HƏM KOMMUNİSTDİR, HƏM DƏ DEPUTAT… – Həm də Vətəndən uzaqda…

Print Friendly, PDF & Email

Azərbaycanlıdır. Ancaq Azərbaycanda doğulmayıb. Çünki nəsillərinin taleyində ötən əsrin bir sürgünlük faciəsi var. 1937-ci ildə Azərbaycandan Qazaxıstana və Sibirə sürgün edilənlərin hamısının taleyi bir-birinə çox bənzəyir. Bu gün haqqında danışdığım 45 yaşlı soydaşımız 

Məhərrəm Məhərrəmov Qazaxıstanın Taldıkurqan şəhərinin Koksu (yəni Göy su) rayonunun Balpık qəsəbəsində doğulub. Qazaxıstanda bu il keçirilən Parlament seçkilərində qalib gəlib. Azərbaycanlıların ilk deputatı kimi Parlament Məclisində də həm mənsub olduğu Qazaxıstan Kommunist Xalq Partiyasını, həm də Azərbaycan xalqını təmsil edir. Təbii ki, əvvəlcə bu məqama yetişməyindən danışdı:

– 1998-ci ildən təmsil etdiyim Kommunist Xalq Partiyasının Qazaxıstanda 105 min üzvü var. Hazırda Almatı şəhər Kommunist Xalq Partiyası Komitəsinin birinci katibiyəm, həm də Siyasi Bürosunun üzvüyəm. Bu illərə qədər azərbaycanlı millətindən olan deputatlar ancaq Parlamentin aşağı palatası olan Məslihatda təmsil olunurdular. Bu il ölkənin vilayətlərində Maslihatlara 6 azərbaycanlı deputatımız seçilib. Lakin Qazaxıstan tarixində ilk dəfə olaraq, Parlament Məclisinə azərbaycanlı kimi mən deputat seçildim. Ünvanıma nə qədər təbriklər gəldi. Ölkənin hər yerində yaşayan hətta tanımadığım Azərbaycan diasporunun üzvləri, yaxın dostlarım çox sevindilər. Ən əsas da kəndimizə gedəndə, hamı görüşümə gəldi. Həmyerlilərimiz, azərbaycanlılarımız qürur hissi keçirdilər. Gələ bilməyənlər zəng etdilər. Ümumiyyətlə burada yaşayan azərbaycanlılarımız həmişə bir-birinə dayaq olublar, axı onlar 1937-nin ağır günlərindən , illərindən, sınaqlarından çıxıblar.

– Sizin də babalarınız, nəslinizin bir hissəsi 1937-ci ildə Taldıkurqana sürgün edildi. Stalinin Qara Repressiyasının soyuq küləkləri qapılarınızı döydü, kəndinizi, elinizi-obanızı viran qoydu.

– Mən böyük nənəmi və babalarım Şərəfi, Məhərrəmi görməmişəm. Əcdadlarımız Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindəndirlər. 1937-ci ildə buraya təkcə Naxçıvandan 600 ailə sürgün olunub. Həmin ağır illərdə, qazax qardaşlarımız nənə-babalarımıza qucaq açıb, isti yer verib, yemək verib, bizi od-ocaq sahibi ediblər, ölməyə qoymayıblar. Qalanlarımız o şaxtalarda, soyuqlarda bərkiyib çoxaldılar, indi kəndimizdə 2000 azərbaycanlı ailəsi var. Burada qazaxlarla o qədər qaynayıb qarışdıq ki, o qədər mehriban olduq ki, indi də hamımız bir ailəyik, indi də xeyir-şərimiz birdir, bu ənənələrimiz isə dünya durduqca davam edəcək. Qazaxlara məxsus olan bir adəti qoruyaraq, mən də özümün 7 nəsil arxa dönənimin şəcərəsini tərtib etmişəm. 6 nəsil babamın adını bilirəm. O şəcərənin 7-cisi mən və qardaşımdır.

