Vahid Rzayevin “Vücudlar sirli, örtülüdür” məqaləsinə rəy

Print Friendly, PDF & Email

Vahid Rzayevin “Vücudlar sirli, örtülüdür” başlığı altında məqaləsini oxudum.Çox maraqlı, bəzi məqamları örtülü, gizli, həyatı məsələlərə toxunulmuşdur. Belə ki, iki hüceyrənin birləşməsindən Allahın ən böyük mö`cüzəsi olan insan yaranır.Əgər yaranmış mö`cüzənin (insanın) ayrı-ayrı orqanlarını təhlil etsək, görərik ki, bu böyük mö`cüzələr aləmidir.Yaranmış orqanları ayrı-ayrılıqda təhlil etsək görürük ki, kəllə-beyin toxuması, tənəffüs sistemi, ürək-qan damar sistemi,mə`də-bağırsaq sistemi, sidik-cinsiyyət sistemi və s. o qədər mürəkkəb quruluşa malikdir ki, onun incəliklərini sadalamaqla qurtarmaz. Bunları yaratmağa ancaq o gözəgörünməz, o böyük Allah qadirdir.

Qadın vücudu elmi və çox sirli bir mərkəzdir. Hamilə qadının dünyaya gətirdiyi balasının sağlamlığı,onu bətnində daşıyan ananın sağlamlığı ilə sıx əlaqədardır. Belə ki,dölün sonrakı inkişaf mərhələlərində ananın orqanizmində hansısa mikrobu daşımasının hamiləliyə qədər üzə çıxarılması vacib məsələlərdən hesab olunur.Çünki qadın hamilə olduqdan sonra üzə çıxan problemləri həll etmək çətinləşir. Yuxarıda qeyd edildiyi kimi hamilə qadına hər hansı bir dərmanı vermək olmaz. Çünki, bə`zi dərmanlar uşağın(bətndə olan dölün) sağlamlığına zərbə vura bilər. Bu məsələlər heç bir elmi axtarışlarla tam təsdiq edilməmişdir. Ona görə də yaxşı olardı ki, gənclər ailə qurmağa hazırlaşanda ümumi müayinədən keçsinlər.

Belə ki, ağız boşluğunda, yuxarı tənəffüs yollarında, mə`də-bağırsaq sistemində və sidik- cinsiyyət sistemində olan infeksiyalar bətn daxilində inkişaf edən körpənin sağlamlığına mənfi tə`sir göstərir. Onu da qeyd edim ki, hər anada olan infeksiya döl baryerindən keçə bilmir (Bu da anada olan mö`cüzədir).Əgər  ana zəif qidalanırsa, fiziki cəhətdən inkişafdan geri qalırsa, döl baryeri zəifləyir və anada olan infeksiyalar cift vasitəsilə dölə keçirir. Beləliklə,uşaq anadan bətn daxili infeksiyalarla döğulur. Ona görə də hamiləlikdən əvvəl ağız boşluğunun sanasiyası, karies dişlərin müalicəsi, burun-boğazında xəstəlik varsa, müalicəsi və anada olan müxtəlif xroniki infeksiya ocaqlarının sanasiyası uşağın sağlam doğulması üçün çox vacib amildir. Bunların hamısı kütləvi şəkildə qanuni olaraq aparılsa, nəticəsi yaxşı olar, gələcək nəsil sağlam doğular və sağlam da böyüyər. Uşaqlar bizim gələcəyimizdir. Bununla yanaşı, analar bilməlidirlər ki, birinci üç ay ərzində (10-12 həftə ) dölün bütün orqanları formalaşır. Bu dövr çox həssas dövrdür. Bax, bu dövrdə qadın çox ciddi qorunmalıdır.Onun hər hansı bir xəstə ilə kontaktı və yaxud, özünün adicə qripp xəstəliyi keçirməsi, məxmərək xəstəliyi keçirməsi və s. dölün orqanlarının formalaşmasına mənfi tə`sir göstərir.

Nəticədə uşaq müxtəlif inkişaf qüsurları ilə doğula bilər. Onu da qeyd edim ki, bu dövrdə ananın düzgün qidalanmasının da böyük əhəmiyyəti vardır.Tamamilə doğrudur ki, qadın yerikləyən dövrdə müxtəlif qidalara tələbat yaranır.Bu orqanizmin özünün çatışmayan müxtəlif komponentlərə həyəcan təbilidir. Belə yerikləmə hallarını dünyagörmüş analar çox yaxşı bilirlər və çalışırlar ki, hamilə qadınların ürəyi istəyən, tələbatı olan yeməyi, və yaxud meyvə-tərəvəzi ona çatdırsınlar.Sağlam ana, sağlam uşaq cəmiyyətin bu günü və sabahıdır. Ona görə də hər bir ailədə hamilə qadına, anaya xüsusi diqqət və qayğı lazımdır ki, fiziki və mə`nəvi cəhətdən sağlam nəsil böyütsün.

Əməkdar həkim, tibb elmləri namizədi, pediatr

Məmmədəliyeva Zərifə Mehdi qızı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.