Xoşbəxtlikdən danışacaqdım…

Print Friendly, PDF & Email

Kənd yerində bünövrə qoyub ev tikəndə ən birinci xeyir-şər məclisinə toplanacaq adamların rahat yerləşdirilməsi planlaşdırılır. Həyatın qacılmaz məqamlarını nəzərə alaraq qadınlar ücün geniş aynabənd, kişilər ücün üstüörtülü mağar yeri nəzərdə tutulur. Mağar yeri daha geniş olmalıdı – ən azı 250-300 nəfərlik. Ağlım hələ yaxşı kəsmədiyi vaxtlarda  bu məsələylə bağlı yekə-yekə öz fikirimi bildirdiyim yadımdadı:        

 –  Nə vaxtsa toy eləyəcəklər, iraq olsun, nəsə bir pis yiğıncaq olacaq deyə illərlə bu yekəlikdə dəm-dəsgahı səliqəli saxlamalı, yiğıb-yığışdırmalısan. Qışda lap pis – qızdırmaq  da olmur.  Odeyy… xaricdə! Baxın, öyrənın. Gör hec onlar  belə eləyirlər…

O vaxt mənə cavab vermişdilər ki:

–  A bala, biz də az-cox dünya görmüşük. Ama, o təriflədiyin xaricilərin toyda oynayıb, yasda ağladığını görməmişik.

O vaxtdan kecən illər özü hər şeyi yerbəyer elədi, suala yer qoymadı. Və mən cox vaxt gəldiyi toyun sahibini  düz-əməlli tanımayan coxlu yad adamların toplaşdığı  şəhər toylarında  olanda, fikrimi dəyışdim. Gec də olsa kəndcilərimlə razılaşmalı oldum.

Heyif deyil kənd toyu, kənd məclisi… Yadıma düşən-düşməyən əgər-əskiyə baxmayaraq, hər şeyin ləzzəti kənddədi vallah. Hətta kənd ücün ürəyi gedən azyazlı oğlum da  ora getmək üçün bir dəfə “Mama, babalarnan nəvələr kənddə yaşamalıdılar”,  deyə məni dilə tutmağıni xatirlayiram- düşür. O vaxtdan onun bu sözü lap aforizm kimi yaddaşıma yazılıb. Hahaq yerə deməyiblər ki, sözün düzünü uşaq deyər.

Yeri gəlmişkən, “mama” sözü ilə bağlı bir haşiyə cıxmalıyam. Bu yaxınlara qədər uşaqlarımın dilindəki bu mama-papa müraciətindən hər dəfə nəsə bir “diskomfort”  hiss edərdim. Təəsüflənirdim ki, niyə uşağa öz  ana dilimizdə gül kimi “ata-ana” sözlərini öyrətməmişəm. Bir təsadüf məni bu sıxıntıdan xilas eləmış oldu. Bu belə baş verdi. Yaradıcı insan olan bir dostumun emalatxanasında idik. Onun beynəlxalq səviyyədə təsdiq və qəbul  olunmuş bir layihəsinin nümayişınə yığışmışdıq.  Lap əvvəldə Üzeyir bəyin  “O olmasın, bu olsun” filmindən tanış olan  gözəl müsiqi səsləndi. Ev sahibinin Cənubi Azərbaycandan gəlmiş bir həmkarı da bizimlə birlikdə heyranlıqla qulaq asırdı bu ruha sığal cəkən ecazkar melodiyalara. Sonda qonaq dedi ki:

–      Bu havaları eşidəndə mamam da lap əli xəmirdə olsa, yağı daşsa belə işlərini  dayandırıb axıra qədər qulaq asır. 

Onun da ana əvəzinə “mama” deməsinə təəccübləndim. Soruşdum ki:

–      Yaxşı, biz cox təmasda olduğumuzdan,  danışanda  “mama” sözü də  daxıl olmaqla, coxlu rus sözü işlədirik, bəs ciz nə əcəb ananıza mama deyirsiz?

–      Buy! – dedi, –  Kim deyir ki mama-papa rus sözüdü? Bu, bizim dost-doğma ana dilimizdəki məmə-pəpə sözündəndi. Süd verənə məmə deyərlər, cörək verən pəpə. Hec eşitməmisiz, yeri gələndə, məmə yeyəndən, pəpə deyənə qədər deyirik? 

Allah razı olsun o qonaqdan. Yoxsa özümü mama-papa sözünə görə qınamaqda davam edəcəkdim. Nə isə, qayıdım əsas mətləbə. Xoşbəxtliyə.

Fikirləşırəm ki, görəsən təkbaşına xoşbəxt olmaq mümkündür? Məncə yox. Xoşbəxtlik ruhun elə bir vəziyyətidir ki, mütləq təstiqə, insan əhatəsinə möhtacdı. Odur ki, ən xoşbəxt günlərimiz, anlarımız ürəyimiz istəyən adamların arasında, yanında olanda dəyərini tapıb, ömür gündəlıyımızə yazılır. Təklikdə yox, məhz o günlərin iştirakcıları ilə bir yerdə olanda – dost məclislərində, toyda-nişanda, bir yaxın adamla yol gedəndə bir daha xatıtlanır, yenidən yaşanır. İnsan xoşbəxtliyinın min növü, min səbəbi ola bilər. Amma nə deyirsinizsə deyin, ən yüksək əyarlı xoşbəxtlik yenə də insani münasibətin, mehr-məhəbbətin bəxş elədiyidi… Eyniylə şahidi olduğum bir məqamda olduğu kimi.

