Görkəmli ziyalı Elman İslam oğlu Əliyevin vəfatından 5 il keçir…

Print Friendly, PDF & Email

 

Elman Əliyev Kim idi?…
“Elman Əliyev: Olduğu və göründüyü kimi” kitabından:
Elman Əliyev haqqında

Əliyev Elman İslam oğlu 1959-cu il yanvarın 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə oxuduğu N. Tusi adına 9 saylı orta məktəb öz əlaçı şagirdində, eyni zamanda, dahi astrofizik və böyük filosofun irsinə dərin məhəbbət oyatmış, C. Məmmədquluzadə adına 2 saylı orta məktəb isə nümunəvi yeniyetməyə Molla Nəsrəddinə xas hazırcavablıq və xeyirxahlıq aşılamışdır.

 1976-cı ildə Azərbaycan Neft-Kimya İnstitutunun İdarəetmə sistemlərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1981-ci ildən təyinatı üzrə Rusiya Dəniz Donanmasının Həştərxan İdarəsində AİS üzrə elektronika mühəndisi vəzifəsində çalışmışdır.

1983-cü ildə Azərbaycan LKGİ Babək RK-nə təlimatçı, 1985-ci ildə isə şöbə müdiri təyin edilmişdir.

1988-ci ildə Azərbaycan KP Babək RK-nin təşkilat şöbəsinə təlimatçı kimi irəli çəkilmişdir.

1990-cı ilin yanvarında Bakıdakı qanlı hadisələrdən dəhşətə gələrək, partbiletini atıb, partiya sıralarını tərk etmişdir. Həmin vaxtdan etibarən Naxçıvan televiziyasındakı mühəndislik fəaliyyəti, eyni zamanda, operator kamerası ilə tale yoldaşlığı onun keçmiş mədəni irsə hədsiz marağının və gələcək araşdırmalarının mövzu dairəsini yaratmışdır: Naxçıvanda Nuh peyğəmbərin izləri, “Əshabi-Kəhf” möcüzəsinin sirləri, N.Tusi irsinin ümumbəşəri əhəmiyyəti, C.Rumi humanizminin, H.Cavid dühasının, M.Araz poeziyasının sehri və i. a.

2001-ci ildə Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları forumunun “Üçüncü sektor”, “Həftəlik TV” proqramı layihəsinin koordinatoru təyin olunub. Onun çoxcəhətli fəaliyyətindəki peşəkarlıq səviyyəsi və dərəcəsini vurğulamaq üçün təkcə Beynəlxalq simpoziumdakı çıxışlarını və dünya şöhrətli “SİEMENS” şirkətindən aldığı sertifikatları xatırlatmaq kifayətdir.

2011-ci il sentyabrın 17-də Elman Əliyevin qəfil ölümü onu yaxından tanıyanların və bütün Elmansevərlərin qəlbində həyəcan təbili çalaraq, onların hamısını görkəmli ziyalının mənəvi irsini üzə çıxarmaq yolunda səfərbər etmişdir.

səhifə 2

   Əqli qüvvə
…Hər kəs özündən sonra bir iz qoyub gedir. Elman kimi nadir adamlar azacıq ömürlərində o qədər işlər görürlər ki, adi halda bunu hətta təsəvvür etmək belə mümkün deyil. İnanıram ki, onu tanıyanların yaddaşında Elman məhz bu cür qalacaq. Cəfakeş, düşüncəli, etibarlı, sadə, təmkinli… Allah rəhmət eləsin.

Bahadur Tahirbəyov
Ümumdünya sistemoloqlar klubunun müxbir üzvü
səhifə 176

 

…Onu tanımaq çətin deyildi, olduğu kimi görünən adam idi. Elman həddindən çox səmimi idi, mənə elə gəlir ki, onun xarakteristikasının əsas meyarı səmimilik idi. O tanıdığı insanların sevincinə sevinər, kədərinə kədərlənərdi…

Ümidvar İbrahimov (Elman Əliyevin qudası)
Səhifə 151

 

…Bəşəriyyətə miras qalan Dədə Qorqud dünyasında “Dəli Domrul” var. Domrul ölümün inkarı və ölümsüzlük prototipidir.
Əbədi olan Yaradandan Əbədi yaranış var, yoxdur ölüm! Bu sadə kainat mexanikasına görə Elman aramızda yox kimidir, amma əbədiyyətdə var kimidir…

Vahid Rzayev
Səhifə 186

                    

Hamının tanıdığı insanı bir daha tanıtmaq istəyi ilə
Elman bəylə bir neçə il bundan əvvəl, təxminən 2006-cı ildə dostum Nicat Sadıqlının vasitəsilə tanış oldum. O zaman “Müasir İnkişaf” İctimai Birliyini yenicə yaratmışdıq. Nicat məni maraqlı fikirləri olan ziyalılarla görüşdürəcəyini söyləmişdi. Nəhayət, bir gün vaxt edib görüşdük də. O zaman “Xətai” metro stansiyasının yaxınlığında yerləşən ofislərində görüşdük onlarla. İki nəfər idilər – Elman İslam (Allah qəni-qəni rəhmət etsin) və Mirələkbər Seyidov.

Elman bəyin ilk tanışlıqda mənə o qədər də xoş təsir bağışlamadığını etiraf etmək istərdim. Onunla bağlı ilkin təəssüratım onun əsəbi və aqressiv adam olması kimi formalaşdı. Lakin Elman bəyin maraqlı söhbəti və hərtərəfli məlumata malik olması, ən əsası da, cəmiyyətimizin mövcud vəziyyəti ilə barışmayaraq mübarizə aparmaq əzmi bizi bir-birimizə yaxınlaşdırdı. İlk günlər müzakirə mövzumuz Gəmiqaya abidələri idi. Bu abidələrin nə qədər mühüm əhəmiyyətə malik olması, bu məsələni Azərbaycan cəmiyyətinin gündəmində saxlamaq üçün çalışmalar görüşümüzün əsas aparıcı mövzusu idi. Hətta o dərəcədə bu işlə məşğul olurdu ki, onu Azərbaycanın milli ideologiyasına bərabər səviyyədə tuturdu.
Sonralar daha geniş mövzular ətrafında

Mübariz Aşırlı “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri
Səhifə 70

 

Müraciət
…Dünyanın yenidən bölünməsinin reallığa çevrildiyi indiki vəziyyətdə təkcə malik olduğumuz ərazini qorumaqla, iqtisadiyyatımızı inkişaf etdirməklə iş bitmir. Dövlətimizin qüdrətlənməsinə, itirilmiş, işğal olunmuş ərazilərimizin geri qaytarılmasına nail olmaq vəzifəsi qarşımızda durur. Həmçinin millətin varlığının və gələcəyinin əsas göstəricisi olan milli mənəviyyatımızın ən mühüm köklərinin-dilimizin, tariximizin, dinimizin qorunmasını və təhrif olunmadan gələcək nəslə ötürülməsini təmin etməliyik…

Elman İslam oğlu Əliyev,  Mirələkbər Mirmöhsün oğlu Seyidov
Səhifə 74

 

Tələsən adam
Bu yazıya başqa adlar da qoymaq olardı. Amma onu tanıdığım 6 il ərzində gördüyü bütün işlərdə, verdiyi tövsiyə və məsləhətlərdə həmişə tələsən gördüm. Sanki ömrünün qısa olacağını bilirdi. Ona görə də biliklərini bizlərə vaxtında vermək istəyirdi. Elman müəllim tələsə-tələsə olsa da tanıdıqlarına, yaxınlarına, bütövlükdə Azərbaycana, xalqımıza, türk dünyasına çox şeylər verdi. Açığı onun ölümündən sonra bunu daha dərindən dərk edirəm. Onun imza atdığı bütün işlərin cəmiyyətimiz üçün, Azərbaycan üçün, türk dünyası üçün necə böyük əhəmiyyət kəsb elədiyini etiraf edim ki, indi dərk etmək daha asandır. Elman müəllimin qaldırdığı bəzi məsələlərin, problemlərin həllinə göstərilən cəhdlərdə iştirak eləməyimə baxmayaraq onun necə taleyüklü məsələlərin həllinə girişdiyi son iki ay ərzində mənim üçün daha aydın oldu. Onun razılaşmadığı məqamlara görə kimliyindən asılı olmayaraq başqasının sözünü kəsib öz fikrini bildirməyə tələsməsi indi daha başa düşüləndir.
Altı il dostluq etdiyim bu insan ən yaxşı sözlərə layiqdir və ürəyimdə yazılacaq sözlər çoxdu. Amma düşünürəm ki, Elman müəllim kimi insanların gördüyü işlərin açılmasına bu sözlərdən daha çox ehtiyac var.
Sizə bu kitabda təqdim olunan “Ruslar Nuhun gəmisini Azərbaycanda axtarırlar”, “Bütün uca dağlar türklərindir” yazıları məhz Elman müəllimin səyləri nəticəsində ərsəyə gəlib…

Nicat Sadıqlı
Səhifə 93

 

Əbədi dünyanla yaşa!..
…Vətəninə, xalqına, millətinə çox bağlı idi… Kitablar onun əzizi, dostu, sirdaşi, çətin-mətin günlərinin arxadaşı idi. Özünə dost bildiyi, seçdiyi adamın dərdini, dərdi-sərini və sevincini özününkü hesab edərdi.
Ən fərqli cəhətlərindən biri o idi ki, seçimi o qədər düzgün aparırdı ki, dostları onunla eyni səviyyədə, hətta ondan da yüksək mövqelərdə yer tuturdular.
Əhsən, mənim əziz balam!!! Allah sənə rəhmət eləsin! Məzarın nurla dolsun!
Mən onların simasında sənin necə böyük və xoşbəxt olduğunu gördüm…
Əvəzolunmaz, sədaqətli, təmənnasız, kamil insanlarla dostluq etməyin sizləri bir-birinizə mənən, ruhən daha yaxın edibdir…
Mən xoşbəxt atayam! Sənin haqq dünyasına qovuşduğun gündən sonra mənim və ananın nə qədər oğlu, qardaşı və bacısı artdı. Sənin qardaşların, bacıların, qohumların xoşbəxt adamlardır… Əbədi dünyanla yaşa… Çox sevirdin bu sözü!…  

Səhifə 106

…Komsomolda işləyən dövrü idi. Kitab mağazasının yanından keçirdim. Pəncərədən gördüm ki, Elman da mağazadadır. Mən də içəriyə daxil oldum. O, məni görmürdü. Əlində qalın bir kitab var idi, ancaq o biri əli cibində idi, nə isə axtarırdı. Kitabın qatlarını açıb çox maraqla baxırdı. Bir neçə dəfə kitabın o üzünə, bu üzünə baxdı, mən hiss etdim ki, narahatlıq hissi keçirir, pulu, yəqin ki, çatmır. Bir ata-bala olsaq da, həm də dost idik. Əlimi çiyninə qoydum, arxaya çöndü ki, mənəm. Üzünə xoş bir təbəssüm gəldi, daxilində bir sevinc qaynadı. Mən də gülə-gülə dedim: – “Komsomolun cibində pul olmaz, kitabı götür!” Çox sevincək halda gülə-gülə dedi: – “Əşi, gəl çıx görək da! Allah səni göydən saldı!
Baxdım ki, tibbə aid kitabdır. Dedim ki, yoxsa həkim olmaq istəyirsən?!
– Yox, ata, əvəzsiz sərvət toplayıram. Bir də nə biləsən, bu kitab nə vaxt buraxılacaq?
Doğrudan da, sonra məlum oldu ki, həmin kitabdan Naxçıvan şəhərinə bir ədəd gəlmiş imiş, onu da Elman götürüb. Kitablara o qədər vurğun idi ki, evdəki mebel əşyalarının hamısını dəyişib kitab rəfləri formasına salmışdı. Yoldaşım da narazılığını bildirərdi…

