Ramiz Dənizin “Brazilyanın müəmmalı kəşfi” əsəri barədə

Print Friendly, PDF & Email

…Florentsiyalı alim Paolo Toskanelli 1474-cü ildə tərtib etdiyi məşhur dünya xəritəsinə görə Avropada böyük şöhrət qazandı. Toskanelli Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olması və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü bildirmişdi. Yazıçı-tədqiqatçı R. Dəniz öz tədqiqatlarına əsaslanaraq yeni bir fikir söyləyir ki, Kolumb özünün trasatlantik layihəsini P. Toskanellinin tərtib etdiyi xəritəsindən deyil, N. Tusinin tərtib etdiyi “Zic Elxani” astronomik kataloqunun köməyi ilə hazırlanmışdı…

 

 “Braziliyanın müəmmalı kəşfi” əsəri bəşəriyyətin Böyük coğrafi kəşflər dövrünün (XV-XVII əsrlər) əvvəlinə – çox maraqlı, ziddiyyətli, qaranlıq məqamları ilə dolu olan zaman kəsiyinə həsr olunub. O vaxt böyük dəniz dövlətləri (İspaniya, Portuqaliya, Hollandiya, Fransa, İngiltərə və s.) arasında Atlantik və Hind okeanlarında hegemonluq uğrunda çox gərgin mübarizə gedirdi. Demək olar ki, Yerin bütün hissələrinə tez-tez ekspedisiyalar bir məqsədlə göndərilirdi: rəqib ölkələri qabaqlamaq və yeni torpaq və əraziləri kəşf etməyə çalışırdılar.

Amerikanın və Afrikaya dəniz yolunun kəşfi, yeni torpaqların müstəmləkələşdirilməsi, xammal və əmtəə mübadiləsinin getdikcə artması bütövlükdə ticarətin, dənizçiliyin, manufakturan inkişafına təkan verərək metropoliyaların varlanmasına şərait yaradırdı. Buna görə Hindistanın və Çinin zəngin sərvətləri avropalıları çox cəlb edirdi.

Məlumdur ki, antik və orta əsr dövrlərinin elmləri arasında əlaqə var: orta əsr antik coğrafi biliklərə əsaslanır. Orta əsrlərdə dini təsəvvürlərdə də Dünya okeanı konsepsiyası əsasında bütün okean və dənizlərin bir-biri ilə əlaqəli olması fikri qəbul edilmişdir.

Erkən və Orta əsrlər (IX-XVI ə.) əslində elmin tənəzzülü, dini təsəvvürlərin hakim mövqe tutması dövrüdür. Bununla belə, bu mərhələdə də səyahətlər nəticəsində coğrafi kəşflər və biliklərin toplanması davam edirdi, səyyahların və alimlərin səyləri nəticəsində onlara məlum ərazilərin coğrafi təsvirlərini, sxem və xəritələrini yaratmaq mümkün olmuş-dur. Yeni davamlı gəmilər hazırlanması ilə yanaşı, dəniz xəritələrinin tərtibi və gəmiçilik cihazlarının (səma qlobusu, astrolyabiya, qladştok, kompas və s.) kəşfi dənizçilərə daha uzaq ərazilərə səyahət təşkil etməyə imkanlar verirdi.

Orta əsrlərdə elmin inkişafına yunan alimi Klavdi Ptolomey (II ə.) böyük təsir göstərmişdir. Səkkiz kitabdan ibarət “Coğrafiya” əsərində Ptolomey coğrafiyanın öyrəndi-yi sahələri gösərmiş, xəritə tərtib edilməsi üsullarını, onun üçün kartoqrafik proyeksiyaları vermiş, coğrafiyanın xəritəşünaslıq və ölkəşünaslıq kimi iki sahədən ibarət olmasını qeyd etmişdir. Onun digər kitablarında 8 minə qədər məntəqə və ərazilərin koordinatları, 27 xəritə əlavə verilmişdir. Onlardan biri bütün məlum ərazilərin xəritəsidir. Ptolomeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrika və Asiyada daha geniş ərazilər, onların sahilləri isə daha dəqiq təsvir olunur. Yerin əyriliyi nəzərə alınır, dərəcə toru çəkilir.

