Saz havası

Print Friendly, PDF & Email

Saz havası

Dünyanın düz vaxtıydı. Hamının özünə görə pis-yaxşı işi-gücü vardı. Ədəb-ərkan,  ətrafdakılara, qohum-qonşuya hörmət hissi, davranış tərzı yazılmamış əxlaq qanunu gücündəydı. Hər işdə, hər olayda, hər münasıbətdə əndazə gözlənilirdi. İstər qadın, istər kişi olsun, hər kəsin heç kəsi sıxmayan olar-olmazlıq çərcivəsi  mövcud idi. 

Bu sətirləri yaza-yaza fikirləşirəm ki, birmənalı yaxşı sayılan nə var idısə hamısını hec 

özümüzdə bilmədən  itirə-itirə, arxada qoya-qoya gəlıb bu günkü günə yetişmişik. Elə bu səbəbdən, day “samballı” deyilən adamlar da qalmayıb. O vaxt  ədəb-ərkan bilməyən adama “yüngül”,  bəzən də “düşük” deyərdilər. Bu söz kimə ünvanlansaydı, daha onun xasiyyətnaməsini oxumağa ehtiyac qalmazdı.  Bu mənada,  indi  bütövlükdə cəmiyyətimiz yüngülləşib, düşükləşib.

Lənət  şeytana. Yenə dağdan danışacağım yerdə, bağdan söhbət açmağa başladım. Özümə təsəllı üçün belə hesab eləyirəm ki, bu da mənim yazı maneram, fikri catdırmaq priyomumdu. …..Nə isə. Yaxşısı budu axır ki, sözümün mustafasına keçim.  

….İllər öncə bir neçə nəfər dost-tanış bizə yığışmışdıq. Elə bir konkret səbəb yox idi toplaşmağımıza. Sadəcə ədəbi mühitdə, ictimaiyyətdə, öz şəxsi həyatımızda baş verənlərdən söhbət edirdik. Arada son vaxtlar gündəmdə olan bir məsələdən –  aşıqlarımızın geyimindən söz düşdü. Aşıqlarımız  necə geyinməlidilər? Məclisə necə cıxmalıdılar -cuxa deyilən qədim libasda, yoxsa  gözümüz öyrəşdiyi indiki vid-fasonda, yəni sovet dövrünün hərbiçiləri kimi  qalife şalvarda, ortası dəri qayışla büzülmüş  üst köynək və buxara papaqda?

Hərə bir söz dedi. Kimsə qalifenin əslində ata minəndə çətinlik törətdiyinə görə  şalvarını dizdən aşağı dar tikdirib uzunboğaz cəkmələrin içində gizlədən gömbul Fransa prezidentinin adı ilə bağlı olduğunu xatırlatdı. Kimsə milli çuxaya keçilməsində israr etdi. Mən də fikrimi bildirdim:

–     Vallah, xoşunuza gəlməsə də deyəcəm. Mən aşıqların  elə indiki görkəmində qalmasına tərəfdaram, – dedim. – Bu qiyafədə onlar şəxsən mənə daha doğmadılar. Nədən ki, hələ uşaq vaxtı toylarda stolun altında atamın uzunboğaz cəkmələrinin üstündə oturub onlara qulaq  asmağım yaddaşıma yazılıb. O vaxtdan gözüm bu geyimə öyrəşıb. Həm də, köhnəliyə üstünlük vermək   məntiqi ilə, gərək indi qadınlar gen ətəkli uzun tuman geyinsinlər, kişilər saqqal buraxsınlar.

Söz-söz dalınca, mütləq bu sahənin adamlarının, yəni aşıqların özlərinin fikirlərini  soruşub-öyrənmək zərurəti yarandı. Düzdü bir az gec idi, ama yatı vaxtı da deyildi. Qərarlaşdıq və dostumuza – ünlü bir sənətkar xanıma zəng elədik ki, bəs imkanın varsa, dur gəl, sənə ehtiyacımız var, yaxşı adamların əhatəsinə düşəcəyinə zəmanət veririk. Sağ olsun, sözümüzü yerə salmadı,  yaxınlıqdayam, bu saat  gəlırəm, üstəlik bir sənət dostumu özümnən gətirəcəm,  dedi.

Onların gəlışı ilə mövzuyla bağlı bayaqdan bir az səngimiş polemika yenidən qızışdı. İki-üç dostuyla evə çay icməyə gələn kiçik oğlum da söhbətə qoşuldu. Onun biri yerli rus, o biri yəhudi olan  rusdilli dostlarının  bu barədə nə düşündükləri də maraq doğurdu.

Xeyli söhbətdən sonra təbiiki, meydan sənətkarlara verildı. Verildi, nə verildı… Xatirələrimızə unudulmaz bir gecə yazıldı. Hamılıqla gur səs şəlaləsinin gözəlliyindən, el dilindən bəhrələnən sözlərin  ürəyə yatımlığından, saz havasının şirinliyindən yoğrulmuş canlı möcüzəyə tamaşa edir, diqqət kəsilir, həzz alırdıq.  Birdən…

Birdən yadıma düşüdü ki, ay dadi-bidad, axı artıq gecdi! Mən necə unutmuşam qonşularımı! Bura yaxınlarda köçdüyümüzdən, hələ münasibətlərimizi düz-əməlli formalaşdırmağa macal tapmamışam axı.   Hərəsi bir mıllətdəndi, aşıq musiqisini xoşlamayanı, ya da sadəcə yatanı, başı ağrıyanı, xəstə olanı ola bilər…  Vay, vay!  Bilirəm ki,  hündür tavanlı şüşəbəndin pəncərələrini tezcə bağlasam da köməyi olmayacaq. Çünki, rus əlifbasının «П» hərfini xatırladan  “italyanka” tipli  geniş həyətimiz ikimərtəbəlı mənzillərlə əhatələnib. Hamının da qapı-pəncərəsi həyətə açılır. Yaxşısı budu mən qonaqları  içəri otağa keçirim. 

Bir bəhanə tapıb, hamının otağa keçməsinə nail olandan sonra axır ki,  rahatlaşıram.  Qonaqlarım isə tələsmirlər. Hətta oğlum və onun caz həvəskarı  “müasir” dostları da. Bu ekspromt konsert qurtaranda artıq gecə yarıdan keçmişdı.

… Səhər işə gedəndə qapını ehtiyatla açıb, pilləkənləri də asta-asta düşməyə calışdım ki,  heç kəslə üzləşməyim. Çox güman ki,  kimsə mütləq “gecə konsertinə” görə narazılığını bildirmək istəyəcək…

Elə düşündüyüm kimi də oldu. Biri yox, elə bil hamısı məni gözləyirmiş. Qonşularımın açıq qapı-pəncərələrdən gələn səsləri də eyni nota köklənib. Səssizcə dayanıb dinləmək zorundayam. Nə deyəsiyəm ki? Günahkaram də…

–           Sevda xanım! Heç sizdən gözləməzdik! Qapı-pəncərəni niyə örtdünüz? Oturub gül kimi qulaq asırdıq də… Bilin ki, əməllicə incimışik sizdən.

 

Sevda Mikayılqızı

“Azərbaycan Aşıqlar Birliyi”     http://aab.az/      http://www.aab.az/sakillar.php

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.