Atası: Əliyev İslam Qurban oğlu 26.09.2011
Səhifə 110

 

Bala dağı
…Bizə tez-tez gələrdi. Məni həkimə aparar, xəstəliyimi dəqiq öyrənmək istəyərdi. Nə qədər halım pis olsa da, çalışardı ki, məni güldürsün, əhvalımı düzəltsin, sonra evdən çıxsın. Dünyasını dəyişməmişdən bir gün əvvəl gəlmişdi. Dedi ki, ana, özünü necə hiss edirsən? Dedim ki, Elman, vallah, ölürəm! Qəhqəhə çəkib dedi: “Ay ana, mən sənə demişəm, axı! Əzrail 1970-ci ildə sənə hücum elədi, ancaq gücü çatmadı, əliboş qayıdıb getdi. Beş il bundan öncə də gəldi, gördü ki, o girən kol deyil, tez də uzaqlaşdı. Üz tutdu başqa yerə, and içdi ki, bir də bu tərəfə üz tutmasın. Arxayın ola bilərsən, gedib başqa bir yerdə məskən salıb…”

Bir az bizi güldürdü, özü də güldü… Dedi ki, ay ana, heç kəs deyə bilməz ki, kim bu dünyadan tez gedəcək. O, Allahın əlindədir. Bəlkə, mən səndən tez gedəcəyəm… Mən də dedim ki, Allah eləməsin, ay oğul! Allah mənim ölümümü sizin qarşınızda eləsin, cənazəm sizin çiyinlərinizdə aparılsın!

Elman gülə-gülə dedi: “O, Allahın öz əlindədir, özü bilən yaxşıdır.” Bu bizim axırıncı görüşümüz oldu. Bu danışıqdan bir neçə saat keçmişdi. Yuyulan boşqabların yerini dəyişmək istəyəndə, əlimdən töküldülər, üçü sındı. Evdə mənə təskinlik verdilər, ancaq mən narahat oldum..

Anası: Əliyeva Asya Məmməd qızı 27.IX.2011
Səhifə 134

 

 

Allah rəhmət etsin hər ikisinə
Məmməd Araz vurğunu idi. Onun bir misrasını xatırladım: Dünya sənin, dünya mənim, dünya heç kimin. Heç kimə qalmayan dünya ona da qalmadı. Ömrünün əlli ikinci payızında təbiətin qoynunda bu ömrə son verildi…
Təbiətdən həzz alardı. Lakin daxilindəki arzu-istəkləri və narahatlıqları ona istirahət etməyə imkan vermirdi. Bəzi adamlar onu başa düşmürdü… Ona çox qəribə baxardılar Lakin onun öz dünyası var idi…
…Hərəkətdə idi, daim hərəkətdə. Arzularına qovuşmaq üçün hey qaçardı. Bütün gücünü sərf edirdi ki arzularına tez qovuşsun. Lakin fikirləşmirdi ki, bir yumruğu boyda olan ürəyi bu ağırlığa dözə biləcəkmi???
Dözmədi və dözə bilmədi, onu yarı yolda qoydu…O yolda ki, onda o artıq bütün arzularına qovuşmaq ərəfəsində idi və onun arxasınca gedirdi…

Oqtay Əliyev (qardaşı)
Səhifə 135 

Yuxuda gördüm səni!
Yuxuda gördüm səni:
Gördüm Əshabi-Kəhfdəsən,
Yenə ziyarətdəsən, lalələr içindəsən.
Kameranı götürüb, uca zirvəyə qalxdın.
“Daş çiçək açıb!” – dedin,
Sonra əl edib getdin.

Yuxuda gördüm səni:
Naxçıvandakı evdə,
Atanın otağında,
Tarı sıxıb sinənə,
Asta-asta çalırdın,
Mənsə şeir deyirdim:

“Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində, sən kiminin
Şöhrətini yaşadan az yaşayır.”

Az yaşadın, ancaq mənalı, ləyaqətli bir ömür yaşadın. Elman adlı bu dünyamla fəxr edirəm! Məzarın nurla dolsun! Məkanın Cənnət olsun!

Lətafət İslamqızı (bacısı)
Səhifə 136

 

Zəng vurdum, çağırdı, amma…
…Elman 8-ci sinifdə oxuyurdu. Vətən haqqında inşa yazmışdı. Atamız dil-ədəbiyyat müəllimi olduğundan inşaya əvvəlcədən baxıb elə də kəsərli olmadığını, yəni, yaxşı yazılmadığını bildirmişdi (onu da qeyd edim ki, atamla Elman arasında elmi mübahisələr tez-tez baş verərdi). Elman inşa üzərində daha bir neçə gün işlədikdən sonra öz fikrini dəyişmədən, inşanın məzmununu olduğu kimi saxlamışdı. Atam ona deyəndə ki, əgər inşanın məzmununu dəyişməsə, onu sinifdə saxlayacaq, onda Elman tərsliyinə salaraq, cavab vermişdi ki, “Əgər səhv tapsanız, nə bilirsiniz edərsiniz!”. İnşa yoxlanılan zaman səhv tapılmamışdı deyə, Elman “əla” qiymət almışdı.
O, dediyi və düşündüyü şeylərin doğru olduğuna əmin olduqda (o, fikrinə əmin olmayanda mübahisə etməyi sevməzdi) onu fikrindən yayındırmaq olduqca müşkül məsələ idi.
Elmanın dostları olduqca çox idi. Bu dostları içərisində mənim oğlum Nicatın xüsusi yeri vardı. Elman, demək olar ki, Nicata böyük kimi yanaşır, onu həqiqi dost gözündə görürdü. Aralarındakı yaş fərqinə baxmayaraq, artıq Nicat da əmisini dost kimi qəbul etmişdi. Buna görə də bəzən onlar arasında maraqlı və lətifəyə bənzər dialoqlar da olurdu.
Bir gün gecə saatlarında Elman bizə gəlmişdi. O, Nicatla xeyli oynayıb, zarafatlaşdıqdan sonra gözlənilmədən ona dedi: – “Nicat gəzməyə gedək?”
Nicat böyüklərə məxsus ironiyalı baxışlarla əmisinin bu zarafatına çox qəribə tərzdə cavab verdi: – “İndi…?”, yəni “məni dolamısan?!”. Bu cavabdan gərəkli nəticə çıxaran Elman ertəsi günü vaxt tapıb, uşaqları gəzməyə apardı.
Elman elmi, ilahiyyatı, ədəbiyyatı necə sevirdisə, zarafat etməyi də bir o qədər sevirdi…

Sultan Əliyev (qardaşı)
Səhifə 137

 

İbrət nümunəsi
Məktəbdə oxuyarkən dərslərə o qədər maraq göstərmirdim. Zəif oxuyurdum. Bir gün Elman mənə dedi ki, sabah hazırlaş, mənimlə işə gedəcəksən. Mən fikirləşmədən dedim: “Mənə nə iş verəcəksən?” O dedi ki, mütəxəssissən? Mən duruxdum. Elman dedi: “Niyə danışmırsan? Xoşuna gəlmədi? Mən ancaq fəhlə işlədirəm…” Səhəri gün məni işə apardı. Bir nəfərə tapşırdı ki, işini ver, işləsin. Özü də yaxşı işlət.

Bir həftə heç kəs bilmədi ki, mən sex müdirinin qardaşıyam. Sonra fəhlələrdən hansısa eşidib ki, mən sex müdirinin qardaşıyam (əslində Elmanın özü də fəhlə paltarında idi, sex müdirinə oxşamır, fəhlələrdən seçilmirdi).

Usta çağırıb, kənarda Elmana dedi: “Elman müəllim, heç olmasa, qulağıma pıçıldayardın ki, qardaşındır!”

Elman çox sərt cavab verdi: “Mən sizdən bunu gözləməzdim, hər kimdir, buranın fəhləsidir, o biri fəhlələrdən heç bir fərqi yoxdur. Əksinə, iş qabiliyyətinə görə o birilərdən daha yüksəkdə dayanmalıdır!” …

Rasim Əliyev (qardaşı)
Səhifə 140

 

Nəvə arzusu ilə yaşayırdı…
…Zəhməti sevməyin, öz işinin vurğunu olmağın balaların üçün bir örnək idi. İnşallah, qalan arzuların onların işlərində, əməllərində öz əksini tapar…
Sən ölməmişsən, sən yaşayırsan mənim üçün, ailən üçün, bütün sevdiklərin üçün …
Əbədi uyuyan, əzizim Elman! Yerin rahat, rahat olsun…
Sənin Şəmin

(Əzizin Şəmidə)
Səhifə 145  

 

Mənə şirin-şirin “Quzum!” deyərdi…
…Ata adı mənim üçün ən əziz, ən ülvi bir addır. Bu adı bir də dilimə gətirmək üçün həyatımda nələr etməzdim?!
Həyat dolu atam, mübariz atam, savadlı atam, fəxr etdiyim atam, bir də şirin-şirin “quzum”, “gözüm” deyən atam hey…
Ömrümün qalan illərini Allahın köməkliyi ilə atama layiq övlad kimi yaşamağa çalışacağam…

Quzun Günel
Səhifə 146  

 

Gözün arxada qalmasın!
..Atam həmişə bizdən narazılıq edərdi, ətrafdakılar isə onu qınayardı ki, belə uşaqlarla fəxr elə. Amma, doğrudan da, biz onun savadına, qabiliyyətinə cavab verə bilmirdik. Atamın savadına, qabiliyyətinə heyifsilənirəm, özü də çox…
Gözün arxada qalmasın, biz çalışacağıq ki, sənə layiqli övladlar olaq…

Əzizin Emin
Səhifə 147

 

Nə yaxşı, mənim toyumu gördün!..
Əziz atam, səni xatırladıqca gözümün önündən uşaqlıq illərim bir-bir keçir. Bizə dərs öyrətməyin, şeirlər əzbərlətməyin, səsin qulaqlarımdan, yaddaşlarımdan heç vaxt silinməyəcək.
Sənin vətənə bağlı olmağın, ailəni sevməyin məndə hərbiçi olmaq həvəsini yaratmışdı. Bu fəxrli işimdə olmağıma görə sənə dünyalar qədər minnətdaram.
Mənim üstümdə sənin zəhmətin daha çox olub, Ata. İşimlə əlaqədar sənin əziyyətin, zəhmətin, narahatçılığın unudulmazdır (Haqqını halal et!).
Sən bizim hafizəmizə əbədilik həkk olunmuşsan, gözəl, unudulmaz, savadlı, dərin mənalı sözlərinlə…
Sevinirəm ki, nə yaxşı mənim toyumu gördün. O sevincin o biri dünyanda da səninlə olsun, heç üzündən nurun əksik olmasın!

