Gəmiqaya və tariximiz haqqında

Print Friendly, PDF & Email

Məlum olduğu kimi, bədxah qonşularımız – ermənilər Şərqin bütün tarixi abidələrini saxtalaşdırdıqları kimi, Gəmiqayanı, o cümlədən bura ilə bağlı Nuh peyğəmbəri də ozlərinə çıxmaq üçün bütün metodlara əl atmışlar. Onların hər dəfə ortaya atdıqları iddialar artıq bir ənənə‚ daha dəqiq ifadə etsək‚ xəstəlik halına çevrilmişdir. Onu qeyd etmək lazımdır ki‚ erməni iddialarının elmi obyektivlikdən uzaq və əsassız olduğunu sübuta yetirmək üçün hər şeydən əvvəl ermənilərin tarixini öyrənmək xüsusilə vacibdir. Erməni elm adamları və tarixçiləri erməni tarixini daha qədimlərə aparmaq istəsələr də‚ həqiqətdə erməni xalqının qədim tarixi haqqında yekdil bir fikir birliyi mövcud deyil və qaranlıq qalır.

            Erməni tarixçilərinin böyük əksəriyyəti erməni tarixini “Nuh Tufanı”na qədər apararaq‚ guya Nuhun nəvəsinin nəvəsi Hay və ya Hayk ilə başladığını iddia etməkdədirlər. Bəzi iddialara görə, Nuhun gəmisi Ağrı dağında lövbər salmışdır. Məhz buna görə də Nuhun nəvəsinin nəvəsi Haykdan törəyən ermənilərin ana vətəni Şərqi Anadoludur və eyni zamanda Nuh erməni olduğu üçün onun ayaq basdığı bütün torpaqlar ermənilərə məxsusdur.

         Erməni tarixində deyilir: “…Tufandan sonra Nuhun oğulları Yafəs (doğrusu Yafət – E. Ş.)‚ Sam və Ham Araratda məskunlaşaraq törəyib çoxaldılar. Sam oğlanları ilə birlikdə şimal-qərbə‚ Ham ilə Yafəs də oğlanları ilə birlikdə Ermənistanın müxtəlif ərazilərinə yayıldılar. Hamın övladları qərb hüdudlarında‚ Yafəsin oğlanları da Masis (Ararat) dağı civarında məskunlaşdılar. Onların bir qismi Mesopotomiya tərəflərinə getdilər ki‚ Yafəsin nəvələrindən olan və ermənilərin atası olaraq qəbul edilən Hayk da onların içərisində idi. Babil qalasının inşasında iştirak edən Hayk 130 yaşında ikən bu qalanın yıxılması üzərinə oğulları və nəvələri ilə birlikdə Ermənistana gəldi. Onların hamısı eyni dildə‚ eyni ləhcədə danışırdılar ki, böyük ehtimalla da bu dil ermənicə idi. Yafəsdən Qomer (və ya Qamer)‚ Qomerdən Torqom‚ Askenaz‚ Torqomdan da Hayk əmələ gəldi. Haykdan da millətimiz ortaya çıxdı. Hayk – Ata (və ya Baba) mənasındadır. Yəni bir millətin atası olduğu üçün ona Hayk adı verilmişdir. Bizim tariximiz Haykdan başlayır».

Daha sonra erməni tarixində göstərilir: «…Babildə olduğu dövrdə öz gözəlliyi‚ qıvrım saçları‚ kəskin baxışları‚ qüvvətli qolları‚ ox atmaqda məharəti ilə fərqlənən Hayk kral Belin (və ya Belos) zülmünə qarşı çıxdı. Bütün dünyaya hakim olan Bel özünü Tanrı elan edərək hər kəsin ona sitayiş etməsini əmr etdi. Məğrur Hayk isə kralın bu istəyini rədd etdi. Babildə oğlu Armenak‚ Manavaz‚ Xor və bir neçə övladı anadan oldu. Sonra Hayk Belə tabe olmamaq üçün oğlanları‚ qızları‚ nəvələri və güclü adamlardan ibarət təxminən 300 nəfərlə birlikdə şimala – Ararat bölgəsinə gəldilər. O‚ Araratda Nuhun dilini danışan öz millətinə rast gəldi və onları öz hakimiyyəti altında birləşdirdi. Hayk getdiyi yerlərdə quruculuq işlərinə başladı və bəzi torpaqları Armenakın oğlu Qatmosa verdi. Özü isə köməkçiləri ilə birlikdə şimal-qərbə getdi. Getdiyi yerdə bir şəhər qurdu və ona Haykaşen (yəni Haykın qurduğu şəhər) adını verdi.