Anam hər zaman evdar qadın oldu. Ancaq atam və anamın xairələrindən bilirəm ki, nənələrim və babalarım bu torpaqlarda çox əziyyət çəkiblər, sürgün olunan kəndimizin insanları bu torpaqlarda can qoyublar, bu torpaqlara həyat veriblər, əkib becəriblər. Ağır günlərdə bir olmağı bacarıblar. Şükür Allaha ki, əməkləri ilə hər zaman həm nəslimizin adına, həm də Qazaxıstan dövlətinə şərəf gətiriblər. Əvzində isə biz də bu torpaqlarda ayaq üstə durub, bərkimişik. Ailəmizdə iki qardaş idik. Atam adi traktorçu idi. Mən həmişə Qazaxıstanın ucsuz-bucaqsız çöllərinə, səhralarına baxıb, fikirləşirdim ki, aqronom olacağam, taxıl, çuğundur əkib becərib, bu dövlətin iqtisadi təməlinin keşiyində duracağam. Torpağı çox sevirəm. Böyük qardaşım hüquqşünaslığı oxudu, və atamın təkidi ilə mən də hüquqşünas oldum.

– Nəsliniz, şəcərəniz bu torpaqda da artıb çoxaldı. Azərbaycanlılara xas olan nəyi yaşatdı Balpık kəndinin azərbaycanlıları?

– Ən əvvəl onu deyim ki, Qazaxıstanda yaşayan azərbaycanlılar, Vətəndən sürgün olunsalar da , milli adət-ənənlərini qoruyub saxladılar. Həm burada yaşamaq, həm də Azərbaycanla əlaqələrini üzməmək üçün kəndin əksər ailələri oğlanlarını evləndirəndə, çox vaxt gəlini gedib Azərbaycandan, dogma Şərurdan, Naxçıvandan, Şəmkirdən, Gəncədən gətirdilər. İndi bir az dəyişib hər şey … o zaman toylar da çox maraqlı olurdu…

– Bəlkə o toylardan danışasınız…

– Bizim yaşadığımız Balpık qəsəbəsində əvvəlcə qız evinə elçi gedərdilər. Qız evinin razılığı alınandan sonra, qıza nişan aparardılar. Sonra toy tədarükünə başlanardı. Əvəllər burada toylar üç gün çəkərdi. Buna görə də toyu həftənin cümə günündən başlayardılar. Həm bəyin həyətində, həm də gəlinin həyətində qazanlar asılardı. Yeməklərin hamısını odundan qalanmış ocağın üstündə bişirərdilər. Biz uşaqlara da dürmək paylayardılar. İndi o dürməyin ləzzəti heç nədə yoxdur. O dürməyə sahib olmaq üçün biz uşaqlar da gah gəlinin qapısına qaçar, gah da bəyin qapısının keşiyini çəkərdik ki, payımızı ala bilək. hamıya da pay çatardı. Kəndin, elin-obanın bütün uşaqları sevinərdilər. Həftənin beşinci günü kişilər bəyin evində “Qəndqıran” gecəsinə yığışar, qız-gəlinlər isə qız evində qızın “Paltarbiçdi” mərasimində əllərinə xına qoyar, oğlan evinin qız üçün aldıqları paltaralara baxardılar. 6-cı gün çal-çağır qız evində başlanardı. Bazar günü səhər tezdən gəlib gəlini oğlan evinə aparardılar. Ən qəribəsi o idi ki, qızı bəy evinə ayaqla aparardılar. Qara zurnada bir “Vağzalı” çalınardı ki… səsi hələ də qulaqlarımdadır. Qabaqda da həmişə bir nəfər əlində boğazına qırmızı bağlanmış xoruz tutan kişi xeylağı gedərdi. Toylarda adətən qadınları irəli verərdilər. Qadınlar bir dairədə oturardılar. Toya gələnlər mütləq özlərinin qızlar bulağından su içmiş qızlarını bu toya gətirər, arxada isə cavan oğlanlar dayanardı. Yəqin ki, bu adət də qız seçmə, oğlan bəyənmə adəti idi. Sovet vaxtında musiqiçiləri mütləq Azərbaycandan dəvət edərdik.

