Muxtariyyətin ilk illərində Naxçıvanda elmin inkişafı

Print Friendly, PDF & Email

1920-ci ildə Naxçıvan sovetləşəndən sonra Naxçıvan Xalq Komissarları Sovetinin əsas diqqəti burada maarif və mədəniyyət sahəsində həyata keçirilməsi vacib olan tədbirlərə yönəlmişdi. İlk tədbirlərdən biri savadsızlığın ləğvi ilə bağlı idi. Bu, təsadüfi deyildi. Çünki bir tərəfdən Rusiya müstəmləkəsinin ucqarlarından biri olması, digər tərəfdən isə 1918-1920-ci illərdə

 xarici müdaxiləçilər və daşnaq bandaları tərəfindən maarif və mədəniyyət ocaqlarının dağıdılması (8, v.13) bu regionda həmin sahələri acınacaqlı bir vəziyyətə gətirib çıxarmışdı.

       1924-cü ilədək Naxçıvan respublikasında savadsızlığın ləğvi ilə bağlı keçirilən tədbirlər müxtəlif formalarda olsa da, bir məqsədə xidmət edirdi: Qısa müddət ərzində uşaqların,  50 yaşadək şəxsiərin, xüsusilə kommunist partiyasının üzvlərinin və qadınların savadsızlığının aradan qaldırılması.

       Naxçıvan muxtar respublika statusu alandan sonra bu sahədə aparılan işlər davam etdirilməklə yanaşı, elmin inkişaf etdirilməsi də diqqət mərkəzinə çəkildi. Muxtariyyətin ilk illərində və bir qədər sonralar da Naxçıvanda dəqiq elmlərin inkişaf etdirilməsi sahəsində demək olar ki, heç bir addım atılmamışdır. Bunun bir səbəbi kadr potensiallının yoxluğu, yaxud zəifliyi idisə, digər və ən başlıca səbəbi isə Sovet İttifaqının ilk illərindən etibarən mərkəzi hökumətin Naxçıvan kimi ucqar bir müsəlman əyalətində elmin həmin sahələrinin inkişafına maraq göstərməməsi idi. Çünki dəqiq elmlərin inkişaf etdirilməsi kommunist ideologiyasının təbliği üçün humanitar elmlər qədər fürsət vermirdi. İkinci bir tərəfdən o vaxt SSRİ-yə daxil olan müttəfiq respublikaların heç paytaxtında da bu elm sahələrinin inkişaf etdirilməsi üçün maddi-texniki baza yox idi.

       Əldə olan bəzi tarixi sənədlərdən və mətbuat materiallarından aydın olur ki, Naxçıvan muxtariyyət statusu qazandıqdan sonra burada yaradılan ilk elmi qurum Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti (NTTC) olmuşdur.  Tədqiqat göstərir ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbələrindən biri kimi NTTC-nin Naxçıvan Xalq Maarif Komissarlığı nəzdində yaradılması üçün 1925-ci ilin may ayınadək ilkin təşkilatlanma işləri aparılmış (5 v.71, 72, 79), 21 may 1925-ci ildən etibarən isə onun keçirdiyi iclaslar rəsmən protokollaşdırılmışdır. (Protokolların faksimilesi geniş izah və qeydlərlə bizim tərəfimizdən 2005-ci ildə kitab şəklində (1, s.128-192) çap etdirilmişdir).  Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu protokollarda NTTC-nin 21 may 1925-ci ildən 27 avqust 1928-ci ilədək olan dövrdəki fəaliyyəti haqqında geniş məlumatlar vardır (6, v. 1-35).

       İlk protokollardan aydın olur ki, Mərkəzi Cəmiyyətin nümayən­dəs­i Məhəmməd Baharlının iştirakı ilə keçirilən birinci iclasda Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılması elan olunmuş, Vahab Həsənzadə onun sədri, Mirbağır Mirheydərzadə isə elmi katibi seçilmişdir. Qeyd edilmişdir ki, bu Cəmiyyətin yaradılmasında məqsəd Naxçıvan respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya və tarixini, iqtisadiyyatı və təbiətini ətraflı və planlı şəkildə öyrənməkdir. Bu ciddi və şərəfli vəzifəni həyata keçirmək üçün cəmiyyətdə 3 bölmə yaradıl­mış­dır:

1. İqtisadi, ictimai, təbiibölmə.

