Şair, publisist, ziyalı Muxtar Qasımzadə haqqında

Print Friendly, PDF & Email

Nuh çıxandan gəlirəm

Bura Nuhun öz eli.

Köhnə qala məzarı

Gəmiqaya heykəli

Muxtar Əziz oğlu Qasımzadə 1951-ci ildə Nax­çıvan şəhərində anadan olub. Gənclik illərin­dən (1970) bu günə qədər jurnalistlik fəa­liyyətini da­vam etdirməkdədir. Bədii yara­dıcılığa da elə hə­min illərdən başlayıb. Şeir və poemaları mətbuat­dan, ədəbi jurnallardan, al­manaxlardan, mavi ek­ran­­dan, radio dalğaların­dan ictimaiyyətə yaxşı ta­nışdır. Müxtəlif vaxtlarda Beynəlxalq poeziya festi­vallarının iştirakçısı olmuş, şeirləri rus, fars, ingi­lis dillərinə tərcümə edilmişdir.

Televiziya və radionun inki­şafındakı xidmətlə­rinə görə ölkə Prezidentinin sərəncamı ilə (2006) “Tərəqqi” medalına layiq görülmüşdür.

Hazırda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birli­yin­də nəşriyyat bölməsinin müdiridir. O, 500-ə ya­xın müxtəlif mövzulu kitabın redak­torudur. M.Qa­sımzadə öz poetik imkanlarını öl­­çüb-biçən, sözə qə­naətlə yanaşan qələm sa­hib­­lərimizdəndir. “Nuh­çı­xandan gəlirəm” ki­tabı şairin oxuculara yeddinci ədəbi töhfəsi­dir. Ki­taba müəllifin yeni yazdığı və əvvəlki kitab­la­rından seçilmiş şeirləri toplan­mış­dır.

 

   And içdim torpağa, and içdim göyə,

   Andım çörək haqqı, duz haqqı oldu.

   Allahın verdiyi nemətdi deyə,

   Andımın biri də “söz haqqı” oldu.

 

   Sevdim Yaradanı, könlüm açıldı,

   Sandım varlığımı bahar şəklində.

  Sözüm qanadlandı, dilim açıldı,

  Mən dua oxudum şeir şəklində.

 

 

     TANRI

  Tanrı ağappaq taxtında

  Öz işindəydi.

  Təmənnasız vərdişində,

  Ucalığında, ağlığında

  Ağappaq gülüşündəydi.

  Allah Məhəmmədə dedi

  O da yazdı…

  Sən görmədin, mən gördüm –

  Yaradanı gördüm…

  Sən odla oynayırdın,

  Sən qanla oynayırdın

  Səni görməzdən gəldim.

  Sən Yer üzünün allahı deyildin

  Səni tamahkarlar uydurmuşdu

  Uyduranlar uyutmuşdu!

  Allah Məhəmmədə dedi

  O da yazdı:

  Zordan allah olmaz

  Zor zoru,

  Var varı əzər.

  İnsaf insafı,

  Mərhəmət mərhəməti bəzər…

  Sən görmədin,

  Mən gördüm

  Onu gördüm –

  Özünü gördüm.

  Tanrı ağappaq taxtında

  Bərəkət yağdırırdı ağlığından.

  Qızıl baxışlarıyla

  Öz işindəydi

  Ağlığında, ağalığında –

  Ağappaq gülüşündəydi… 

 

 

 

Akademik İsmayıl  Hacıyev   Muxtar Qasımzadə haqqında

Tarix, xalqların keçmişinə və mədəniy­yə­tinə güzgü tutan bir elmdir. Bu elmin priz­masından, işıqlı pəncərəsindən dərin qat­lara boy­lananda doğma xalqımızın da tarixin sinə­sində silinməz izlər qoyduğunun şahidi olu­ruq.

