Realizmin duyğulandırıcı görüntüləri rəngkar Həmzə Sadiqovun yaradıcılığı haqqında

Print Friendly, PDF & Email

Qənaətimcə, Naxçıvanda doğulanlar üçün rəssam olmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, sənət həvəsli insanların çoxu üzünü görmədiyi məşhur Bəhzruz bəy Kəngərlinin adını eşidib rəssam olmaq həvəsi ilə yaşayır. Amma rənglərlə baş-başa qalanda, rəssamlığın çoxlarının görə və duya bilmədiyi çoxqatlı çətinliklərdən ibarət olduğunu dərk edəndə, üstəlik, Bəhruz bəyin də yalnız ölümündən sonra onu tapan şöhrətinin sayagəlməz mərhumiyyətlərdən keçdiyinin biləndə bu yolu seçib-seçməmək hər kəs üçün çox müşkül məsələyə çevrilir. 

Yəqin ki, dünyanı duyandan Haça dağı özünə gözəllik qaynağı seçən və onu rənglərlə təsvir etməkdən usanmayan Həmzə Sadıqov da zamanında belə bir dilemma ilə qarşılaşıb. Bəlkə də “Bəhruz bəy Kəngərli zirvəsi”nə yüksəlməyin xofunu aşa bilməməyinin nəticəsidir ki, o, sonda rəssamlıq yox, texniki sahədə təhsil almağa üstünlük verdi. Baxmayaraq ki, onun rəssamlıq təhsili almağa qərar verməsi üçün müsbət zəmin kifayət qədər idi. 

Həmin illərə qayıtmalı olsaq, onda deməliyik ki, uşaq vaxtı bütün yaşıdları kimi içində gəzdirdiyi arzuları göyərtmək istəyi ilə yaşayan Həmzə Sadıqov respublikanın əməkdar rəssamı Məmməd Qasımovun şəhərdəki rəsm dərnəyinin fəallarından biri kimi gələcəyini rənglərə bağlılıqda görürdü. O dördə çəkdiyi rəsmlərinin zamanında çox nüfuzlu sayılan “Göyərçin” jurnalında və “Azərbaycan pioneri” qəzetində vaxtaşırı çap olunması da onun uğurlu gələcəyindən xəbər verirdi. Odur ki, Bakıda hansı sahədə təhsil almasından xəbərsiz olanlar onun Azərbaycan Politexnik İnstitutunu bitirib mühəndis diplomu ilə Naxçıvana dönməsinə əvvəlcə inanmaq istəmədilər. Elə bütün bu illərdə fırçanı əlindən qoymayan Həmzə Sadıqovun özü də çox çətin-ikili vəziyyətə düşmüşdü. Odur ki, psixoloji baxımdan heç də asan dəf olunmayacaq bu anları arxada qoyan gənc mühəndis-rəssam elə o vaxtdan bu peşələri qoşa yaşatmağa başladı. 

1975-1977-ci illərdə zəhmətkeşlərin yaradıcılığına keçirilən Ümumittifaq baxış-festivalda iştirak edən, əsərləri Bakı və Moskvadakı yekun sərgilərində nümayiş olunan Həmzə Sadıqovun bu sənət yarışmasının qalibi adına layiq görülməsi artıq gənc rəssamın bu sahədə diqqət çəkən nailiyyətlər əldə etməsindən xəbər verirdi. Həmin dövrdə onun əsərlərinin Yuqoslaviyada təşkil olunan sərgidə uğurla nümayişi də rəssamın beynəlxalq uğurunun ifadəsii idi. 

Gənc rəssamın 1977-ci ildə doğma Naxçıvanda təşkil olunan fərdi sərgisi onun üçün həm də bu tədbirdə Azərbaycan rəssamlığının canlı korifeyləri Mikayıl Abdullayev və Maral Rəhmanzadənin iştirak etməsi ilə unudulmaz hadisəyə çevrildi. Əsərlərində müsbət məziyyətləri yüksək dəyərləndirən məşhurlar ona bu sahədə təhsil almağı məsləhət gördülər. Az sonra Moskvadakı Qiyabi Xalq Yaradıcılığı Universitetinə qəbul olunması da onun yaşlı həmkarlarının tövsiyyələrinə cavab oldu. 

Təhsilsonrası davamlı olaraq keçirilən müxtəlif miqyaslı sərgilərin iştirakçısı olan Həmzə Sadıqov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv qəbul olundu. Əsərlərinin Aşqabad (2009) və Urmiya (2011) şəhərlərində nümayişi isə sənətinin şöhrətinin Azərbaycanın hüdudlarının aşdığından xəbər verdi. Onun 2011-ci ildə “Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülməsi isə milli təsviri sənətimizin inkişafına verdiyi töhfələrə rəsmi münasibətin ifadəsi kimi qəbul olundu…

Təsviri sənətin cərəyan və üslublarla zəngin olduğu indiki vaxtında gerçəkliyə bədii münasibətini real tutumda ifadə edənlərə münasibətin birmənalı olmadığı heç kəsə sirr deyil. Bu gün sərgi salonlarını “müasir incəsənət” termininə bələnmiş təsviri sənət nümunələri ilə “zənginləşdirməklə” bu məkanında at oynatmaq istəyənlər unudurlar ki, onların göstərdikləri “artşou”dan başqa bir şey deyildir. Qənaətimcə, bədii məkanın xaotik tutum almış indiki durumunda yaşı dəqiq bilinməyən realizm ənənələrinə sadiq qalmaq, onun bədii ifadə imkanlarını genişləndirməyə səy göstərmək “yalançı müasirlik”dən daha çətin yaradıcılıq məsələsidir. Bu mənada Həmzə Sadıqovun realist-gerçəkçi bədii ənənələrə tapınmaqla yaratdığı əsərlərdə dəyərli bədii-estetik kifayət qədərdir, desək, yanılmarıq…