2. Arxeolorjibölmə.

3. Etnoqrafi, türkoloji, tarix və ədəbiyyat bölməsi (6, v.33).

        NTTC yarandığı ilk gündən ictimaiyyətlə sıx əlaqə saxlamağa üstünlük vermişdir. Bu işi təşkil etmək üçün hətta Naxçıvan xalq maarif komissarının imzası ilə məktəb rəhbərlərinə 11 iyun 1925-ci il tarixli yazılı göstəriş də verilmişdir: “Bir və iki dərəcəli məktəblərin müdirlərinə və müəllimlərinə. Neçə ki, Azərbaycan türklərinin gələcəkdə maarif və mədəniyyətcə tərəqqi etmək üçün böyük fədakarlıq göstərib çalışıyorsunuz, habelə lazımdır ki, vətənimiz olan Naxçıvan Şura Cümhuriyyətini tanımaqdan ötrü bu cümhuriyyətə məxsus və burada işlənən xüsusi ləhcə və sözlər barəsində məlumat toplayıb Maarif Komissarlığı nəzdində olan Tədqiq və Tətəbbö Cəmiyyətinə göndərəsiniz. Xüsusən kənd müəllimlərindən xahiş olunur, olduqları kəndlərdə danışılan söz, ləhcə və kəndlilər arasında söylənilən nağıl, məsəllər Atababa muzeylərinə (Möminəxatun məqbərəsi nəzərdə tutulur –F.X.) və mövcud asari-ətiqəyə qayət rəğbət edib yazaraq Cəmiyyətin idarəsinə göndərsinlər” (7, v. 19).

Bu çağırışdan sonra Cəmiyyət az vaxt ərzində öz ətrafına çoxlu üzv toplamışdır. Protokollar­da adları tez-tez çəkilən ən fəal üzvlər bunlardır: Məhəmməd Rasizadə, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə, Xəlil Hacılarov, Həsən Səfər­li, Yusif Qazıyev, Rza Paşazadə, Əbülfəzl Sadıqzadə, Mehdi bəy Ha­cın­ski, Məhəmməd Əhmədzadə, Neman Əfəndizadə, Əsəd Cəfərzadə, Əlisəttar Qılmanov, Asəf Ağakişiyev, Şərif Əfəndizadə, Abbas Gülmə­həm­mədov, Qəzənfər Hacılı, Hüseyn Musazadə, Nemət Novruzov, Seyid Səbri, M.Xasayev.

Cəmiyyətin fəaliyyət darirəsini genişləndirmək məqsədi ilə Ordu­bad və Şərurda onun özəkləri, Naxçıvan Darülmüəllimində isə dərnəyi də yaradılmışdır. Elə həmin vaxt Cəmiyyətin elmi katibi M.Mirheydərzadə mətbuat vasitəsilə bir daha ayrı-ayrı təşkilatların və şəxslərin köməkliyinə ümidvar olduğunu bildirərək yazırdı: “İşə başlamalıyız. Neçə aydır ki, Naxçıvanda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi yenidən təşkil olunub. Ölkəsünaslıq və ədəbiyyat maraqları ölkəni tədqiq və öyrənmək istəyən bu Cəmiyyətə üzv və müxbir yazılmışlar… Naxçıvan Cümhuriyyətinin öyrənilməsi asan və ufaq bir iş deyildir… Bundan belə ümidvar olub, arzu olunur üzv və müxbir olub-olmayan müəlliflər, Darülmüəllimin tələbələri bu mühüm vəzifənin qaliba onlara aid olduğunu nəzərə alıb hamı kəndlərdə, şəhərdə, harada olsalar, Cəmiyyətin məram və işlərinin tərəqqisində səmimi surətdə iştirak edib çalışacaqlar. Xalq ədəbiyyatına, ölkənin yaşayışı, iqtisadi-ictimai usuluna, asari-ətiqəyə cümhuriyyətdə olan cürbəcür ləhcə və lüğətlərə dair materiallar toplayıb Maarif Komissarlığı nəzdində Cəmiyyətin idarəsinə göndərəcəklər ” (9, s.4).

