Nə biləydik, ayrılıq var, ölüm var…

Print Friendly, PDF & Email

(Muxtar Kəngərli və bir neçə müəllimlə internat məktəbinin şagird və məzunlarından bir qrupunun 29 iyun 2013-cü ildəki görüşündə dilə gətirilənlərdən bir dəmət)

            Ələviyyə Musayeva (məktəbin hazırda ən yaşlı, qocaman tərbiyəçi müəlliməsi):Mən bura gələndə, belə baxanda, çox şad oldum, 50-60 il bundan qabaqkı iş yoldaşlarımı, şagirdlərimi görəndə elə düşündüm ki, internata indi ayaq basıram, hamınizın bu yıgışmagınız münasibəti ilə ürəkdən sevinirəm, hamınizı bağrıma basıram…

Yenisey Hacıyev (1966 məzunu):Müəllimlərimiz bizə həyata yanaşmağı  və bu ömrü yaşamağı öyrətdi. Xatirimdədir: Naxçıvanda elə bir qış oldu ki, bəzi istilik sistemi boru və qızdırıcıları partlamağa başladı, hamısının dağılmasına imkan verilməsin deyə, qazanxanaya su verilməli idi ki, donmasın. Sıra ilə düzülərək sabaha kimi yatmayan uşaqlar hovuzdan suyu vedrələrlə götürür və bir-birinə ötürürək, istilik sisteminin donmasının qarşısını alırdılar. Təəssüf ki, istilik qazanında partlayış oldu və Nizami, Nuşiravan və Ədalət müəllim ağir yaralanıb, xəstəxanaya düşdülər, uzun müddət müalicə olundular…

Mən sonradan başa düşmüşəm ki, əgər valideyin istəyirsə, uşagı sağlam böyüsün, tərbiyəli olsun, övladını internet məktəbində oxutmalıdır, internat məktəbin verdiyi təlim-tərbiyəni və təhsili o biri məktəblər verə bilmir. Məncə, belə məktəblərin sayı artırılmalıdır. İnternat gözəl məktəbdir, bu məktəblər yaşamalıdır, indi mən bunu həm də o məktəbdə sonralar dərs deyən müəllim kimi də deyirəm.

            Həbib Quliyev (1969-cu il məzunu; Ağır xəstə olmasına baxmayaraq, o bu tədbirdə çətinliklə olsa da iştirak etdi və təəssüf ki, həmin ilin noyabr ayında dünyasını dəyişdi): Mən bütün müəllımlərimizin əlındən öpür və onları salamlayıram.

             Muxtar müəllım: – Həbib sağ olsun ki, iki il öncə Naxcıvanda sinif yoldaşlarını toplayaraq tədbir kecirdi. Sonra bu tədbirlər Bakıda da davam etdı. Yadigar olaraq çoxlu video-lentlər  və fotolar cəkildı… (Qeyd etməlıyəm ki, onun xəstə olduğunu Muxtar müəllim bilirdi və sonrakı görüşlərimiz zamanı, eləcə də telefon danışıqlarımızda həmişə onu soruşardı…)

              Eldar Qurbanov (1961-1965-ci illərdə təhsil almışdır):Biz Siz müəllimlərimizlə fəxr edirik, eyni zamanda, bu gün Sizinlə birgə bu təşkil etdiyimiz tədbirdə Sizinlə keçən uşaqlığımızı, gəncliyimizi yad etməyimizə görə çox xoşbəxtik. Bu illər ərzində Siz həmişə bizim qəlbimizdə olmusunuz və bundan sonra da olacaqsınız.

              Kamal Qasımov (1966 -cı il məzunu):Siz çox fəxr edə bilərsiniz, Sizin verdiyiniz təhsil, təlim bəlkə çox az məktəbdə olub; həm insanlıq nöqteyi-nəzərindən, həm elm nöqteyi-nəzərindən… Bir sözlə, Siz hərtərəfli fəxr edə bilərsiniz. Əgər bu gün Azərbaycanda müsabiqə keçirilsə, bütün bu meyarlara görə bu məktəb birincilərin birincisi olar. Ona görə bu gün də fəxr edə bilərsiniz.

