GƏMİ-QAYA: “Ulu keçmişimizə bir nəzər”

Print Friendly, PDF & Email

   Neçə sənədir ki, görkəmli Azərbaycan alimi və tərcüməçisi Əbülfəzl Hüseyni aramızda yoxdur. Bu yanarlı şəxsiyyət Naxçıvanda, onun qədim abidələri ilə, ədəbi mühiti ilə yaxından məşğul olmuş, bu ulu diyar haqqında onlarca sanballı, elmi-publisistik məqalələr yazmışdır. 

Oxucular tərəfindən sonsuz məhəbbətlə qarşılanan həmin yazılar içərisində “Gəmiqaya haqqında”kı elmi-publisistik məqalə vaxtı ilə “Şərq qapısı” qəzetində dərc olunmuş, müəllifə geniş oxucu kütləsi arasında böyük hörmət qazandırmışdır.Bu gün sizə təqdim etdiyimiz “Gəmiqaya-Alxaraq” məqaləsi 1982-ci ildə yazılmışdır. Həmin məqalə ilk dəfədir ki, işıq üzü görür.

GƏMİQAYA-ALXARAQ

Ulu Azərbaycan vətəndaşı Nizami Gəncəvi xalqımızın bütün adət-ənənələri, zərb məsəlləri, dastan və nağılları, xörəkləri, meyvə adları, şirniyyatı, musiqi, me`marlıq, qab-qacaq, mizüstü oyunları, meydan oyunları, fəlsəfi fikri və başqaları ilə birlikdə çoxlu yer adlarımızı da öz “Xəmsə ensiklopediyası”na  daxil etmişdir. “Xəmsə”də dəfələrlə “Baği-sivid” (Ağdam), Bərdə, Gəncə, Şəki, Azərbaycan, Xəzər, Rum, Şirvan, Alan-Aran, Həmduniyan və s. təsadüf edilir. “Xosrov və Şirin” əsərində Azərbaycanın qədim hüdudları, ona tabe olan yerlər də təsvir edilir. Nizami Məhinbanudan danışarkən yazır:

…Onundur o Aran mülkilə Ərmən,

Çıxa bilməz biri əsla sözündən.

Seçər, hər fəsl öziçin bir məkanı,

Ki, xoş keçsin onun dövri-zamanı.

   Yeri gəlmişkən, deyək ki, şe’rin davamında adı çəkilən “Abxaz” qədim Azərbaycan dilində təhrifə uğramadan əvvəl “ab” (baş bina) və “kas” olub “Abkas” indiki mə’nada “Baş Qafqaz” məfhumundadır. “Ərmən” isə cənnət, gözəl yer kimi mə’nalanır. Bu sözün ilk kökü “ir”lə əlaqlədar Gülüstani-irəm, İrməkli-Ərməki (kənd adı), İrmak (behişt) və başqalarını göstərmək olar. Nizami bu sözü behişt mə`nasında işlətmişdir.

   Ədəbiyyatda get-gedə sabitləşsə də “ərməni” deyilən xalq əslində “hays” və “xays” millət adı deyildir. Tarixçilərin, o cümlədən hays tədqiqatçılarının özlərinin fikrincə bu xalq eradan bir qədər əvvəl Hindistan-Avropa yolu ilə gəlib burada sakin olublar. Haysların özlərinin təsdiqinə görə bu söz onların dilinə məxsus deyildir.

   Nizami “Xəmsə”sində Azərbaycanın bir sıra coğrafi adları vardır. Orada Naxçıvan sahələrindən söhbət gedərkən indiyədək diqqətdən yayınmış bir dağ təsviri vardır. Dağın dastandakı təsviri bu gün həyatda olduğu kimi qalmaqdadır. Söyləməyə ehtiyac yoxdur ki, tarixən 7-8 min il ötməsinin qranit qayalara ciddi tə`siri ola bilməz. Yalnız onların üzərində hava birləşməsi özünü göstərə bilmir.

   Bu maraqlı eyniyyəti müşahidə etmək üçün bə`zi tarixi olqulara qayıtmaq lazım gəlir. Haman hadisələrdən biri “Nuq” tufanıdır (Nuh tufanı). Dünya elminin sübutuna görə həyatda  baş verən bu daşqın Ağrıdağı və ya Araratdan (qədim Azərbaycan dilində odatan, odpüskürən, vulkanlı) sərçeşmə tutan Kür, Araz və Cənuba axan Fərat çayının vulkan nəticəsində cəbri dayanıb daşması, bir də şiddətli yağışların yağmasından əmələ gəlmişdir. Alimlərin daha dəqiq tədqiq və təsdiqinə görə vulkan təkcə Ağrı deyil, eyni zamanda bu gün “Gəmiqaya” adlanan dağda da baş vermişdir. “Gəmiqaya ” ilə Ararat bir-birindən o qədər də uzaqda deyillər. Vulkanın mənbəyi “Gəmiqaya”nın qülləsində nəhəng bir göl yeri kimi qalmaqdadır. Sanki bu gün püskürüb səpələnmiş qüllənin bu yerində bir kiçik gölməçə də mövcuddur.