       Müraciətdən göründüyü kimi NTTC respublikanın maddi mədəniyyət abidələrinə, tarixinə, ləhcəsinə, el ədəbiyyatı və etnoqrafiyasına aid məlumat və materialların toplanılması və tədqiqinə xüsusi əhəmiyyət vermişdir. Protokollardan məlum olur ki, müxtəlif vaxtlarda Cəhri kənd feldşeri Borisin kənddəki dəfinə, Camaldın kənd müəllimi Şahhüseynin Noraşen kəndindəki köhnə qəbiristanlıq, Cabbar Əmirovun Qızılvəng kilsəsi, Nehrəm məktəb müdirinin «Ölü şəhər», Cəhri, Tırkeş və Yuxarı Remeşin məktəb müdirlərinin öz kəndlərindəki asari-ətiqə, Nürgüt kənd sakini İsmayıl Məhəmmədovun kənddəki qırmızı torpaq və gümüşəbənzər daş, müəllim Yusif Qazıyevin Xan minarəsi haqqındakı məlumatları Cəmiyyətin ayrı-ayrı iclaslarında dinlənilmiş, müzakirə olunmuş, hətta bu məlumatlar əsasında ayrı-ayrı yerlərə elmi komissiyalar göndərilmişdir. Göndərilən komissiyaların işi çox vaxt uğurla nəticələnmişdir. Cəhri və Milaxda aparılan kiçik qazıntılar nəticəsində bir sıra arxeoloji materialların əldə edilməsi, Qıvraxda saxsı çölmək və qədim şüşə qabların tapılıb Naxçıvan muzeyinə verilməsi, Şahtaxtıda mövcud olan Govurqala haqqında məlumatların toplanılması, yaycılı bir kəndlidən Şah Abbasa məxsus qızılla yazılmış bir qılıncın alınması, Xaraba Gilandan kəyanilərə məxsus barmaqlı bir yarağın tapılması həmin komissiyaların uğurlu işlərindəndir.

Cəmiyyətin ilk tədbirlərindən biri də Bakıda keçiriləcək Birinci Ümum­ittifaq Türkologiya qurultayına hazırlıq işləridir. Bu münasibətlə o dövr üçün Azərbaycan dili və mədəniyyəti ilə bağlı bir sıra aktual mövzularda məruzələrin oxunmasına xüsusi diqqət yetirilmişdir. Ən fəal üzvlərdən M.Rasizadə «Dillərin tülu və qürubu», H.Səfərli «Türk dilinin mənşəyi və inkişafı», Ə.Rüstəmov «Türk dilinin bugunkü vəziyyəti, ərəb və latın əlifbası ilə tovsih və tənzimi barəsində», Ə.Qılmanov «Türk millətinin ibtidai tarixi və dini təsəvvürləri» mövzularında məruzələrlə Cəmiyyət üzvləri və həvəskarlar qarşısında çıxışlar etmişlər. Protokollarda bu məruzələrin yığcam mətnləri ilə bərabər, məruzəçilərə verilən suallar və həmin suallara alınan cavablar da öz əksini tapmışdır. Cəmiyyət üzvləri və həvəskarların maraq dairəsi, yaşadıqları dövrdə ictimai-siyasi proseslərə münasibəti haqqında müəyyən təsəvvür əldə etmək üçün verilən bəzi suallara nəzər salmaq kifayətdir: “Hərgah biz ərəb ləhcəsinə yavuq idik, nə üçün ləhcəmiz getdikcə ruslaşır?”, “Dilin əsasının Nuhun üç oğlundan olması fəqət nəzəriyyədir, yaxud fənni-sübutlar var?”, “ “Mədəniyyət ən əvvəl hansı millətdən başqa millətə keçmişdir?”, “Lisan və ədəbiyyatımızın tərəqqisi üçün Naxçıvanda nə kimi bir elmi müəssisənin olması lazımdır?”, “Nə üçün Nizami və Füzuli kimi şairlərimiz türkcə yox, farsca şeir deməyə başlamışlar?”, “Türküstan və Tatarıstan ayrı olduqlarını onların iki ismə – tatar və türk kəlmələrinə malik olduqlarını sabit edir. Siz onları birləşdirdiniz. “Stan” fars kəlməsidir. Xahiş olunur bu barədə bir qədər izahat verəsiniz” (6, v.26,27).

Cəmiyyət tərəfindən birinci türkoloji qurultayda iştirak etmək üçün nümayəndə də göndərilmiş, hətta həmin nümayəndə – xalq maarif komissarı H.Musazadə qurultay haqqında təəssüratlarını mətbuatda çap etdirmişdir (4, s.3).

