Qədim qaya yazılarımızın toplusunu əks etdirən gərəkli monoqrafiya

Print Friendly, PDF & Email
Zaman-zaman özünün dövlətçilik qurumlarını yaradan qədim Azərbaycan öz mədəniyyəti, dili və adətlərini dünyaya bəyan edərək, bu mədəniyyətin izlərini öz varislərinə də bir miras olaraq qoyub getmişlər. Belə bir ulu mədəniyyətlə zəngin olan qədim Naxçıvan on minillər öncə yaşadığı mədəniyyəti tam olaraq öz üzərindən silib atmamış, Nuh tufanı ilə bağlı Gəmiqaya kimi bir daş kitabəni günümüzə qədər daşımışdır. Qeyd edək ki, ingilis arxeoloqu Qordano Çayld Ur, Uruк, Şuruppaк və Kişdə daşqınları bir neçə dəfə olduğunu elmi nəticələrə əsasən söyləyərək onun e.ə. VI və IV minilliklərdə baş verdiyini qeyd edir. Bu fikri öz tədqiqatlarında təsdiq edən D.M.Xopkins isə daşqınların e.ə. 15, 10 və 6-cı minilliklərdə baş verdiyini yazır. Əfsanə kimi yayılan bu tarixi həqiqət Bibliya, Qurani-Kərim, Tövrat və Zabur kimi kitabların məlumatları ilə də təsdiqlənir. Nuhla bağlı Gəmiqaya rəsmləri və buradakı işarə yazılar isə bu həqiqətin hələ də tam öyrənilməmiş bir parçasıdır ki, çoxsaylı monoqrafiyalar müəllifi Ə.Fərzəlinin bu istiqamətdə elmi xidmətləri danılmazdır.
 
17-20 iyul 2005-ci ildə Gəmiqaya ərazisinə Naxçıvan MuxtarRespublikası Ali Məclisinin sədri, Vasif Talıbov cənablarının şəxsi təşəbbüsü və köməyi ilə təşkil olunan beynəlxalq əhəmiyyətli elmi ekspedisiyada ərazidəki məzarlar, rəsmli daşlar, flora və fauna, toponimik sistem və s. elmi istiqamətlərdən tədqiq olunurdu. Bu tədqiqatların fəal iştirakçılarından biri də Ə.Fərzəli idi. Onun rus dilində nəşr olunmuş “Nuhun gəmisi və Gəmiqaya-Qobustan əlifbası”(“Ноев Ковчег и Гямигая-Гобустанский алфавит”) monoqrafiyası məhz Gəmiqayadakı şəkli yazıların ümumi toplusu kimi təqdim oluna bilən qiymətli bir tədqiqat əsəridir. Burada toplanmış piktoqrafik yazıların oxunmasında, onların məna çalarlarını açılmasında böyük elmi xidməti olan Ə.Fərzəlinin araşdırmaları yazı nümunələrinə söykənir. Məhz kitabı elmi cəhətdən səciyyələndirən əsas əhəmiyyətli tərəflərindən biri də Gəmiqayadan toplanmış çoxsaylı piktoqrafik mətnlərin bu istiqamətdə izahlı əksini tapmasıdır. Burada şəkli yazılar kimi xarakterizə olunan rəsmlərin Ə.Fərzəli tərəfindən sistemləşdirilib çoxsaylı piktoqrafiya ilə müqayisəsi bir çox elmi istiqamətləri də ortalığa çıxarır. Kitabda od, atəş, günəş yaranış, dünyanın horizontal inkişafı, Nuhun gəmisi təsvir olunmuş daşlardakı rəsmlərlə bağlı fikirlər mifik təfəkkürlə vəhdətdə verilir. Müəllifin rəsmlərə söz və hərf kontekstində təhlil və izahlar  verməsi isə, onun istər və tarix, istərsə də qədim yazı nümunələri ilə əsaslı tanışlığını ortaya çıxarır.
 
Xüsusi olaraq qeyd etmək istərdik ki, Gəmiqaya piktoqrafik işarələri ilə Orxon-Yenisey yazıları və səslərinin müqayisəsi, sait və samit səslərin morfem çalarlığının fərqli və oxşar cəhətlərinin elmi şərhi müəllifin özünəməxsus tədqiqatından xəbər verir. Kitabda piktoqrafik yazılardakı xüsusi fərqləri ortalığa çıxaran müəllifin həm məzmun, həm də hərflərə xas fonem çalarlığına qədim tariximiz aspektindən yanaşmasından əldə olunan elmi nəticələr, bu qədim yazıların vahid mədəniyyətdən qaynaqlandığını da ortalığa çıxarır. Ə.Fərzəlinin bu kitabında aparılmış təhlillər təkcə Orxon-Yenisey yazıları ilə deyil, bu yazıların qədim ərazilərimizdəki qayaüstü yazılarla vəhdətdə müqayisələrini əhatə edir. Problemə bu cür yeni aspektdən yanaşmadan əldə olunan elmi nəticələr, Bütöv Azərbaycan yazı nümunələrinin eyni kökdən qaynaqlandığına da tutarlı elmi sübutlardır.
 
