Qız qalası qondarma addır, biz onun tarixi adını qaytarmalıyıq

Print Friendly, PDF & Email

Qız qalası – haqqında əfsanələr, rəvayətlər qoşulmuş möhtəşəm abidə. Kimi deyir müdafiə qalası olub, kimi deyir daxma (ölülərin yığıldığı yer), hətta bu abidəni yadplanetlilərin tikdiyini deyənlər də var. Bu abidənin Leyli və Məcnunun qəbrinin üzərində ucaldığını deyənlər də az deyil… Bəs əslində bu qala nə zaman, nə məqsədlə və kim tərəfindən tikilib? Gəlin bu suallara cavab tapmağa çalışaq.

Qız qalası ilə bağlı araşdırma aparanlar arasında oxuduqlarımdan mənə ən maraqlısı və diqqətimi cəlb edəni araşdırmaçı və ezoterikaçı yazar İsgəndər Tağıyevin yazdıqları olmuşdu. Araşdırmalarında İsgəndər Tağıyev Qız qalasının adı, funksiyası ilə bağlı tam fərqli fikirlər səsləndirir. Ona görə də İsgəndər Tağıyevlə elə Qız qalasının yanında söhbət etməyi qərara aldım. Ölkə.Az saytı üçün xüsusi olaraq hazırladığımız müsahibəmiz çox uzun və maraqlı oldu. Çünki müsahibimiz bir çox müəmmalı məsələyə aydınlıq gətirir. Sizi əmin edirəm ki, darıxmayacaqsınız.

– Öncə gələk qalanın adına. İnsanları ən çox çaşdıran qalanın adıdır…

– Bizim mədəniyyətdə bu abidə ilə bağlı qız və ata süjet xətti yoxdur. Heç bir müsəlman və türk mənbəyində bu cür ada rast gəlinmir. XIX əsrin axırı və XX əsrin əvvəlləri qızların məhəbbəti ilə bağlı, ən çirkin ata və qız münasibəti kimi versiyalar ortalığa atılıb. Bu versiyalar abidənin tarixini öyrənən zaman bizə çox böyük maneələr törədir. Qız qalası adı ona yapışdırılmış ləqəbdir. Təkcə Azərbaycanda əlliyə yaxın “Qız qalası” adlı abidə var. Bunların sayı daha da çox ola bilər. Axtarmaq lazımdır.

– Bəs nəyə görə bu qədər “Qız qalası” var Azərbaycanda?

– Təkcə Azərbaycan yox, mən daha geniş işlədim bu mövzunu, İstanbuldan Pakistana qədər. Bu ərazilər daxilində 200-dən çox “Qız qalası” adlı tikili mövcuddur. Moldaviyada, Ukraynada, Balkanlarda, Türkiyədə, İranda, Gürcüstanda və.s. Təkcə Türkiyədə 40-dan çox Qız qalası adlı abidə var. Azərbaycandakı ən gözəl Qız qalası Gədəbəy rayonu ərazisindədir. O qalanın əsl adı isə Namərd qalasıdır.
Hər bir Qız qalasının öz tarixi adı var. Misal üçün İstanbulda olan və körfəzdə yerləşən “Kız Kulesinin” əsl adı Leandr qalasıdır.

Bakıdakı məhşur Qız qalasını 19-cu əsrə qədər Hunzar qalası adlandırırdılar və bizdə bunu təsdiqləyən dörd mənbə var. Çox təəssüflər olsun ki, təkcə adi vətəndaşlar yox, hətta tarixçilər də bunu “unudub”, dərsliklərdə, ali məktəb kitablarında, uşaqlar üçün cizgi filmlərində bu abidəni bir qızın dramı kimi təqdim edirlər. 1928-ci ildə Qız qalası adlı balet də üzə çıxıb (librettosu əcnəbi Fituni, musiqisi isə Əfrasiyab Bədəlbəylinindir). Ondan da əvvəl 1920-ci illərdə “Qız qalası” adı ilə propaqanda xarakterili film də çəkilib. Bütün tarixçilər abidənin əsl adını (yəni tarixi adını) tapmağa çalışıblar, bəlkə də tapıblar, ancaq üzərinə getməyiblər. Məsələ ondadır ki, tarixi qalanın əsl adında axtarmaq lazımdır. Niyə görəsə bizim alimlər və araşdırmaçılar çalışırlar ki, bu qalanın adını və funksiyasını qondarma addan (Qız Qalası) tapmasınlar. Bu cəfəngiyatlara gətirib çıxardır. Çünki “Qız qalası” sözü onların fantaziyasına uyğunlaşmayanda daha çox “Göz qalası”, “Quz qalası” kimi fantaziyalar yaradıblar. Axırıncı versiya göstəir ki, Leyli-Məcnun qəbrinin üstündə ucaldılıb bu abidə.