Protokollarda Cəmiyyətin arxeoloji bölməsinin iki böyük xidməti barəsindəki ilkin məlumatlar da çox əhəmiyyətlidir. Həmin məlumatlar­dan öyrənirik ki, Cəmiyyət üzvləri 1925-ci ilin sentyabr ayından 1926-cı ilin iyun ayınadək Xaraba Gilanda aparılacaq arxeoloji qazıntı işlərinə ciddi hazırlıq aparmış, bu işin həyata keçirilməsi üçün 300 manat pul ayrılmışdır. Üzvlər bu məsuliyyətli işə prof. V.M.Sısoyevin rəhbərliyi ilə Bakıdan dəvət edilmiş xüsusi elmi ekspedisiya ilə birlikdə başlamışlar. Xaraba Gilanda qazıntı işləri iyun ayının 18-dən 28-dək apa­rılmış, Cəmiyyətin 24-cü iclasında (28 iyun) 40 nəfər üzvün və Azərbaycan Asari-ətiqə Komissiyası nümayəndələrinin iştirakı ilə prof. V.M.Sısoyevin qızıntının nəticələrinə dair məruzəsi dinlənilmiş və müvafiq qərarlar çıxarılmışdır. İclasın çıxardığı qərarlardan biri belə idi ki, burada aparılan qazıntı işləri kifayətləndirici olmadığından gələcəkdə bu iş davam etdirilsin, «mübhəm qalmış məzarıstan məsələsi və s. tarixi məsələlər aydınlaşdırılsın» (6, v.18).

Arxeoloji ədəbiyyatdan məlumdur ki, 1926-cı ilin sentyabrında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi yanındakı Zaqafqaziya Elmi Assosiasiyasının yardımı ilə Maddi Mədəniyyət Tarixi Akademiyası Qızılvəngdə qazıntı işləri aparmaq üçün leninqradlı alim prof. A.A.Millerin başçılığı ilə oraya ekspedisiya göndərmişdir. Bu ekspedi­siya­nın qarşılanması və qazıntının nəticələrinə dair prof. A.A.Mil­lerin ilkin mülahizələri də Cəmiyyətin 29-cu və 30-cu protokolla­rında öz əksini tapmışdır. Sentyabr ayının 12-də keçirilən iclasda ekspedisiya və onun rəhbəri A.A.Millerin Naxçıvanda hüsn-rəğbətlə qarşılanması, Cəmiyyət tərəfindən M.Mirheydərzadə və Y.Qazıyevin tərcüməçi və bələdçi sifəti ilə professora təhkim olunmaları haqqında qərar qəbul olunmuş, həmin ayın 25-də 200 nəfər üzv və həvəskarların iştirakı ilə keçirilən 30-cu iclasda isə prof. A.A.Millerin Qızılvəngin tədqiqi haqqındakı məruzəsi dinlənilmiş və alqışlarla qarşılanmışdır. 30-cu protokolda prof. A.A.Millerin məruzəsinin çox yığcam mətni də veril­mişdir. Professor bir müddət sonra bu səfərinin yekunlarına aid «1926-cı ilin yayında Naxçıvan respublikasında arxeoloji tədqiqatlar» başlıqlı irihəcmli hesabatında (2, s.325-331) ətraflı şəkildə bəhs etsə də, hər halda onun Qızılvəng mədəniyyətinə dair Naxçıvandakı məruzəsində söylədiyi ilkin mülahizələr öz əhəmiyyətini qətiyyən itirməmişdir. Arxeoloqların ilk mənbə kimi bu mətnə də müraciət etmələri faydalı ola bilər.

Protokollarda Cəmiyyətin ədəbiyyat sahəsindəki iki mühüm xidməti ilə də tanış olmaq mümkündür. 28-ci protokoldan məlum olur ki, 1926-cı ilin sentyabr ayının 3-də Azərbaycan Yazıçılar Cəmiyyətinin Naxçıvan şöbəsi yaradılması haqqında məsələ qaldırılmış, şöbənin 9 nəfərdən ibarət (Vahab Həsənzadə-sədr, Əbulfəzl Sadıqzadə-katib, Mehdi bəy Hacınski, Mirbağır Mirheydərzadə, Qəzənfər Hacılı, Şərif Əfəndizadə, Məhəmməd Rasizadə, Rza Paşazadə və Həsən Səfərli) rəyasət heyəti seçilmişdir.

Cəmiyyətin ədəbiyyat sahəsindəki digər xidmətləri isə el ədəbiy­yatı nümunələrinin toplanılması ilə bağlıdır. Bayatı, tapmaca, yanıltmac, nağıl və digər folklor materiallarının toplanılıb qeydə alınmasına maddi marağı artırmaq üçün Cəmiyyət öz büdcəsindən toplayıcılara müəyyən məbləğ ayırmağı da zəruri saymışdır.