Əzizin Emil
Səhifə 147

 

Heyf E l m a n d a n !
…Elmanda el-obaya bağlılıq, övlad məhəbbəti, fədakar ata hissləri, düşüncələri diqqəti daha çox cəlb edir. İnsanları sevən kövrək qəlbli, adamların yaxşılığını, qələbəsini, hər hansı uğurunu eşidəndə gözlərində şəfəqlər sayrışan bir insan kimi tanıdım onu. Bildim ki, bu şəfəqlər xeyirxahlığa, qardaşlığa, dostluğa, ən başlıcası insanlığa doğru uzanan yolların işıqlarıdır…

Şəmil Mahmudov NDU Təbiətşünaslıq və kənd təsərrüfatı
fakültəsinin dekan müavini, k.e.n., dosent
Səhifə 148

 

Sıradan biri deyildi…
…Elman bir qohum kimi sıradan bir adam deyildi. O, qayğıkeş, mehriban, hər bir yaxının problemləri ilə maraqlanan bir insan idi…

Əzizin Nahidə
Səhifə 149

 

Savadı qarşısında baş əyirəm..
…O, tez-tez mənimlə fizika fənni üzrə məşğul olurdu. Onun bilmədiyi heç bir fənn yox idi. Fizika və biologiya fənnini mənə o sevdirmişdi. Ümumiyyətlə, Elman çox savadlı, çox elmli bir insan idi. İllər keçdi, mən ali məktəbi bitirib biologiya müəlliməsi işləməyə başladım. Bu fənnə aid nə maraqlı məlumat əldə etmək istəyirdimsə, yenə Elman öz dəstəyini məndən əsirgəmirdi.
Mənə həmişə əlavə ədəbiyyatlar verərdi ki, bunları mütləq öyrənməlisən. Böyük türk alimi Əbu-Əli İbn Sinanın bir neçə kitabını mənə vermişdi. Kitabları oxuduqdan sonra mütləq onları təhlil edərdik…

Əziz bacın Aidə Mahmudqızı
Səhifə 150

 

Olduğu kimi görünən insan….
          …Mən Elmanı qısa zaman kəsiyində hərtərəfli tanıdım. Onu tanımaq çətin deyildi, olduğu kimi görünən adam idi. Elman həddindən çox səmimi idi, mənə elə gəlir ki, onun xarakteristikasının əsas meyarı səmimilik idi. O tanıdığı insanların sevincinə sevinər, kədərinə kədərlənərdi…

Ümidvar İbrahimov (Elman Əliyevin qudası)
Səhifə 151

 

Zəkalı dost harayı
…Elmanla ilk görüş və tanışlıq Mirələkbərin ofisində olub. Elman İslam oğlu Əliyev gözəl insan, zəkalı dost, həmsöhbət!
Xocalı prospekti 24a ünvanındakı ofisdə yığışar, elmi söhbətlər edər, dərdləşərdik. Azərbaycan tarixi, onun keçmişi, bu günü və gələcəyindən söz açar, mübahisələr edərdik. Gəmiqaya, dünya daşqını söhbətimizin əsas mövzularından idi. Nuhun tufanı, bununla bağlı tarixdə deyilənlər bitməz-tükənməzdi.
“Bəşəriyyətin yolu Nuhun gəmisindən başlanır” adlı yazım təzəcə çap olunmuşdu. Bu barədə çox mübahisələr ortaya çıxırdı. Çünki, ümumən, Şərq və xüsusən, Şumer mənbələri bu barədə çox yazmış, müxtəlif, bir-birinə zidd, mübahisəli məsələlər vardı. Söhbətdə Elman, Əliyar Səfərli, Hacı Qadir Qədirzadə, Əjdər Fərzəli, Abbas Seyidov və b. iştirak edirdi…

Elməddin Əlibəyzadə Filologiya elmləri doktoru. 2011, 11 dekabr
Səhifə 161

 

Ömrün bir anı

Elman Əliyev o şəxsiyyətlərdən idi ki, onu xatırlamaq üçün uzun müddət ünsiyyətdə olmaq hökm deyil. Sadəcə onu tanıyırsan, vəssalam. Cəmi bir dəfə görüşmüşdük. Sanki illərin tanışları kimi danışmağa çox sözümüz oldu. Əsasən elmdən, fizikadan – onun ixtisasından. Məşğul olmağa kifayət qədər imkan və vaxt tapa bilmədiyi bu sahədə çox işlər görmək istəyirdi. Söhbət əsnasında sistemologiyadan da söz düşdü. Bu nadir elmin əsasları barəsində danışarkən Elman ilk kəlmələrdən məni başa düşdü. Həm də nəinki başa düşdü, hətta fikrimi davam etdirdi. “Baktrian” jurnalının ilk nömrəsində yazdığım məqalədəki Eynşteynin məşhur enerji ilə kütləni tarazlayan düsturunda enerjinin informasiya ilə əvəz olunmasının mümkünlüyündən danışdım. O, həmin dəqiqə razılaşıb sözümü tamamladı: “Onda “c” işığın sürətini yox, fikrin sürətini göstərməlidir, “m” isə biliklərin cəmini”. Jurnalı oxumayanları məqalənin bu hissəsi ilə tanış edirəm…

Bahadur Tahirbəyov, Ümumdünya sistemoloqlar klubunun müxbir üzvü
səhifə 168

 

Ruhun ucalığı
(Dostum Elmanın xatirəsinə)
…Elman maraqlı adam kimi, dininə, millətinə, vətəninə, el-obasına, adət-ənənəsinə, işinə, vəzifəsinə, ailəsinə, kökünə bağlı bir adam kimi könlümdə yer tapdı. Darıxan günlərimdə məni aradı. Xəstələnəndə mənə ürək-dirək verdi, dostları başına yığıb mənə baş çəkdi. Hər dəfə zəngini eşidəndə ürəyimin dözümü artdı, çoxaldı. Şən zarafatları, saf, tər-təmiz gülüşləri, ərkyana sözləri, ağayana məsləhətləri, insanı sabaha səsləyən vədləri, gözəl planları adamı ruhlandırırdı.
Elman hərtərəfli, savadlı, erudisiyalı adam idi. Onunla söhbət eləmək, tarixə baş vurmaq, ədəbiyyatdan, sənətdən, inanclardan, dini görüşlərdən danışmaq, bəzi məsələlərdə elmi mübahisələr aparmaq və müəyyən nəticələrə gəlmək mümkün olurdu və bir görüş başqa, yeni bir söhbətə körpü olurdu. ..

                          İsmayıl Öməroğlu Vəliyev Filologiya elmləri doktoru, professor 8 oktyabr 2011-ci i
Səhifə 179l  

 

Elman – sevimli şagirdim
…Elman orta məktəbi müvəffəqiyyətlə bitirdi, ali təhsil aldı, işgüzarlığı, yaradıcı əməyi sayəsində gözəl ixtisas sahibi oldu, vətənə layiq övlad kimi yetişdi. O, ev-eşik qurdu, oğul-uşaq sahibi oldu, ata-anasını da Bakıya apardı, qayğılarına qaldı…
…Elman Əshabül-Kəhflə bağlı kitabcanı, nəfis şəkildə hazırlanmış təqvimi mənə verdi. Dedi ki, Naxçıvan, onun tarixi abidələri ilə bağlı belə kitabça, buklet və təqvimləri çox buraxmaq, belə işləri təbliğ etmək, başqa dillərə tərcümə edib dünyaya yaymaq, nankor qonşularımızı başa salmaq lazımdır ki, Naxçıvan bizim dədə-baba yurdumuzdur…
Elmanın ruhuna dərin hörmətlə

Adil Bağırov Filologiya elmləri doktoru Naxçıvan şəhəri
Səhifə 182

 

Sən qalan ömrünü dostlarında yaşayırsan, Elman!
…Elman Əliyev… İnsan nə qədər geniş qəlbli, bacarıqlı, yaradıcı olarmış?!… Uzaqdan tanıyanlar onda bu istedadı, bəlkə də ,görə bilməzdilər. Lakin üz-üzə oturub söhbət edəndə, onunla bir işin qulpundan yapışanda bu istedadın şahidi olurdum. O, həm tarixçi idi, həm riyaziyyatçı. Həm musiqiçi idi, həm ssenarist. Həm vətənpərvər idi, həm millət fədaisi… Onda yaxşı olan hansı keyfiyyətlər yox idi?! Elman haqqında keçmiş zamanda danışmaq qəribəmə gəlir. Lakin nə edəsən? Onun aramızda cismani yoxluğunu duyduğuma görə bunları yazmıram. Bəlkə də, bir qədər kövrək hisslərlə yazıram. Amma onunla hər görüşəndə deyərdim ki, sən başdan-başa istedadsan! Sən xalqın layiqli, ziyalı oğlusan, Elman!…
…Dərin zəkası, iri eynəyinin şüşələri altından mənalı baxışları, gülən gözləri var idi. O, verdiyi suallara düzgün cavab almayanda belə, heç kəsin xətrinə dəyməzdi. Bir qədər kinayəli gülüşləri o demək idi ki, dediklərin doğru deyil. Milli məsələlərdə səhv edirdinsə, çox zəhmli, ciddi görkəm alar, amma çox ustalıqla qarşısında oturanı başa salmağa çalışardı. …

Abbas Seyidov Tarix elmləri doktoru, professor
Səhifə 184

 

Elman – sadəcə Elman
…Elmanın yaxşı fikri vardı: N.Tusi dühasından uzun illər ərzində araşdırdıqlarını şərh etmək. Elman, ərazisini, vətənini, tarixini, ilahiyyəti araşdıran Elman! Yaddaşımda Elman yaşlaşmadı, qocalmadı, yorulmadı…
Bəşəriyyətə miras qalan Dədə Qorqud dünyasında “Dəli Domrul” var. Domrul ölümün inkarı və ölümsüzlük prototipidir.
Əbədi olan Yaradandan Əbədi yaranış var, yoxdur ölüm! Bu sadə kainat mexanikasına görə Elman aramızda yox kimidir, amma əbədiyyətdə var kimidir.
Elman müəllimin aramızda olarkən söylədiyi fikir və çıxışlarında sistematik ardıcıllıq, dəqiq elmlərdəki kimi dəqiqlik və konkretlik var idi. O, tarixlə bağlı fikirlərini mənbələrə istinadla, ilahi işıq dairəsinə aid düşüncələrini isə aydın və düzgün çatdırmağa çalışan və buna müyəssər olan bir insan kimi yaddaşımda qalmaqdadır. Araşdırma və elm ölənə qədər lazım olur. Öləndən sonra onları “sərf” etməyin lazım olur…

Vahid Rzayev
Səhifə 186

ÜMUMDÜNYA SUBASMASININ NAXÇIVANA METEOROLOJİ VƏ MƏDƏNİ TƏSİRİ
…Elman müəllimlə (Allah rəhmət eləsin) ilk dəfə Mirələkbər müəllimin yanında tanış olmuşdum. Bir rus jurnalistinin Gəmiqayaya hədsiz marağı və buranı xristianların ibadət yerinə çevirmək cəhdləri ətrafında fikir mübüdıləsi aparırdıq. Qədim mədəni irsimizə sahib çıxmaq istəyənlərə layiqli cavab verməyi özümüzə borc bilirdik. Söhbətin gedişində Gilançay vadisində aparılan arxeoloji qazıntılarla tanış olan Elman müəllim, bu haqda birlikdə sənədli film çəkilməsinin tariximizin təbliği üçün mühüm əhəmiyyətini qeyd etdi. Mən öz tərəfimdən lazım olan materialları hazırlamağa söz verdim. Təəssüf ki, bu işi başa çatdıra bilmədik. Elman müəllim dünyagörüşlü, hərtərəfli savada malik, milli ruhlu ziyalı idi…

Bəhlul İbrahimli, Tarix elmləri namizədi, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi
Səhifə 188

 

İdrakı, imanı olan insan
…Elman 19 mart 2003-cü ildə “Təhsil” Cəmiyyətində gənc yazıçı Ramiz Qasımovun “Əsrləri qabaqlaşmış alim Nəsrəddin Tusi” əsərinin təqdimat mərasimində çıxış edərkən Tusidən misal gətirərək dedi. Nəsrəddin Tusi dünyaya gələnləri adam adlandırır. Bütün adamların insanlığa ucalması üçün onun idrakı, elmi və imanı olmalıdır. ..