Onun yaradıcılığında ən müxtəlif janrlar yer alsa da, onu mənzərəçi-rəssam kimi dəyərləndirmək daha düzgün olardı. Naxçıvan təbiətinə bələd olanlara rəssamın təsvir üçün seçdiyi motivlər yaxşı tanışdır. Amma onların hər birində bu tanış motivlərə özünəməxsus müəllif münasibəti mövcuddur. Naxçıvanda çox məşhur olan bu motivlər arasında Haça dağın təsviri yəqin ki, ən geniş yayılanlardandır. Bəhruz bəy Kəngərlidən başlayaraq bu günümüzə kimi az qala Naxçıvanın rəmzinə çevrilən bu dağı demək olar ki, bütün yerli rəssamlar təsvir ediblər. Həmzə Sadıqovun da yaradıcılığında Haça dağın təsviri əsas yer tutur. Amma onların hər birində rəssamın bu dağa bir-birindən fərqli baxışı mövcuddur. İlin ayrı-ayrı fəsillərində, günün müxtəlif vaxtlarında bu dağa göz qoyan rəssam hər dəfə fəsil və gün təsirini onun rəngdən-rəngə düşən görkəmində göstərməyə nail olmuşdur. Haça dağı yay və payız fəsillərində evlərlə, ağaclarla, çayüstü körpü və rəqs edən qızlarla vəhdətdə təsvir edən müəllif, bu fərqli auranın yaratdığı ovqatı rənglərin dəyişgən çalarlarında əks etdirmişdir. Hər dəfə hər birimiz üçün əzəmət və qürur qaynağına çevrilən dağı kompozisiyanın dominantına döndərən Həmzə Sadıqov, ona mənəviyyat qaynağı tutumu verməklə, bütünlükdə əsərin duyğulandırıcılığını əldə etmişdir. Bu yaradıcı prosesdə rəssamın gerçəkçi olmasının nəticəsini Haça dağlı tabloların nəhayətsiz estetik mənbəyinə çevrilməsi təsdiqləyir, desək, həqiqəti söyləmiş olarıq. 

Rəssamın Naxçıvan təbiətinin bənzərsizliyini özündə əks etdirən Batabata münasibətində də biz oxşar bədii yanaşmaya şahidlik edirik. Əcəmi yurdunun bu əsrarəngiz guşəsinə müxtəlif nöqtələrdən göz qoyan Həmzə Sadıqov təbiətin möcüzəsi kimi dəyərləndirilən gölün daşıdığı çeşidli gözəllik qaynaqlarını üzə çıxarmaqla, onu cəlbedici görkəmdə bədiiləşdirmişdir. Batabatın dağlarla – ağaclarla, yaz – payız gülləri ilə əhatələnmiş ayna səthinə yaradıcı nəzərlə göz qoyan müəllif, çox vaxt tamaşaçının görə bilmədiyi gözəllik qaynaqlarını üzə çıxara bilmişdir. Bir qayda olaraq rəng palitrası şux və parlaq boyalardan ibarət olan rəssamın əsərlərin ümumi koloritini nikbin ruha kökləyə bilməsi də onun özünəməxsus sənətkarlığının nəticəsidir. 

Təbiətlə təmasdan usanmayan rəssamın yaradıcılığında doğma yurdun digər guşələrinin yer alması da yəqin ki, təbiidir. Bu mənada onun müqəddəs Əshabi-kəhf dağına, Əlincə qalasına, anəgah türbəsinə, Nəhəcir dağına, Uzunoba gölünə, Ordubad dağlarına və s. motivlərə həsr etdiyi çoxsaylı əsərlərin adını çəkmək olar. Bu tarixi məkanları bədiiləşdirməyə qərar verən rəssam, yaddaqalan ifadə vasitələri ilə onların gələcək nəsillər üçün qürurverici qaynağa çevrilməsinə nail olmuşdur. 

Həmzə Sadıqovun Naxçıvanın qədim memarlıq abidələrinə bədii münasibətində də onun yurd sevgisi duyulmaqdadır. Qazançı və Aza körpülərinə, Gülüstan, Qarabağlar, Əcəmi təxəyyülünün nəticəsi olan Mö’münə xatun və Yusif Küseyr oğlu türbələrinə, eləcə də yeni inşa olunmuş Heydər, Çeşməbasar və Şərur məscidlərinə həsr olunmuş tablolar memar və inşaatçı əməyinin görüntüsü olmaqla yanaşı, burada yaşayanların işıqlı əməllərini gələcəyə daşımaq istəklərinin ifadəsi sayılmalıdır. Bütünlükdə isə, Həmzə Sadıqovun əsərlərini realizm cərəyanının duyulandırıcı görüntüləri, gerçəkçiliyə layiqli töhfə hesab etmək olar…

P.S. Yazı “Kaspi” qəztinin 13 avqust 2016-cı il tarixli sayında çap olunub.

Ziyadxan ƏliyevAzərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.