Mütləq qalanın adını bir qızla bağalayacaqlar…

Hunzar, Ozirus, Misir və Azərbaycan

İsgəndər Tağıyevin versiyasına görə, əslinə qalsa bu qalanın tarixi adı “Hunzar”dır. “Hunzar” Azər tanrısının adı ilə bağlıdır. Misirdə hər il Azər tanrısının, yəni Ozirusun şərəfinə bayram keçirilirdi. Biz Novruz bayramını keçirdiyimiz kimi, misirlilər də Nil çayı daşanda bayram keçirirdilər. Misirlilər Ozirusa (Azər allahı) həyat gətirən, yeni il allahı kimi baxırdılar. Əslində isə Bakıda yerləşən Qız qalası isə günəş dövrünə nəzarət edir. Misirlilərin bayramı ilə eyni bir sistemdir. Hətta misirlilər də Ozirus bayramında səməni qoyurlar. Azər tanrısı həyat tanrısıdır. Bizim qala da Azər tanrısının adı ilə bağlıdır. “Hunzar” – Azər tanrının evi deməkdir. Hun – xana, ev deməkdir, Azər isə təkcə misirdə yox bütün şərqdə ta qədimdən Ozirus allahın adıdır.

– Niyə Azərbaycan adını Misirlə bağlayırıq?

– Çünki o zaman Azər tanrısı təkcə Misirin yox, bütün planetin tanrısı sayılırdı. Ona görə də, misirlilərin Azər tanrısını şərqdən gözləyirdilər. Onlar deyirdilər ki, şərqdə ada var, odlu ada, bütün onların ehramlarının istiqaməti də şərq tərəfə yönəlib.

Qız qalasının bizim dövrdə (son 200 il ərzində) rusiyalı akademiklər, sovet alimləri və başqa araşdırmaçılar sirrini aça bilməyiblər.

Tarix elmində Qız qalası ilə bağlı qız, ata sujetindən və məhəbbətdən başqa 3 zəif versiya var:

1. Hərbi qala.

– Nə üçün zəifdir bu versiyalar?

– Ona görə ki, bu qala hər tərəfdən “kordur”, qalanın bütün 9 pəncərəsi dənizə baxır və hətta qalanın üzərindəki zolaqlarla düşmənlər yuxarı qalxa bilərdi.

2. Mayak.

Bu da çox zəif versiyadır. Çünki orta əsrlərdə hətta gündüz vaxtında belə dənizdə gəmilər az olurdu, demək olar ki, olmurdu. Gecə isə gəmilər hərəkət etmirdi. Mayak isə gecə üçün yaranıb.

3. Daxma.

Bu versiya da çox zəifdir. Birinci və ən vacib daxma yaşayış məskənindən bir neçə kilometr uzaqlıqda yerləşərdi. Çünki o, ölülərin yığıldığı bir yerdir, yaşayış məntəqəsindən uzaq olmalıdır, ona görə ki, üfunət verirdi. Onların hündürlüyü maksimum 4-5 metr olardı. Qız qalası əlbəttə ki, daxmaya heç cür oxşamır. Qız qalası nəhəng bir tikilidir və iqtisadi cəhətdən hər bir ölkə həmin dövrlərdə də bu tiklini tikə də bilməzdi. Bu qala tikilən vaxt tikintisində istifadə edilən daşlardan Bakının yarısını tikmək olardı.

– Qız qalasının arxitekturasından danışaq…

– Qız qalasının arxitekturası o qədər güclüdür ki, bu qala hələ bundan sonra 5 min il də dayanacaq və ona heçnə olmayacaq. Qız qalasının ümumi diametri 16.5 metrdirsə, aşağıda divarının qalınlığı 5.5 metrdir. Qala 100 metrlik qayanın üstündə yerləşir. Atom bombası da partlasa bu qala dayanacaq.

– Bəs Qız qalasının əslində funksiyası nə olub?

– 2008-ci il 22 dekabrda Qız qalasında Abşeron ərazisinin baş arxeoloqu İdris Əliyenin rəhbərliyi altında kiçik bir elmi ekspedisya keçirilirdi və məni də dəvət etmişdilər. Ekspedisiya zamanı İdris Əliyevdən başqa astronomiya inistutunun əməkdaşları, geofiziklər və geodezistlər var idi.

