Uşaq ədaləti

Print Friendly, PDF & Email

Mən Cavidin bacısı Ümmi Səlimə xanımın qızları ilə yaxın rəfiqə idim. Həftədə bir-iki dəfə ya mən onlara, ya da onlar bizə gələrdilər.

Söhbət zamanı bəzən Ümmi Səlimə xanım Cavidin uşaqlığından maraqlı əhvalatlar danışardı. Mən sonralar Cavid haqqında ondan eşitdiyim xatirələri götür-qoy edər və həmişə uşaq xarakterilə böyük xarakteri arasında az da olsa bir yaxınlıq, bir doğmalıq görərdim.

Ümmi Səlimə xanım o vaxtlar mənə belə bir əhvalat danışmışdı: – Cavid uşaqlıq illərində çox nadinc olub. O, məktəbə gedərkən qonum-qonşu arvadları deyərdi ki, qulağımız heç olmasa bir-iki saat dinc qalar, uşaqlarımız rahat olar.

Bu qarayanız, arıq, nadinc uşağın çox qəribə ürəyi vardı. Məhəllənin bütün uşaqları ona böyük kimi baxırdılar, hörmət edirdilər. Elə bil o, uşaqların başçısı idi. Şikayətlərini gəlib ona söylərdilər. Əgər biri o birini incitsəydi, incidilən Cavidin yanına gələr, ondan imdad dilərdi. Cavid heç cür razı olmazdı ki, uşaqlar bir-birini incitsin. O, hətta heyvanların, quşların, ağacların belə qayğısına qalardı. Quşlara dən, heyvanlara yem, ağaclara su verərdi.

Məhəllələrində bir uşaq var idi ki, həmişə baharda quşların yuvasını uçurar, yuvadan ətcəbalaları götürər və yuvaya qoymazdı. İtləri ağacla vurub şikəst edər, toyuq-cücənin qıçını sındırardı. Bir sözlə, çox ziyanəvər uşaqdı.

Cavid bu ziyanəvər uşağı daim izlər, hər bir pis hərəkətinə görə onu cəzalandırardı. Ona deyərdi ki, bu ətcəbalaların da ata-anası var, onları balasız qoyursan, quşları öldürürsən, axı onları yuvada gözləyirlər, ay insafsız, sən nə vaxt bir insafa gələcəksən?! Bir gör səni öldürsələr, atan-anan nə çəkər?.. Ata-ananı öldürsələr sən yetim qalarsan. Yetim qalmaq isə ölmək deməkdir. Cavid bu uşaqla heç yola getməzdi. Uşaqlar böyüdükcə onların arasında da zidiyyət də böyüyürdü.

Cavidgilin evi çayın kənarında idi. O, elə uşaqlıqda boş vaxtlarını çayın kənarında keçirərdi. Uşaqlarla oynar, isti havalarda çayda çimərdi.

Baharın ilk aylarında bu dağ çayı birdən-birə coşar, dəli çaya çevrilərdi. Bu çaydan sel axardı.

Bir gün baharın əvvəllərində uşaqlar çay sahilində oynayırdılar. Birdən Cavidin yanındakı uşaq dəhşətələ çığırdı: -Ay aman!… Sel apardı…

Cavid bir göz qırpımında özünü çaya atır, çox çətinliklə uşağı selin ağzından alıb sahilə çıxarır.

 Uşaqların hər ikisi bərk yorulmuşdular. Az qala yarımcan olmuşdular. Çayda boğulan uşaq, quşların, heyvanların, ağacların qənimi olan uşaq idi.

Bütün uşaqlar onların başına yığışmışdılar. Biri öz çörəyindən, biri bayram yemişindən onlara pay verir, hərə bir cür xidmət etməyə çalışırdı.

Uşaqlar bir qədər dincəldikdən sonra yoldaşlarından biri Cavidin qulağına pıçıldayır.

-Hüseyn! Sən nahaq bu qansızı selin ağzından aldın, qoyaydın boğulardı. Axı bu bizim düşmənimizdir.

Cavid birdən qəzəblənib üzünü həmin uşağa tutub deyir:

-Sən ondan da qansızsan. Mən istəyərdim ki, onu heyvanlara, quşlara qarşı mehriban, ədalətli olmağa çağırırdım. Mən onu cəzalandırırdım. Lakin onun ölümünü heç zaman istəmərəm. Elə təbiətdə onu cəzalandırmaq istəyirdi. Şükür ki, bu cəzadan o ucuz qurtardı. Əgər mən onun ölümünü istəsəydim, elə sənin kimi qansız olardım,- deyib bir az küskün, bir az acıqlı, asta və yorğun addımlarla evlərinə doğru getdi.

Selin ağzından qurtaran uşaq günahkar kimi başını aşağı salıb Cavidin arxasınca gedir, onu kölgə kimi izləyirdi. Ona çatıb onunla yanaşı addımladı. Onlar heç nə danışmadılar. Gözləri bir-birinə sataşanda, ikisi də birdən qucaqlaşıb kövrəldilər.

 Mişkinaz Cavid

Cavidi xatırlarkən-1982

Redaktorları: Abbas Zamanov, Həmid Məmmədzadə. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.