Unutmaq olmur !

Print Friendly, PDF & Email

O, kollektivin sevimlisi idi. Çox həssas, mehriban, xoşəxlaq, nüfuzlu bir insandı. Ancaq fələyin üzü qara olsun. O, bir neçə il idi ki, amansız xəstəliklə mübarizə aparırdı. Bir dəfə hətta qalib də gəlmişdi. Amma zalım əcəl ondan əl çəkmək istəmirdi. Beş ilə yaxın mübarizədən sonra xəstəlik onu yenidən yaxaladı. Onun gücü tükənirdi. Çox mübariz və dözümlü olan bu insan artıq yatağa düşmüşdü. İnstitutun kollektivi yığışıb hamımız bir yerdə evlərinə getdik, vəfa borcunu yerinə yetirmək istədik. Axı Onun əlli yaşı tamam olurdu… Onu görəndə sarsıldım, çox zəifləmişdi, saçları qar kimi ağarmışdı. Çətinliklə “Müdir, gəldin?”-, deyib, təbəssüm etmək istədi. Kollektivlə sanki son dəfə görüşürdü, özündə güc topladı. Özümü bir təhər ələ alıb bölmə

rəhbərliyinin onu məhsuldar elmi  fəaliyyətinə görə layiq gördüyü Fəxri Fərmanı ona təqdum etdim, can sağlığı, uzun ömür arzuladım. Ertəsi günü səhər tezdən acı xəbər gəldi: o, bu dünyaya gözlərini yummuşdu, Haqqın dərğahına qovuşmuşdu. “Ölüm haqdı, çıxmaq olmaz əmrdən” deyiblər.

Kimdi Fərqanə Kazımova?

Namuslu, ismətli, kişi qeyrətli Fərqanə xanım! Naxçıvanın sayılıb seçilən ziyalı, fədakar qadınlarından biri. 1987-ci ildə Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirmişdi. 1999-cu ildə görkəmli proffesor Abbas Zamanovun həyat və yaradıcılığına aid dissertasiya müdafiə edib, indiki terminologiya ilə desək, fəlsəfə doktoru elmi dərəcəsi almışdı. 1993-cü ildən Naxçıvan Dövlət Universitetində Ədəbiyyat kafedrasında müəllim, sonra dosent işləyirdi. 2005ci ildən universitetdə 0,5 ştat dosent qalmaqla AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitunda böyük elmi işçi işləyirdi. 2010-cu ildə Fərqanə xanımın məhsuldar elmi fəaliyyətini və mənim xahişimi nəzərə alıb, bölmə rəhbərliyi onu aparıcı elmi işçi vəzifəsinə keçirdi. Bu zəhmətkeş alim arxivlərdə, kitabxanalarda yorulmadan çalışırdı. Ədəbiyyatımızın tanınmış simalarının – Əliqulu Qəmküsar, Əziz Şərif, Abbas Zamanov və Məmməd Cəfər irsinin öyrənilməsinə daha çox fikir verirdi. Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Ataxan Paşayevin, Maarif Teymurovun ona lazım olan köməyi göstərməsindən minnətdarlıq hissilə danışardı. Elə bu ciddi çalışmaların nəticəsində müəllifin qısa zamanda Abbas Zamanov, Əliqulu Qəmküsar haqqında sanballı monoqrafiyaları işıq üzü gördü. Onu da deyim ki, indiyədək alimin 6 kitabı işıq üzü görüb, 100-dən artıq elmi məqaləsi respublika və beynəlxalq jurnallarda nəşr olunubdur.