Keçmiş deyəndə, dərhal gözümüzün önü­nə qəhrəmanlıq səhifələri, şifahi xalq ədəbiy­yatı nümunələri, yazılı abidələrimiz, habelə me­marlıq incilərimiz gəlir.

Naxçıvan Muxtar Respublikası qeyd olu­nan xarakterik xüsusiyyətlərə görə tarixin səhi­fələrində özünəməxsus layiqli yerlərdən birini tutur.

Bu gün müstəqil Azərbaycan Respublika­sının Konstitusiyası bütün abidələrimizin mad­di və mənəvi sərvət kimi qorunmasını təmin edir. Bir sözlə, tarixi memarlıq abidələrimiz dövlət tərəfindən qorunur.

Şair-jurnalist Muxtar Qasımzadənin tarixi mövzularda yazdığı şeirlərlə yaxından tanış oldum. Müəllif öz üzərinə son dərəcə şərəfli bir iş götürmüş, vətəndaşlıq baxımından fayda­lı və əhəmiyyətli bir vəzifənin öhdəsindən de­mək olar ki, uğurla ğəlmişdir.

İlk baxışda hiss edirsən ki, hər şeir sanki bir poetik bələdçidir. Şeiri oxuduqdan sonra sö­zü gedən qala, yaxud türbə haqqında səndə bö­yük təsəvvür və məhəbbət yaranır. Hardan söhbət gedirsə, oranı görmək həvəsi oyanır qəl­bində. Misralar boyunbağı kimi qatarlanan Naxçıvan abidələrinə körpü salır elə bil. Hər şeirin özünəməxsus vəzifəsi, xasiyyəti vardır. Məsələn, coşqun ədəbi təfəkkürün məhsulu olan “Xaraba Gilan” şeirində möhtəşəm şəhər qalıqlarının canlı mənzərəsini, xronoloji tari­xi­ni, eyni zamanda mifiq Şərq fəlsəfəsinin ele­mentlərini görürük.

Müəllifin “Gəmiqaya”sını xarakterinə gö­rə tarfixi və siyasi baxımdan son dərəcə əhə­miy­yətli şeir hesab etmək olar. “Bəkir oğlu Əcəmi”, “Oğlan qala, Qız qala”, “Əlincə”, “ Fərhad evi”, “Gülüstan”, “Qarabağlar türbəsi” və sair qızıldan qiymətli örnəklərimiz tarixi­mi­zin canlı şahidləri kimi poeziya qiyafəsində bir daha ömür qazanmış, özünə bədii “pasport” almışdır.

M.Qasımzadənin gərgin zəhmət və axta­rışlarının bəhrəsi olan bu şeirlər elmi-nəzəri faktorlarına, bələdçi rolunu oynayan xüsusiy­yət­lərinə görə hər bir tarixsevər üçün dəyərli töhfə, vətənpərvərlik vəsiləsidir. Bütövlükdə bu silsilə şeirləri qalalarımızın, türbə və abidə­lərimizin poetik xəritəsi də hesab etmək olar.

Əziz oxucu, əgər Muxtar respublikamı­zın–Nuhla yaşıd olan ulu Naxçıvanımızın tarixi mədəniyyəti ilə tanış olmaq istəyirsənsə bu şeirlərə müraciət et; hər qala könül dostun, sirdaşın, hər abidə qürurun, yaddaşın olsun.

 İsmayıl HACIYEV,

Tarix elmləri doktoru, Akademik.

(Nuhçıxandan gəlirəm kitabından səh. 15-16)

 

 

 

    Atam abidələr,

    Anam türbələr.

    Qardaşım qalalar,

   Bacım qübbələr.

   Mavi minarələr

   Pak meracımdır.

   O gəlin qayalar,

   O Kül təpələr.

  O gümüş zağalar,

   şəkil təpələr.

   O yazı daşları,

   Carçı daşları

   mənim alın yazım.

   taxtım, tacımdır!

