AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

Print Friendly, PDF & Email

Mayın 4-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

    Gündəlikdə duran ilk məsələ – Folklor İnstitutunun 2015-ci il üzrə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilmiş dissertantlarının fərdi iş planları b arədə İnsitututun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Elmi Şura dissertantların fərdi iş planları nı təsdiq edib.

    Sonra iclasın sədri gündəliyə daxil edilmiş digər məsələ – “Əjdər Fərzəli Gəmiqaya-Qobustan abidələrinin tədqiqatçısı kimi” mövzusunda məruzə ilə bağlı məlumat verib. AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov giriş sözündə İnstitutun əsas prioritet istiqamətlərindən birinin digər elm sahələri ilə səmərəli əməkdaşlıq münasibətləri qurmaq olduğunu, daha ciddi elmi nəticələrə gəlmək üçün bu kimi cəhdlərin bəhrə verəcəyinə əminliyini bildirib.

 Məruzəyə başlanılmazdan əvvəl Əldər Fərzəlinin Gəmiqaya-Qobustan abidələri mövzusunda araşdırmaları ilə bağlı ötən il AMEA-da keçirilən geniş müzakirədən hazırlanmış qısa videomateriala baxış olub. “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin Idarə Heyətinin sədri Mirələkbər Seyidovun məruzəsi maraqla dinlənilib. O, öncə mərhum alim Ə.Fərzəlinin həyatı və elmi yaradıcılığı haqqında bilgi verib. Daha sonra məruzəçi Gəmiqaya-Qobustan abidələri ilə bağlı Ə.Fərzəlinin araşdırmalarının mahiyyətini iştirakçılara çatdırıb. Məruzədə vurğulanıb ki, Ə.Fərzəlinin kitablarında irəli sürülən fikirlər, aparılan təhlilər, çıxarılan nəticələr bilavasitə faktlarla – qaya təsvirləri ilə təsdiq olunur.

    Məruzə bitdikdən sonra mövzu ilə bağlı müzakirələrə başlanılıb.

    “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, prof. Kamran Əliyev çıxışında bildirib ki, zəngin mədəniyyəti olmayan xalqın gələcəyi şübhə altındadır. O, mərhum alimin araşdırmasının gələcəkdə davam etdirilməsinin gərəkliyinə toxunub. Qeyd edib ki, Gəmiqayadakı qayaüstü təsvirlərlə Qobustandakı qayaüstü təsvirlərin oxşarlığı ilk növbədə qədim insanların – əcdadlarımızın dünyanı eyni formada dərki ilə bağlıdır.

“Müasir folklor” şöbəsinin müdiri, prof. F.Bayat mərhum Ə.Fərzəlinin araşdırmalarına diqqətlə yanaşmağın gərəkliyini, iddianın böyük olduğunu, buna görə də belə məsələlərdən danışarkən elmi məntiqə əsaslanmanın zəruriliyini bildirib.

    “Azsaylı xalqların folkloru” bölməsinin müdiri, fil.ü.f.d. Nizami Muradoğlu Gəmiqaya abidələri ilə bağlı canlı təəssüratlarını bölüşüb.

    Eləcə də Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, fil.ü.f.d. Pamazan Qafarlı, böyük elmi işçi, fil.ü.f.d. Atəş Əhmədli, AMEA Tarix İnstitutunun böyük elmi işçisi, MQF Elm Mərkəzinin direktoru Nüşabə Məmmədova, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi nin elmi katibi, fil.ü.f.d. Hüseyn İbrahimov mövzu ətrafında çıxışlar ediblər.

    İclası yekunlaşdıran AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov Elmi Şura iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib. O, bu kimi baxışların müzakirəyə açıq olduğunu söyləyib və qeyd edib ki, Ə.Fərzəlinin araşdırmaları sözügüdən sahədə gələcək axtarışlara müəyyən ipucu verə bilər.

   Bununla da Elmi Şuranın iclası başa çatıb.

Mənbə: http://www.folklorinstitutu.com/415.htm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.