Səxavət Aslan yazır: “Laylam, ağım – muğamatım, Tanrı payım – baratım” –muğamsayağı esse

Print Friendly, PDF & Email

Dünyamızın nizamıdır Muğam!
Yaranmışların Yaradan qarşısında ilahi heyrətidir Muğam.

Ruhumuzun qidası, qəlbimizin cilası, içimizin ətridir Muğam.

Dəyişən dünyamızın dəyişməz əxlaqı, xoş niyyət sorağındakı əməlidir Muğam.

Rəhmsizləri rəhmə, amansızları amana gətirən şəfqət selidir Muğam.

Qaranlıq çöhrələri işıqlandıran, ümidsizləri ümidləndirən İşıq payıdır Muğam.

Əqidə, eşq, düşüncə, məslək təşnələrinin şəhidlik şərbətidir Muğam.

Dərdsizliyin qəmi, dərdliliyin qəm işığıdır Muğam.

İbadət etdiyinə itaət zövqünü yaşamaqdır Muğam.

İnkişafı Bütövdən zərrəyə, mürəkkəbdən sadəyə idrak edənlərin sirli zəka yozumudur Muğam.

Zamanın gərdişinə qurban verilən Böyüklərimizin,Böyüklüklərimizin itkisindən doğan peşmanlıq ağısıdır Muğam.

Şəxsi böyüklüyünü milli böyüklüyü zəminində isbatlamış Şəxsiyyətlərimizin əbədiyaşarlıq dastanıdır Muğam.

Arxa bildiklərini qarşında, güvəndiklərini güvənsizlikdə görmənin göynərtisidir Muğam.

Uğrunda ölümə hazır olduğun varlığı öldürə bilmənin acılı fəryadıdır Muğam.

Dilin deyə bilmədiklərini deyən, səsə çevrilən, avazlanan ürək sözüdür Muğam.

Vətən eşqinin, azadlığın, azadfikirliliyin, mübarizliyin bitməz bitkinliyidir Muğam.

Sonu bilinməz ayrılığın, hicranın gözlənilməz vüsal dəmidir Muğam.

Keçmişimiz, bu günümüz, sabahımız – əbədiyyət yolçuluğundan sorağımızıdır Muğam.

Muğamımız – Məqamımızdır!

Məqamımız mübarək!  

Səxavət Aslan, www.strateq.az övraqı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.