, PDF & Email

AZƏRBAYCANIN  İLK  KİMYAÇI  AKADEMİKİ  YUSUF HEYDƏR OĞLU MƏMMƏDƏLİYEV
Tarixdə еlə şəxsiyyətlər vardır ki, zaman keçdikcə onlarn həyatı və fəaliyyəti nəinki unudulmur, əksinə yeni və daha parlaq xüsusiyyətləri ilə üzə çıxır. Qədim türk-oğuz yurdu Naxçıvan diyarının bəşər mədəniyyətinə və elminə tarix boyu layiqli töhvələri olmuşdur. XII əsrin qüdrətli memarı Əcəmi Əbubəkr və onun yaratdığı mömünə Xatun məqbərəsi, zamanının görkəmli alimi Nəciməddin Hinduşah Naxçıvani, XX əsr Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və elminin baniləri Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Bəhruz Kəngərli kimi yurdumuzun zirvələri xalqımızın milli iftixarlarıdır və bu diyara dünya şöhrəti qazandırmışlar. Dahi kimyaçı alim, istedadlı tədqiqatçı, gözəl pedaqoq, görkəmli dövlət va ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusuf Heydər oğlu Məmmədəliyev belə şəxsiyyətlərdəndir.

            Məmmədəliyev Yusuf 1905-ci il dekabrın 31-də qədim Naxçıvan diyarının Ordubad mahalında, o zaman şəhərin hörmətli din xadimlərindən sayılan Heydər kişinin ailəsində dünyaya gəlmişdir. Yusuf ilk təhsilini Ordubadda alır. Orta məktəbi bitirdikdən sonra doğma Ordubad şəhərində müəllimlik fəaliyyətinə başlamışdır. 1923-cü ildə 18 yaşlı Yusuf Bakıya gəlir, Azərbaycan Ali Pedaqoji İnstitutunun (indiki ADPU) təbiət fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra o, təyinatla Gəncə şəhər orta məktəbinə müəllim göndərilir. Böyük elmin yolları onu Moskvaya –  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə aparır və orada Yusuf  böyük rus alimi dahi kimyaçı Nikolay Zelinskinin laboratoriyasında ixtisaslaşır. Moskva Dövlət Universitetində kataliz və üzvi-kimya sahəsində N.D.Zelinskinin məktəbini keçdikdən sonra Y.Məmmədəliyev bir miiddət Moskvada kimya zavodunda çalışır, 1932-ci ildə o, Azərbaycan KP MK məktubuna əsasən Azərbaycana çağrılır. Bakiya qayıdan Məmmədəliyev təbii və neft emalından alınan qazların kimyəvi yolla işlənməsi ilə məşğul olur və bununla Azərbaycanda neft kimya elminin inkişafına böyük təkan verir.

Yusuf Məmmədəliyev ilk dəfə olaraq “Metanın xlorlaşması”  sahəsində tədqiqatları nəticəsində həmin reaksiyanın partlayışla keçməsinin qarşısını alır. Onun alkilləşmə, xlorlaşma, polimerləşmə və s. sahələrdəki fundamental tədqiqatları və elmi əsərləri indi də alimlərin elmi tədqiqatlarında   göstərici rol oynayır. Bu tədqiqatların yekunlarına görə Moskva Dövlət Universitetinin Elmi Şurası Y.Məmmədəliyevə kimya elmləri namizədi alimlik dərəcəsi verir (müdafiə etmədən!). Bu fövqaladə bir hadisə olub, alimin elmi fəaliyyətinə verilən yüksək qiymət idi.

Y.H.Məmmədəliyev  Azərbaycanda kimya və neft-kimya sənayesinin qurulması məsələlərini kəskin surətdə qarşıya qoyur. Zəngin xammal mənbəyi olan təbii və sənaye qazları əsasında etil spirtinin, sintetik kauçukun, hidrogenin, karbon-4-xloridin istehsalının təşkili sahəsində apardığı elmi-tədqiqat işlərinin nəticələrini o, 1936-cı ildə nəşrdən çıxan “Azərbaycanın təbii qazları və onların kimyəvi emalı” kitabında cəmləşdirir. Bu kitabda o, qaz sənayesinin kimyalaşdırılmasının perspektivlərini açır, xalq təsərrüfatı üçün gərəkli olan kimya məhsullarının alınma üsullarını göstərir.