Orta əsrlərdə ərəb ölkələrində coğrafiya inkişaf edirdi, səyahətlər nəticəsində müxtəlif ölkələr haqqında zəngin məlumatlar toplanırdı. Bu səyyahlardan VII əsrdə yaşamış Übeyd İbn Şərqiyyəni, IX-X əsrlərdə yaşamış İbn Ruslanı, Əl-Məsudini, XIV əsrdə ortalarında yaşamış İbn-Bəttutəni qeyd etmək olar. Ərəb səyyahı Əl-Məsudi X əsrdə Ön Asiyanın, Mərkəzi Asiyanın, Qafqazın, Şərqi Afrikanın, İndoneziyanın, Çinin təbiəti, tarixi və xalqları haqqında əsər yazmışdır. O inanırdı ki, Hind və Atlantik okeanları arasında əlaqə mövcuddur. Mərakeşli İbn-Bəttutə Böyük Səhranı iki dəfə keçmiş, Afrikanın şərq sahillərində olmuş, Volqa çayı boyu Bulqar şəhərinə qədər getmişdir. Bundan sonra Bəttutə Ön Asiyada, Mərkəzi Asiyada, Hindistanda, Hind-Çində və Çində olmuşdur. 1498-ci ildə Vasko da Qama bu ərazilərə gələrkən ərəblər Hindistan, Hind-Çin ölkələri və Çin ilə geniş ticarət əlaqələrinə malik olmuşlar.

1271-1292-ci illərdə Çin, Hindistan və Hind-Çində olan Marko Polo bu ərazilər haqqında Avropaya ilk dəfə məlumatlar gətirmişdir. Bu ölkələrdə zəngin təbii sərvətlər, xüsusilə ədviyyat olması barədə səyyah öz kitabında yazır. Venetsiyalı Konti Nikolo da bu dövrdə (1424-1444) Hindistan, Hind-Çin, İndoneziya, Seylonda olmuş, bu ölkələr haqqında zəngin məlumatlar vermişdir.

XV əsrin ikinci yarısında (1466-1471) Hindistana səyahət edən rus taciri Afanasi Nikitin bu təsəvvürləri daha da genişləndirdi.

Beləliklə, tarixi mənbələrin öyrənilməsi bir nəticəyə gətirib çıxarır: orta əsrlər dövründə avropalılar əmin idilər ki, Avropa və Hindistan yaxındırlar, bu səbəbdən Atlantik okeanından keçməklə gəmi səfəri praktiki cəhətdən realdır.

Yuxarıda qeyd olunan səyahətlər onu göstərir ki, artıq XV əsrin ikinci yarısında qərb istiqamətində dəniz yolu ilə Asiyaya gəmi səfəri ideyası tam “yetişmişdir” və artıq həyata keçirmək mərhələsinə çatmışdı. Uzaq şərq ölkələrinin – Hindistan və Çinin tükənməz sərvətləri avropalıları maqnit kimi cəlb edirdi.

XV əsrdə Avropada intibah dövrü başlanmışdır. Bu zaman yeni ərazilərin kəşf edilməsi, öyrənilməsi və zəngin sərvətlər toplanması zərurəti yaranmışdır. Lakin quru yollarla həmin ölkələrə gedib çıxmaq üçün çox vaxt lazım idi və yollar təhlükəli idi. Avropa ölkələri bu dövrdə sürətlə inkişaf edirdilər və güclü dəniz yollarının açılması qarşıda əsas məqsəd kimi dururdu.

Xristofor Kolumb “Yeni Dünya”nı kəşf etmiş böyük dəniz səyyahıdır.

X. Kolumb Genuyada (İtaliya) anadan olmuş, uzun müddət Portuqaliyada yaşamış, burada evlənmişdi, burada onun oğlu doğulmuşdu, Atlantik okeanda onun ilk səyahətləri məhz Portuqaliyadan baş vermiş, lakin  sonra İspaniyanı təmsil edən dənizçi Valyadolid şəhərində (İspaniya) vəfat etmişdir.

Genuyalının Transatlantik proyektini Portuqaliya qəbul etməyəndən sonra, dəniz səyyahı həmin proyekti İspaniyaya təklif etmiş və İspaniyanın razılığını ala bilmişdir. X. Kolumb Hindistana dəniz yolu axtarmaq üçün daim düşünmüş, Toskanellinin xəritəsi və məktubuna əsasən yolun çox olmadığını duymuşdur. O, belə nəticəyə gəldi ki, qərbə hərəkət etməklə Şərqi Asiyaya çatmaq olar.