Novruz bayramı da bir başqa təmtəraqla qeyrd olunurdu. Əvvəl evlərdə təmizlik işləri başlanardı. Axırıncı çərşənbə hamı qəbristanlığa gedib, ölənlərini yad edərdilər. Bu əslində indi də belədir. Ancaq o vaxt biz uşaqlara kosa paltarı geyindirər, çiynimzə xurcun asardılar. Ya biz xurcunumuzdan getdiyimiz qapıya pay verərdik, ya bizə pay verərdilər. Bu əslində-qonum-qonşunu, qohum-əqrabanı sevindirmək üçün bir fürsət idi. Evlərdə yumurtalar boyanaradı, məhəllələrdə müxtəlif mərc oyunları, idman yarışları, güləş yarışları keçirilərdi.Cavanlar qol güclərini sınayardılar. Qazaxlar da bu bayramlarımızda yaxından iştitak edirdilər. Bizdən fərqli olaraq qazaxlar Novruz bayramını , Müstəqillik qazanandan sonra keçirməyə başladılar. Bir də o illərin təndirinin ətrini heç unuda bilmirəm. Bizim də təndirimiz vardı. Nənəm lavaş bişirərdi, ətrafdakı evlərə də pay göndərərdi. Bir də əti qovurma edərdilər. Biz uşaqlar da ocağın qırağını kəsdirib durardıq ki, nənəmiz o qovrmadan bizə nə vaxt verəcək, payımızı almamış heç yerə tərpənməzdik. Bir də ki, məhərrəmlik keçirərdik. Əvvəllər yerli hakimiyyət, qazaxlar, insanların nə üçün ağlamaqlarını, yığışmaqlarını başa düşmürdülər. Elə bilirdilər ki, siyasi aksiyadır. Sonralar buna da adət etdilər. Mane olmadılar.

– Bu gün Sizin də təmsil olunduğunuz Qazaxıstan Parlamentində 14 müxtəlif millətin nümayəndəsi təmsil olunur.

– Qazaxıstan və qazaxlar həmişə tolerant və sülhsevər olublar. Bu həm də Türk dünyasının ağsaqqalı, müdrik xalq lideri Nursultan Nazarbayevin uzaqgörən siyasətidir. Başqa millətlərin nümayəndələri kimi, azərbaycanlılar da hər zaman bu dövlətin bərqərar olmasında özlərinin halal əmək və zəhmətlərini əsirgəməyiblər. Nəinki, azərbaycanlılara, burada heç bir insana milliyyətinə və mənsubiyyətinə görə fərq qoyulmayıb. Bacarığı, peşəkarlığı olan insan üçün dövlət tərəfindən hər cür şərait yaradılıb, istedadlı insanların uğur pilləsində yüksəlməsi üçün bütün qapılar üzlərinə açıq olub. Həm Sovet Qazaxıstanı mövcud olan vaxtlarda, həm də Qazaxıstan öz müstəqilliyini əldə etdiyi ötən 25 ilin hər günündə, hər tarixində azəbaycanlılarımızın da əməyi və imzası var.

– Bu gün ölkənin taleyüklü məsələləri həll ediləndə, qərarlar və qanunlar qəbul ediləndə parlamentdə müzakirə olunan məslələrdə Siz də öz sözünüzü deyir, imzanızı atırsınız. Biz də Xəzərin bu biri üzündə Sizin kimi oğullarla şərəf duyuruq.