Buradan anlaşıldığı kimi, ermənilər öz mədəniyyətinin (görəsən‚ erməni mədəniyyəti  varmı?) əsaslarını özgə torpaqlarda bina etməyə çalışmaqda‚ mənimsəmə və özününkiləşdirmə üsullarından geniş istifadə etməkdədirlər. Biz burada erməni tarixini təhlil etmək niyyətində deyilik. Ancaq ermənilərin Nuhun dilini danışdıqlarını‚ etnik mənsubiyyətlərini Nuha və guya onun nəvəsinin nəvəsi Hayka dayandıraraq bölgənin ən qədim xalqı‚ tarixi torpaqlara sahib olduqlarını iddia etmələri elmi obyektivlikdən olduqca uzaq görünsə də‚ bu iddia və rəvayətlərlə dünyanın diqqətini özlərinə çəkməyə nail ola bilmişlər.  

Nuh Tufanı ilə əlaqəli rəvayətlər daha çox Naxçıvanla bağlıdır. Bu rəvayətlərdən istifadə edən ermənilər başqa yeni nəzəriyyələr də ortaya atmışlar. Onlar Nuh Tufanı ilə əlaqəli dini kitablarda olan məlumatların Naxçıvandakı rəvayətlə üst-üstə düşməsindən‚ xalq arasında gəminin müqəddəs hesab olunan Gəmiqayada dayanması fikrindən‚ buradakı çox qədim qayaüstü təsvirlərdən‚ tarixi yerlərdəki faktlardan öz xeyirlərinə istifadə etməyə cəhd göstərməkdədirlər.

Bunun  təsiridir ki‚ ermənilər  Gəmiqaya ilə bağlı  uydurma kitablar‚ yazılar nəşr etdirmişlər.

            Ümumiyyətlə, ermənilər öz tarixlərini gördükləri kimi deyil, görmək istədikləri kimi yazmış və bunun təbliğatını aparmışlar. Öz tarixlərini daha da qədimlərə apararaq dünya mədəniyyətini, yazını, astrologiyanı, mis və dəmir mədənçiliyini özlərinin kəşf etdiyini və dünyada insan həyatının Sevan gölü sahillərindən başladığını iddia etməkdə və xristianlığı ilk qəbul edən xalq olaraq fəxr etməkdədirlər.Hai-Tahd ideoloqlarından olan və qatı millətçi fikirləri ilə tanınan erməni alimlərindən Zori Balayan, Nuh peyğəmbərin erməni dilində danışdığını iddia edərək yazır:

“…Rəvayətə görə, Nuh peyğəmbər Tufandan sonra ilk gördüyü torpaq parçasına “erevume”, yəni “görünür” deyə səslənmiş və bu torpaq parçasının adı “Erevan” olaraq tarixə keçmişdir.. Zori Balayan kimi digər erməni tarixçiləri də Nuhun erməni mənşəli olduğu şəklində əsassız iddialar irəli sürməkdədirlər.