– Niyə məhz 22 dekabr?

– İngiltərədə, araşdırmaçı Abbas İslamov ingilis dilində kitab buraxıb. O kitabında yazıb ki, 22 dekabr günəşin ilk şüası Qız qalsının böyük pəncərəsinə düşür və bu hər il təkrarlanır. Bu informasiyanın əsasında ekspedisiya təşkil olunmuşdu. Biz ona görə qalada olduq və həqiqətən o hadisənin şahidi olduq.

– Bu ekspedisiya sizə nə verdi?

– Ekspedisya çox maraqı keçdi və mənim üçün əsas o oldu ki, bu hadisənin azimutu GPRS-lə dəqiq ölçüldü.

Mütəxəssislər bunu ölçdü və hadisənin azimutu 121 dərəcə 30 dəqiqə olduğu ortaya çıxdı. 121-30 rəqəmi uzun müddət məni düşündürdü. 8-9 ay 121-30 rəqəmləri beynimdən çıxmadı. Çünki hiss edirdim ki, bu rəqəmlər qalanın üstündə zolaqların sayı ilə 31 qabarıq, 30 batıq rəqəmlərələ daxildən sanki bağlı idilər. Heç cür tapa bilmirdim bu bağlılığı. Səhərə yaxın idi sanki qulağım səs gəldi ki, “9-u götür”. Əyan əslində açıqlama oldu mənim üçün. Yəni bütün dövrlərdə azimutu şərqdən götürürdülər ancaq hal-hazırda şimaldan götürürlər. Yəni 90 dərəcə az, 121 dərəcə 30 dəqiqədən 90 dərəcə çıxanda 31 dərəcə, 30 dəqiqə qalır. Həmin bu konstant qalanın qərb tərəfindən indiki qapı girişinin üstündə saymaq olur. Maraqlı nəticələrdən biri də o oldu ki, Abbas İslamov bizi çox maraqlı bir ideaya yönləndirmişdi. Onun əsasında mən başa düşdüm ki, əsas o deyildi ki, hər il 22 dekabr günəşin ilk şüası qalanın böyük pəncərəsindən içəri düşür. Əsas o idi ki, şüalar kontrforsla parallel olurdular və mən başa düşdüm ki, bu binanın əsas səmti 22 dekabrı göstərir.

Qalanın üzərindən baxdıqda düz ox əmələ gəlir, bu 22 dekabrı göstərir.

Qalanın silindirindən gələn ox isə 21 martın göstəricisidir.

Qalanın üçüncü səmti də var 21 iyun səmti. Qalanın yuxarı çıxışının qapısı 21 iyuna yönləib.
Ümumiyyətlə il ərzində günəş üfüqdə saatın kəfkiri kimi o yana bu yana gedir. 21 iyundan 21 dekabra qədər. 21 dekabr və 21 iyunda günəşin qıraq nöqtləri, hərəsi 3 gün olan durğunluq dövrləri var. O dövr günəş hərəkət etmir, bir az yuxarı çıxır, 3 gün ərzində bu artır. Əslində 22 dekabr yeni bir günəş dövrünün başlanğıcıdır. Çünki 21 dekabr ən uzun gecədir təqvimdə. 22 dekabrdan başlayaraq hər gün dəqiqələr artır. Günəşin durğunluq günlərindən başqa 2 bərabərlik günü də var. 22 mart və 22 sentyabr. Həmin vaxt onların səmtləri bir-birinin üstünə düşür. Ona görə də Qız qalasında günəş dövründə əsas günlərin yəni durğunluq və bərabərlik günləri 4 yox, 3-dür. Ondan başqa 22 mart və 22 sentiyabrın səmti şərqlə qərbin oxudur.

– Qalanın üzərindəki 31 qabarıq və 30 batığın mənası nədir?

– Bu 31 dərəcə və 30 dəqiqə deməkdir. Bunu anlamaq və dərk etmək üçün fotoya baxın.

Siz görəcəksiz ki, bu konstant astronomik halın göstəricisidir. Yəni 22 dekabr və 22 martın kəsişdiyindən yaranmış küncdür. Bizim onu yaddan çıxartmamamız üçün bunu kodlaşmış formada qalanın qərb tərəfində veriblər. Qabarıq və batıq sıraların kod sistemi ilə 3 əsas astronomk constant göstərilir. Birini biz göstərdik, ikincisi isə qalanın şimal tərəfində verilib. Bu tərəfdən siz fikir versəniz boş sıralar ağ gəclə doldurulub. Bunu onun üçün ediblər ki, boş sıralar dərəcə kimi sayılsın və buradakı qara ağ zolaqlar 63 sıradır. Yəni 63 dərəcidir.