Yusuf Məmmədəliyevin elmi fəaliyyətinin zirvəsi II Dünya müharibəsi illərinə təsadüf edir. Böyük şəxsiyyət, dahi insan Heydər Əliyev Yusuf Məmmədəliyev şəxsiyyətinə hər zaman böyük dəyər verirdi. Təsadüfi deyil ki, 1995-ci ildə akademikin 90 illik yubileyində o, belə demişdir: “Böyük Vətən müharibəsi zamanı o böyüklükdə ölkənin neft təchizatının 70-80 faizi Azərbaycandan gedirdi. Müharibə aparan motorların – təyyarələrin, tankların, avtomobillərin, zirehli maşınların, müxtəlif digər döyüş texnikasının işləməsi üçün istifadə edilən neft məhsullarının hamısı respublikamızda istehsal olunurdu. Onların keyfiyyətindən çox şey asılı idi. Bəli, bu gün biz tarixdə qeyd edə bilərik ki, o illərdə Azərbaycanda on milyon tondan artıq yüksək keyfiyyətli, yüksək oktanlı benzin istehsal olunub, Vətənin müdafiəsi, müharibənin aparılması üçün göndərilibdir”. Akademik Y.H.Məmmədəliyevin böyük əhəmiyyət kəsb edən əsas elmi işlərindən biri də yüksək keyfiyyətli aviasiya benzinin ictehsalının artırılmasını təmin etmək məqsədilə işləyib hazırladığı və sənaye miqyasında tətbiq etdiyi izopropilbenzolun alınması prosesidir. O zaman Dövlət Müdafiə Komitəsi Y.H.Məmmədəliyevin yaratdığı prosesi sınaqdan keçirdikdən sonra Bakıda izopropilbenzol istehsal edən xüsusi zavod tikilməsi haqqda qərar qəbul etdi. Bu zavod qısa zamanda tikildi və Sovetlər İttifaqı yüksəkoktanlı benzin komponenti almaq üçün imkan əldə etdi. Bu işinə görə Y.H.Məmmədəliyev 1945-ci ildə Dövlət mükafatına layiq görülmüşdür. Məhz bunların sayəsində 1943-cü ilin qışından II dünya müharibəsinin sonunadək sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirir.

Müharibə zamanı akademik Y.H.Məmmədəliyev  partlayıcı maddə – troti-lin alınması üçün ilkin xammal olan toluolun alınma texnologiyasını işləyib hazır-lamış və onun istehsalının çox qısa müddətə təşkili şübhəsiz ki,  Böyük Vətən müharibəsində Sovetlər ölkəsinin qələbəsini təmin edən əsas amillərdən biri olmuşdur. Bu gün biz fəxr edirik ki, məhz Azərbaycan oğlunun təşkilatçılıq fəaliyyəti və onun əməkdaşlarının fədakar elmi araşdırmaları nəticəsində bu mümkün olmuşdur. Y.Məmmədəliyev toluolun sintezinə həsr etdiyi doktorluq dissertasiyasını miivəffaqiyyətlə müdafiə edir və o, elmlər doktoru adına layiq görülür.

Bunlarla yanaşı, 40-cı illərin əvvəllərindən Y.H.Məmmədəliyev dünyada analoqu olmayan və ən qiymətli milli sərvətlərimizdən olan naftalan neftinin öyrənilməsi istiqamətində geniş tədqiqat işləri aparmış, bu neftin müalicəvi təsirinin onun tərkibində olan çoxhəlqəli naften karbohidrogenləri ilə bağlılığı hipotezini irəli sürmüşdür. Sonralar aparılmış çoxlu sayda tədqiqatlar bu dahiyanə və uzaqgörənliklə söylənmiş hipotezin doğruluğunu sübut etmiş və bütün bunlar Naftalan neftinin bir sıra ağır xəstəliklərin müalicəsində istifadəsinə yol açmışdır.

           Akademik Y.H.Məmmədəliyev bir çox tədqiqatlarında zəmanəsini on illərlə qabaqlamışdır. Onun bir karbonlu birləşmələr sahəsindəki tədqiqatları 1970-ci illərdən sonra neft-kimya elmində özünəməxsus yer tutmuşdur. Bu tədqiqatlar gələcəkdə neftin tükənməsi təhlükəsi qarşısında, ona alternativ xammal olaraq təbii qazdan benzin, reaktiv təyyarələr üçün yanacaqlar, dizel yanacağı, müxtəlif sürtkü yağları, neft-kimya və kimya sənayesində istehsal edilən bir sıra maddələrin alınması zəminini yaratmışdır.