   “Gəmiqaya”nın indiki mənzərəsinə ötəri nəzər salaq. Dəniz səthindən 4 min metrə yaxın hündürlüyü olan bu əzəmətli dağ qədim Ordubadın (Ordubad) şimalında yerləşir. Dağın daş materialı qırmızımtıl qranitlərdən ibarətdir. Vulkandan əvvəlki qüllə püskürmə nəticəsində müxtəlif cəhətlərə səpələnib koma-koma bir-birinin üstünə qalanmışdır. Vulakndan çıxan daşlar yanğından sonra qapqara qaralmışdır. Onları 1-2 millimetr oyduqda öz rəngləri, qırmızılıq görünür. Qeyd edək ki, “Gəmiqaya” ilə yanaşı dayanan Qapıcıq qülləsi də eyni tərzdə bu hadisəyə mə’ruz qalmışdır.

   Bildirmək lazımdır ki,bu qayaların üzərində minlərlə yazılı abidələr var. Onların bə’ziləri sirli qaldığı halda bir çoxlarının nədən ibarət olduğu mə’lumdur. Həkkedilmə tarixi 7 min 500 il bundan əvvələ aid olan bu təsvirlərdə həndəsi, coğrafi, astronomiya və hər hansı bir cihaz xəritələri – layihələri, eləcə də cədvəllər görmək mümkündür. Bu təsvirlərin yanında və ayrılıqda qədim Rumi əlifbası ilə bir sıra yazılar da aydın aşkar oxunmaqdadır. Onlar məhz burada tufanın baş verməsi ilə əlaqədardır. Bunlar yalnız Azərbaycan deyil, bütün bəşər mədəniyyəti üçün mühüm sənədlərdir.

7500 il əvvəl vulkan edən qırmızı qranit dağın səpələnmiş qülləsi ətrasındakı adını çəkdiyimiz qaralmış daşların bədii təsvirini Nizamidə belə görürük:

O dağ ki, Alxaraqdır söyləyirlər,

Tökülmüş qülləsi nəql eyləyirlər.

O gül rəngli dağa matəmli daşlar

Oturmuş qəmlə, geymiş qarə paltar.

Bəlalar bir zaman nazil olunca,

Çiçəklərtək olubdur parça-parça,

Fələk məst oldu hayından o dağın,

Salıb sındırdı daşə mey çanağın.

 

Diqqət etsək, görəcəyik ki, dastanı nəql edən bərdəli müdrik insan öz nəqlində tanış olduğumuz “Gəmiqaya”nın təsvirini böyük şair Nizamiyə açmışdır. “…Gül rəngli dağ bəlalar gələndə gül kimi parça-parça olub, qülləsi tökülüb,qara geymiş daşlar ona matəm saxlayıblar…”

Hadisə əfsanəyə çevrilsə də faktlar qalmaqdadır. Professor Əli Sultanlının təbirincə desək, əfsanələr tarixin tül pərdəsi arxasında görünən həqiqətlərdir. Mə’lumdur ki, hər bir əfsanənin real mənşəyi olmalıdır. Burada Alxaraq sözünün dağ adı kimi qalması olduqca maraqlı və əhəmiyyətlidir. Alxaraq nə deməkdir?

Bu söz iki kök və şəkilçidən ibarətdir. “Al” dilimizdə qırmızı deməkdir, “qaranın” əsil mə’nası böyük, nəhəng, əzəmətlidir. Məsələn, Nizamidə “qara” rənglərin sonu kimi “qaradan o yana rəng yoxdur” deyə işlənir. Bu indi də dilimizdə misal kimi qalmaqdadır. Sonra Qara dağ, Qara yer, Qara dəniz, Qara xan və s. məhz rəng deyil, həcminə, tutumuna, qüdrətinə görə belə adlanır. “Ağ” isə, əlbəttə sonluq şəkilçidir. Alxaraq adında bir sıra sözlərimizdə olduğu kimi “q” səsi “x” ilə əvəz edilmişdir.

“Alqaraq” qədim şəkildə “qırmızı”, “nəhəng, hündür, əzəmətli” iki məfhumdan dağ adı kimi olduqca uyğun özünə, görünüşünə müvafiq uluslar tərəfindən yaranmışdır. Buradan nəticə çıxarmaq olur ki, “Gəmiqaya”nın tufandan əvvəlki adı “Alxaraq” olmuşdur.Yada salaq ki, bu gün “Kəpəz” dediyimiz yenə də əzəmətli dağın adı tarixdə “Alxaraq”dır. Görünür ki, babalar o kimi yerlərimizə eyni adı verirmişlər. Azərbaycan yer adlarının bir çoxu mə’na e’tibarı ilə bu məzmundadırlar. Məsələn, yuxarıda dediyimiz Qaradağ, Naxçıvandakı Elanlı, Gəncədəki Qoşqar, Şahdağ, Şuşa, Bozquş və s.

Beləliklə, dildən-dilə, sinədən-sinəyə əfsanələşib gələn, Nizami qələmi ilə sabitləşib qalan “Alqaraq” (Alxaraq) bizə ulu keçmişimizdən, min illər bundan öncə burada bu gün də fərqlənməyən dildə danışan babalardan yadigar qalan dağ boyda əzəmətli söz abidəsidir. “Alqaraq” – “Gəmiqaya” qədim Naxçıvanda yaşayan bir dağ adı…”

Əbülfəzl HÜSEYNİ,

filologiya elmləri namizədi

“Şərq Qapısı” qəzeti, 06 sentyabr 1991-ci il

Material M.S.Ordubadi adına Naxçıvan kitabxanasının  Kitabxana – Biblioqrafiya  Proseslərinin Avtomatlaşdırılması şöbəsinin müdiri Südabə  xanım Süleymanova tərəfindən təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.