“Əsrin müqaviləsi” beynəlxalq əhəmiyyətli hadisədir

Print Friendly, PDF & Email

Heydər Əliyev: “Əsrin müqaviləsi” və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı  ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir”.

   1991-ci il oktyabrın 18-də müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının qarşısında bir neçə  başlıca vəzifə dururdu: birincisi, öz suverenliyini, dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq, Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək, ikincisi,dünya birliyi tərəfindən müstəqil, hüquqi, demokratik bir dövlət kimi tanınmaq, dünya birliyinin layiqli bir üzvünə çevrilmək, üçüncüsü isə,  mövcud iqtisadi potensialdan istifadə etməklə bazar iqtisadiyyatı prinsipləri əsasında öz iqtisadi inkişafını təmin etmək və iqtisadiyyatı müasir tələblər səviyyəsində modernləşdirmək, Azərbaycan xalqına layiqli həyat şəraiti yaratmaq.

   Yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının iqtisadi potensialı onun əhalisini lazımi səviyyədə yaşatmağa və iqtisadiyyatın aparıcı sahələrini müasir dünya standartları səviyəsində qurmağa kifayət edərdi. Lakin  müstəqilliyin dadını təzə-təzə hiss edən Azərbaycan Respublikası qonşu Ermənistan ilə ədalətsiz müharibəyə sürükləndi, böyük maddi və mənəvi itkilərə məruz qaldı, onun torpaqlarının 20 faizindən çoxu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu və əhalisinin bir milyondan çoxu qaçqın və köçkün vəziyyətinə düşdü. Azərbaycan Respublikası 1990-93-cü illərdə artıq tam iqtisadi və siyasi böhran həddinə gəlib çatmışdı. O, öz dövlət müstəqilliyini möhkəmləndirmək, iqtisadiyyatı yenidən qurmaq və modernləşdirmək, neft sənayesinə xarici kapital cəlb etmək üçün təcili olaraq bu və ya digər xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələr qurmalı idi. Belə bir zamanda,Azərbaycan Respublikası Xəzərin neft və qaz ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu. Bu yolla Azərbaycan həm xarici şirkətlərdən yardım almaqla öz iqtisadiyyatını qurmaq, həm də həmin şirkətlərin aid olduğu dövlətlərin siyasi dəstəyini almaqla Qarabağ probleminidə  həll etmək və işğal olunmuş ərazilərini geri qaytarmaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək məqsədini güdürdü.

Aparıcı Qərb şirkətləri Azərbaycanın dəniz neft yataqlarının işlənməsinə hələ 1989-cu ildən həvəs göstərirdilər.Bir qədər sonra, 1990-cı ildə dənizdəki  “Azəri”neft yatağının işlənməsi üçün ilk tender elan olundu. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyi dövlət müstəqilliyinə o qədər də inanmadığı və Moskvanın diktəsi ilə işlədiyi üçün bu siyasət həyata keçmədi.

   1992-ci ildə qərbyönümlü və türkyönümlü siyasət yeritdiklərini bəyan edən Xalq Cəbhəsi – Müsavat iqtidarının hakimiyyətə gəlişi ilə xarici şirkətlərlə olan iqtisadi əlaqələr nisbətən canlandırıldı. Bakı ilə beynəlxalq şirkətlərdən “British Petroleum” şirkətinin əlaqələri daha çox sürətlə artırdı. 1993-cü il yayın əvvəlində artıq ilkin neft müqaviləsi imzalanmağa hazır idi. Hələ 1993-cü il mayın 22-də, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bir neçə Qərb neft şirkətləri arasında Azərbaycan neftinin birgə işlənməsi haqqında bəyannamə imzalandı. Bəyannamədə Xəzər dənizi şelfində olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə  işlənməsi nəzərdə tutulurdu. Müqavilədə bütün maraqlı tərəflərin iştirak payı müəyyənləşmişdi. İlkin olaraq ARDNŞ-ə 30 faiz, yerdə qalan 70%  isə xarici şirkətlər arasında belə bölünəcəkdi: Böyük Britaniya-Norveç alyansı olan “Britiş Petroleum-Statoyl” şirkətinə 36,7 faiz, “AMOKO” (ABŞ) şirkətinə 24,3 faiz, “Penzoyl-Remko” alyansına (ABŞ-Böyük Britaniya) 17 faiz, “Yunokal” (ABŞ) şirkətinə 16 faiz, “Mak-Dermot” (ABŞ) şirkətinə 3,5 faiz, “Turkiş petroleum korpareyşn” (Türkiyə) şirkətinə isə 2,5 faiz .