Cəmiyyət fəaliyyəti dövründə respublikanın müxtəlif rayon və kəndlərinə elmi ezamiyyətlərin təşkilinə də xüsusi diqqət yetirmişdir. Bu sahədə Cəmiyyətin elmi katibi M.Mirheydərzadənin fəaliyyəti daha çox diqqəti cəlb edir. Onun Ordubad, Culfa və Şərur dairələrinə elmi səyahətləri olduqca məhsuldar olmuşdur. Bu səyahətlərdən biri haqqın­da 40-cı protokolda M.Mirheydərzadənin 11 vərəqlik geniş məruzəsi verilmişdir. Həmin məruzə elmi cəhətdən maraqlı olmaqla yanaşı, müasir mütəxəssislər üçün də lazımlı bir materialdır. Məruzədə Baş Noraşen, Yengicə, Zeyvə, Düdəngə, Xanlıqlar, Püsyan, Yurtçu, Tənənəm, Qarabağlar, Xıncab, Əznəbürd, Şahtaxtı və s. kəndlərin coğrafi mövqeyi, əhalisinin etnik kökü, kövşənlərinin adı göstərilmiş, həmin kəndlərdə aşkar edilən tarixi abidələr, maddi mədəniyyət nümunələri və arxeoloji materiallar haqqında məlumat verilmişdir. Məruzənin mətni 1989-cu ildə bizim tərəfimizdən oxuculara təqdim olunmuşdur (3, s.3).

M.Mirheydərzadənin Ordubad və Naxçıvanın tarixi və abidələri haqqında yazdığı əsərləri isə Cəmiyyətin iclaslarında dəfələrlə müzakirə olunub təkmilləşdirildikdən sonra çapa layiq görülmüşdür. Təəssüf ki, adı çəkilən əsərlərin heç biri bu günədək işıq üzü görməmişdir. Naxçıvanşünaslığın qiymətli inciləri hesab etdiyimiz həmin əsərlərin geniş elmi şərhlərlə nəşri məsələsi tarixçi alimlərimizi düşündürməlidir.

Cəmiyyət varlığının 3 ili ərzində dəfələrlə ciddi maliyyə çətinlikləri ilə qarşılaşsa da, birinci protokolda qeyd olunduğu kimi, «vətənimizi tanımaq, öyrənmək və gələcək üçün lazımi tədbirlər aramaq»dan ötrü öz şərəfli tarixi vəzifəsini layiqincə yerinə yetirmişdir.

       Nəticə olaraq belə qənaətə gəlmək olar ki, muxtariyyətinin ilk illərində Naxçıvanda elmin inkişafında bütün məsuliyyəti Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti öz üzərinə götürmüş və o, yeganə elmi qurum kimi həmin dövrdə yalnız humanitar elmlər üzrə müəyyən nailiyyətlərin qazanılmasına müvəffəq olmuşdur. NTTC-ni bu gün elmin müxtəlif istiqamətləri, xüsusilə humanitar elmlər sahəsində böyük uğurlar qazanan AMEA Naxçıvan Bölməsinin təməli hesab etmək olar.

 

                                                     ƏDƏBİYYAT

       1.Xəlilov F. Naxçıvanı öyrənən elmi cəmiyyət. Bakı: Nurlan, 2005, 148 s.

       2.МиллерА. Археологические исследования в Нахчыванской Республике летом 1926 г. // Сообщ. ГАИМК, выпуск 1, Ленинград 1926.

       3.Mirheydərzadə M. Noraşen dairəsinə səyahət / “Sovet Naxçıvanı” qəzeti 1989 16 fevral.

       4.Musazadə H. Birinci türkoloji qurultayı xatiratı / “Şərq qapısı” qəzeti 1926 18 mart.

       5.Naxçıvan MR DA f.1, siy.1, iş 23 a.

       6.Naxçıvan MR DA f.1, siy.2, iş 13.

       7. Naxçıvan MR DA f.1, siy.6, iş 1.

       8.Naxçıvan MR DA f.2, siy.1, iş 40.

       9.”Şərq qapısı” qəzeti 1925 8 sentyabr.

 

Kitabları

1) Ömür yolu

2) Naxçıvanı öyrənən elmi cəmiyyət

3) Hüseyn Razi, Biblioqrfaiya

4) Naxçıvan Teatrı  məqalələr, xatirələr

Fərman Xəlilov filologiya üzrə

elmlər doktoru AMEA Naxçıvan bölməsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + fourteen =