Kimin idrakı, elmi var, imanı yoxdur onlar şeytandır.
Kimin imanı var, idrakı, elmi yoxdur onlar cahildir.
Kimin nə idrakı, elmi və imanı yoxdur onlar nadandır.
Kimin həm idrakı, elmi, həm də imanı var onlar insandır.

Bunların içində ən ziyankarı şeytan olanlardır.
Elmanın gözəl, məntiqli təhlil etmək qabiliyyəti vardı.

Onun zəngin arxivi olmalıdır. Orada müxtəlif insanlarla müsahibələr, müxtəlif tədbirlərin lent yazıları olmalıdır. Bunların üzə çıxarılması çox faydalı olardı. O cümlədən onların üzü köçürülüb televiziya arxivlərinə verilməsi və yeri gəldikcə onlardan istifadə edilməsi faydalı olardı…

Nuqay Əliyev Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi, “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədr
səhifə 196

 

 

Unudulmaz insan
…İllərin prizmasından baxanda Elmanın şəxsiyyəti bütün çalarları ilə qarşımda durur. O vətənini, xalqını, dövlətini sevən bir insan idi. Azərbaycanın tarixini, ədəbiyyatını dərindən bilirdi. M.Araz şəxsiyyətinin və poeziyasının vurğunu idi. Nəsrəddin Tusi irsinə özünəməxsus fərqli baxış bucağından yanaşırdı. Heç kimdən eşitmədiyim bir sıra orijinal fikirləri var idi ki, qələmə alsaydı elm və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanardı. Bilmirəm, bəlkə də Onun arxivində bu barədə nələrsə var və varsa bunlar üzə çıxarılmalıdır. Elman içərisi dolu adam idi, çox heyfsilənirəm ki, gündəlik qayğılar onun potensialının tam üzə çıxmasına, məqsədyönlü istiqamətə yönəlməsinə mane oldu. ..

Əkbər Əliyev
Səhifə 200

 

Acı xəbər
…Elman bəyin kimliyi ilə bağlı çox mətləblərdən danışmaq olar. Otuz ilə yaxın bir müddət ərzində gördüyüm, oturub-durduğum, dostluq elədiyim Elman bəy yalnız dəyərli bir insan, öz millətini, vətənini ürəkdən sevən üstün bir vətəndaş kimi xatırlana bilər. Ayrıca vurğulayım ki, Elman bəyi inanclı bir adam kimi tanıyırdım. Tam yəqinliklə deyə bilərəm: Elman bəy kimsənin yanında nümayiş etdirmədən illər uzunu oruc tutub, namaz qıldı, ancaq cahil fanatiklərdən olmadı…

Arif Rəhimoğlu
Səhifə 204

 

“Öyrəndim və öyrətməyə hazıram!”
Haqqında yazdığım Elman Əliyev keçmiş zamanda xatırlanmağa layıq deyil. Sıradan sıravi vətəndaş da deyil. Bu şəxs, mütəfəkkir-ziyalı, müəllim, elmi dərəcəsi olmayan alim, ədəbiyyatşünas, dilçi-araşdırıcı, riyaziyyatçı, ilahiyyatçı, astronom, texnik, yaxşı ailə başçısı, əsl dost-sirdaş, sayğılı hörmətli ata, bir sözlə kamil insandır.
Ruhu canlı insandan da faydalı Elman müəllimin balaca qeydiyyat dəftərini əlimə alıb vərəqləyəndə, elə ilk səhifədə ilk misrada, ilk hərifdə bütün varlığımı və düşüncəmi 10-15 il əvvəl bu qeyd dəftərinə yönəltdim, dəftərin ilk misraları belə başlayırdı:

“Nə?” – oxu! (Qur-an)
“Niyə?” – düşün!
“Nə səbəbə?” – öyrən və öyrət!

O bununla üç kəlmə sözlə bir insana gərək ola biləcək hər şeyi ifadə etməyə çalışmış, demək olar ki, buna nail olmuşdur.
Oxu deməklə o hər şeyin açarının elmdə olduğunu, inama bağlandığını ön plana çəkmişdir.
“Niyə?” – düşün! Deməklə insan düşündükcə daha böyük nailiyyətlər əldə edə biləcəyinə işarə edir, insan olan bəndələrə düşünməyi məsləhət görür.
“Nə səbəbə?” – öyrən və öyrət! Bu misrada isə Elman müəllim öyrənməyin nə qədər faydalı olduğunu önə çəkirsə öyrətməyin ondan da vacib olduğunu vurğulayır.
İlahi, bu balaca 15-20 vərəqli dəftərdə nələr var, nələr? Bəlkə də, bəşəriyyətə bu günə qədər məlum olmayan neçə-neçə kəşflər, bəlkə də, bəşəriyyətin “yaranış” açarının istiqaməti də burda göstərilmişdir.
Elman haqqında hal-hazırda oxuduğunuz bu kitab nəşrə hazırlanarkən, mənə də xoşbəxtlik nəsib oldu ki, nur, işıq, yaranış, ilahiyyat, bəşər kimi mühüm əhəmiyyətli məsələlərə qısa ömrünü həsr etmiş bu şəxsiyyət haqqında mən də yazım.
Mən də onun nurundan gec də olsa öz payımı alıb, onun ifadəsi ilə desək, “öyrəndim və öyrətməyə hazıram.”
Elə düşünürəm ki, Elman müəllim (sözün əsil mənasında böyük həriflərlə yazılası müəllim) tərifdən çox-çox yüksəkdə bərqərar olan insandır (mən bunu indiki zamanda ona görə yazıram ki, o yaşayır, bizlərin-dostların qəlbində və əməlində. Deyə bilərik ki, hələ uzun illər yaşayacaq), o, yaşadığı zamana sığmayaraq, zamanı qabaqlamış və onu da geridə qoyaraq çox-çox irəliləmişdir.
Onun əlindəki qeyd dəftərində diqqətini çəkən başqa bir amil dinin elmi tərəfinə olan marağıdır. Daha doğrusu, Elman müəllim işlətdiyi hər ifadəsində, elmə istinad etmiş, elmi önə çəkməyə çalışmışdır. Dinin cəhalət üçün yox, inkişaf üçün yaranışına sübutlarla qane olmağa çalışmışdır, və bu ona əksər hallarda müyəssər olmuşdur…

Məhərrəm Zaman Yazıçı-publisist
Səhifə 205

 

Sənə görə sevərəm
…Mənim bir çox filmlərimin ərsəyə gəlməsində onun böyük xidmətləri var. Bir gün mənə təklif etdi ki, Əshabi-Kəhf haqqında bir veriliş hazırla, məndə kifayət qədər material var. Bir az da zarafata salıb dedi ki, bəlkə bir az günahları yuyasan…
          …Mən Nehrəm haqqında veriliş çəkmək istəyirdim. Lakin Ulu öndərimiz Heydər Əliyevin Nehrəm haqqında söylədiyi fikirləri demək olar ki, heç bir yerdən tapa bilmirdim. Neçə gün idi qanım qara idi, növbəti görüşümüzdə Elman mənə dedi ki, noolub əəə, Nehrəmli? Mən dedim ki, sənlik deyil, Qayıtdı ki, yalançının…Səbəbiini dedim. Xeyli güldü – dedi elə bu? Dedim bu azdı?
Dedi ki, 2 saatdan sonra o materialı sənə verəcəyəm. Əvvəlcə inanmadım, düz iki saatdan sonra O, videodiski mənə verdi. Mən də sevindiyimdən onun lopa bığlarından öpdüm…Və Nehrəm haqqında üç film hazırladım…
Daha sonra Nuhun qəbrinin Naxçıvanda tapılması ilə bağlı mənə çoxlu sayda materiallar təqdim elədi və zarafatla dedi ki, kişisən bunları da yarat. (Xüsusi olaraq qeyd edim ki bir çox materialların əldə olunmasında Elmanla bərabər tarix elmləri doktoru Abbas Seyidovun, Hacı Salmanın və Mirələkbər müəllimin xidmətləri var. Onları danmaq insafsızlıq olar. Onlara da bir dost kimi təşəkkür edirəm)
Həzrəti Nuh haqqında film İctimai televiziyada gedəndən sonra Elman müəllim həmin dostlarla birlikdə həmin filmin MEA-da müzakirəsini təşkil etdilər, sonra çox hörmətli Vasif Talıbovun sərəncamı ilə Naxçıvanda Nuhun möhtəşəm məqbərəsi inşa edildi…

Kamil Məhərrəmoğlu
Səhifə 222

 

 

Elmanın unudulmaz xatirəsinə
Həyatım boyu rast gəldiyim nadir insanlardan biri idi… Heç kimə bənzəməzdi, həyatda Elman müəllim. Geniş mütaliəsi olduğundan hadisələrə öz baxışı və münasibəti ilə seçilərdi. Olduqca sadə və səmimi idi. “Namusu nəfsindən yuxarı” olan kişilərdən idi. Mərd və sədaqətli idi eyni zamanda…
Sözü üzə şax deyərdi, heç nədən çəkinməzdi. Elə bu xasiyyətinə görə də, bəzən onu “Mirzə Səfər”ə bənzədirdim.
Gözəl yumor hissi olduğundan “Molla Nəsrəddin”dən misal çəkməyi xoşlayardı. Dostumuz Kamil Nehrəmli ilə zarafat etməkdən ləzzət alardı… Zahirən sakit görünsə də, içində bir təlatüm qaynayardı həmişə…
Sufiliyə dərindən bələd olduğundan idi ki, özü də ruhən sufi könüllü adam idi. Namaz qılardı, amma öz dilimizdə. Mövlanəni çox sevərdi Elman müəllim…
Mən ona “Xoca” deyə müraciət edərdim. O, əsl məfkurə adamı olaraq ucalıq zirvəsində dayanan bir şəxsiyyət idi…
Gözəl və mükəmməl qələmi olsa da az-az yazardı…
Həssas adam olduğu üçün əsəbi olardı… Həmişə narahat görünərdi, özünə sanki yer tapa bilmirdi…
Mənəviyyat axtarışında olan yol yolçusu idi Elman müəllim…

Hayıf ondan…
Millətimiz onun timsalında işıqlı və halal kişilərdən birini də itirdi.
Ruhun şad olsun, dostum!