X.Kolumb Yerin kürə formasında olması fikrinə əsaslanaraq 1492-ci il avqustun 3-də Palos (indiki Uelva) limanından Hindistana dəniz yolunu açmaq üçün qərbə doğru üzməyə başladı. 12 oktyabr 1492-ci ildə onun ekspedisiyası Baham adalarına çatdı. Həmin gün Amerikanın kəşf olunduğu vaxt hesab edilir. Kəşf edilən ərazilərin Hindistan olduğunu fərz edən Kolumb yerli əhalini hindular, əraziləri isə Vest-Hind (Qərbi Hindistan) adlandırmışdır. Səyahət nəticəsində Atlantik okeanda Şimal Passat cərəyanı, Sarqass dənizi, Böyük Antil və Kiçik Antil adaları kəşf olundu.

1493-cü ilin martın 16-da X. Kolumb qalib kimi İspaniyaya qayıdır. Bir-biriləri qalib ilə rəqabət aparan İspaniya və Portuqaliya arasında yeni gərginlik yaranır: İspaniyanın bir ekspedisiyası portuqalların yarım əsrlik səylərinin üstündən xətt çəkirdi. Bütün təşəbbüslərə, şöhrət gətirmiş çoxlu kəşflərə baxmayaraq ən başlıca məqsəd – Hindistan – portuqalların öz təqsiri üzündən sıyrılıb əldən çıxırdı. Bu azmış kimi, İspaniya öz qələbəsini təsbit etmək, yeni torpaqları kəşf etmək üçün növbəti ekspedisiyanı təşkil etməyə çalışırdı.

X. Kolumbun birinci səyahəti sonrakı hadisələrin gedişatına mühüm təsir göstərmiş və portuqallar Braziliya sahillərinə getmək üçün hərəkətə gəlmişdilər. Məhz Kolumb səyahətindən sonra portuqal kralı məxfi ekspedisiyanın yola düşməsinə qərar verməli olmuşdu.

Atlantik okeanın qərbində böyük torpaq ərazisinin, adaların mövcudluğu Avropada şübhə doğurmurdu. Lakin maraqlı sual o idi ki, həmin ərazi Avropa sahillərindən neçə kilometr aralıda yerləşir? XV əsrin ortalarında portuqallar Kanar, Madeyra, Azor və Yaşıl Burun adalarından qərb tərəfə səyahətlər təşkil etmişdilər, amma heç kim (o cümlədən, 1487-ci ildə fələməngli dənizçi Ferdinand van Olmen) müvəffəqiyyət əldə edə bilmir.

Əsərin müəllifi van Olmenin və digər portuqal dənizçilərin uğursuzluqları onların ilin münasib olmayan vaxtında yola düşmələri, zəif hazırlıqlı olmaları və Kolumbdan fərqli olaraq, okeanda passatlardan, cərəyanlardan lazımi şəkildə istifadə etməmələri ilə izah edir.

Nəhayət XV əsrin sonunda portuqallar öz inadkarlıqları ilə fəaliyyətlərinin ikitərəfli (eyni vaxtda həm şərqə, həm qərbə) təşkil olunması hesabına uğursuzluq zolağından çıxırlar. 1498-ci ildə portuqal dəniz səyyahı Vasko da Qama Afrikanın cənubundan keçərək Hindistana dəniz yolunu kəşf etmişdir. Səyahət zamanı Afrikanın böyüklüyü və forması dəqiq müəyyən edilir. Hind okeanının öyrənilməsi nəticəsində onun digər okeanlarla əlaqəsinin olması müəyyən olur.

Yazıçı-tədqiqatçı Ramiz Dəniz hesab edir ki, XV ə. sonunda coğrafi kəşflər tarixi yeni avantüra ilə üzləşir. Martın 9-u 1500-ci ildə Pedro Alvareş Kabralın başçılıq etdiyi ekspedisiya Lissabon limanından Hindistana yola düşür. Kabralın missiyası əsasən Hindistanda Portuqaliyanın təsirini möhkəmlətmək, ticarət əlaqələri yaratmaqdan ibarət idi. Aprelin 22-i 1500-ci ildə portuqallar Braziliya sahilini görürlər və bununla da Braziliyanın kəşfi rəsmiləşdirilir. Tarixə isə həmin kəşf “təsadüfən baş verən kəşf” kimi düşür. Braziliyanın flora və faunası hamını heyrətə gətirir, yerli əhali isə portuqallara ağac kəsməkdə köməklik göstərirlər. Sonrakı illərdə portuqallar Braziliyadan “pau-brazil” adlanan qiymətli qırmızı ağac aparmağa başlayırlar (Braziliya sözü də buradandır).

