Yüksəlişimizin iki qanadı- Məktəb və müəllim

Print Friendly, PDF & Email

Məktəb, əcdadlarımız çox vaxt ona “məbəd” demişlər. Çünki məktəb və məbəd – hər ikisi eyni vəzifəni – insan yetişdirməyi, insanı kamilləşdirməyi, insanı ən yüksək səviyyəyə çıxarmaqla ona əbədi səadəti qazandırmaq vəzifəsini yerinə yetirən müəssisə olmuşdur. Bu baxımdan məktəb damarlarımızda axan qan, ciyərlərimizə çəkdiyimiz hava, doyunca içib yanğımızı söndürdüyümüz su kimidir, onsuz  həyat mümkün deyildir…

Ölkənin, onun əhalisinin gələcəyinin sağlam və ümidverici olması bugünkü nəsillərə ciddi münasibət bəslənməsi, gələcəyi nəzərə alaraq onların qəlb və beyin vəhdəti içərisində yetişdirilməsindən asılıdır. Unudulmamalıdır  ki, sağlam qəlbdən qidalanmayan beyin çox vaxt fayda əvəzinə zərər istehsal edir və insanı əbədi səadətdən uzaqlaşdıraraq əbədi bədbəxtliyə çəkir. Halbuki onlar bizim ümid bəslədiyimiz nəsillərdir. Bəli, çox sevdiyim bir mütəfəkkirin ifadə etdiyi “ümid nəsilləri”…

Ümid nəsilləri bu gün elm, əxlaq, sənət anlayışının təmsilçiləri, bizdən sonra gələcəklərin də ruh və məna memarlarıdır.

Məktəb müəllim deməkdir. Məktəbin yalnız həyatın bir hissəsində insanla əlaqədar olduğunu düşünmək səhvdir. Əs­lində, o, özünün kainat məktəbindəki bütün dağınıq şeyləri bir yerdə görmə və göstərmə vəzifəsi ilə şagirdlərinə daima oxumaq imkanını verən, susarkən belə danışan bir yuvadır. Bu etibarla da, o, həyatın yalnız bir hissəsini təşkil edirmiş kimi görünsə belə, əslində, bütün dövrlərə hökm edən və hadisələrə sözünü dinlədən bir müəssisədir. Məktəbdə şagird olmuş hər bir bəşər övladı bütün ömrünü oradan aldığı dərsi təkrar etməklə keçirir. Məktəbdən alınıb xarakterə əks edən şeylər bir təsəvvür, bir xəyal ola biləcəyi kimi, bir həqiqət, bir hünər də ola bilər. Əsas məsələ isə, əldə edilən şeylərin fəzilətə gedən yollarda bir rəhbər və qapalı qapıları açan sirli bir açar olmasıdır.

Məktəbdə elm şəxsə “yedirilir”, insan bu sayədə yaşadığı dünyanın maddi sərhədlərini aşır və bir növ gəlib sonsuzluq sərhədinə çatır. Şəxsə “yedirilməmiş” elm isə insanın kürəyinə vurulmuş, eyni zamanda adamı rəzil, rüsvay edən bir yükdür. Bu cür bilgi, sahibinin çiynində bir vəbal, üstəlik də şüuru təşvişə sala bilən bir şeytandır.

Məktəbə baxışın çox dəyişdiyi bu günümüzdə onun mahiyyəti barədə bir daha düşünməyimiz lazım gəlir. Məktəb bəzilərinin gözündə boyaqxana küpü, bəzilərinə görə elm aşılayan müəssisə, bəzilərinə görə cazibədar iş yerlərinə açılan bir qapıdır. Buna görə də biz ona təlim-tərbiyə müəssisəsi deməyə başlamışıq. Bu ifadə – “təlim-tərbiyə müəssisəsi” məktəbə baxışımızın ardıcıllığını da ifadə edir. Halbuki əksinə olmalıdır – “tərbiyə-təlim müəssisəsi”. Çünki məktəb insanı yetişdirən bir müəssisədirsə, o, biliklə tərbiyəni qoşa verməli, hətta tərbiyəni önə almalıdır. Tam bu nöqtədə bir pedaqoqun sərrast ifadəsi yerinə düşür: “Həyatda çox sayda elmli, amma tərbiyəsiz adama rast gəlmişəm, amma tərbiyəli cahilə heç rast gəlməmişəm”.

Məktəb yalnız ali təhsil ocaqlarına hazırlıq kursu funksiyası daşımaqdan sıyrılmalı, xilas olmalı və özünün əsil mahiyyətinə, vəzifəsinə – tərbiyəçiliyinə qovuşmalıdır. Çünki tərbiyə insanın mahiyyətinə bir çox məqsəd və qayələr üçün yerləşdirilmiş bir sıra hislərin azğınlaşdırıcı təsirini sındırmaq, onları yaxşıya, gözələ doğru istiqamətləndirmək, zərərli kimi görünən bu duyğulardan kamilliyə gedən yolları kəşf etmək və şəxsiyyətdə fəzilət duyğusunu, iradə mətanətini, düşüncə qabiliyyətini, hürriyyət eşqini inkişaf etdirmək üçündür, amma haqq və həqiqətə əsarət mənasındakı hürriyyət eşqini!..