Şəmistan Əlizamanl
Səhifə 226

 

Xalqını sevən insan itkisi
Səninlə biz bir neçə il bundan qabaq tanışmışdıq. Bu il heyfsilənirdik ki, niyə səninlə görüşə bilmədik. Nə biləydik! Demək taleyində ayrılmaq varmış. Nə də tez ayrıldın aramızdan, ay kişi! Sən enerji dolu idin. Səndə olan o enerjiyə, çalışqanlığa, valeh idik.
Bizim tanıdığımız Elman bəy, vaxtını çox yaxşı dəyərləndirməsini bilən, işini yaxşı və diqqətlə edən, nizam-intizama önəm verən, texniki işlərə böyük həvəsi olan və gəzməyi sevən bir insandı. Adam demirik: o, deyirdi ki: “adam olmaq başqa, insan olmaq başqa şeydir…”

Sayğılarla, Məhəmməd Yenisey, Gülarə Yenisey 02.10.2011
Səhifə 227

 

Yaxşıların dünyasında qalan adam
…Bir çox azadlıq aşiqindən fərqli olaraq Elman öz mübarizəsində kiminsə udub, kiminsə uduzması barədə düşünmək belə istəmirdi. Axı uduzan sənin soydaşındırsa bundan Vətən bir şey qazanmır. Birindən alıb o birinə verməklə nəsə artmır, dartışma bitmir. Elmanın istədiyi o idi ki, halallıq və nizam olsun. O yaxşı bilirdi ki, bu hədəf zaman-zaman insanlığa şərəf gətirən ali şəxsiyyətlərin başlıca istəyi, dadlı xəyalı olub. Nə yaxşı ki, bu istək və xəyal zaman keçdikcə də Şərqin zər-ziba libasını soyundurub, Haqqın işığını artırmaqla, zülmətin çevrəsini daraldıb…
…Elman məmləkətimizdə zaman-zaman gurlaşan İşığa öz nurunu qatmaqla, Zülməti də özü boyda əridib getdi. Əbədi olan işığı qaldı: ürəklərdə və diləklərdə, hər yerdə və hər şeydə. Elman özü də inanmışdı ki, İşıq yox olan deyil Zülmətsə ötəri və bitəndir. Elman qəti əmin idi ki, Vətən özü boyda İşıqdır. Zülmət isə onun ayaqlarında sürünən kölgədir.
İşığa dönmüş ruhun Vətənin başı üstündə dinclik tapsın, qardaşım!

Tahir AYDINOĞLU “Xalq qəzeti”
Səhifə 228

         

Salam, əməlisaleh dost!
Cümə günün mübarək, hər cümə günü zəngləşərdik, … Başımız elə qarışmışdır ki, dünya işlərinə ölümü az-az düşünərdik. Axirət azuqəsi tədarük etməli olduğumuzu unudardıq. Ölüm haqdır…
…Sən önə keçdin. Orta məktəbdə də, institut illərində də, həyatda da sən həmişə öndə oldun…
…Elman, heç nə bizə zövq vermir, kimsə şad edə bilmir bizi, o yolun yolçuları getdi, o karvanə necə yetişə bilərik, behişt gənclərinin sərvəri İmam Hüseynin getdiyi karvanə, Əsabi-Kəhfin, Təmlixanın dəstəsinə necə çata bilərik, Nuhun gəmisinə necə minə bilərik ki, qurtulanlardan, nicat tapanlardan olaq. Gəlin birlikdə bunu ciddi-ciddi düşünək…

Hacı Salman ( Samik ) Cümə günü
Səhifə 231

 

AĞIL VURĞUNU ELMANIN “AĞILLI EV” TİKMƏK ARZUSU
…Həmin illərdə Naxçıvan Televiziya və Radio Verilişlər Komitəsi ilə sıx əməkdaşlıq edir, onlara verilişlər yazırdım. Komitə şəhərin mərkəzində olduğunda, həyətindəki çayxana yaşıllıq içərisində yerləşdiyinə görə oraya gələnlərin sayı çox olurdu. Peşə yoldaşlarımızla, dostlarımızla televiziyanın çayxanasına yığışır müxtəlif mövzularda söhbətlər edirdik. Elmanda televiziyanın mühəndis-texnik heyətinin üzvü olduğuna görə vaxt tapanda çayxanaya gəlir və jurnalistlərin söhbətlərində, müzakirələrində iştirak edərdi.
Onunla daha yaxından tanışlığımız da çayxanadan başladı. Burada Elman fikir və düşüncələrini daha sərbəst ifadə edirdi. Onun millətini necə ürəkdən sevdiyini də orada gördüm. İslam müəllimin oğlu olduğunu da həmin vaxt bildim. O, atası, nəsli və nəcabəti ilə qürur duyurdu. Amma, heç vaxt yeri gəldi-gəlmədi onlardan istifadə etməyə, nəslinin, ata-babasının şöhrətindən yararlanmağa çalışmırdı. Özünə inamı olduqca güclü idi. Hər şeyə öz gücü ilə nail olmağa çalışırdı…

…İnternetdə “Paltak” deyilən bir otaq yaradılmışdı. Xaricdən gələn soydaşlarımız bu texniki vasitədən istifadə etməklə dünyanın müxtəlif guşələrində yaşayanların fikir mübadiləsinə şərait yaratmağın, söhbət etməyin mümkünlü-yündən söz açırdılar. Biz isə ondan yararlana bilmirdik. Həmin vaxt Elman İslam oğlu dadımıza çatdı. Bütöv Azərbaycan Birliyinin Bakı şəhərinin yeddinci mikrorayonunda yerləşən otaqlarında internet qurdu. İnterneti “Paltak” otağına qoşdu. Bizim “Paltak” otağı vasitəsilə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızla əlaqəmizə şərait yarandı. Bu söhbətlər nəticədə DAK yaratdı…

…Elmanın milli məsələyə də, islama da, dilimizin tarixinə də çox maraqlı və fərqli baxışları vardı. Hər dəfə də bu fərqliliyə aydınlıq gətirməsini istəyəndə o, gülümsəyərək bunu özünün qabiliyyəti kimi deyil ixtisası ilə bağlayırdı. Deyirdi: “Mühəndislər, texniki sahənin adamları humanitar elmlərə həmin sahədə çalışanlardan fərqli baxırlar”. Mən ona tanıdığım texnika sahəsinin alimlərinin bir çoxunu misal göstərirdim, “onlar nədən bəs sənin kimi düşünmürlər?” sualını verdikdə, “onların elmi adları var, amma, qəlibdən kənara çıxa bilməyənlərdir”. Elman texniki sahənin alimləri deyəndə Xudu Məmmədovu, Azad Mirzəcanzadəni, Rafiq Əliyevi qəbul edirdi…
…Gənclərin gec ailə qurmaları ilə heç cür barışmırdı. Bəzən oturub hesablayırdı ki, hər bir oğlanın üç-beş il gec evlənməsi Azərbaycanda minlərlə qızın dul qalması deməkdir. Həmişə də özünün həyat yolundan misal çəkərdi. Deyərdi ki, 22 yaşında evləndim, ailə quracağım qızı da özüm seçdim. Amma valideynlərimlə məsləhətləşməyi də unutmadım…

Əli Şamil 
Səhifə 236

 

Mən də onu tanıyırdım…
Təqribən beş-altı ay bundan əvvəl mərhum dostumuz Elman bəylə hər görüşdə olduğu kimi yenə də yer üzündə baş verən müsibətlərin əsasında nə dayanır sualı ətrafında xeyli söhbət etdik. Onun problemlərə tamamilə özünəməxsus formada yanaşma tərzi yenə də məni heyran etdi. Bir insanın eyni problemə tam müxtəlif istiqamətlərdən – demək olar ki, bir-birindən kifayət qədər uzaq olan müstəvilərdən baxa bilməsi və həmin problemin yaranma səbəblərini, aradan qaldırılması variantlarını görə bilməsi, ən çətini isə insanların anlaması üçün ifadə formasını düzgün tapması çox nadir rast gəlinən hal idi…

Hüseyn Cavadov
Səhifə 245

 

“Elman əmi” və “Nənə”
…Elman özünəməxsus prinsipləri olan insan idi, əqidəsində möhkəm, dayanıqlı. Ən gözəl insani keyfiyyəti onun həddən artıq etibarlı olması idi. O, dostu-tanışı üçün hər zaman lazım olmağı bacaran idi. 90-cı illərin sonunda çalışdığım “SPASE” TV-də bir gün təsadüfən Elmanla rastlaşdım. Onu çoxdan tanıyırdım, hörmətim vardı. Söhbət əsnasında ailə, valideyn-övlad münasibətlərinə həsr olunan yeni layihə üzərində işlədiyimi dedim. Elman çox böyük coşqu ilə bu qəbildən olan verilişin zəruri olduğunu və mənə bu işdə kömək edəcəyini dedi.
Elmanın sözü boş vəd deyildi. O gündən Elman sözün əsl mənasında bu layihənin təkanverici qüvvəsi oldu. Şirkətdə çalışmadığından ona əmək haqqı vermək mümkün deyildi, bundan narahat olduğumu görəndə məni inandırdı ki, bu iş mənəvi baxımdan ona çox lazımdır.
Beləcə Azərbaycan teleməkanında ilk tok-şou kimi efirə çıxan “Ailə üçbucagı”nın iki ilə yaxın efir həyatında Elmanın adı koordinator getsə də, mən bilirəm ki, Elman bu verilişə nə qədər can qoydu, boynumda haqqı qaldı. İlkin dövrdə, çətinlikləri görüb ruhdan düşdüyüm vaxtlarda məni sınmağa qoymadı, bütün varlığı ilə inandırmağa, dayaq durmağa çalışdı. Telefon söhbətlərimizə, bəzən gərginləşən uzun-uzadı polemikalarımıza bizdə də alışdılar, Elmangildə də…

Nərminə Əlixanbəyova  
Səhifə 250

 

Mənim üçün ağırdır
…Elman məni Naxçıvandakı “Köhnə Qala”ya apardı. Azərbaycan tarixinin canlı şahidi olan “Köhnə Qala”nın yer üstü, yer altı qatlarını mənə göstərdi. O, “Köhnə Qala”nı mənə elə təqdim edirdi ki, elə bil bu tarixi, bu qalanın içindəki həyatı, döyüşləri, savaşları özü yaşamışdı, özü iştirak etmişdi bu tarixi proseslərdə. Sonra məni ən yaxın dostları ilə tanış etdi. Mən də öz dostlarımı zaman-zaman onunla tanış etdim. Qısa müddət ərzində biz çox yaxın dostlar olduq. 1990-cı ilin 20 Yanvar faciəsində Elman partbiletini atdı. Qohum-əqrəba, dost-tanış ona təsir göstərməyə çalışdı. O heç kimi eşitmədi, yalnız içindən gələn milli səsi eşitdi və əqidəsindən, mövqeyindən dönmədi…
…Hərdən bir görüşürdük, söhbət edirdik, bir çox məsələləri müzakirə edirdik. Hər bir məsələ ilə əlaqədar onun öz fərqli mövqeyi var idi. Çox güclü yumor hissi var idi. Bəzi məsələlərdə fikir ayrılığımız olsa da, bir çox məsələlərdə bir-birimizi yaxşı anlayırdıq. Bir gün mənə dedi ki: – “Mən Şairə (Məmməd Araza) sənin haqqında demişəm, bizi evdə gözləyirlər. Mən ona dedim ki, mən evə gedə bilmərəm, yaxşı deyil şairi narahat etməyək, həm də onu o vəziyyətdə görmək mənim üçün ağır olar. Elman təkidlə mənə dedi ki, nə qədər ağır olsa da biz ora getməliyik. 1998-ci ilin dekabrında bir yerdə böyük şairimiz Məmməd Arazgilə getdik. O vaxtdan etibarən Məmməd Arazlı günlərimiz başladı. Abşeron, Sumqayıt, Quba, Naxçıvan, Əshabul-Kəhf və s. səfərləri, fikirlər düşüncələr, xatirələr. Allah hər ikisinin ruhunu şad etsin!…

Rauf Zeyni  
Səhifə 253

 

Elmanın sayəsində
…Onun bir işini xüsusi qeyd etmək istəyirəm bizim məktəbi qurtarmağımızın 25 illiyinin təşkilində Elmanın böyük zəhməti olmuşdu. Bu 25 il müddətində elə uşaqlar olmuşdu ki, elə sinif yoldaşlarımız vardı ki, ötən illərdə görüşməmişdik. Elmanın sayəsində o uşaqları və müəllimlərimizi gördük və nostalji hisslərimizi bölüşdük.
Mən onu da qeyd etmək istəyirəm ki, Əliyar müəllimin bir sözü vardı, bu tədbirdə dedi ki: – “Biz neçə il çalışdıq bu tədbiri keçirə bilmədik. Burada Elmanın zəhməti odur ki, neçə adamların ürəyində qalan bu tədbiri o həyat keçirə bildi. 25 il biz sinif yoldaşlarımızla ayrılıqdan sonra daha da yaxınlaşdıq…”

          …Sinfimizin 25 illik yubiley tədbirindən bəzi misalları demək istəyirəm, qeyd edim ki, Elman bu tədbirə həm dəvətnamə hazırlamışdı, həm də video çəkiliş təşkil etmişdi (onun öz kamerası vardı). Dəvətnamədə bəzi yerlər var idi ki, bunları xatırlamaq olar: – “Bizdə, Naxçıvan şəhərində Sabir küçəsində Cavahirin diki deyilən bir yer vardı, dəvətnamədə də belə bir şey yazılmışdı ki, əgər görüşmək istəyirsənsə Cavahirin dikinə gəl. Bu deyilən ünvan Naxçıvanın ən tanınmış yerindən biridir.