Əsərin müəllifi Ramiz Dənizin fikrincə, Kabralın Atlantik okeanın qərb sahilində aşkarladığı böyük torpaq, təsadüfi kəşf yox, Portuqal krallığının XV əsrdə dünya ictimaiyyətinə təqdim etdiyi ən böyük yalandır. Ona görə ki, ekspedisiyanın hərəkət marşurutuna nəzər yetirəndə aydın başa düşmək olar ki, elə bir heyrətlə, elə bir təcrübəli şturman və kapitanlarla okeanda azıb, kor-koranə uzun müddət üzərək minlərlə kilometr məsafəni arxada qoymaq mümkün deyildi.

Yazıçı-tədqiqatçı Ramiz Dəniz qeyd edir ki, bəzən tarix elminin ən tanınmış alimləri, xüsusi əhəmiyyət kəsb edən müəyyən bir coğrafi kəşflə bağlı bir çox məqamları axıra qədər araşdırmadan, həmin kəşfi olduğu kimi qəbul etmiş və o, tarixin səhifələrinə “təsadüf nəticəsində baş verən kəşf” kimi düşmüşdür. Buna bariz nümunə Braziliyanın “təsadüfi” kəşfidir.

Pedru Kabralın müəmmalı kəşfi ilə bağlı sualların sayı xeylidir. Əsas suallardan biri odur ki, bəlkə Kabral portuqal kralı I Manuelin məxfi tapşırığı ilə həmin səhvə yol varmiş, yəni nəzərdə tutulan kursdan yayınmışdır?

Ramiz Dəniz belə nəticəyə gəlir ki, Kabralın ekspedisiyası, gəmiləri idarə edən peşəkar dənizçilər kral I Manuelin verdiyi məxfi tapşırığı yerinə yetirmişdilər. Yəni, bi ekspedisiyanın heyəti nəyin bahasına olursa olsun, Atlantik okeanın qərb sahillərində yerləşən portuqallara məlum olan, lakin dünya icimaiyyətindən gizlin saxlanılan torpaqların varlığını rəsmiləşdirmək idi.

Tarixi mənbələrdə göstərilir ki, Kabralın ekspedisiyanın iştirakçısı Duarti Pireyra Atlantikanın o biri tayındakı torpaqlarda olubdur. Pireyra gizli tapşırıq nəticəsində 1494-cü ildə ilk dəfə Braziliya sahillərinə gedib çıxmışdır. Yazıçı-tədqiqatçının araşdırmaları da bunu təsdiqlədi. Deməli, Pireyra Kabraldan 6 il əvvəl Braziliya sahillərinə çatmışdır və ora aparan yolu da tanıyırdı.

Braziliyanın sahillərinə çatan D. Pireyra həmin sahil zolağının konturlarını çəkib, oranın koordinatlarını təyin edir. Lakin kralın tapşırığını yerinə yetirməyə tələsən və bu səbəbdən sahil zolağını yoxlamağa imkan tapmayan Pireyra elə zənn edir ki, qarşılaşdığı torpaq materik yox, hansısa bir adadır. Bu səhvi 6 ildən sonra P.Kabral bir daha təkrarlayır. Portuqallar istədiklərinə nail olurlar, lakin onlar bilmirlər ki, aşkarladıqları torpaq materikdir.

Lazımi məlumatları əldə edən portuqallar, guya Braziliyanın varlığından bixəbər kimi ədalətli olsun deyə, demarkasion xəttin 500 q. uz-na. qədər çəkilməsini tələb edirlər. İspan nümayəndələri əmin idilər ki, qərbdəki torpaqlardan xəbərsiz olan portuqallar Atlantikadan bir qədər artıq su hövzəsinə yiyələnmək istəyirlər. İspanlar artıq münaqişə yaranmasın deyə, heç kimə lazım olmayan okean sularını portuqallara güzəştə getməyə etiraz etmirlər. Burada portuqalların həm bəxti gətirmiş, həm də Kolumbun birinci səyahəti onlara xeyir vermişdi. Belə ki, onun hesabatında 65və 70q. uz-dan. şərq tərəfdə yalnız okean suları göstərilirdi.