 

– Bu nəyin gösəricisidir?

– Bu göstərici günəşin 21 iyundan 21 dekabra qədər il ərzində tam hərəkət trayektoriyasını göstərir. Bu yolun ölçüsü 63 dərəcədir. Ona görə bu şimal tərəfdən divar kimi verilib.
Digər 3-cü konstant qalanın kontrforsu ilə bağlıdır. Kontrforsun üstündə 23 qabarıq 22 batıq sıralar dövr edir və bu ekliptikanın göstəricisidir.

– Ekliptika nədir?

Yəni bizim planetimizin günəşə tərəf yönlənməsidir. Bizim planet 23 dərəcə əyilib.

40 min il ərzində bizim planetimizin oxu 23 dərəcədən 26 dərəcəyə qədər dəyişib. İndiki mərhələdə 23 dərəcə 27 dəqiqədir. Gördüyünüz kimi burada 5 dəqiqə çatmır. Bu məsələ mənə imkan verdi ki, bizə çatan qalanın tarixini öyrənim. Araşdırmalarım göstərir ki, ekliptikanın hər dəqiqəsi 220 ilə dəyişilir və onu çatışmayan 5 dəqiqəyə vuranda 1100 il alınır. Yəni 1100 il bundan qabaq 10-11-ci əsrdə ekliptikanın ölçüsü 23 dərəcə 22 dəqiqədir və bu ölçü qalanın tikildiyi dövrə aiddir. Bunu da qeyd etmək istəyirəm ki, bəzi araşdırmacılar təkzib edirdi ki, bu qalanı tikən Məsud ibn Davud olub. Ancaq həqiqətən bu qalanı Məsud ibn Davud bundan öncəki 14 metr hündürlüyü olan qalanın üzərində inşa edib. O dahi bir memar olub…

Ümumi baxımına görə bizim qalanın forması çox sirlidir biz bunu qeyd etdik. Qalann sirrinin açıqlanmamasının əsas səbəblərindən biri ondan ibarətdir ki, biz qalaya aşağıdan yuxarı baxırdıq. Onun proeksiyasını görmürdük.

– Bizim qala hansı dövrün tikilisidir?

– Bizim qalanın yuxarıdan görünüşü spiral-dövrili tikildir. Belə tikililərin analoqunu nə orta əsrlərdə, nə də antik dövrdə tapmaq olmaz. Spiral-dövrili tikililər Stounxeç, Arkaim, Nyuqreinc, Maçupikçu və başqa dairəvi kromlexlər və meqalitlərdir. Ezoterik bilgilərə görə 6000-6500 il bundan qabaq yer kürəsində 83 min dairəvi spiral tipli qalalar tikilib. Bu tikililər buğa erasında tikilib. Hər bir eranın dövrü 2160 ildir. Qız qalası da dairəvi spiraldır. Qız qalasının 3 əsas oxu var və üzərində 3 astronomik konstant var bu da onu göstərir ki, Bakıda yerləşən Hunzar qalası (qız qalası) yuxarıda göstərilən qalaların analoqudur.

Yuxarıdan baxanda bütün günəş observatoriyaları 2 əsas elementdən qurulur. Dairəvi nəzarət yolu və yaxın nişangah, günəş çıxanda isə olur uzaq nişangah.

Ayrı-ayrı vaxtlarda yazılan rəvayətlər bizə gəlib çatıb. Onlardan ikisi çox maraqlıdır. Çünki bu rəvayətlər imkan verir ki, arxaik qalanın təsvirini görək.

O qalanın hündürlüyü 14 metr olub və 14 metr də üstünə tikərək indiki gördüyümüz qala 28-30 metrə çatıb. Bu da elə-belə deyil. Çünki bizim qalanın tikintisi arxaik bir tikilinin formasında tikilib.

– Qalada hansı dəyişikliklər olub?