Fərqanə xanım Abbas Zamanovun həyatı və yaradıcılıq yolunu kompleks şəkildə tədqiq edən ilk tədqiqatçıdır. Məlumdur ki, Abbas müəllim sovet ədəbiyyatında dissident kimi uzun müddət təqib olunan ədəbi şəxsiyyətlərdən biri olmuşdur. Cəbhə alovlarından keçmiş, yazıçı, hərbi jurnalist kimi fəaliyyət göstərmiş Abbas Zamanov XIX əsrin sonları XX əsrin əvvələrindəki ədəbiyyatımızın ən görkəmli tədqiqatçılarından biridir. Onun Sabir, Molla Nəsrəddin haqqındakı elmi tədqiqatları ədəbiyyatşünaslığımızın parlaq səhifələrini təşkil edir. Amma milli maraqları müdafiə etdiyinə görə, Abbas Zamanov sovet imperializminin bəzi ədəbi nökərləri tərəfindən təqib olunmuşdur. 1950-ci illərdən başlayan təqiblər 1960-cı ildə onun Sov.İKP sıralarından xaric edilməsi ilə nəticələnmişdi. Bütün bu məsələlər Fərqanə xanımın “Professor Abbas Zamanov (həyatı və yaradıcılığı)” adlı 362 səhifəlik monoqrafiyasında öz dolğun ifadəsini tapmışdı. Burada prof.Abbas Zamanovun həyat və yaradıcılıq yolu, publisistikası, mətnşünaslıq tarixindəki xidmətləri, məktub yaradıcılığı ətraflı şəkildə tədqiq edilmişdir. Abbas Zamanov sovet dövrünün dəmir pərdəsi arxasında yorulmadan, qorxmadan, çəkinmədən ədəbiyyatımızı beynəlxalq miqyasda yaymış, təbliğ etmişdi. Təsadüfi deyildir ki, Ərzurum Atatürk Universitetində Abbas Zamanov kitabxanası yaradılmışdır. Bütün bu məsələlər Fərqanə xanımın bu abidə şəxiyyət haqqındakı monoqrafiyasında ətraflı şəkildə işıqlandırılmışdır. Çox maraqlıdır ki, kitaba alimin həyat yaradıcılıq mühitini əks etdirən, portret cizgilərini tamamlayan nadir və qiymətli fotoşəillər əlavə edilmiş, Abbas Zamanovun əsərlərinin mükəmməl biblioqrafiyası verilmişdir.

Fərqanə xanımın ən dəyərli qiymətli, siqlətli elmi əsərlərindən biri də nakam şair Əliqulu Qəmküsarın həyat və yaradıcılığına həsr etdiyi “Azərbaycan ədəbiyyatının cüvəllağısı”(2012) adlı monoqrafiyasıdır. Qeyd edək ki, bu və bundan əvvəlki kitab “Mütərcim” nəşriyyatında nəşr olunmuşdur. Rəhmətlik həmişə akademik Kamal Abdullanın bu kitabların nəşrində ona yaxından kömək göstərməsini ağız dolusu söyləyərdi. Məlumdur ki, məşhur “Molla Nəsrəddin” jurnalının bir müddət naşiri vəzifəsini icra etmiş, buradakı felyetonlarını “Cüvəllağı” imzası ilə çap etmiş Əliqulu Qəmküsarın ədəbi irsi kifayət qədər tədqiq olunmamışdır. Bu ehtiyacı ödəmək, boşluğu doldurmaq baxımından Fərqanə xanımın bu əsəri çox lazımlı bir nəşr kimi diqqəti cəlb edir. Burada şairin elmi tərcümeyi-halı verilmiş, onun ədəbi yaradıcılığı dolğun şəkildə təhlil edilmiş, şeir və felyetonlarından nümunələr verilmişdir. Burada ilk dəfə şairin əsərlərinin biblioqrafiyası tam şəkildə öz əksini tapmışdır. Tədqiqatçıların stolüstü kitabına çevrilən bu əsəri oxuyanda mən Fərqanə xanımın özünü görürəm. Sanki sətirlərin arxasından mərhumun özü boylanır. Kitabdakı aşağıdakı cümlələr mənim xüsusilə diqqətimi çəkdi: ”İnsanların bir-birinə arzuları, alqışları yaradılışdan bu günədək o qədər çox və müxtəlif olmuşdur ki, bu haqda saatlarla danışmaq olar. Lakin bu istək və arzuların önündə həmişə birinciliyini əldən verməyən biri var. Bu uzun ömür və can sağlığıdır. Əvvəllər də belə olub, indi də belədir. Yüz il yaşayıb, millətinə, xalqına fayda verməyən insanlar da olsa, qısa ömrü ilə, ağrıyan canı ilə yalnız-yalnız milləti, xalqı, Vətəni düşünən oğullar isə tarixdə vətəndaşlıq mövqeyi qazanaraq yaşamaqdadırlar. Onlardan biri də nakam şairimiz Əliqulu Qəmküsardır”.

Mənə elə gəlir ki,bu fikirlər elə Fərqanə Kazımovanın özünə də aiddir.