   1993-cü ilin yazında həmçinin Azərbaycan neftinin nəql olunması məsələsi üzərində də iş gedirdi. 1993-cü ilin martında bu günə qədər də reallaşmayan və Bakıdan Türkiyənin Aralıq dənizi sahillərinə İran ərazisindən keçməklə çəkiləcək neft kəmərinin tikintisi haqqında Azərbaycan-Türkiyə müqaviləsi razılaşdırıldı. Nəzərdə tutulan müqavilənin dəyəri 1,4 milyard ABŞ dolları həcmində qiymətləndirilmişdi.

   Qərb şirkətləri ilə dəyəri 9 milyard ABŞ dollarına bərabər olan digər müqavilə isə Londonda 30 iyun 1993-cü ildə imzalanmaq üçün hazırlanırdı. Ancaq müqavilənin imzalanmasına bir neçə həftə qalmış Azərbaycanın Gəncə bölgəsində qiyam baş verdi və o vaxtkı Azərbaycan prezidenti Əbülfəz Elçibəy öz postunu qoyub anadan olduğu Naxçıvan MR Ordubad rayonunun Kələki kəndinə getməli oldu. Bəs bu hakimiyyət böhranının əsl səbəbi nə idi?

İlk öncə qeyd etməliyik ki, Azərbaycanınbeləiqtisadivə siyasi əhəmiyyətli neft müqavilələrini imzalaması onun iqtisadi vəziyyətininsıçrayışla yaxşılığa doğru dəyişməsinə gətirib çıxara və regionda iri geosiyasi dəyişikliklərə səbəb ola bilərdi. Nəticədə, Bakıya neft dollarlarının axması Qarabağ problemini də həll etməyə qadir olan nizami ordunun yaradılmasına kömək edər və Azərbaycanın regionda nüfuzunu xeyli artıra bilərdi. Lakin bunun üçün qonşu dövlətlərlə,o cümlədən də İran və Rusiya ilə münasibətləri normal səkildə qurmağa qadir olan, balanslı bir siyasət yeritməyi bacaran bir iqtidar Azərbaycanda hakimiyyət başına gəlməli idi. O vaxtkı iqtidarların yeritdiyi naşı siyasət ucbatından  Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi qonşu dövlətlərdən Ermənistanı, İran və Rusiyanı qətiyyən qane etmirdi. İran ona görə narahatlıq keçirirdi ki, Azərbaycanın o vaxtkı iqtidarı yaxın gələcəkdə Azərbaycan  gücləndikdənvə Qarabağ problemini öz xeyrinə həll etdikdən sonra İran ərazisində yaşayan 25 milyondan artıqazərbaycanlını da əhatə edən vahid bir dövlət yaradacaqlarını bəyan edirdi. Xalq Cəbhəsi liderləri öz məsuliyyətsiz bəyanatları ilə İranı qıcıqlandırırdılar. Sabiq prezident Ə.Elçibəy müsahibələrinin birində belə demişdi: “İranda 20-25 milyon azərbaycanlı yaşayır, hansı ki, onların ana dilində bir dənə də milli məktəbləri yoxdur. Azərbaycanlıların təkcə milli hissləri yox, həm də onların insan hüquqları tapdalanır”. Təbii ki, belə çıxışlar İranda mövcud rejimin rəhbərliyində və orada yaşayan Azərbaycan elitasının bir hissəsində də narazılıq yaratmaya bilməzdi.