Akademik Y.H.Məmmədəliyevin elmi uzaqgörənliyi sayəsində 1950-ci illərdə o, öz tələbəsi, Azərbaycanın daha bir  dahi kimyaçı akademiki Əli Quliyev-lə birgə sürtgü yağlarına qatılmaq üçün SSRİ-də ilk dəfə olaraq aşqarların sintezi məsələsi ilə dərindən maraqlanmış və “kralı” olduğu alkilləşmə reaksiyasının əsasında bu aşqarların sintezinin və gələcək sənayesnin əsasını qoymuşdur. Bu istiqamətin əsasında yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu indi də geniş fəaliyyət göstərir  və bu  MDB məkanında belə istiqamətli yeganə institutdur. Müasir dövrdə müxtəlif sürtkü yağlarının bütün dünyada ancaq aşqarla və ya aşqarlar paketi ilə buraxılması nəzərə alınsa, akademik Y.H.Məmmədəliyevin bu sahədəki işlərinin nə qədər əhəmiyyətli olduğu aydın olur.

Böyük Vətən müharibəsinin qurtarması ərəfəsində SSRİ Elmlər Akademiya-sının prezidenti V.L.Komarov Bakıya gəlir. İsmayiliyyə binasında Azərbaycan tarixində ilk Elmlər Akademiyasının yığıncağı keçirilir və həmin yığıncaqda M.C.Bağırov da iştirak edirdi. 40 yaşlı Yusif Məmmədəliyevin fəaliyyətini yüksək qiymətləndirən Komarov deyir: «Təkcə Yusuf Məmmədəliyevə görə Azərbaycan-da Elmlər Akademiyası açılmalıdır». Heydər Əliyev: “1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası yaranarkən Yusuf Məmmədəliyev Elmlər Akademiyasını təsis edən 15 görkəmli şəxsiyyətdən biri olubdur…”  

1945-ci ilin mart ayında Respublika Elmlər Akademiyası təşkil olunanda Y.H.Məmmədəliyev onun ilk həqiqi üzvləri sırasına daxil oldu. Artıq Akade-miyanın həqiqi üzvü kimi onun təşəbbüsü ilə Akademiyada yaradılmış Neft İnstitutuna başçılıq etdi. Yeni yaranmış İnstitutda geniş miqyasda neft-kimyası üzrə elmi-tədqiqat işləri aparılmağa başlandı. Təsadüfi deyil ki, 1946-cı ildə SSRİ  Neft Sənayesi Nazirliyində Elmi-Texniki Şura yaradılanda, onun ilk sədri məhz Y.H.Məmmədəliyev seçildi və beləliklə, o, SSRİ-də  neft kimyası və texnologiyası kimi vacib sahələrin strateji  inkişafını təyin edən şəxslərdən birinə çevrildi.

Böyük kimyaçı alim 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının Prezidenti seçildikdən sonra Azərbaycanda bütün elm sahələrinin inkişafını sürətləndirmək sahəsində çox böyük işlər gördü. Bu vəzifədə onun elmi-təşkilatı istedadı və qaynar enerjisi xüsusilə özünü bariz şəkildə göstərdi. O, başçılıq etdiyi Elmlər Akademiyasının bütün sahələrinin inkişafı,  yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmin xalq təsərrüfatının tələbləri səviyyəsinə yaxınlaşdırmaq üçün var qüvvəsini sərf edirdi.

Y.H.Məmmədəliyev 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə rektor təyin olunur. Bu vəzifədə o, tədris işinin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların gücləndirilməsi, kafedra və laboratoriyaların lazımi avadanlıqlarla təchiz olunması üçün qüvvə və bacarığını əsirgəmirdi. Y.H.Məmmədəliyev dərs ləvazimatları və dərsliklərin çapı, yeni kafedra və problem laboratoriyalarının yaradılması, Universitetdə mütəmadı “Elmi qeydiyyatlar” jurnalının nəşrinin təşkili, Universitetin digər sovet və xarici ali məktəblərlə əlaqələrini yaratmışdır.

Y.H.Məmmədəliyevin elmi marağı ümumiyyətlə çox sahələri əhatə edirdi. Onun Neft kimyasının aktual problemlərinə həsr olunmuş elmi işləri Neft kimyası və neft emalı sənayesinin inkişaf problemləri ilə sıx əlaqəli  idi. Bununla yanaşı neft-kimyası, neft-kimyəvi sintez, kataliz elmlərinin daxili inkişafından irəli gələn  fundamental problemlərin həllində də onun  böyük rolu vardır. Akademik Məmmədəliyevin fundamental əsərləri, onun yaradıcılığı, təşkilati və pedoqoji fəliyyəti Azərbaycanda Kimya elminin inkişafına güclü təkan verdi.