Bu baxımdan əgər məktəbdə həvəs və ehtirasların amansız pəncəsi altında əzilib məhv olan nəsillərə öz ruhumuzu, daxili aləmimizi əks etdirən belə bir tərbiyə verilməz, əxlaq və fəzilətə gedən yollarda onlara yol göstərilməzsə, xalqımız bu gün də, sabah da qarmaqarışıqlıqdan, dava-şavadan qurtula bilməyəcəkdir. Açıq-aydın görünür ki, öz nəsillərinə zəngin bir mədəniyyət və planlı tərbiyə verən xalqlar artıq gələcəklərini təminat altına almış və sahib olduqları hər şeyi əmanət edəcəkləri ən sağlam nəsilləri kəşf etmişlər. Cəmiyyətlər yüksək dəyər və məfhumlara sahib olsalar da, övladlarını bu şəkildə tərbiyə etmədikləri təqdirdə onları hərc-mərclik axınlarına təslim etmiş və neçə-neçə nəsilləri itirmiş olarlar.

Məktəb elmi bilikləri tərbiyə mehvərində verməli, onları bacarıq və vərdişlərə çevirməyi bacarmalıdır. Tərbiyə üzərində qurulan elmi biliklər daha möhkəm, həm də faydalı, uzunmüddətlidir. Tərbiyə ətraf aləmdə baş verən hadisələrdəki həqiqətlərlə insanın daxilindəki ürfanın birləşdirilməsindən ibarətdir.

İnsana ən böyük mürşid hər gün sinfə girib-çıxan müəllimdən də əvvəl heç bir zaman dəyişməyən və dayanmadan dərslərini təkrar edən həyatdır. Birbaşa ondan dərs almağı bacarmayanlar üçün vasitəçilərə ehtiyac vardır ki, bu vasitələr də həyatla mənlik arasında əlaqə quran və hadisələrin qeyri-müəyyən ifadələrinə tərcüman olan müəllimlərdir. Belə bir müəllimə gəlincə, o, insanı əhatə edən aləmi yenə onun daxilində canlandıran həqiqi bir mürşiddir.

Müəllim beşikdən qəbrədək bir ömür boyu həyatı şəkilləndirən müqəddəs ustaddır. O, xalqının xarakterini ucaldan və ona əbədiyyət şüuru aşılayan bir rəhbər olduğundan yer üzündə ona tən bir varlıq göstərmək mümkün deyildir.

Müəllimin fərd üzərində təsiri ana, ata və cəmiyyətin təsirindən qat-qat üstündür. Əslində elə ananı da, atanı da, hətta cəmiyyəti də yoğurub şəklə salan müəllimdir. Onun əli dəyməyən hər xəmir dadsız-duzsuz olur.

O, insanların yüksəlməsinə və alçalmasına vəsilə olan bir əl və bir dildir. Bəli, əsl müəllimini axtarıb tapan, ona qovuşan insanlar bədəvi də olsalar, Ondan aldıqları tərbiyə sayəsində  mələklər qədər ülviləşirlər.

Müəllimin əlində mədənlərdən çıxarılan filizlər saflaşır, xalis qızıla və par-par parıldayan gümüşə çevrilir. O sirli əllərdə ən xam və ən dəyərsiz şeylər belə parlaq və qiymətli almaza çevrilir. Heç bir fabrik-zavod onun qədər səmərəli və sistemli iş görə bilməz. Qarşısında oturdub dərs dediyi yüzlərlə insana bir anda bütün gözəl hiss və duyğuları aşılamaq və onlarda ikinci bir xarakter formalaşdırmaq müəllimdən başqa heç kəsə müyəssər olmamışdır.

Müəllim sirlər aləminin aşılmaz zirvə-lərindən sıza-sıza bizə gəlib çatan mənaların tərcümanı və varlıq aləminin mübhəm həqiqətlərinin səsi, sözüdür. Bu cür fəzilətli müəllimlərə sahib məktəblər sayəsində fərdlər bulud kimi yüksəlir və rəhmət yağışlarına dönüb millətə can verirlər.

Nəslini ucaltmaq eşqi ilə şam kimi yanan müəllimlərə salam olsun!..

Nazim Əkbərov (Fərruxoğıu)

                  Təhsil üzrə ekspert

Azərbaycan beynəlxalq Təhsil mərkəzi,

Gülüstan dərgisi (jurnalı) N1, səh 5 – 7

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 5 =