O, vətən, xalq, elm, təhsil üçün öz ömrünü şam kimi əritdi. Onun tələbələri bu gözəl insanı, xalq müəllimini minnətdarlıqla xatırlayırlar. Çünki Fərqanə xanım həmişə yaxşı oxuyan tələbələri müdafiə edərdi, onlara dəstək olardı, onlara dəyər verərdi. Təsadüfi deyildir ki, onun dəfni qələbəlik idi. Mərasimdə Fərqanənin yalnız ailə üzvləri, qohum və qonşuları, iş yoldaşları deyil, şəhərin ziyalıları, mərhumun tələbələri iştirak edirdilər. Hamı hüzn içindəydi, onu son mənzilə yola salırdılar, istəsən də, istəməsən də taleyin hökmü budu…

Fərqanə xanımın son kitabı “Əbədiyyətin və ədəbiyyatın Əziz Şərifi” adlanır. 2015-ci ildə 120 yaşı tamam olan görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin yubileyi münasibətilə hazırlanmışdı bu əsər. Müəllifin özünün də qeyd etdiyi kimi o, bu əsər üzərində iki ildən artıq zəhmət çəkmiş, çalışmışdı. Yadımdadır ki, hələ bir il bundan əvvəl bu kitab üzərində son tamamlama işləri gedirdi. Özünə qarşı çox tələbkar olan, məsuliyyətli qələm sahibi olan müəllif materialları saf-çürük edir, faktları dəqiqləşdirirdi. Fərqanə xanım mənə yaxınlaşıb, “İstəyirəm bu kitabın elmi redaktoru siz olasınız”, – dedi. Mən bu təklifi məmnuniyyətlə qəbul etdim. İnsafla demək lazımdır ki, monoqrafiya yüksək səviyyədə yazılımışdır. Burada Əziz Şərifin həyatı və mühiti, publisistikası, ədəbi-elmi irsi, əsərlərinin biblioqrafiyası ilk dəfə dolğun elmi şəkildə araşdırılmışdır. Bu günlərdə işıq üzü görəcək həmin kitabda qiymətli tarixi sənədlər, fotoşəkillər də verilmişdir. Əziz Şərifin Azərbaycan ədəbiyyatşünaslığı tarixində, mətbuatı  və ictimai fikir tarixində böyük xidmətləri olmuşdur. O “Molla Nəsrəddin” məktəbinin yetirməsi olmuş, doktorluq dissertasiyasını da Cəlil Məmmədquluzadə yaradıcılığının birinci dövrünün öyrənilməsinə həsr etmiş, Rusiyanın ən qədim və məşhur  elm və təhsil ocağı olan Moskvadakı Lomonosov adına Universitetdə 30 il tədris işi ilə məşğul olmuş, SSRİ xalqları Ədəbiyyatı kafedrasının müdiri vəzifəsində işləmiş, azərbaycançılıq məfkurəsinə xidmət etmiş, ölkəmizi və uca millətimizi layiqincə təmsil etmişdir. Ona görə də Fərqanə xanımın bu monoqrafiyası elə-belə, sıradan bir əsər deyildir. Azərbaycan amalına, milli maraqlara xidmət edən bir əsərdir. İnanırıq ki, Fərqanə xanımın bu əsəri Əziz Şərif haqqında yeni-yeni tədqiqat əsərlərinin meydana çıxmasına təkan və istiqamət verəcəkdir.

Fərqanə xanım beynəlxalq konfranslarda elmimizi həmişə ləyaqətlə təmsil etmişdi. Türkiyə Respublikasında Füzuliyə həsr olunmuş, Məhmət Akif Ərsoya həsr olunmuş beynəlxalq konfranslardakı alovlu çıxışlarının əks-sədası Azərbaycana da gəlib çatmışdı.

Fərqanə xanımın ömür-gün yoldaşı Səbuhi müəllim  ailəcanlı bir insandır, onun müalicəsi üçün çox çalışdı. Yadımdadır ki, qışda soyuq, yollar qar-buz olmasına baxmadan tez-tez onu şəxsi maşını ilə Ərzuruma aparırdı. Övladları Samir, Natiq Türkiyədə təhsil alıb, vətənə layiqli xidmət göstərmək üçün həyata atılmışlar, qızı Nahirə Bakı Dövlət Universitetini əla qiymətlərlə başa vurub, gənc nəslin tərbiyəsi ilə məşğuldur. Bu uşaqlar saleh övladlardır. Fərqanə xanım özü kimi milli amala bağlı əsl vətəndaş yetişdirmişdir.

Fərqanə xanım nəsillərə nümunə bir insan, bir pedaqoq, bir alim idi. Mövlana Cəlaləddin Rumi deyirdi ki, bizim məzarımızı yerlərdə axtarmayın, biz ariflərin qəlbində yaşayırıq.

Bu gözəl insanı unutmaq olmur, onun yoxluğuna inanmaq olmur. Şair demişkən:

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin, bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

Gözəl insan, zəhmətkeş alim, tələbələrin sevimlisi bacımız Fərqanə xanım Ramiz qızı Kazımovanın işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

525-ci qəzet 09.07.2015

ƏBÜLFƏZ QULİYEV AMEA-nın müxbir üzvü, Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutunun direktoru

Fərqanə Kazımova ilə baglı digər materiallar

Video material

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.