1494-cü ildə bağlanan Tordesilyas müqaviləsinə görə demarkasion xətti Azor adalarıdan 270 liq qərbə doğru (4630q.u.) çəkilir və Braziliya avtomatik olaraq portuqal taxt-tacının mülkiyyətinə çevrilir. Beləliklə, portuqallar Roma papası VI Aleksandrın vasitəsilə ispanlara kələk gələrək Braziliyanın əldə edilməsinə nail olurlar.

Əsərin müəllifi düzgün olaraq qeyd edir ki, belə bir ədalətsiz bölgü ispanların haqlı zəhmətlərinin üstündən xətt çəkirdi. Ona görə ki, rəsmi olaraq ilk dəfə Braziliya sahillərinə ispan dəniz səyyahlar – Visente Pinson və Diyeqo Lepe qədəm qoyduqları üçün (1500-cü ilin yanvar-fevral ayları) bu kəşf onların adı ilə bağlanmalıdır.

XV əsrdə təşkil olunan dəniz səyahətlərinin aqibəti və müvəffəqiyyət qazanması bəzi hallarda təsadüfdən asılı olurdu. Məsələn, kral II Juan Kolumbun təklifini qəbul etsəydi, onda Amerikada yerləşmiş keçmiş müstəmləkələrin əksəriyyətində portuqal dilində danışacaqdılar. Yaxud, Amerikanı Portuqaliyanın xidmətində olan F.Van Olmen kəşf edə bilsəydi, onda qərbin tarixi tamamilə başqa cür olardı.

Tarixdə baş vermiş maraqlı təsadüflərdən biri də dörd məşhur səyyahın hər birinin eyni fikir söyləməsidir: X. Kolumb, D. Pireyra, C. Kabot və P. Kabral Amerika sahillərinə çıxanda oranın Şərqi Asiya olduğunu zənn etmişdilər. Səyahətini X.Kolumbdan 5 il sonra (1497-ci ildə) başlamış Con Kabot yeni materik torpağına ondan tez ayaq basmışdır, çünki Kolumb Cənubi Amerikanı üçüncü səfərində, yəni, 1498-ci ildə kəfş etmiş, lakin sahilə çatmamışdır.

Əsərin müsbət cəhətlərindən biri də verilmiş illüstrativ (şəkillər, xəritə-sxemlər, xəritə üzərində demarkasion xətti, qədim və yeni xəritələrin, qlobusun təsvirləri və s.) . Həmin illüstrasiyalar oxucunun diqqətini cəlb edir və böyük maraq doğurur.

Yazıçı-tədqiqatçı Ramiz Dəniz öz əsərində coğrafi kəşflər tarixinə, dəniz səyahətləri nəticəsində əldə olunmuş biliklərə, böyük səyyahların fəaliyyətinə tənqidi münasibət göstərməklə, həm də elmin, o cümlədən, xəritəşünaslığın inkişafına da toxunur. Əsərdə müəllif Martin Behaymın düzəltdiyi qlobusda (1492) Amerika qitəsinin təsvir olunmadığına aydınlıq gətirir və həmin qlobusun açılmış vəziyyətdə maketinin təsvirini verir.

Florentsiyalı alim Paolo Toskanelli 1474-cü ildə tərtib etdiyi məşhur dünya xəritəsinə görə Avropada böyük şöhrət qazandı. Toskanelli Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olması və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü bildirmişdi. Yazıçı-tədqiqatçı R. Dəniz öz tədqiqatlarına əsaslanaraq yeni bir fikir söyləyir ki, Kolumb özünün trasatlantik layihəsini P. Toskanellinin tərtib etdiyi xəritəsindən deyil, N. Tusinin tərtib etdiyi “Zic Elxani” astronomik kataloqunun köməyi ilə hazırlanmışdı.