– Bəli, mən hüquqşünasam. Bu gün bir çox qanunların müzakirəsində, insanların sosial və maddi rifah halının yüksəlməsi üçün qaldırılan məsələlərin həll edilməsində öz sözümü və təmsil etdiyim partiyamın sözünü deyirəm. Partiyanın tələblərini də lazımı səviyyədə parlamentin tribunasından səsləndirə bilirəm. Qazaxıstan Kommunist Xalq Partiyası fiziki əlilliyi olan insanların köməyinə çatmaq, onlara hərəkət etmək üçün müxtəlif cihaz və aparatların, texniki vasitələrin alınması məsələsini Baş nazirin və Hökumətin qarşısında qaldırdı. Nəticəsi də müsbət oldu. İctimai Şuranın dövlət hakimiyyətində rolunun tənzimlənməsi məsələlərini daima nəzarətdə saxlayırıq. Parlament dinləmələrində Qazaxıstan Respublikasının cinayət, cinayət-prosesual və digər qanun məcəllələrində modernləşmənin tətbiqi üçün mobil surətdə işləyirik, müzakirələr aparırıq. Bu ilin sentyabr ayından bu günə kimi 50-yə yaxın qanun məcəlləsi müzakirə olunub. 4 dəfə deputat sorğusu verib, hakimiyyətə və hökumətə sonunda müsbət cavab almışam. Xərçəng xəstəliyi olan uşaqların dövlətin tam himayəsinə götürülməsi kimi mühüm bir məsələnin həllinə nail olduq. Sosial durumu çətin olan insanların daima yanındayıq. Məhkəmə-hüquq sistemindəki yeniliklərdə bizim də imzamız var. Qazaqxıstan Respublikasının Parlamernt Məclisinin iclaslarında Çernobıl qəzasında sağlamlığını itirən ailələrin üzvləri üçün tibb mərkəzinin açılması məsələsini qaldırmışam. Cəmiyyətimizi və insanlarımızı narahat edən bütün məsələləri daim diqqətdə saxlayır, ölkə başçısı Nursultan Nazarbayevin arzusuna uyğun olaraq, insanların maddi və mənəvi rifah halının yüksəlməsi üçün əlimizdən gələni edirik.

– Sizin oturduğunuz kürsüdən Qazaxıstan-Azərbaycan əlaqələri necə görünür?

– Əslində bizim tarixi əlaqələrimizin necə isti münasibətlər, səmimi dostluq ənənələrinə söykənməsi haqqında söhbətimizin əvvəlində repressiya illərini xatırlayarkən bəhs etdim. O gündən bu günə kökümüz bir olan bu türk kökənli qardaşlarımızın münasibətlərində heç zaman anlaşılmazlıq olmadı. Dövlətlərimiz müstəqilliyini qazanandan sonra isə, bu münasibətlər artıq siyasi müstəviyə keçdi. Qazaxıstan hər zaman Azərbaycanın yanında oldu. Bu gün ölkəmizdəki Azərbaycan səfirliyi iki qardaş xalq arasındakı münasibətlərin daha da istiləşməsində əlindən gələni əsirgəmir. Azərbaycanın föqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun ölkənin müxtəlif vilayətlərində dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin xüsusilə qeyd etmək istəyirəm. Belə səmimi və işgüzar görüşlər, Azərbaycandan bu ölkəyə gələn, və yaxud da burada məskunlaşan azərbaycanlıların həm bizim, həm də Azərbaycan dövlətinə olan inamını artırır.Əsrlərlə formalaşan münasibətlərimizə rəng qatır. Bu günlərdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və köməyi ilə yaradılan “Azərbaycanlı Sahibkarların İttifaqı” azərbaycanlı iş adamlarına və onların tərəf müqabillərinə böyük imkanlar açacaq. Düşünülmüş diplomatiya ikitərəfli münasibətlərin və dostluğun təməlidir. Biz də bunun bəhrələrini artıq görməyə başlamışıq.