              Əsədov Əli (1968-ci il məzunu):Həyatda nəyə nail olmuşuqsa, Sizin sayənizdə nail olmuşuq. Bu gün Azərbaycanın qaymaq uşaqlarını – litseylərdə bir araya toplayıb, imtahan keçirərək nəsə etmək istəyirlər. Lakin onlar Sizin kimi şagirdlər yetişdirə bilmirlər.  Ona görə ki, Siz bizim həm təlim-tərbiyəmiz, həm də təhsilimiz ilə məşğul idiniz.

            Vəliyev Ələşrəf  (1966-cı il məzunu):1966-cı il internat məktəbin birinci buraxılışında 28 nəfər ali məktəbə daxıl oldu. Belə göstərici o dövrdə heç bir məktəbdə yox idi.

             Pirəliyev Əbdülrəhman (1969-cu  il məzunu):Mən bir necə dəfə Şəfiqə müəlliməyə demişəm, biz  valideyn tərbiyəsindən cox, müəllım tərbiyəsi görmüşük. Mütəxəssislərin belə bir fikrı var ki, müəllımlər insan beyninin bağbanıdırlar. Siz elə bağbanlar olmusunuz ki, Sizin tayınız,  bərabəriniz olmayıb.  Biz Sizinlə fəxr edirik.

            Kazımov İslam (1961 – 1964-cü illərdə təhsil alıb): İnternatda verilən təlim-tərbiyə elə olub ki, biz hec vaxt məktəbimizin təəssübünü  hec kəsə verməmişik.

              Siracəddin Həsənov (1966-cı il məzunu):Mən 1961-ci ildə internata gələndə acliq ili idi. Xruşşovun vaxtı idi. Atam bizə cörək catdira bilmirdi, ac qalırdıq. Şəfiqə müəllimənin vasitəsi ilə Naxçıvan şəhər 2 saylı orta məktəbdən internat məktəbə kecmişəm. Sisian camaatının, Ərəfsə camaatının internata yolunu mən açmışam. Və bununla da həmişə fəxr etmişəm.

Vyetnamdan tutmuş ABŞ-a qədər hər yerdə internat məktəb haqqında xoş sözlər söyləmışəm. Ona görə ki, Siz bizə idarəetməni öyrətmisiniz. Yaşamağı, qazanmağı, insanlığı, dövləti və xalqı sevməyi öyrətmisiniz. Mən bütün bunları açıq deyirəm. Bütün bunları öz üzərimdə duymuşam, hiss etmişəm.

…Hal-hazırda litseylər yaradırlar. ABŞ-da, Almaniyada, Türkiyədə gedib, bu litseyləri görmüşəm. Bu litseylər nədir? Birtərəfli dərs verən bir məktəb. Amma internatın analoqu yox idi, həqiqətən, yox idi.Yəni internatı qurtaran uşaq hərtərəfli hazırlıqlı olurdu: həm fizikadan, həm riyaziyyatdan, həm cografiyadan, həm ədəbiyyatdan və s. Baxın, bu zalda kimlər yoxdur: tikinti işçiləri və memarlar, həkimlər, pedoqoqlar və alimlər, zavod direktorları və mühəndislər, hüquqşünaslar və hərbçilər və s. və i.a.

Biz həmişə Sizlərə minnətdar olmuşuq və indi də minnətdar olmalıyıq ona görə  ki, Siz elə bir təhsil sistemi yaratmışdınız ki, xaricdə də bunun analoqu yox idi, indi də beləsi yoxdur. Birinci buna görə Sizə minnətdaram, ikinci, Allah Sizin bizə verdiyiniz ruzini bol eləsin və bundan sonra  Allah Sizin də ruzinizi bol eləsin!

İnsanlar var ki, qohum-əqrabalarını tanımırlar. Sizsə daha gözəl bilirsiniz ki, bizim bir-birimizlə həmişə münasibətlərimiz olub, bir-birimizə dayaq olmuşuq və bu indi də davam edir, qalır; bir-birimizin xeyir-şərində həmişə bir yerdə oluruq. Bu oradan, yəni internatdan qalmadır. İnstitut qurtarmaq, institutda oxumaq söhbəti deyil, bu, o tərbiyənin nəticəsidir. Muxtar müəllimin bir dəfə məktəbin o başından düşüb, bizə sarı gəlməyi bəs idi ki, şagirdlər özlərini yığışdırıb sıraya düzülsünlər. Qorxudan yox, hörmət və ehtiramdan, məktəbdə müəllimlərindən aldığı tərbiyədən!