   1993-cü ilin yayında bağlanması nəzərdə tutulan müqavilələr Rusiyanı da qane etmirdi. Ona görə ki, Rusiya  Azərbaycanın müstəqilliyini  qəbul etsə də, onun zəngin sərvətlərindən əl çəkmək istəmirdi. Rəsmi Moskva elə bir neoimperiya siyasəti yeridirdi ki, Azərbaycan yenə də bu və ya digər dərəcədə Rusiyadan iqtisadi cəhətdən asılı vəziyyətə düşsün. Rusiya əsasən,Xəzərin statusu məsələsini və neft kəmərlərinin nəqli yollarını öz nəzarətində saxlamağa çalışırdı. Bu isə Azərbaycanın Rusiyadan tam asılılığını yenidən təmin etməli idi. Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlamaq üçün ilk öncə Rusiya və İranla ölçülüb-biçilmiş, həmin dövlətlərin regionda marağını qismən də olsa, təmin edə biləcək bir siyasət yeritməli idi. Əks halda gənc Azərbaycan Respublikası güclü qonşuları tərəfindən iqtisadi və siyasi, hətta hərbi təzyiqlərə məruz qala bilərdi. 1993-cü ilin yayında Xalq Cəbhəsi hakimiyyəti dövründə imzalanması nəzərdə tutulan müqavilələrdə Rusiyanın payı və rolu qətiyyən nəzərə alınmamışdı. Belə bir dövrdə Rusiya Dağlıq Qarabağ kartı ətrafında başladığı oyunları daha da fəallaşdırdı. 1993-cü  ilin aprelində Kəlbəcər ətrafında Azərbaycan ordusunun Şimal cinahı darmadağın edildi. İyunda isə Ağdam və Mardakert rayonları ətrafında cəbhənin mərkəzi hissəsində də vəziyyət pisləşdi. Bu fonda 1993-cü ilin 3-4 iyununda Azərbaycanın Gəncə şəhərində korpus komandiri olan, general Sürət Hüseynov vəziyyətə tam nəzarəti ələ alaraq Bakıya yaxınlaşdı. Hadisələrin gərgin cərəyanı Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ağır iqtisadi və siyasi böhran keçirən AXC-Müsavat iqtidarı hakimiyyəti tərk etməyə məcbur oldu. Yaranmış vətəndaş müharibəsi  təhlükəsindən, ölkənin parçalanmasından və xaosdan ölkəni xilas etmək üçün bütün Azərbaycan xalqı,istər o vaxtkı iqtidar nümayəndələri, istərsə də xalqın və dövlətin gələcəyini düşünən sadə insanlar, gənclər, vətənpərvər ziyalılar Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, ölkəni üzləşdiyi labüd vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas etmək məqsədi ilə o zaman Naxçıvanda yaşayan,  Naxçıvan MR Ali Sovetinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olan Heydər Əliyevi Azərbaycan rəhbərliyinə dəvət etmək üçün  əsl ümumxalq hərakatına başladılar.

   1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev yubanmadan təxirəsalınmaz tədbirlər gördü. Azərbaycanın yeni rəhbərliyi Xalq Cəbhəsi- Müsavat hakimiyyəti dövründə hazırlanmış və ölkənin milli maraqlarına uyğun gəlməyən neft  müqaviləsinin 1993-cü il iyunun 21-nə təyin olunmuş imzalanmasından imtina etdi.

   1993-cü il iyunun 15-də əvvəlcə Azərbaycan parlamentinin sədri, daha sonra isə, 1993-cü il oktyabrın 3-də Azərbaycan prezidenti seçilən Heydər Əliyev ilk öncə ölkədə başlanmış olan vətəndaş müharibəsinin qarşısını aldı,ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Daha sonra məlum regional dövlətlərin maraqlarını nəzərə alan balanslaşdırılmış xarici siyasət yeritməklə o, xarici təzyiqləri, o cümlədən İran və Rusiya tərəfindən olan təzyiqləri səngitmək və neytrallaşdırmağa nail oldu. Balanslaşdırılmış  xarici siyasət xəttinin  götürülməsi həmin dövrdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq üçün ən doğru və müdrik bir siyasət idi. Heydər Əliyev bir tərəfdən xarici kapitalı Azərbaycana cəlb etməyə çalışır, digər tərəfdən isə Moskva və Tehran ilə əlaqələri pozmağa yol verməyən incə bir siyasət yeridirdi. 1993-cü ilin 17 sentyabrında Azərbaycan MDB-yə qoşuldu və bu addım 1994-cü il mayın 12-də Azərbaycan-Ermənistan sərhədlərində atəşkəs elan olunmasına böyük təsir göstərdi.