Mən 20 yanvar 1990-cı il hadisələrini xatırlayıram. Məşhur Oljas Süleymenov Bakıya—Azərbaycanın harayına birinci gələnlərdən idi. Azərbaycanın ərazi bütövlüyü məsələlərində Qazaxıstan dövləti hər zaman Azərbaycanın yanındadır. Ümimiyyətlə, götürəndə isə Qazaxıstan bütün dövlətlərin haqq işini dəstəkləyir, hər zaman dövlət başçısı Nursultan Nazarbayev həlli müşkül məsələlərdə barışıq missiyası liderliyini, ağsaqqallığı öz üzərinə götürür. Mən inanıram ki, Azərbaycanın 20 faiz torpaqlarının özünə qaytarılması haqqında BMT-nin qəbul etdiyi 4 qətnamə də öz həllini tapacaq. İnsanlar sülh şəraitində, qonşuluq şəraitində yaşamalıdırlar. Buna öyrəşməyin vaxtı çatıb. Ana Vətənimdə baş verən hadisələr həmişə maraq dairəmdədir. Yadıma gəlir, 1982-ci ildə rəhmətlik Heydər Əliyevi SSRİ Mərkəzi Komitəsinin Partiya Bürosuna üzv seçmişdilər. Biz çox sevinirdik. Bütün kəndimiz, qəsəbəmiz sevinirdi. Fəxr edirdik… həm də ona görə ki, o bizim qoyub gəldiyimiz Naxçıvandan idi. Onun haqqında ətrafda eşitdiyimiz xoş söhbətlərdən fərəhlənərdik. Vətəndən uzaqda bütün azərbaycanlılar belə olur. Bu gün isə Azərbaycandan baş verən hadisələrə etinasız qala bilmirəm. Və nə yaxşı ki, böyük Heydər Əliyevin məktəbindən həm həyat dərsi, həm də siyasi dərs almış İlham Əliyev kimi bir dövlət başçımız var. O Heydər Əliyev yolunun inamlı davamçısıdır.

– Ana Vətənə bu qədər məhəbbətiniz və eşqiniz olduğu halda, 30 ildir ki, Azərbaycanda olmamısınız.

– Bu gün bizim nəslin nümayəndələrinin yarısı Şəmkirdə, yarısı Şərurda, yarısı da Naxçıvanda yaşayır. Deyirsiniz nəyi unutmuram?! Uşaqlığımı… Dünyada münasibətlər, bazarlar dəyişdi. Biz də tez-tez Vətənə gedib gələ bilmədik. Ancaq anam bu yaxınlarda getmişdi. Məndən fərqli olaraq, anam imkan olanda xeyir-şər yerlərinə gedir. Mən də getmək istəyirəm. Yəqin ki, bu yaxınlarda vaxt tapıb gedəcəm. Gedib o uşaqlığımdan qalan dostları görmək istəyirəm. İstəyirəm görüm necə böyüdülər, indi necə görünürlər. O küçələri, o evləri, oynadığımız məhəllələri görmək istəyirəm. Bizi atam yay tətilində həmişə Şərura göndərərdi. Biz oraya gedəndə kənddəki uşaqlar bizə “urus-müsəlmanı” deyərdilər. Çünki azərbaycanca çətin danışardıq. Üç ay yaydan sonra evə, Balpıka qayıdanda isə buradakı uşaqlarla azərbaycana danışardıq. Bizim mentalitet doğrudan fərqlidir. Azərbaycanı anlamaq üçün gərək Azərbaycanda doğulasan.

Qazaxıstanın Parlament Məclisində azərbaycanlıları təmsil edən deputat Məhərrəm Məhərrəmov bu gün hüquqşünas kimi ölkənin yazılan qanunlarına rəy verənlərdən, bu qanunların insanların və ölkəsinin rifahı üçün işləməsinə çalışanlardan biridir. Qazaxıstan tarixində bizim şərəfli və şanlı , adlı-sanlı azərbaycanlılarımız çox olub. Yaxşı ki, Vətəndən uzaqda Vətənimizə şərəf-şan gətirən soydaşlarımız var. Buna görə sevinməyə də dəyər.

Aida Eyvazlı.
Astana-Bakı. 2016.

Dərc olunub: 07/12/2016 – 18:10

İstinad:azpolitika.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.