Mən Elman haqqında nə deyim? O, gözəl ata, qayğıkeş ailə başçısı idi. Hamıya böyük qayğı göstərirdi. Orada belə bir şey oldu, sinif yoldaşımız Nazim bayıra çıxıb, zəngi gətirərək sinfə girdi. Müəllimlərimizdən biri orada oturmuşdu. Şəmsəddin müəllimə deyir ki, Əqil müəllim səni çağırır. Əqil müəllim də çoxdan rəhmətə getmişdi. Şəmsəddin müəllim bunun fərqinə varmadan qeyri-ixtiyari durub qapıya tərəf gedir, az sonra geri qayıtdı. Qayıtdı ki, kim çağırır, Əqil müəllim? Hamı gülüşdü…

Dostu Natiq  
Səhifə 255

 

DOSTUMA ELEGİYA
…Ölümün gözünə dik baxdığını yaxşı bilirdim. Hərdən söhbət düşəndə deyirdin ki, ölümün nə olduğunu bilən adam ondan qorxmaz, ölümdən yox, faydasız yaşamaqdan qorxmaq lazımdır…
Ömrünü şam kimi əridə-əridə hər kəsə faydalı olmağa çalışır, övladlarının əsl insan kimi yetişmələri üçün sağlamlığını belə əsirgəmirdin.

Bəzən yerində olmayan bir səlahiyyət sahibinin ədabaz davranışından, həyasız təkəbbüründən, “iti bazarında atından baha” olan dünyanın tərsəməssəb işlərindən yanıqlı-yanıqlı, ağrıya-ağrıya danışsan da, heç vaxt qürurunu sındırmır, şəxsiyyətini hər şeydən üstün tuturdun. Buna haqqın da çatırdı – ixtisasca mühəndis olsan da, tarixi tarixçilərdən, şeiri şairlərdən, fəlsəfəni filosoflardan yaxşı bilirdin. Ömrünün son illərində böyük şairimiz Məmməd Arazla dostluğun onun ölməz poeziyasına vurğunluğundan yaranmışdı… Söhbətlərində tez-tez Nəsrəddin Tusidən, Cəlaləddin Rumidən iqtibaslar gətirir, hikmət, xeyirxahlıq xəzinəsi olan qəlbini dostlarına açırdın.Hər hansı bir sıxıntını, ehtiyacını isə büruzə verməməyə çalışır, bəzən təkidlə hansısa bir probleminə toxunanda xəfifcə gülümsünüb: “Narahat olma, hər şey düzələcək, müvəqqəti çətinlikdir,” deyirdin…

Sadiq Gözəlov  
Səhifə 258

 

Əziz dostumuz Elman Əliyevə ithaf olunur

…Mərhum dostumuz Elman haqqında danışarkən onun nə qədər yüksək səviyyəli mühəndis olmasını qeyd etməmək olmaz.
          Orta və Ali məktəbləri çoxdan bitirdiyinə baxmayaraq, Elman fundamental elmləri həm ibtidai, həm populyar, həm də akademik formatlarda çox dərin mənimsəmişdir.
Hər ikimiz Azərbaycan Neft və Kimya institutunun avtomatika fakültəsinin yetişdirmələri idik. Bəlkə ona görə də biri-birimizi yaxşı başa düşürdük.
Kompüterdə çox işləyirdi, mühəndis qrafikasını mükəmməl bilirdi. Obyektlərin elektrik, avtomatika və siqnalizasiya sistemlərini çox vaxt özü layihələndirirdi. Yeni texnika, texnologiya və ümumiyyətlə elmdə hər bir yeniliyi izləyərdi, onu təhlil edib dərindən öyrənməyə çalışardı.
Onu tanıyanlar ola bilər ki, Elmanın digər xüsusiyyətlərini məndən daha yaxşı bilərlər. Ancaq, mənə elə gəlir ki, onun savadlı bir mühəndis olmasını məndən yaxşı bilən olmaz.
Mühəndislik onun həyatının məğzi, əsas hissəsi idi. Onun danışığında, hərəkətlərində, hətta geyimində (işlədiyi obyektləri ziyarət edərkən) mühəndislik əlamətləri var idi. Dəftər – qələmi ilə yanaşı hətta müxtəlif ölçü alətləri də onun üstündə olardı…

Hörmət və ehtiramla Vaqif və Vidadi Cəfərovlar
Səhifə 261

 

Qeyri-adi insan idi
…Mən Elmanla 1992-ci ildə Bakıda tanış olmuşam və o, vaxtdan onun qeyri-adi bir insan olduğu hiss etmişəm. Hər dəfə onunla təmasda olanda mən nəsə təzə bir şey öyrənirdim. O, sanki ömrünün qısa olduğunu hiss edirmiş kimi həmişə deyərdi: “Vaxtı boş xərcləmək olmaz.” Biz onunla dincəlməyə və ya hansısa bir səfərə çıxanda ətrafındakıları darıxmağa qoymazdı.
Yadımdadır, o deyərdi: “Mən iki şeydən sakitlik tapa bilirəm. Biri dənizdə dalğaların səsinə, ikincisi isə meşədə yarpaqların xışıltısına qulaq asmaqdan…

Q.Müşfiq 
Səhifə 263

 

Qonşum Elman
…Dostların sayı azaldıqca onların qiymətini yaxşı başa düşürəm. Elman yaxşı dost və qonşu idi. Mən Naxçıvanda Elmanla bir binada böyümüşəm. Onu uşaqlıq illərindən tanıyırdım. Hz. Məhəmmədin bir kəlamı var: ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır Elman məhz həmin insanlardan idi. Onun çox gözəl musiqi duyumu var idi. O yaxşı tar çalırdı və mən dəfələrlə onun tarda ifasına qulaq asmışam. Bütün dərdləri səbirlə yola vermək olar. Mən dostum Elmanın ailəsinə səbir diləyirəm. Allah ona rəhmət eləsin…

Əli Hüseynov Nadir oğlu
Səhifə 271

 

Yüksək zəkalı…
Elman İslam oğlu Əliyev – yüksək zəkaya, dərin biliyə, möhkəm yaddaşa, ciddi xarakterə, elmi və təkzibolunmaz məntiqə malik dəmir iradəli bir şəxs. Bu sözlərin hər biri ayrı-ayrılıqda müəyyən “fərdi” səciyyələndirmək üçün kifayət edə biləcək anlayışlardır. Lakin həmin xüsusiyyətlərin hamısı birlikdə və bütövlükdə Elman şəxsiyyətini səciyyələndirmək, onun daxili aləmini açmaq, onu geniş auditoriyaya təqdim etmək üçün kifayət etmir. Onun haqqında keçmiş zamanda yazmaq çox çətin və həddindən artıq ağırdır. Elman “şəxsi” kateqoriya çərçivəsindən çıxmış və artıq çoxdan “ictimailəşmiş” bir fərd idi. Onun üçün ictimai mənafe öndə olmuş olsa da, şəxsi və ailəvi maraqlar da vacib əhəmiyyət daşıyırdı. Çətinliyə düşmüş hər bir dost üçün “təcili və təxirəsalınmaz yardımçı” rolunda çıxış etməyi Elman həyati zərurət hesab edir və bu prinsipə ciddi əməl etməyi özünə mənəvi borc bilirdi. Ailəsinə son dərəcə sadiq, uşaqları üçün həyatını qurban verməyə hazır olan bir şəxs. Elmi biliklərinin hüdudlarını müəyyən etmək mümkün deyildi. Tarixçi onu bir tarixçi kimi, ədəbiyyatçı – bir ədəbiyyatçı kimi, alim – bir alim kimi, filosof – bir filosof kimi qəbul edir, beləliklə, ünsiyyətdə olduğu hər bir elm adamı onu “özününkü” kimi qəbul edir və həmin şəxslər Elmanın hansı sahənin nümayəndəsi olduğunu aydınlaşdırmağa ehtiyac da duymurdular. Çünki tarix, ədəbiyyat, fəlsəfə, ilahiyyat və sair elm sahələrindəki bilgilər və məlumatlar, məntiqi mülahizələr belə fikirləşməyə əsas verir və insanlara gəldikləri nəticənin həqiqət olduğunu aşılayırdı. Cəmiyyət üçün son dərəcə yararlı ola biləcək bir şəxsin həyatdan belə erkən köçməsi, onu tanıyanların və hətta tanımayanların uma biləcəkləri mənəvi yardımdan məhrum olmaları, yüksək insani keyfiyyətlərəmalik şəxsin vaxtsız itirilməsi deməkdir. Bizlər həmişə gözümüzün önündə olan əvəzsiz varlığın qədir-qiymətini, nədənsə, onu itirdikdən sonra daha çox bilməyə çalışırıq. Elmanın yoxluğu isə özünü dərhal büruzə verdi və biz qiymətsiz şəxsin itirilməsi faktı ilə üz-üzə qaldıq. Elman haqqında sonsuz fikirlər söyləmək, xatirələr yazmaq olar. Hələlik ilkin olaraq düşüncəmə gələnləri qələmə aldım və bunları diqqətə çatdırmağı özümə mənəvi borc bildim.