1958-ci ilin aprelində Y.H.Məmmədəliyev yenidən Azərbaycan EA-nın Prezidenti seçildi. Yusuf Məmmədəliyevyenidən Elmlər Akademiyasının prezidenti seçildikdən bir il sonra Akademiyanın tərkibində, indi onun adını daşıyan Neft Kimya Prosesləri İnstitutunu yaratdı. Azərbaycanda neft emalı və neft kimya sənayesinin əsasını təşkil edən bir çox sənaye prosesləri məhz onun təşkil etmiş olduğu bu İnstitutda işlənib hazırlanmışdır. Bu gün NKPİ-də ən müasir avadanlıqlarla təchiz olunmuş Y.H.Məmmədəliyev muzeyində onun həyat və fəaliyyətini əks etdirən çoxlu maraqlı eksponatlar vardır.

Onun yaratdığı neft-kimyaçılar məktəbi təkcə SSRİ-də deyil, onun hüdudla-rından kənarda da yaxşı tanınır. Akademiklər Ə.Quliyev, M.Məmmədyarov,         S.Əliyev, akademiyanın müxbir üzvləri H.Məmmədəliyev, M.Hüseynov,             M. Salahov,  professorlar R. Babaxanov,  M.Musayev, S.Sadıxzadə, Ş.Əhmədov və onlarla digərləri bu məktəbin yetirmələridirlər.

Akademik Şuykinin obrazla “alkilləşmənin kralı” adlandırdığı Yusuf Məmmədəliyev sözün həqiqi mənasında hər tərəfli inkişaf etmiş bir insan idi. Onun təşəbbüsü ilə Şamaxıda Astrofizika rəsədxanası yaradılmış və bura o vaxt Avropadan ən müasir sayılan teleskop alınıb gətirilmişdir. O, Azərbaycanın bir çox yazıçıları, şairləri, musiqiçiləri, rəssamları ilə dostluq etmiş, şer sənətini sevməklə bərabər, özü də gözəl şerlər yazmış, tez-tez onları dostlarının məclislərində həvəslə oxumuşdur. Azərbaycan tarixinin yazılmasında və öyrənilməsində də onun rolu əvəzedilməzdir. Azərbaycan Əlyazmalar Fondunun yaradılması onun bu istiqamətdəki fəaliyyətinin nəticəsidir.

Akademik Y.H.Məmmədəliyevin ən böyük arzularından biri də Azərbaycan neft emalı və neft-kimya sənayəsinin müasir texnoloji proseslərlə təmin olunması idi.  Onun arzuları 1970-ci illərdən başlayaraq həyata keçməyə başladı.Həmin illərdə neft emalı zavodlarında neftin ilkin emalı üzrə iki müasir qurğu, yüksək oktanlı benzin almaq üçün katalitik riforminq qurğusu, neftin emalını dərinləşdirmək üçün çox güclü katalitik krekinq kompleksi, sürtkü yağları almaq üçün hidrogenləşmə qurğusu, Sumqayıt Neft-Kimya Kompleksində ildə etilenə görə 300 min ton gücü olan EP-300 piroliz qurğusu, polietilen almaq üçün polimerləşmə qurğusu və başqa qurğular tikilib istismara verildi və Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin sərəncamı ilə 2018-2020-ci illərdə fəaliyyətə başlayacaq yeni neft-qaz emalı və neft kimya kompleksinin müəyyənləşdirilməsi, onun qurulmasında qabaqcıl texnologiyaların məqsəd-yönlü seçilməsində bu gün iştirak edən milli kadrların yetişməsi üçün zəmin yaratdı.

Məqalənin hazırlanmasında mətbuatda çap olunmuş kitab və məqalə-lərdən istifadə olunmuşdur.

Azərbaycan MEA-nın Y.H.Məmmədəliyev adına

Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə

direktor müavini, texnika elmləri doktoru Hikmət İbrahimov

ƏDƏBİYYAT

1.ru.wikipedia.org/wiki/Мамедалиев, Юсиф Гейдар оглы

2. Pdf Məmmədəliyev Yusif Heydər oğlu Biblioqrafiya, Bakı: Elm, 2009.

3. “Elm dünyası” jurnalı, №1, 2013

4.Akademik Yusif Məmmədəliyev, Biblioqrafiya, Bakı, 2011

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.