XV əsrdə planisfer və portolan adlanan xəritələrdən istifadə edilirdi, İtaliyanın Genuya şəhəri isə o vaxt tanınmış xəritəşünaslıq mərkəzi sayılırdı. Planisfer xəritələri meridian paralelsiz dairəvi şəkildə tərtib olunurdu. Dəniz ticarətinin inkişafı ilə əlaqədər olaraq, kompas xəritələri, yaxud portolan adlanan xüsusi dəniz xəritələri tərtib etməyə başladılıar. Onlarda meridian və paralellər əvəzinə, bir sıra nöqtələrdə cəhətləri göstərən 32 istiqamət (rumb) çəkilirdi. Bu xəritələr kompas vasitəsilə gəminin istiqamətini təyin etmək üçün cızılırdı. Planisfer və portolan xəritələrin bir çox müsbət cəhətlərinə baxmayaraq, məntəqənin, obyektin dəqiq coğrafi koordinatını (enliyi və uzunluğu) təyin etməyə imkan vermirdi. XV əsrdə tərtib olunan xəritələrin başqa qüsurları da olurdu: qurunun sahil xətləri, ölçüləri dəqiq göstərilmirdi, məsələn, H. Martelin xəritəsində (1489) Qərbi Afrika sahillərindən Şərqi Asiya sahilinə qədər uzunluq məsafə 1300 əvəzinə 2400-dir.

Keçmiş komandor P. Kabral 1526-cı ildə vəfat edir, lakin bir səyahətdə dörd qitənin sahillərində – Avropa, Cənubi Amerika, Afrika və Asiyada olmuş dəniz səyyahı kimi tarixə düşür. Kabralın xəritəsini əbədiləşdirmək üçün 1968-ci ildə həm Lissabonda, həm də Rio-de-Janeyroda ona heykəl qoyurlar.

XV əsrin ikinci yarısında İspaniya və Portuqaliya arasında dünyanın bölüşdürülməsi uğrunda gedən mübarizənin nəticəsi kimi həmin dövrün dəniz ekspedisiyalarının bir çoxu məxfi qrif altında verilən tapşırıqları gizli şəkildə yerinə yetirirdilər. Bu səbəbdən coğrafi kəşflər tarixində bəzi mühüm kəşflərin əsl müəlliflərinin adı gizli olaraq açıqlanmırdı. Ona görə də “Braziliyanın müəmmalı kəşfi” əsərində uzun müddət ərzində aparılan tədqiqatlar nəticəsində “Braziliyanı kim kəşf edib?” sualının cavablandırılmasını müsbət qiymətləndirmək lazımdır.

Ramiz Dəniz XV əsrin çox mürəkkəb tarixin, ziddiyyətli hadisələrin bəzi qaranlıq məqamlarına aydınlıq gətirməyə çalışır, məntiqi analiz və tənqidi yanaşma əsasında tarixi mənbələri və xronologiyasını öyrənərək buna nail olur. Böyük coğrafi kəşflər dövrünü (əsasən XV əsr) xronologi-yasını, dəniz səyahətlərini öz baxışından keçirərək Ramiz Dəniz yeni fikir və nəticələr təklif edir. O, tarixin olduqca zəngin, mürəkkəb lakin çox maraqlı zaman kəsiyinə cəsarətlə müraciət edir. Tarixi nöqteyi nəzərdən bu zaman kəsiyini informasiya zənginliyi (tarixi şəxsiyyətlər, hadisələr, məşhur alimlər, kəşflər, yeni qitə və ərazilər, dünyanın bölüşdürülməsi, gəmiçiliyin, coğrafiyanın və xəritəşünaslığın inkişafı, alimlərin təzadlı fərziyyələri və s.) demək olar ki, tükənməzdir. Olduqca maraqlı və zəngin tarixi-coğrafi informasiyadan istifadə etməklə tədqiqat əsərinin yazılması bizə arzu olunan təklif kimi görünür.

Bizim fikrimizcə, yazıçı-tədqiqatçı Ramiz Dənizin “Braziliyanın müəmmalı kəşfi” əsəri oxucuların böyük marağına səbəb olacaq uğurlu əsərdir. Müəllifin özünə bundan da böyük uğurlar arzulayırıq!

 

Ramiz Məmmədov – AMEA-nın müxbir üzvü,

 texniki elmlər doktoru, professor

AMEA-nın akademik Həsən Əliyev adına

Coğrafiya İnstitutunun direktoru.

 

 

 

Şamil Əzizov

AMEA-nın akademik Həsən Əliyev adına

coğrafiya İnstitutunun “Xəritəçilik və

coğrafiyi informasiya” şöbəsinin müdiri,

coğrafiya elmləri fəlsəfə doktoru.

Brazilyanın müəmmalı kəşfi  – kitabını yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.