Nuh Tufanı ilə bağlı rəvayətdə deyilir: “…Gəmi Məğribdən Məşriğə üz qoydu. Günlər‚ həftələr dolandı. Gəmi bir gün nəyəsə toxunub keçdi. Gövdəsi bərk yırğalandı. Nuh Nəbi bildi ki‚ gəmi dağa toxundu. – Pəh‚ nə ağır dağdı! – dedi. Başından heç qarın əskik olmasın. Odu-budu‚ dağın adı “Ağrıdağ” qaldı. Başından da qar əskik olmadı. Bir həftə də keçdi. Gəmi yenə silkələndi. Nuh Nəbi gəmidəkilərə: – inan dağdı‚ – dedi. Bu dağın adı da “İnandağ” oldu. Zirvəsi də zərbədən iki yerə haçalandı. Gəmi səfərə davam etdi. Bir az getmişdilər ki‚ təkrar silkələndi. Nuh gəmidəkilərdən soruşdu: – bu dağ o dağdan kəm ki deyil?! Dağın adına “Kəmki” dedilər. Gəmi burdan aralandı. Tufan da yavaşıdı… Gəmi bir dağa yan alıb ehmalca qayaya toxundu. Nuh buna “Gəmiqaya” adını verdi…”

Beləliklə‚ əgər rəvayətə istinad etməli olsaq‚ Nuh Nəbinin erməni dilində yox, türk dilində danışdığı ortaya çıxar. Məlum məsələdir ki, ermənilərin belə iddiaları elm adına heç bir həqiqəti özündə əks etdirmir. Dini baxımdan ələ alsaq, Adəm peyğəmbər bəşəriyyətin ilk atası sayıldığı kimi‚ Nuh peyğəmbər də Dünya Tufanı səbəbi ilə bəşəriyyətin ikinci atası sayılır. Belə bir vəziyyətdə hər hansı milli mənsubiyyətdən söhbət gedə bilməz. Yox, əgər Nuh peyğəmbər ermənilərin də iddia etdiyi kimi ermənidirsə, o zaman ağla gələn ilk fikir budur: bəşəriyyət ermənilərdən törəmişdir. Necə deyərlər, bax budur təzad, budur  müəmma! Təbii ki‚ hər bir millətin tarixin  qaranlıq və qədim dövrləriylə əlaqəli əfsanə və dastanları vardır. Və təbii ki‚ bu əfsanə və dastanlar təbiətüstü qüvvələri özündə əks etdirir. Əfsanə və dastanlar mədəni və psixoloji dəyərlər şəklində qəbul edilə bilər‚ ancaq elmi və tarixi həqiqət olaraq önə sürülə bilməz.

           Bir şeyi də qeyd edək ki‚ ermənilər Nuhla bağlı iddialarını bütün dünyada tanıtdırmaqdadırlar. 1 mart 2001-ci il tarixdə İngilis Milli Kitabxanasında (British Library) açılan “Nuhun Xəzinələri” sərgisi tamamilə erməni təbliğatına çevrilmiş‚ bu təbliğat əsnasında soyqırım iddiaları gündəmə gətirilməklə birlikdə‚ Türkiyənin sərhədləri içərisində yer alan Ağrı Dağının ermənilərin ana vətəni olduğu iddiasının ingilis ictimaiyyətinin şüuraltına yerləşdirilməsinə cəhd göstərilmişdir. Sərginin açılışında İngiltərənin keçmiş Xarici İşlər naziri və İşçi Partiyası millətvəkillərindən Robin Kukun (Robin Cook) ermənilərin dini liderləriylə birlikdə iştirak etməsi bu təbliğatların nə qədər güclü olduğunun başlıca işarələrindən biridir. Qeyd edək ki‚ açılış törənində Dünya Erməniləri Başpatriki Karegin ilə Ermənistanın keçmiş dövlət başçısı Levon Ter-Petrosyan da iştirak etmişdir. Sərgi əsnasında ən çox üzərində durulan mövzulardan biri də 2001-ci il tarixinin guya ermənilərin xristianlığı qəbul etmələrinin 1700-cü ildönümü olması idi. Nuhun gəmisi və xristianlıq dini kimi çox önəmli faktorlar bu sərgidə birləşincə‚ ermənilərin məsələ ilə əlaqədar mətbuatda çıxış etmələri çox asan olmuşdur. Bundan başqa mətbuat nümayəndələri və siyasətçilərlə birlikdə təhsil müəssisələri ilə də təmasa keçilmiş‚ bu müəssisələrdə erməni mədəniyyəti tanıtdırılmışdır. Hətta London Universitetində Ermənistan və kilsə mövzusunda konfranslar da təşkil edilmişdir. Bu sayədə ermənilər həm qondarma soyqırımı‚ həm də Nuhla əlaqəli rəvayətlərlə bağlı və xristianlığın ilk qəbulediciləri olduğu şəklində təbliğat aparmışlar.