   Yanar,  meteortək

   alışar onlar.

   Dili var, dindirsən

   Danışar onlar

   Ta ki, dünəninə,

   dönməyi bacar.

   Sən onu ürəkdən

   sevməyi bacar.

   Oxu tarixini,

   Oxu maraqla.

   Vətən torpağıdır

   Kitabın, bala

  Varaqla, varaqla,

  Onu  varaqla…

 

 

      ƏLİNCƏ

   Belinə kəmər kimi

   Bağlayıb sərt daşları.

   Ehtiyat əsgər kimi,

   Saxlayıb mərd daşları,

  Sanki qoyubdu dincə,

                            Əlincə.

   Dörd qaplandı hovuzlar,

  Alır buluddan bacı.

  Zirehlənib hasarlar.

  Qurulub taxtı-tacı-

  Miladdan çox-çox öncə,

                            Əlincə

  Vuruşub zaman-zaman,

  Düşməni əldən düşüb.

  Olubdu yurda qalxan,

  Miranşah dildən düşüb,

  Sıxıb Teymuru küncə,

                         Əlincə

  “Şahtaxtı”- şah qalası,

   Dizində ərlər yatır.

   Şırımlanıb yaxası,

   Köksündə sirlər yatır

   Daş altında düşüncə,

                         Əlincə

   Burda Atabəy, Özbək

  Qalay bel bağlayıb

  “Xəzinəni” sonadək

  Məlik Tahir saxlayıb

  Döyüşübdü ölüncə

                      Əlincə

 Cəlair dövlətinin

 Himni, bayrağıdır o,

 Mömin Şərafəddinin

 Yaddaş çırağıdır o-

Təzkirəmdir bütüncə

                      Əilncə.

 

 

     XANƏGAH

 Əlincə qalasından

 Üç min  dirsək yuxarı.

 Gəlin, dərə yoxuşa

 Qalxaq gedək yuxarı.

 Ceviz qocalıb tamam,

 Cadar-cadar qolları.

 Kəndirlənib dizinə

 Xanəgahın yolları.

Yüz illərdi beləcə,

 Zaman dayanıb durub.

 Heyran qalıb Əlincə,

 Duman dayanıb durub.

  Adlayıb on dörd əsri

 Yol gəlib Xanəgaha.

 Qovuşub müridləri

 Mövlanə Fəzlullaha.

Dağdı daşdı müridlər,

 Şeir deyir Nəsimi…

 Xor oxuyur qəbrlər:

 “Ya Fəzllullah Nəimi”.

 Sirri – Xudaya görə

 Bilir bu yer, göy nədir.

 “İnsan üzü kitabə”,

 Gözəlliyi ayədir.

 Mat qoyub teymurları,

 Çatıb haqqa kamala.

 Hürufilər Nigarı,

 Can dildarı Fəzlullah.

 Xaliqin qüdrətiylə,

 faili-Muxtar olub.

 Haqqın kəramətiylə

 Ocaq olub, pir olub.

 Memar Cəmaləddinin

 Ehtişamıdı türbə

 Şeyx Fəzlullah cəddinin

 Yanar şamıdı türbə.

 

 

            HAÇADAĞ

  Başında həmişə dumanlar gəzər

  Çağlayar, qaynayar, daşar Haçadağ.

  Çiçəklər köksündə  yazıya bənzər,

  Olar olk bahara şüar Haçadağ.

 

 Qoşa buynuzu  ar maral timsalı,

 Olub Naxçıvanın hüsnü, camalı.

 Dağlar maralına bənzər bu halı

 Sevən ürəkləri oxşar Haçadağ.

 

 Hərdən şimşəklərin gələr tuuna,

 Göydən ildırımı çaxar başına,

 Xırda təpələri yığar başına,

 Özü sərkərdəyə oxşar Haçadağ.  

 

“Nuhçıxandan gəlirəm” kitabından 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.