– Qız qalasının içərisi quyu kimi 1964-cü ilə kimi boş olub. 1964-cü il sovet hakimiyyəti betonla qalanın içərisində 8 mərtəbə yaradıblar. Bu qala əslinə qalsa çox böyük astronomik mərkəz olub. Bunun anoloqun biz Səmərqənddə Uluqbəy astrologiya observatoriyasında görürük. Uluqbəyin bir neçə astronomik cıhazları yer üzündə idi. Bir cihaz isə 30 metrlik quyuda idi və onun dibinə enli məcməylərdə civə tökürdülər. Çünki civə görüntü həcmini artırır və gecə vaxtı quyunun üstündən keçən ulduzlar və bürclər məcməidə sanki teleskopun reflektoru kimi görünürdü. İndi təsəvvür edin, bizim qalanın içərisində 5,5 metrlik astronomic cihaz yerləşə bilərdi. Bundan danışmaq lazımdır, yoxsa qız tullanıb, ad qalıb kimi rəvayətlərin vaxtı keçib. Qız qalasının 9 pəncərəsi də üfüqə baxır. Qalanın aşağıdakı diametri 5 metrdir, yuxarıda isə 4 metr. Sanki qalanın dibində reflektor teleskop var idi. Qalanın içərisinə böyük məcməylərdə civələri töküb günəşi, ayı, və digər planet və ulduzları izləmək mümkün idi..

Bakı hal-hazırda dünya okeanından 28 metr aşağıda yerləşir. Bu qalanı tikənlər bunu bilərək ediblər. 14 metrlik Hunzar qalası təxminən 6500 il öncə tikilib. həmin vaxt dünya okeanı 14 metr aşağı idi. Bu qalanı ona görə tikiblər ki, okean səviyyəsi ilə eyni olan yerdən bütün astronomik hadisələri 0 metrdən izləsinlər.

9 pəncərə həm də sutka ərzində saatı göstərirdi. Qala təmirə dayananda qalanın divarlarından aşağıdan və yuxarıdan suxurlar götürülüb araşdırılıb. Məlum olur ki, qala 10-12 əsrlərdə tikilib. Bu qala əslinə qalsa astorloji obyektdir. İçərisində hər şeylə təmin olunub.

Qalanın hal hazırki qapısı giriş qapısı deyildi. Əslinə qalsa qalanın giriş qapısı yandan olub.

1859-cu ildə ruslar Bakını böyük şəhərə çevirmək istəyəndə qız qalasını mayak kimi istifadə etməyə başlayıblar. Ondan sonra qız qalasının ətrafında hər yerdə evlər tikməyə başladılar əhali artmağa başladı və qalanın ətrafı xırda evlərlə əhatə edildi. 2-3 mərtəbəli evlər.

Binanın əsəs giriş qapısını 1959-cu ildə Xruşov Bakıya gələndə bağlayırlar. 1959-cu ildə Xruşov gələn zaman tikinti təmir-işləri aparılıb. O zaman Qız qalasına bitişik evləri sökərkən məlum olub ki, qalaya giriş var. Elə o zaman da o girişi hörüb bağlayıblar və indiyənə qədər də o girişin olduğu haqda çox adam heç nə bilmir.

Əslinə qalsa qalaya girmək üçün yeraltı giriş da var. Çünki qalanın içi quyu kimi qaranlıq olmalıdır. Yəni gecələr ulduzlara baxmaq üçün, ona görə keçidlər qalanın içərisində yox qalanın divarında idi. Sasani dövründə Qız qalasının yanında ehram olub və qalıqları hal-hazırda da qalıb.

– Belə söz-söhbətlər var ki, qalanın altından bir neçə yerə yeraltı yol var…

– Qalanın altına yollar olub. İçərişəhərdə 3 səviyyədə yeraltı yollar olub, ancaq bu yollar 1961-ci ildə sovet höküməti zamanı sənədləşdirilib və betonlanaraq bağlanıb. Əslində köhnə tikililərin altında yeraltı yollar olub və hazırda da mövcuddur.