Bütün bunlarla kifayətlənməyən ermənilər‚ eyni zamanda bütün dünyanın diqqətini Naxçıvana çəkmək istəyərək elmi obyektivlik adından çıxış edən‚ əsl həqiqətdə isə elmə olmazın fəlakətlər gətirən alimlərin məlum məqsədlər daxilində Naxçıvan diyarına təşrif buyuraraq tədqiqatlar aparmalarına da şərait yaratmaqdadırlar. Bu tədqiqatların elmi yox, siyasi xarakter daşıdığı da diqqətlərdən qaçmamalıdır. Buna görə də ermənilərin Gəmiqayaya və ümumiyyətlə Naxçıvana olan iddialarının, eyni zamanda ermənipərəst alimlərin siyasi məqsədli axtarışlarının mahiyyətini anlamadan bu diyarın tarixinin öyrənilməsi, gələcəyə doğru fəaliyyət proqramlarının planlaşdırılması qeyri-mümkündür. Dövlət tərəfindən Naxçıvana göstərilən qayğı və onun tarixinin dərk edilərək dolğun yazılması tələbi bu prizmadan baxıldığında böyük məna kəsb edir. 

                                     Ədəbiyyat                                                                                   

       1.    Bu barədə bax: Gürün Kamuran, Ermeni dosyası, Ankara, 1983, s.12-16; Gazigiray A. Alper, Osmanlıdan günümüze kadar vesikalarla ermeni terörünün  kaynakları, İstanbul, 1982, s.12; Uras Esat, Tarihte ermeniler ve ermeni meselesi, İstanbul, 1987, s. 100-101.

2.    Erməni tarixçilərindən Movses Xorenli‚ Ohanes Katoqiqos‚ Mikael Vardapet Çamıçyana görə‚ Bel ilə kral Nəmrud eyni şəxslərdir.

3.    Kerovpyan Keğam ‚ Mitolojik ermeni tarihi‚ İstanbul‚ 2000‚ s. 11 – 27.

4.    Qədirzadə Hacı Qadir‚ Tarixlərdə və yaddaşlarda erməni – türk problemi və azərbaycanlıların soyqırımı məsələsinə bir baxış‚ «Naxçıvan» jurnalı (xüsusi nömrə)‚ Naxçıvan‚ 2005‚ s. 35.

5.    bax: Колыбель человечества территории исторической Армении: htpp:/ www. azg. Am/ RU/ 200020109/120620108717, shtm.

6. Шагниян М., Важное событие истории, Литературная газета, 13 сентября 1978.
7. Балаян Зори, Очаг, Ереван‚ 1984‚ с. 30.

Колыбель человечества территории исторической Армении: htpp:/ www. azg. Am/ RU/ 200020109/120620108717, shtm.
6. Шагниян М., Важное событие истории, Литературная газета, 13 сентября 1978.
7. Балаян Зори, Очаг, Ереван‚ 1984‚ с. 30.

8.    Azərbaycan folkloru antologiyası – I‚ Naxçıvan folkloru‚ Bakı‚ 1994‚ s. 66-68.

9.    Sərgi iləəlaqəli ətraflı məlumat üçün bax: Treasures of the Ark Exhibition at the British Library‚ Armenian Voice‚ № 42‚ Spring 2001.

10. Laçıner Sedat ve Bal İhsan‚ İngiltere ermenileri‚ lobicilik ve ermeni sorunu‚ Ermeni Araştırmaları‚ sayı: 7‚ Ankara‚ 2002‚ s. 115. 

AMEA Naxçıvan bölməsində daha artıq

                                                                            

EMİN ARİF                          

                           AMEA Naxçıvan Bölməsi ,  Xəbərlər jurnalı(2005) №1 , səh:49-53    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.