Duz barədə inanclar və deyimlər

Print Friendly, PDF & Email

Deyirlər:” Dünyanı gözəllik xilas edəcək”. Mən isə deyərdim dünyanı söz yaşadacaq. Elə söz ki, əsrlər-qərinələr keçsə də, o söz heç vaxt solmayaq, təravətini itirməyəcək. Tarixdə olan ən möhtəşəm qalalar, abidələr də zaman keçdikcə tədricən zədələnir, öz ilkin görkəmini dəyişir. Amma söz qalası heç vaxt dağılmır, uçulmur, zədələnmir. Tarixin səhifələri çevrildikcə, sözün nuru daha da artır, işığı daha da çoxalır. Ulu babaların, müdrik nənələrin söylədikləri fikirlər, dəyərli nəsihətlər bu gün ilə səsləşir və həmişə aktualdır. Nə qədər dəyərli fikirlər, nağıl və bayatılar, inanclar, hikmətlər nənələrin sinəsində qara torpağın altına gedib…

    Hərdən mənə elə gəlir ki, ona görə bizim torpağımız belə bərəkətlidir, çünki bu torpaqda sinəsində söz gövhərləri gəzdirənlər uyuyur. Müdriklərin deyimlərindən bir neçəsinə nəzər salaq:

 Lətifə

Böyük Vətən müharibəsinin qızğın vaxtında bir Naxçıvanlı müharibəyə yola salınırdı. O, şəstlə qonum- qonşunun yanında deyir:

-Hitlerin başını mən Naxçıvana gətirəcəyəm!

Həmin insanı yola salmağa gələnlərdən  biri ona bir torba duz verib deyir:

-Götür bu duzu, bura çatana kimi yayın istisində kişinin başı qurdlayar, onu yaxşı-yaxşı duzlayarsan.

                           

 Müdrik sözü

Belə rəvayət edirlər ki, İbrahim peyğəmbər uca dağın başına çıxıb əllərini Allahın dərgahına açır və deyir:

-Ey Allahım, mənə övlad ver, mən bütün dünyaya ehsan verərəm.

Onun oğlu İsmayıl dünyaya gələndə Peyğəmbər yenə uca dağın başına qalxıb, üzünü göyə tutub deyir:

– Ey aləmlərin Rəbbi, şükürümü qəbul et və mənə ehsan etmək üçün yol göstər.

Bu məqamda onun yanında duz dağı peyda olur, Allahdan ona vəhy gəlir ki, bu duzu dünyaya yay, bu da sənin bütün dünyaya ehsanın olsun.(Qocalardan eşitmişəm)

İnanclar

Çox qədim dövrlərdən xörəyə duz salanda, “Dünyadan köçənlərin ehsanı olsun!”-deyərlər.

***

Şirniyyat bişirəndə də halallıq üçün o xəmirə bir çimdik duz əlavə edərlər.

 ***

Ət doğranan taxtanın üzərinə çoxlu duz səpərlər ki, milçək və başqa həşəratrar oraya qonmasın.

   ***

Uşaq narahat olanda, çox ağlayanda onun başına duz hərləyib ocağa atarlar.

***

İnsanın bədənində əzilən amma, qan çıxmayan yerə duzlu su ilə məlhəm qoyarlar.

***

Qadının bişirdiyi xörəyin dadı, ləzzəti olmayanda deyər ki, onun əlinin duzu yoxdur.

 ***

Novruz  bayramında axır çərşənbə gecəsi subay qızlar duzli kökə yeyib, su içmədən yatarlar. Onların qismətinə yazılan oğlan yuxuda onlara su verər.

  ***

Bir adama etibar etdiyini bildirmək üçün deyərlər:”Filankəslə bir batman duz  yemiçəm.”

***

Bir insanın köhnə dərdini yadına salanda deyər:”Yarama duz basma!”

***

Folklorumuzda  Məlikməmməd  nağılında əsərin qəhrəmanı barmağını kəsib yerinə duz səpir ki, səhərə qədər oyaq qala bilsin

                     ***                     

 Duz barədə bir fikir də bildirim ki, evdən qonşuya duz verəndə, gərək heç olmasa 1 qəpik pul alasan, duz evin bərəkətidir.

                                             ***                                          

 İnək bala verəndə, onun bulamasından qonşulara pay verəndə, həmin bulama olan kasanı yuyub, içinə bir çimdik duz qoyurlar ki, heyvanın südü bərəkətli olsun.

                                                               Gularə Munis,  sairə-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.