Hörmətlə, Abdul Bağırov 08 oktyabr 2011-ci il, Bakı şəhəri
Səhifə 272

 

Bazar günü görüşərik…
…Komsomoldan sonra uzun müddət Elman partiya işlərində çalışdı. Orada da özünə layiqli hörmət qazanmışdı. Partiya sıralarında işləyərkən Nehrəm kəndi ilə sıx əlaqədə olduğundan Nehrəm haqqında çoxlu lətifələr öyrənmişdi. Allaha qurban olum, o başqa cürə oğlan idi, heyf aramızdan tez getdi.
Partiya sıralarını tərk etdikdən sonra Elman Naxçıvanda Su Elektrik Stansiyasının yanında Mərmər zavod deyilən bir zavod var idi, orada mühəndis işinə düzəlmişdi. Bu zavodda da Elman özünə layiq ad qazanmış, kollektivin sevimlisinə çevrilmişdi.
Elman haqqında çox xatirələr var. Hər dəfə görüşəndə bilirdim ki, bizə nəsə məzəli söhbət eləyəcək, bir lətifə danışacaq. Yeni elmi kəşflərdən xəbər verəcək.
Elman dost yolunda hər şeyə gedən idi. Gecə saat 2-də də, 3-də də zəng vurub desəydim ki, Elman mən filan yerdəyəm, gəl dalımca, dara düşmüşəm gələrdi. Və axırıncı tikəsini dostlarla bölüşməyi bacarırdı…

Dostu Cəfər
Səhifə 264

 

Qarışdı torpağa, üz hayıf oldu!..
…Elman mənə ana deyərdi, Məmməddən sonra da yoldaşı ilə birlikdə həmişə məndən xəbər tutardılar.
Bəli, Elmanı oğlumuz kimi qəbul etmişdik… Və bir oğul kimi də Məmməd Araz ailəsinə yaxın olub. Saatlarla Məmmədlə birlikdə işləri müzakirə edərdilər. Fikirləri elə tutardı ki, Məmməd mat qalardı.
–        Məmməd müəllim, şerlərinizdəki məqamları aydınlaşdırmaq üçün İbn Sinanı və Nəsrəddin Tusini təzədən oxumuşam və bir çox fikirləri özüm üçün aydınlaşdırmışam, – deyərdi, Elman.
Elmanın 90-cı ildən bu tərəfə çəkib saxladığı kadrlar, xəbərlər böyük bir tarixdir.
Bu tarixə kim sahiblik edəcək, kim onu üzə çıxaracaq, bilmirəm…
Elə Məmməd Arazın özünə aid nə qədər görülməli kadrlar, eşidilməli fikirlər var orada…
Məmməd Araz yaradıcılığını Qobustan qayalarının tarixi ilə bağlayıb yaxşı bir film yaratmaq arzusu vardı…
Deyirəm, çaşıb Məmməd Arazşünaslar tapılsa, Elmanın çəkib saxladığı arxivdən heç kimin eşitmədiyi fikirləri, görmədiyi kadrları çox şey tapa bilər. Və bitkin bir elmi əsəri xalqın istifadəsinə verə bilər.
Bir də onu əlavə edim ki, Elmanın çəkib saxladığı arxivdən bütün sənət sahibləri öz sənətlərinə aid nəsə tapa bilərlər…

Gülxanım Fətəliqızı 08.10.2011
Səhifə 274

 

Ziyalı siması və Nurgəzdirən obrazı
Tanınmış ziyalı Elman Əliyevlə şəxsi tanışlığım olmasa da, onun xeyirxah əməlləri, əsl ziyalılara xas intellektual səviyyəsi və vətəndaşlıq qeyrəti haqqında dost-tanışlarımdan, o cümlədən, mərhumu (Allah qəni-qəni rəhmət eləsin!) yaxından tanıyan qələm dostum və tələbə yoldaşım Akif Azalpdan dəfələrlə eşitmişdim. Ona görə də təfəkkürünün yetkinləşdiyi və əməllərinin yenicə çiçəkləndiyi bir vaxtda Elman Əliyevin gözlənilməz ölümü başqa çoxsaylı dostları və tanışları ilə birgə, onu şəxsən tanıyan və tanımayan bütün Elmansevərlərin sırasında məni də bərk sarsıtmışdı…
…Ancaq düzünü etiraf edim ki, bu itkinin nə qədər böyüklüyünü də, Elman Əliyevin ziyalı və vətəndaş əzəmətini də mən özüm üçün tam mənada “Ədalət” qəzetinin əlamətdar sayında (27 oktyabr 2011-ci il) dahi şairimiz Məmməd Arazın (Allah ruhunu həmişə şad eləsin!) ömür-gün yoldaşı Gülxanım Fətəliqızının “Qarışdı torpağa, üz hayıf oldu!…” sərlövhəli xatirəsini və onunla yanaşı Akif Azalpın “Nurgəzdirən” adlı şeirini oxuduqdan sonra kəşf etdim…

Yaşar Azsoy Azərbaycan Yazıçılar Birliyinin və Özbəkistan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru  
Səhifə 277

 

 

NURGƏZDİRƏN
(Görkəmli ziyalı Elman Əliyevin nurlu xatirəsinə)

Gəzdirərdi sonsuz ümman nurunu,
İslam ocağından ürfan nurunu.
Yanbayan gəzdikcə möcüzələrlə,
Əcəmidən Nəqşi-cahan nurunu.
Nuhun sorağında Gəmiqayadan,
İlkdən gələn ağır karvan nurunu.
Əxz edib “Mağara qardaşları” tək
“Əshabi-Kəhf” içrə asman nurunu.
Nəsrəddin Tusidən dərs ala-ala,
Ayrılmaz elm ilə iyman nurunu.
“Fatehlər divanı”n qurduqca bir-bir,
Tacdan uca duran sultan nurunu.
Tuğ qaldırıb daim yalana qarşı,
Həqiqət önündə vicdan nurunu.
Təbriz baharını qəribsədikcə,
Şah İsmayıl kimi azman nurunu.
Cavid amalın həkk edərək qəlbə,
Turan ilə əhdü-peyman nurunu.
Məmməd Araz ilə dərdləşdikcə hey,
Yanar Sözdən qalxan tüğyan nurunu.
Qarabağ deyəndə, Vətən deyəndə,
Ön sırada mərdi-meydan nurunu!
İlham verən parlaq zəfərlər ilə,
Azərbaycan boyda dastan nurunu!
Səmavat necə də tez özləyərmiş,
Mövləviyə həmdəm insan nurunu!
Göy səslədi onu, qucduğu yerdə,
Şamaxı yolunda Şirvan nurunu!
Hələ açıldıqca sirləri bir-bir,
Yurda bəxş edəcək Elman nurunu!..

Akif Azalp (17.09.2011)
Səhifə 276

 

…TANRI ÖZ HÜZURUNA GEDƏN YOLU bizim üçün açmağa başladı.
…Mən Elmanı gördüyüm insanlar içərisində, bəlkə də, ən kamil insanlardan biri kimi görmüşəm. “Kamillik – mehribanlığın, cəm yaranışa mehribanlığın, sözünə düz, işinə düz, təmənnasızlığın; varlığın, əqlin Pak, hər addımın Pak, baxışın Pak!”  “Yaranış” kitabı, VII-147 (“Təhsil” Elmi İstehsalat Mərkəzi, Bakı 1999)
Müəllimlərini və savadlı bilikli alimləri və şəxsləri çox yüksək qiymətləndirirdi. Yadımdadır, dəfələrlə rəhmətlik akademik Azad Mirzəcanzadənin kollecində, yeniyetmələrə dərslər keçilən otaqda boş yerlər olduqca, biz də oturub qulaq asardıq. Akademik İsmayıl İbrahimovu və onun yaratdığı uşaq fondunu çox sevərdi, məni də onunla görüşlərə aparmışdı, 90 illik yubileyində də bir yerdə olmuşduq…
Saymaqla – deməklə qurtarmır və qurtarmaq bilmir rəhmətlik Elmanın etdikləri, yaratdıqları, dedikləri… Və mənə elə gəlir ki, heç vaxt bizim yolumuzu, dünyamızı, sabahımızı tərk etməyəcək bu İşıq!..

Mirələkbər Seyidov
Səhifə 289

 

 

31.01.203-cü ildə Bakı şəhəri Nərimanov rayonundakı “Divanı hikmət”də görkəmli ziyalılar Elman Əliyev və Məhərrəm Zamanın anım mərasimində söylənənlərdən:

 

…“Elman Əliyev Olduğu və göründüyü kimi” kitabı ilə əvvəlcədən tanış olmuşam. Mənim üçün çox qiymətli və ən müqəddəs kitablardan biridir.Burada həm də çox qiymətli müxtəlif səpkili xatirələr və tariximizin önəmli məqamları var…
Hər kəs bizim elmi-tarix dəryamıza bir damla atsa, onda bizim həqiqi tariximiz: Nuha, Zərdüşdə bağlı tariximiz ortaya çıxar…

Qara Namazov, filologiya elmləri doktoru, BDU-nin professoru

 

 

…İnsanlar bir-birini tanımaya bilər, ancaq onlar biri-birinin yazısını oxumaqla, onlar haqqında eşitməklə bir-birini görmədən tanıya bilərlər.
Onların içərisində bir çox insanlar var ki, onlar olduğu kimi görünür və göründüyü kimi olurlar. Onlar kamil insanlardır. Bəşəriyyəti də xilas etsə, ele onlar xilas edəcəklər. Bu tipli insanları hamı qəbul edir. Həm Elman Əliyev həm də Məhərrəm Zaman belə insanlardandır…

Buludxan Xəlilov, filologiya elməri doktoru, ADPU-nin professoru

 

Həyatda çox az tanıdığım bu insanlar mənim dostlarımdır… Bu insanlar zəngin idilər və paylaşmaqdan qorxmurdular. Onların elminin gücündən və ziyalı işığından hamımıza pay düşür. Bəlkə də onların böyüklüyü bundadır ki, onlar haqqında deyiləcək sözlər heç vaxt qurtarmayacaq…

Sevda Mikayılqızı, “Ziya” nəşriyyat- poliqrafiya mərkəzinin direktoru

 

 

 

Kitabın çapından sonra dostlarının dediklərindən:

Mənim aləmimdə böyük insan sayılan Elman müəllim alturistdir. Ona görə ki, o, öz şəxsi mənafeyini unudub başqalarının qeydinə qalmış, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etmişdir. Elman müəllim özünü humanist prinsipləri ilə məhdudlaşdıran, eqoizmə üstünlük verən, alturistlərə dırnaq arası baxan ünsürlərə qarşı mübarizə aparmış və onları düzgün yola dəvət etmişdi.
Dərin bilik, insan psixologiyasını duymaq, kövrələn insan qəlbini almağı bacaran, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanmış nəzəri düşüncələri Elman müəllimin filosof obrazını parlaq və yaddaqalan cizgilərlə zənginləşdirir, bütövləşdirir.
Birmənalı şəkildə bildirmək lazımdır ki, vaxtilə geniş yığıncaqlarda öz sözünü demiş, həm doct-tanışları arasında, həm də opponentləri arasında böyük hörmət qazanmış Elman müəllim kimi idealist şəxsiyyətlərə hər bir dövrdə ziyalı elitanın və yüksək intellektual potensiala malik olan yaradıcı insanların ehtiyacı var.
Allah ona rəhmət eləsin, qəbri Nurla dolsun!

Ramiz Dəniz, 17.09.2013

 

 

İllər keçəcək bizlər isə Elmanı   u n u t m a y a c a ğ ı q !
Elman axı heç u n u d u l m a z   d a .
Bu narahat dünyamızda şərəfli bir ömür yaşayan insan haqqında danışmaq mənim üçün çətindir. Bu insan bu gündə aramızda yeri görünən Elman İslam oğlu Əliyevdir.
Həyatın qəribə qanunları var. Bir gün doğulan, bir gün həyata əlvida deyir. Ancaq bu həyatda öz işləri, əməlləri, yüksək əxlaqi-mənəvi keyfiyyətləri ilə nümunə olanlar heç zaman unudulmur və bir məşələ dönüb ürəklərdə əbədi məskən salırlar. Ölüm sevinməsin qoy.

Elman sağlığında nə qədər hörmət qazanmışdırsa, ölümündən sonra bu hörmətə ikiqat layiq olub. Ömür yolundan söhbət açdığım insan həm də ensiklopedik biliyə malik bir şəxs idi. İllər ötür, amma Elman kimi insanların sözü, hərəkəti, addımı, faydalı məsləhəti ondan sonra qalanlar üçün də bir növ örnəyə, nümunəyə çevrilir.

Elə insanlar var ki, onların həyatlarından çox böyük dastan yaratmaq olar. Elə insanlar da var ki, onun bütün fəaliyyətlərini götür-qoy etsən bir-iki söz yazmaq olar. Haqqında söhbət açdığım Elman məhz birinci təbəqəyə layiq insanlardandır.