 Mən Sizə minnətdaram həm də burada oturan uşaqların adından, həm də iştirak etmə imkanı olmayan bütün digər uşaqların adından, onlar bunu mənə tapşırıblar ki, Sizə bu minnətdarlıq duyğularını çatdırım. Mən də bunu bütün müəllimlərimə çatdırıram, biz də Sizin qullugunuzda həmişə varıq və hazırıq. Bir tapşırıgınız, zənginiz bizim üçün bəsdir və həmişə bunu Sizdən gözləyirik.

              Hidayət Quliyev (1966-cı il məzunu):İnternatda qazandığım mətanətli olmaq, cəmiyyətdə formalaşaraq inamı itirməmək, düz danışmaq, həqiqəti demək – bütün bunlar bizə Sizin tərəfinizdən verilən tərbiyənin nəticəsidir.

Püsyan məktəbindən internata kecməklə mən nə qazandım? Kənd məktəbində əlaçı idim, internatda 1-ci rübün yekununda isə iki fəndən  2 aldım. Tənbəllik etmədən calışdım və burada da sonda əlaçı oldum və məktəbi medalla başa vurdum.  Muxtar  müəllim və digər müəllimlərim, bu gün həyatda qazandığım hər şeyə  görə Sizlərə minnətdaram.

             Muxtar Paşayev (1966-cı il məzunu):İnternat böyük bir məktəb idi. Təkcə orta məktəb deyildi – həm litsey idi, həm akademiya idi, həm məktəb, həm də insanları  mütəşəkkilliyə, birliyə, Vətən sevgisinə cağıran bir məbəd idi.

O vaxtlar Xaldan məktəbi var idi. Bu məktəb Azərbaycanda ən qabaqcıl məktəb hesab olunurdu. Direktoruna Əməkdar müəllim adı verilmışdı. Mən onunla bizim məktəbi müqayisə etdikdə o məktəbdə bizimki qədər ugurlar, nailiyyətlər oldugunu görmürəm, baxmayaraq ki, keçmiş SSRİ məkanında ən yaxşı məktəblərdən  biri kimi tanınırdı, həttta o dövrdə Sosialist Əməyi Qəhrəmanı adını alanlar da olmuşdu.

Əsgər Rəsulov (1970-ci il məzunu):İnternat məktəbin başqa məktəblərdən bir fərqi də ondadır ki, dərs deyib, deməməyindən asılı olmayaraq, o məktəbdə müəllimlərin hamısı sənin müəllimin olur – tərbiyəçi kimi, sinif rəhbəri kimi, məşğələ müəllimi kimi, idman müəlimi kimi və s.

Məktəbin 1961-ci ildə yaranmasından 50 ildən artıq, ilk 1966-ci il buraxılışından 45 ildən artıq vaxt keçib. Bu illər ərzində məktəbimizin məzunlarından görüşənlər də, görüşməyənlər də olub, bir-birini taniyanlar da, tanımayanlar da olub.  Tale elə gətirib ki, hətta biz bir-birimizin övladlarına dərs də demişik. Məsələn, burada iştirak edən Fazil müəllimin övladına mən 5 il dərs demişəm. Kimin qızı olduğunu axıra yaxın bilmişəm… 1995-ci ildə öz övladımı Bakıda 264 saylı məktəbin ikinci sinfinə apararkən orada doğma internat məktəbimizin dərs hissə müdiri Şəfiqə xanım Əliyeva ilə qarşılaşmış, onun burada da eyni vəzifədə çalışdığını öyrənmişəm. 25 il sonrakı bu görüşümüzdən aldığımız duyğular dolusu təəssürat hər ikimizi kövrəldib…