   Atəşkəsin elan olunması və prezident Heydər Əliyev tərəfindən ölkə daxilində siyasi sabitliyin tam bərqərar olunması Azərbaycanın iqtisadi inkişafı üçün və eləcə də onun təbii ehtiyatlarından xarici iş adamları ilə birgə istifadə olunması üçün əlverişli şərait yaratdı. Azərbaycan yubanmadan öz təbii sərvətlərinin xarici şirkətlərlə birgə işlənməsi məsələsi üzərində işə başladı.
   Lakin 1993-cü ilin yayında, Heydər Əliyevin hakimiyyətinin ilk aylarında da neft ətrafında gedən oyunlar səngimək bilmədi. Xarici şirkətlərlə Azərbaycan hökuməti adından danışıqlar aparmaq səlahiyyəti almış Marat Manafovun hazırladığı variant da Azərbaycanın milli mənafelərinə cavab vermirdi. Orada kəşfiyyat dövrü üçün 6 il müəyyən olunmuşdu və bu dövrdə xarici sərmayələrin həcmi 21 milyon dollar təşkil etməli idi. Müqavilənin əvvəlki variantına əsasən “Çıraq” yatağından neft yalnız 2007-ci ildə, yəni müqavilə imzalandıqdan 13 il sonra hasil olunmalı idi. Bundan əlavə, müqavilənin əvvəlki variantına əsasən səmt qazı Azərbaycana bazar qiymətinə satılmalı idi.

   1994-cü ilin əvvəllərində Azərbaycan iqtidarı tərəfindən Xəzər neftinin xarici neft şirkətləri ilə birgə işlənməsi üçün yenidən intensiv danışıqlar aparıldı.1994-cü ilin fevralında Azərbaycan prezidenti Hedər Əliyev Böyük Britaniyaya mühüm səfər etdi. Bu səfər zamanı Azərbaycan-Böyük Britaniya hökumətlərarası 8 müqavilə, o cümlədən də “Neft sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalandı. Danışıqlarda həmçinin İngiltərənin “British Petroleum” şirkətinə “Çıraq” və “Azəri” yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda prioritet yer, o cümlədən də konsorsiumun Qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Bundan əlavə,Heydər Əliyev İngilis-Norveç alyansı olan “British Petroleum-Statoil”-un gələcəkdə “Şah-Dəniz” neft yatağının işlənməsi üzrə bağlanacaq müqavilədə xüsusi hüquqa malik olması məsələsinə də razılıq verdi. Azərbaycan prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsorsiumda neft yataqlarının işlənməsi barədə danışıqların aparılması rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında və yayındakı İstambul və Hyüstonda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyəti milli maraqlara tamamilə cavab verən müqavilə şərtləri hazırladı.Bu danışıqların nəticəsində 20 sentyabr 1994-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin möhtəşəm  “Gülüstan”sarayında “Əsrin müqaviləsi” kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması ilə Azərbaycanın neft sənayesi tarixində tamamilə yeni bir səhifə açıldı. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında, bütün xalqımızın güzəranının yaxşılaşmasında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Bu sazişdə 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Həmin müqaviləyə əsasən,Azərbaycanın dəniz yataqları olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının mənimsənilməsi 30 il müddətinə nəzərdə tutulurdu. Bu vaxt ərzində 510milyon ton neft çıxarılacaqdıki, onun da 258 milyon tonu (49,5 faizi) Azərbaycana məxsus olacaqdı. Bu isə 34 milyard dollar demək idi. Yəni, başqa sözlə desək, Xalq Cəbhəsi hökumətinin hazırladığı müqavilə layihəsi ilə müqayisə edilərsə, 1994-cü ilin yayında hazırlanmış müqavilənin son variantında qazancda Bakının payı 70-80 faiz idi. Son nəticədə,müqavilədəki istismar olunacaq yataqların siyahısına “Günəşli” yatağının 200 metrdən dərin su hissəsində də iş aparılması daxil edilmişdi. Sonradan aparılmış kəşfiyyat əsasında məlum oldu ki, bu yataqların ehtiyatı  510 milyon ton yox, 640 milyon tona, səmt qazı ehtiyatları 100 milyard kub metrə, sərbəst təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrə bərabərdir. Müqaviləyə görə ümumi investisiya qoyuluşu 10 milyard ABŞ dollarına bərabər idi ki, onun da 7,4 milyardını Qərb şirkətləri qoymalı idi.