Sirli dəniz zolağı

2500 il ərzində Xəzər dənizinin zolağı 3 dəfə dəyişilib. İndiki mərhələdə okean səviyyəsindən 28 metr aşağıdır. 1960-cı illərdə rus tarixçisi Qumliyov Dərbənd tərəfdə özü dənizin altına düşürdü. O başa düşə bilmirdi ki, Dərbənd qalası necə olur 300 metr dənizin içərisinə qədər gedir. Dərbənd qalasının 5 min il tarixi olduğunu deyirlər. Ancaq əslinə qalsa bizə gəlib çatan tikililər 5 min illik deyil. Qumilyov bunu təsdiq etmək üçün 2 il suyun altında araşdırma aparır və suyun altında 2 zolaq tapır. Biri okean səviyyəsindən – 36 metr, digəri isə -32 metr. Okean səviyyəsindən -36 metri götürsək bu Nargin adasının qarşısına gedib çıxır. Nargin adası da Bulvardan 9 km uzaqdadı. 2500 il öncə suyun zolağı Bulvardan təxminən 10 km uzaqlıqda olub. Ptolomey Albaniyanın tarixini yazanda bir neçə şəhərin adını çəkir. İndi o şəhərlərin hamısı suyun altındadır. IV əsrdə su limanın yarısını doldurub. IV əsrdən XII əsrə qədər limanın Bayıl tərəfdən yarsı su ilə dolub. Ona görə də imkan olub ki, Bayıl limanın qurtaracağında (-32) BaYıl qəsri tikilmişdir. Əslində Bayıl qəsri yox Bayıl limanıdır. Bəndəri Baku adlı ifadə qəsrin altında tapılmış kitabələrdə yazılıb 14-cü əsrdə dənizin səviyyəsi qalxaraq bütün limanı əhatə etdi. XIV – XVIII əsrə qədər dəniz səviyyəsi dünya okeanından -19 metrdən -28 metrə çatırdı. XIX əsrdə su geri çəkilir. 1961-ci ildən Qumliyov onun dövrünə düşən zolağı okean səviyyəsindən -28 kimi müəyyən edib.

– Bakı liman şəhəri olub?

– Bakının tarixi göstərir ki, Bakı dəniz kənarında olan bir şəhər olmayıb. Sasani dövründə, antik dövrdə yalnız şəhər Bibiheybətin altında olub. Bakı liman şəhəri olmayıb, Bakı heç şəhər də olmayıb. Bakı ibadətgah olub. Stounxeç kimi boş ərazi idi, yeganə tikili arxaik 14 metrlik Hunzar qalası idi. onun yanında Sasani dövründə zərdüşltiərə aid məbəd tikilib. Həmin o vaxt Atəşi Baquan deyilən ərazinin hakiminin qəsri tikilib. Bakılılar sonrakı vaxtlarda o qalanı Salxım qalası adlandırıb.

Belə vəziyyət ərəblər gələnə qədər davam edib. Ərəblər buranı zəbt edəndən sonra bu yeri Bakuya adlandırıblar. Salxım qalasının altında ribad tikilib. Yəni indiki İçərişəhər ribaddır. Salxım qalasının ribadı.
Qız özün qaladan atsa idi o zaman suya yox, yerə dəyərdi…

Qızlarla bağlı əvsanələr hamısı cəfəngiyyatdır. Suyun səviyyəsi dünya okeanı səviyyəsindən mənfi 19 metr aşağıda olanda qalanın içərisinə su getməyib. Bunu 15-ci əsrin mənbələri göstərir. Qız qalası həmişə quruda olub. Əfsanədə deyildiyi kimi qız özünü qaladan atsa idi o zaman suya yox, yerə dəyərdi…
Qalaların adının qızlarla bağlanması haqqında çıxan sujetlər rus, erməni və digərlərinin beyinlərinin məhsuludur. Türkiyədə də 40-a yaxın qız qalası və var orada ida qalaların hamısının tarixi ilə bağlı qız və ilan obrazları var.

Qız qalası qondarma addır. Tarixi ad deyil. Biz bu qondarma adı götürüb onun tarixi adına qayıtmalıyıq.

Sovet hökümətindən ayrldıqdan sonra belə bir tendensiya var. Ayrı ayrı vətəndaşlar gəlib çıxırdı qalaya və özünü atırdı ordan. 20-30 nəfər orda intihar edib. Onlar bağlı olurlar o ideyaya ki, qız ordan özün atıb. Psixoloji durumları yaxşı olmayan insanlar gəlib özlərin atır. Qız qalasının gözəl tarixi adı və gözəl tarixi var. Azərbaycanda 50-dən çox qız qalası var. Hələ bizim vaxtımıza bu qədər gəlib çatıb. Təsəvvür edin bunun hamısından qız özün atıb. Bunu genişə əraziyə yaydıqda minlərlə qız qalası var və hamısında da qızlar ya qaladan özün atır, ya da ilan vurur…

Söhbətləşdi: Səxavət Məmməd
Fotolar: Çinarə Vahabzadə

Bu məqalə www.olke.az saytından götürülmüşdür

http://www.olke.az/olke-2/qiz-qalasi-qondarma-addir-biz-onun-tarixi-adini-qaytarmaliyiq-arasdirma-fotolar-21306

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.