… İnternat məktəb bir ailə idi. Bu ailə içərisində kicik uşaqlar, ortancıl və böyük uşaqlar vardı. Biz də o ailənin icərisində özümüzdən böyüklərə həmişə böyük qardaş gözü ilə baxardıq. Yuxarı siniflərdəki şagirdlərdən bəziləri isə bizə dəstə rəhbərliyi edib. O, bizim sadəcə dəstə rəhbərimiz deyildi, hər şey idi, cəmi bir neçə sinif bizdən yuxarı oxuyan bu şagird bizim doğmadan doğma böyük qardaşımız idi…

Hörmətli Muxtar müəllim və əziz müəllimlərimiz, Sizin bizə vermiş olduğunuz yaxşı nə varsa, qoruyub bizdən sonrakı nəsillərə ötürməyə çalışmışıq. Nə yaxşı ki Sizlər varsınız!

             Əli  Qəhrəmanov (1967-ci il məzunu):Dünyanın çox yerində oldum, çox şey gördüm, həyatın nə oldugunu gördüm, insanlardan öyrənməyə çalışdım, ancaq internat məktəbi və Siz müəllımlərı əvəz edən heç nə tapmadım. Siz bizə mənəviyyatın nə olduğunu, zamana qiymət verməyi, insaniyyətin nə olduğunu öyrətdiniz, ən əsası, Siz bizə doğru həyat yolu göstərdiniz.

             Nazim Mahmudov (1970-ci il məzunu):Şadlığımızın həddi-hüdudu yoxdur. Sizinlə bugünkü görüş məni 40-45 il əvvəlki müəllim-şagird görüşü kimi həyəcanlandırır.

              Mərhum Fərrux Quliyevin (1967-ci il məzunu) oğlu Anar:Atamın əvəzindən mən danışıram, belə düşünürəm ki, atam da burada Sizinlə birlikdədir. O həmişə Muxtar müəllimi, Mikayıl müəllimi, digər müəllimləri xoş sözlərlə xatırlayardı. Yəqin ki, onun da ruhu Sizin bu günkü yığışmağınıza görə şad oldu.

             Etibar Musayev (1975-ci il məzunu):İnternat məktəbin müəllimləri də, şagirdlərı də ekoloji cəhətdən təmiz insanlar idi, kollektiv də ekoloji cəhətdən təmiz kollektiv idi. Bu gün burada iştirak edən bütün şagirdlər – yuxarı sinif məzunları mənim böyük qardaşlarımdır.

Haşiyə: Tədbirin əvvəlində Muxtar müəllim keçən uzun illər ərzində dünyasını dəyişənləri bir dəqiqəlik sükütla yad etməyi təklif etmişdi. Biz də onların xatirəsini yad etmək üçün yerləri cənnətlik olan o doğma müəllim və şagird dostlarımıza bir daha Allahdan rəhmət, doğmalarına səbr diləyirik:

Müəllimlərdən:Yelmar Tarverdiyev, Dilsuz Əskərov, Sərvər Seyidov, Ənvər Zeynalov, Firuz Rəhimov, Xurrəm Rəhimov, Fatma Mirzəyeva, Əyyub Mirzəyev, Qəmər Mirzəyeva, Musa Axundov, Eminə Vəliyeva, Sultan Nadirov, Elmira Əskərova, Alim Həsənov, Əli Həsənov, Əli Hüseynov, Emin Məmmədov, Şirzad Fətullayev, Rəşid Qurbanov, Çingiz Əlixanov, Nurəddin Abutalıbov…( Bu görüşdən qısa bir müddət sonra Abbas Mehdiyev və  Muxtar Kəngərlinin özü də Haqq dünyasına qovuşdular).

Şagirdlərdən: Musa Həsənov, Vasif Əskərov, Əli Nəcəfov, Fərrux Quliyev, Dostəli Dünyamalıyev, Əli Məmmədov, Əkbər Rəsulov (O görüşdən 4 ay sonra Həbib Quliyev də dünyasını dəyişib…)

(Bu materialların bir hissəsi “Azad Azərbaycan” qəzetinin 10 oktyabr 2014-cü il tarixli, 143 nömrəli sayında və “Müəllim Sözü” qəzetinin oktyabr 2014-cü il 07 saylarında nəşr olunmuşdur)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.