   Müqavilədə Rusiyanın da maraqları nəzərə alınmışdı. “Lukoyl” şirkətinin payı 10 faiz, başqa sözlə 800 milyon dollara yaxın idi. Müqaviləyə görə çıxarılacaq neftin ümumi dəyəri indiki qiymətləndirmə ilə 50 milyard dollara bərabəridi ki, onun da 34 milyard dolları Azərbaycanın payına düşəcəkdi.

   Layihənin yüksək rentabelliyi qərb portnyorlara imkan verirdi ki, Bakının 80 faiz qazanc götürməsi ilə razılaşsınlar. Halbuki qazancın bölünməsi kapital qoyuluşunun həcminə görə olmalı idi. Müqavilənin qüvvəyə mindiyi birinci 18 ay müddətində “Çıraq-1” stasionar dəniz platforması istifadəyə verilməli, 4 il müddətində bütün yataqlarda hazırlıq işi aparılmalı və 58 aydan sonra (4 il 10 aydan sonra) isə çıxarılan neft yeni tikiləcək neft kəməri ilə daşınmalıidi. Bu vəzifələri həyata keçirmək üçün yeni bir  təşkilat-Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adlanan ilk neft konsorsiumu yarandı. 1994-cü ilin dekabrında “Əsrin müqaviləsi” Azərbaycan parlamentində təsdiq edildi. Azərbaycan  Respublikasının prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi.
 1995-ci ildə bu layihəyə 100 milyon dollara qədər, 1996-cı ildə isə 600 milyon dollar vəsait qoyuldu. İndiyə kimi bu layihəyə 3milyarddan artıqdollar sərmayə qoyulmuşdur.

 

“Əsrin müqaviləsi”ndə investisiyanın bölgüsü üzrə (1996-cı ilin aprelinə) iştirakçı şirkətlərin pay cədvəlisonradan bəzi dəyişikliklər edilməklə belə idi:

 

          ŞİRKƏTLƏR                                                   İNVESTİSİYA PAYI

 

1.”British petroleum” (Böyük Britaniya) – 17,61267%  (1,267 mln. dollar)

 

2.”Amoko”  (ABŞ)   –                 17,01% və ya 1,258 milyon dollar;

3.”Lukoil” (Rusiya)   –              10,00% və ya 0,740 milyon dollar;

4.”Penzoil” (ABŞ)     –             9,8175% və ya 0,726 milyon dollar;

5.”Statoil” (Norveç)   –           8,5633% və ya 0,633 milyon dollar;

6.”Unokal” (ABŞ)      –             11,2% və ya 0,828 milyon dollar;

7.”Itochu Siodzi” (Yaponiya)   –    7,45% ;

8.”Ramko Energy Grour” (Böyük Britaniya)-  2,0825%;

9.”Turkish Petroleum Cor.” (Türkiyə)  – 1,75% və ya 129 min dollar;

10.”Delta Nimur Khazar” (Səudiyyə Ərəbistanı)  -1,68%;

11.”ARDNŞ” (Azərbaycan)   –                   5%;

 