Maraqlı həyat yolu keçən, daim iş başında olan, arayıb-axtaran Elman da belə insanlardan olmuşdur. İllər hər birimizin ömrümüzün səhifələridir və bu səhifələr hər birimizin tarixi salnaməsini yaradır. İnsan adətən yaşa dolduqca illərin arxasından böyük bir həsrətlə öz keçmişinə boylanır.

Çox təəssüf edirəm ki, artıq Elman haqqında keçmiş zamanda danışmalı oluram. Çünki o bir il bundan qabaq haqq dünyasına qovuşmuşdur. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

Şəmil Mahmud oğlu Mahmudov NDU, Təbiətşünaslıq və kənd təsərrüfatı fakultəsi, 
dekan müavini, k.e.n., dosent. 22.08.2013

 

 

Mühəndis psixoloq
28 sentyabr 2011 – ci il, axşam idi. Bişkek şəhərindən gəlmişdim, oraya köhnə tələbə dostlarımla görüşə getmişdim. Həmin gün dostlardan Elmanın qəfıldən vəfat etdiyini eşidəndə sarsıldım, ürəyim ağrımağa başladı. Axı Elman çox sağlam, enerjili bir insan idi, axı ona nə oldu?

Elman mənim üçün gözəl dost (tanışlığımız 90 – cı illərə təsadüf edir ), qardaş, dayaq idi. Heç vaxt yadımdan cıxmaz, 2000 – ci il idi, sıxıntılar keçirirdim, vəziyyətimi bildikdən sonra mənə iş təklifı etdi, xeyli müddət bir yerdə işlədik, onun sayəsində ailəmə gündəlik çörək apara bilirdim. Sonradan yenidən yollarımız kəsişdi. Qeyri hökümət təşkilatında, qəzetdə, seçkidə bir yerdə olurduq, bir yerdə işləyirdik. Dünyaya baxışlarımızda, xasiyyətimizdə eynilik olduğu üçün bir birimizlə tez – tez zəngləşirdik, tez – tez görüşməsək də sıx təmasda idik. Mən hər dəfə Elmanla görüşəndə ondakı müsbət enerjini hiss edirdim, çox səmimi gülərüz idi, heç vaxt heç kimdən inciməz, şikayət etməzdi. Həmişə mühəndisliyinə həsəd aparırdım, onun fıkirləri bir mühəndis – psixoloq kimi mənə qəbul idi. Həmişə çalışırdım ki, o danışsın, çünki onun geniş dünyagörüşü və məsələlərə özünəməxsus yanaşmaları var idi.

Oğlunun toyundan sonra Altıağaca getmişdik. Yol boyu toydan danışdı, çox xoşbəxt idi, zarafatlarından da qalmazdı, Elman olan yerdə nə darıxmaq, nə tələsmək.
Qayıdanda meşənin sakit bir güşəsinə çəkildik. Biləndə ki, Elman gəlib, tez tələsik kafenin müdiri də gəldi, xeyli söhbət elədik. Elman burdakı sakitlikdən- həzin əsən mehdən, yarpaqların səsindən zövq alırdı, dincəlirdi. Sonra isə eşitdim ki, atası dünyasını dəyişib. Dözmədi Elmanın yoxduğuna. Ruhu şad olsun.

Bu gün özün aramızda olmasan da, sənin gözəl çöhrən, şən zarafatların, dostlarına qarşı səmimi münasibətin heç vaxt yaddaşımızdan silinməyəcək. Onun qardaşlarına və gözəl balalarına can sağlığı arzulayıram. Başınız sağ olsun, Elman vaxtsız dünyasını dəyişsə də qəlbimizdə daim yaşayacaq.

“Əkbəroğlu ” MMC – in rəhbəri Məhərrəm Tel: (050) 354 90 01
e-mail: akberoqlu-ltd @ mail.ru
17.09.2013

 

Şəxsiyyətinə böyük hörmət etdiyim Elman bəyin vəfatının ildönümüdür.
     Biz də onun qoyduğu irsdən, gördüyü önəmli işlərdən bəhrələnirik, o, ruhən bizimlədir, əməlləri isə yaşayır. Onun çoxşaxəli fəaliyyəti və yaradıcılığı, çoxlu əsərləri hələ ortaya çıxmayıb, bunlar bilindikcə cəmiyyət onu daha yaxşı tanıyacaq və onun qədir qiyməti o vaxt daha dəqiq bilinəcəkdir.
          Allah rəhmət etsin! Heyf ondan…

Məmmədhəsən Qəmbərli,  filologiya elmləri doktiru, AMEA-nın ədəbiyyat institutu, 17.09.2013

 

 

İnsanlığım zirvəsində dayanan İNSAN
Elman Əliyevin barəsində çox söz demək olar, onun barəsində çox fikirlər yazmaq olar, yazılıb və yazılır da. Amma, onun insanlığı barədə nə desək, nə yazsaq, yenə də az olar. Çünki, O, insanlarda olan gözəl xüsusiyyətləri görür və dəyərləndirə bilirdi. Elman müəllim əhatəsində olan dostlara, yoldaşlara qarşı o qədər diqqətli, səmimi, mehriban idi ki, onun qayğısı hamıya çatırdı. İnsanların qəlbindəki gözəllikləri görmək üçün, gərək öz qəlbin, könül dünyan saf-təmiz olsun. Elman Əliyev məhz belələrindən idi… Allah rəhmət etsin. Amin!

Gülarə Munis.

 

Elman Əliyevin əziz xatirəsinə
XOŞBƏXT TALELİ İNSAN
Gənc dostum və xatirini kiçik qardaş qədər əziz tutduğum Elmanın ölümündən iki il ötür. Bu iki ildə çox hadisələr baş verib, çox sular axıb-durulub. Ancaq yenə heç cür Elmanın ölümünə inana bilmirəm. Hər dəfə onun haqqında fiklirləşəndə elə bilirəm ki, indicə qapı açılacaq, Elmanın nurlu çöhrəsi və özünəməxsus diri, qıvraq yerişi hər tərəfi canlandıracaq, onu tanıyanların da, tanımayanların da üzünə xoş bir təbəssüm qonacaq. Elman təbiətən çox nikbin adam idi. Müsahibini ilk andaca öz səmimiyyətinə inandıra bilirdi, məntiqli və inamlı, qətiyyətli danışığı ilə onu ovsunlamağı bacarırdı. Həm də bunu qəsdən eləmirdi, bu keyfiyyət onun canında, qanında idi, Allah tərəfindən verilmiş vergi idi.

…Elmanla ilk görüşümüz 1976-cı ilin sentyabrında olub. O vaxt mən Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) çıxan “Neft kadrları uğrunda” çoxtirajlı qəzetin redaktoru idim. Texniki ali məktəb olduğu üçün tələbələr arsında mətbuata, ədəbiyyata maraq göstərənlər elə də çox deyildi. Ancaq tələbə qəzeti çıxarmaq üçün onların köməyindən istifadə etmək lazım idi. Ona görə də yuxarı kurslarda oxuyan müxbir fəallarımızdan xahiş etmişdim ki, mətbuata, ədəbiyyata maraq göstərən 1-ci kurs tələbələrini redaksiyaya dəvət etsinlər. Tezliklə bu görüş baş tutdu. On-on iki nəfər 1-ci kurs tələbəsinin iştirak etdiyi həmin görüşdə institut qəzetinə hansı mövzularda, necə yazmaq barədə fikir mübadiləsi apardıq. Tələbələr müxtəlif suallar verdilər, onları maraqlandıran məsələləri aydınlaşdırdılar. Diqqətimi bu söhbətlərə böyük maraqla, daha dəqiq desəm, hərisliklə qulaq asan ortaboylu, qıvrımsaçlı bir oğlan cəlb etdi. Başqalarından fərqli olaraq o, dinib-danışmır, sadəcə qulaq asırdı. Fikirləşdim ki, görünür yoldaşlarının təkidi ilə gəlib.

Aradan iki gün keçəndən sonra həmin oğlan redaksiyaya üç səhifəlik bir məqalə gətirdi. Qrup yoldaşları haqqında yazmışdı. Onların bir neçəsinin xarakterik xüsusiyyətlərini təsvir etmiş, qəbul imtahanlarındakı uğurlarından söhbət açmışdı. Səmimi yazı idi. Məqalə qəzetin növbəti nömrəsində çap olundu və Elman Əliyev qısa müddətdə redaksiyanın ən fəal müxbirlərindən biri kimi tanındı.

O vaxtlar institututda tez-tez ədəbi-bədii gecələr, görkəmli yazıçı və şairlərlə görüşlər keçirilirdi. Elman həmin görüşlərin təşkilində yaxından iştirak edir, maraqlı və məzmunlu məruzələr hazırlayırdı. Birgə fəaliyyət bizi bir-birimizə yaxınlaşdırmışdı. Tezliklə bu, səmimi və təmənnasız dostluğa çevrildi. Bu dostluq mənim iş yerimi dəyişəndən, Elman institutu bitirib Naxçıvana qayıdandan sonra da davam etdi. Onun keçdiyi həyat yolunu böyük maraq və fəxrlə izləyirdim. Elman təyinatla göndərildiyi Rusiya Hərbi Dəniz Donanmasında elektronika mühəndisi kimi işləyəndə də, Babək rayon komsomol və partiya təşkilatlarında, Naxçıvan televiziyasında çalışanda da öhdəsinə düşən bütün işləri vicdanla, məsuliyyətlə yerinə yetirirdi. Elman bütün varlığı ilə Azərbaycana bağlı bir insan idi. Vətənini, millətini, bütün tük dünyasını dərin məhəbbətlə sevirdi. Həm də bu sevgini heç vaxt reklam etməyi xoşlamazdı. Özündən cavanlara dəyərli məsləhətlərini verir, onlara düzgün yol göstərirdi. Həmişə də hərəkətdə idi, harasa tələsirdi. Elə bil sövq-təbii hiss edirdi ki, tale ona vəfasızlıq edəcək, ömrü yarıyolda qırılacaq…

Tale elə gətirib ki, üç dostumu—Sofiq Hüseynovu, Qismət Babayevi, Elman Əliyevi çox tez, ömürlərinin ən barlı-bəhrəli vaxtlarında itirmişəm. Onlar haqda fikirləşəndə nədənsə gözümün qabağına bayram şamları gəlir. Yəqin siz də diqqət etmisiniz: şamların bəziləri közərə-közərə yanır, onların yandıqları belə hiss olunmur. Bəzi şamlar isə ətrafı gur işıqlandıraraq çox sürətlə yanır və tez də sönür. Bu adlarını çəkdiyim dostlarım da qısa, ancaq çox parlaq ömür yaşadılar. Qısa ömürlərində çox böyük işlər, adi adamların yüz ildə görə biləcəkləri işləri 15-20 ildə gördülər. Ancaq təəssüf, ömür vəfa qılsaydı, onlar daha böyük işlər görə bilərdilər.

… Sonda Elmanın bir xoşbəxtliyinə də diqqəti çəkmək istəyirəm. Onun özü kimi sədaqətli, Azərbaycanı ürəkdən sevən və onun yolunda ölümə belə getməyə hazır olan çoxlu dostları var. Onlar Elmanın başladığı, ancaq axıra çatdıra bilmədikləri işləri onun kimi ləyaqətlə davam etdirirlər. Bunun özü də bir xoşbəxtlikdir ki, sənin başladığın işi başa çatdıran etibarlı davamçıların var.
Allah Elmana rəhmət eləsin, məzarı nurla dolsun.

Əlipənah Bayramov,“Xalq qəzeti”, əməkdar mədəniyyət işçisi. 09.06.2013

https://www.youtube.com/watch?v=zCXqqBnKkOg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.