Əgər xatırlasaq 2010-cu ildə Ə.Fərzəli “Gəmiqaya-Qobustan mədəniyyətinin işığında” kitabında da bu məsələyə yenidən yanaşılmışdı: akademik İ.Həbibbəylinin də qeyd etdiyi kimi, “müəllif ərazidəki qədim yazı elementlərindən Gəmiqaya-Qobustan əlifbası tərtib etməyə müvəffəq olmuşdur”. Müəllifin “Nuhun gəmisi və Gəmiqaya-Qobustan əlifbası” monoqrafiyasında uzun illər müqayisəli tədqiqinin nəticələrindən biri də bu əlifba işarələri sisteminin bu sahənin mütəxəssislərindən olan C.Cəfərovun araşdırmaları ilə müqayisəsi olmuşdur. Qeyd edək ki, Ə.Fərzəlinin tərtib etdiyi bu işarələrin bir qismi qədim Azərbaycan xalqının etnogenezində ayrıca yeri olan Asər-Azər əlifba sisteminin hələ m.ö. VI minillikdəki işarələrini təkrarlayır ki, bu da Strabonun “Coğrafiya” kitabında da qeydə alınır. O, Turdetaniya ölkəsindəki Dörd As tayfalarının m.ö. VI minillikdə əlifbaya sahib olduqlarını və bunun ən qədim əlifba olduğunu qeyd edir. Biz bu məlumatlara istinadən Ə.Fərzəlinin “Nuhun gəmisi və Gəmiqaya-Qobustan əlifbası” kitabında tərtib etdiyi Gəmiqaya-Qobustan əlifbasındakı hərflərin As əlifba işarələri ilə müqayisəsini apardıqda xeyli oxşar faktlar ortalığa çıxır ki, bu da yazıların minillər öncədən mövcudluğunun və Azərbaycan xalqını ən qədim əlifbaya sahib olmasının təkzibolunmaz sübutlardır. Qeyd edək ki, bu yazıların qədimiliyi əski yazı nümunələrinin tədqiqi ilə məşğul olan İoqaness Fridrixin yazılarında da təsadüf olunur. O, da Turdetaniyadakı Tört As boylarının əlifba tarixini m.ö. VI minilliyə aid edir. Bunlar nəzərə alındıqda Ə.Fərzəlinin sistemləşdirdiyi Gəmiqaya-Qobustan işarələrinin   Mingəçevir, Təbriz, Gəncə, Nüvədi, Pirallahı, eləcə də qədim German və Skandinav yazıları ilə müqayisəsi əsaslı fərqlərlə müşahidə edilmir. Cüzi fərqlər nəzərə alındıqda bu yazıların əlifba sisteminə mənsub işarələrin müxtəlif ərazilərimizdə də mövcudluğu ümum Azərbaycan-Asər əlifbasının qədim torpaqlarımızda vahid yazılış üslubu olduğunu ortalığa çıxarır. Ə.Fərzəlinin tərtib etdiyi bu əlifba işarələr sistemi C.Cəfərovun geniş araşdırdığı Azərbaycan xalqının As-Osk, Turdi, Bastul əlifba sistemindəki hərflərdə də təkrarlanır. Eyni hal F.Ağasıoğlunun tədqiqatlarındakı Etrüsk yazı nümunələrində də müşahidə olunur. Bütün bu elmi yeniliklər qədim Asər-Azər əlifba işarələrinin Finikiya yazılarını xeyli qabaqladığını söyləməyə əsas verir. Məhz qeyd olunan bu elmi nəticələr, eləcə də Ə.Fərzəlinin bu işarələri-hərfləri German, Semit, Yunan, Skandinav, Finikiya yazıları ilə müqayisəsini nəzərə alsaq İ.Fridrix, C.Cəfərov, F.Ağasıoğlu və başqalarının araşdırmaları ilə bərabər müəllifin də bu istiqamətdə əsl tədqiqatçı kimi böyük əmək sərf etdiyi danılmazdır.
 
Ə.Fərzəlinin Nuh-Gəmiqaya ilə bağlı tədqiqatlarında buradakı rəsmlərdə piktoqrafik işarələrin “söz-morfem” məna çalarlarına açıqlama verməsi də elmi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Söz yox ki, istənilən tədqiqatda müəyyən yanlışlıqlar da ola bilir. Lakin Ə.Fərzəlinin Gəmiqaya-Qobustan piktoqrafik işarələrindəki rəsmlərdə müəyyən etdiyi “AZ:AY”, “AŞTA”, “KAN”, “BÖRİ” kimi sözlərdən bəzilərinin qədim sözlüklərdə AZ:AY -“Ay mifinə inanan As boyları”, KAN- “qala”, BÖRİ-“qurd”(qurd mifi) kimi mənalar daşıması təsadüf ola bilməz. Təbii ki, bu konsepsiya yeni tədqiqat istiqamətlərini də ortalığa çıxarır. Bundan başqa kitabda “Əlifba gəmisi”, “Noqay tamğaları”, Nuh-Naxçıvan məsələləri də alimin şəxsi təşəbbüsü olmaqla bərabər yeni elmi istiqamətləri müəyyənləşdirir. Kitabda önəmli məsələlərdən biri də qədim xalqlarda işarə eyniliyinə baxmayaraq hərf müxtəlifliyinin müqayisəli təqdim olunması və qədim işarə yazılarının Şumer yazıları ilə müqayisəli təhlilidir. Qədim yazı nümunələrinə müəllif tərəfindən bu cür yanaşma yeni konsepsiya ortalığa çıxarır ki, bu da yenidən bu problemə diqqət etmək zərurətini yaradır.
 
Ə.Fərzəlinin “Nuhun gəmisi və Gəmiqaya-Qobustan əlifbası ” kitabındakı bütün tədqiqat istiqamətlərini ümumiləşdirərək demək olar ki, bu kitab istər qədim yazı nümunələrimizi, istər ilkin söz yaranışını, istərsə də mif adlandırdığımız  çox qədim bir tariximizin öyrənilməsində xüsusi əhəmiyyətə malik bir elmi əsərdir.
 
FİRUDİN RZAYEV,
AMEA Naxçıvan Bölməsi, İncəsənət
Dil və Ədəbiyyat İnstitutunun
elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.