….Evin böyük oğluna toy eləyib, gəlin gətirmışdılər.Təzə gəlinin gəlişiylə  xeyli vaxtdan bəri bu sevincin intizarında olan ev adamları ilə bərabər ev-eşik, məhlə də sevinirdi elə bil. Bu sevincin izlərini hər tərəfdə – sanki bu abu-havadan cuşa gələrək  coxlu cicək acmış dibcək güllərinin rəngindən tutmuş adamları cöhrəsini nurlandıran xoşhallıq ifadəsində də ğörmək olurdu. Darvazanı həm icəridən, həm də cöldən bəzəyən al qırmızı kəlağayı da daxil olmaqla hər şey bunu təsdiq edirdi. Toyun havası artıq  qulaqlarda səslənməyə başlamışdı ki, adamlar iş-ğüc dalınca oynaya-oynaya gedirdilər.

Qohum-qonşu kişilərin yığışaraq o başdan xaş yemək və tələsmədən yüngülcə boğazı yaşlamaq mərasimi kənd toyunun üverturasıdı. Bu o deməkdi ki, artıq toya start verilib. Axşama üstü örtülmüş, işıgı cəkilmiş mağar hazır olacaq. Stollar qoyulacaq. Ətrafına altı admlıq uzun oturacaqlar düzüləcək. Calancıların, bəylə gəlinin yeri səhmanlanacaq. Əsas məsələ, oynamaq yeri sulanıb süpürüləcək. Qab-qacaq yuyulub silinəcək.  

Kənddə bir qayda olaraq günortadan sonra başlayan və gecə yarıdan kecənə qədər davam edən toy  bəyin tərifi ilə rəsmi olaraq başa catsa da, ertəsi gün də ahəstəcə davam edir – ailəyə yaxın qohum-qonşu kişilər bəlkə bir kömək lazımdı qayğısıyla tezdən yenidən süfrə başına toplaşır, şirin-şirin təəsüratlarını bölüşürlər. Qab-qacağı yerbəyer eləməklə  məşğul olan qohum-qonşu qadınlar isə dünən toyda baş verənləri yada salaraq öz gülməli komentariyalarının, yüngülvarı qeybətlərinin “dadını cıxarır”,  ləzzətindən  həzz alırlar.

Nə yaxşı ki, şəhərdən fərqlı olaraq kənd toyu elə başlandığı günün sonunda qurtarmır… Və beləliklə, bu coxdan gözlənilən arzu-kam günü layiq olduğu hörmət-izzətə sahib cıxaraq, öz dəyərinı qazanmış olur.

 …Toydan kecən xeyli vaxt ərzində təzəgəlinin özüylə gətirdiyi xoş əhval-ruhiyyə bu evə daimi qeydiyyata düşmüşdü. Evdə can deyib, can eşidilirdi. Evin hər yerində əlinin səliqəsi görünən gəlin hətta dəli-dolu yaşda olan, cox vaxt ev-eşikdə tapılmayan kicik qaynını da ram eləmişdı – şam yeməyi zamanı hətta o da hamıynan bir yerdə eyni vaxtda süfrə başında otururdu. Əvvəllər çox az-az hallarda belə alınardı. Amma indi…  elə bil yaşamaq daha gözəl, daha mənalı olmuşdu. İş-güc də elə bil öz-özünə, öz axarına düşürdü.

Axşamdı. Gündüz qayğılarından azad olan ailənin qonağıyam.  Süfrəbaşına toplaşmışıq. Bir az ordan-burdan danışandan sonra,  qaynata sevimli mövzuya qayıdır, cayından bir qurtum da alıb:

– Oxayyy… – deyir, – adamın qızı olması nə ğözəl iş imiş…

Qaynana:

–  Doğrudan, biz indiyəcən qızsız necə yaşamışıq? – deyə onun sözünə söykək verir.

Kicik qayın da söhbətə qoşulur:

 – Mənə “sağ ol” deyin ey…y…y, mənə! Allah ona görə bu qızı sizə ürcah eləyib ki, mənim bacım yox idi. Budu məsələ.

Bircə təzəbəy söhbətə qarışmır, səsini cıxarmır. Amma bütün görkəmi söhbətin ona nə qədər xoş olduğundan xəbər verir. Təzə ailə ücün təzə məhlədə təzə tikilməkdə olan evin başa catmaqda olduğunu  bildiyimdən, özümdən asılı olmayaraq mən də söhbətə qarışıram:

–  Yaxşı, bəs qızınız öz evinə köcəndə neynəyəcəksiz?

Gərək soruşmayaydım. Birdən birə necə tutulduqlarını görüb, peşmanladım. Yaxşı ki, özünü hamıdan tez ələ alan qaynata gülə-gülə bu xəfif gərginliyi azaltdı:

–   Neynəyəcəm? Belə mən də onnan gedəcəm!

Qaynananın gümrah səsində tərəddüd duyulmadı:

–  Xeyir ola, qabağa düşüb tək gedirsən? Qız təkcə sənə cıxıb? Mən də siznən gedəcəm! Hec şübhəniz olmasın!

Arada yaranan bu “gözəl” gərginliyi cay süzməklə məşğul olan gəlinin müdaxiləsi  ləğv edir. O, mehriban səslə, astadan:

– Hələ bir ğörün burdan gedən varmı?!…  – deyir.

Hə…ə…ə. Xoşbəxtlikdən danışacaqdım axı…

Sevda Mikayılqızı

sentyabr 2014

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.