Yaponiya şirkəti “Itochu Siodzi” ABŞ-ın “Mc.Dermott International” şirkətinin 5 faizlik payını alaraq 1996-cı ilin martından konsorsiumun iştirakçısı oldu. Bir az sonra isə, 1996-cı ilin aprelində “Itochu Siodzi” şirkəti konsorsiumda Amerikanın “Penzoil” şirkətinə 132 milyon dollar ödəməklə onun da payını aldı. Beləliklə, “Əsrin müqaviləsi”ni uğurla bağlayan Azərbaycan dövləti bir çox Qərb dövlətlərinin, ilk növbədə isə ABŞ-ın Azərbaycanda iqtisadi maraqlarını yaratmaqla onların diqqətini öz problemlərinə cəlb edə bildi. Göründüyü kimi, Qərb dövlətləri içərisində “Əsrin müqaviləsi” üzrə ən mühüm pay ABŞ şirkətlərinə ayrılmışdı. ABŞ-ın “Yunokal”, “Amoko”, “Penzoyl”, “Mak Dermott”, “Ekson” kimi 5 şirkətinə üst-üstə 50 faiz investisiya payı ayrılmışdı ki, bu da təqribən 5 milyard ABŞ dollarına bərabər idi. Azərbaycanın ABŞ şirkətlərinə belə böyük faizlə yer ayırması ABŞ-ın dünyada olan böyük nüfuzuna, iqtisadi, siyasi, hərbi  gücünə  və Azərbaycanın üzləşdiyi iqtisadi və siyasi problemlərin həllinə bu ölkənin verəbiləcəyi dəstəyə edilən ümidlərlə  bağlı idi.
   SSRİ dağıldıqdan sonra keçmiş müttəfiq respublikalar içərisində yalnız Azərbaycan öz ərazisinin 20 faizini itirmişdi. Əhalisinin 1 milyondan artığı qaçqın və köçkün vəziyyətinə düşmüşdü. İqtisadiyyat günü-gündən tənəzzülə doğru gedirdi və ölkəni inflyasiya və maliyyə böhranı bürüyürdü. Bu ağır şəraitdən xilas olmaq üçün Azərabaycan Respublikası ilk öncə böyük iqtisadi, maliyyə imkanlarına malik olan ABŞ-a ümid bəsləyirdi. Bununla o, həm maliyyə-iqtisadi gerilikdən xilas olmaq, həm də SSRİ dağıldıqdan sonra dünyada aparıcı siyasi nüfuza malik olan ABŞ-ın hərbi-siyasi dəstəyinə arxalanmaq istəyirdi. O,  ABŞ və digər nüfuzlu dünya  dövlətlərinin köməyi ilə region dövlətlərinin Azərbaycana olan iqtisadi və siyasi təzyiqlərini neytrallaşdırmaq istəyirdi.

    “Əsrin müqaviləsi” layihələrinin həm birinci, həm ikinci, həm də son variantı Böyük Britaniya şirkətləri ilə sıx əməkdaşlıq şəraitində hazırlanmışdı. “Əsrin müqaviləsi”ndə ABŞ-dan sonra ikinci investisiya payı Böyük Britaniyanın “Britiş-Petroleum” (17,61 faiz) və “Remko-enerji qrup” (2,08 faiz) şirkətlərinə ayrılmışdı. Bu da məntiqi olaraq aparıcı Qərb dövlətlərindən biri kimi Böyük Britaniyanın iqtisadi və siyasi dəstəyinə bəslənilən ümidlərdən irəli gəlirdi. Azərbaycan Respublikası sözün həqiqi mənasında Rusiyanın nüfuz dairəsindən çıxaraq geniş miqyaslı əməkdaşlıq çərçivəsində sürətlə Qərb dövlətləri ilə əməkdaşlığa doğru gedirdi.

   Qərb tərəfdaşları ilə uğurlu əməkdaşlıq quran və prinsipial problemləri uğurla həll edən Azərbaycan rəhbərliyi yenidən İran və Rusiya tərəfindən ciddi təzyiqlərlə üzləşməli oldu. Azərbaycanın üzləşdiyi daxili və xarici çətinliklər əsasən, neft amili ilə bağlı idi. Həmin dövrdə neftin dünya bazarına daşınması üçün Azərbaycanın boru kəməri sistemi yox idi. Neftin müasir üsulla çıxarılması  və dünya bazarlarına daşınması üçün isə ixrac imkanlarının mövcud olması başlıca amil idi. Ona görə də, müəyyən xarici qüvvələr bu amildən istifadə edib, müqavilənin imzalanmasına mane olmağa cəhd edirdilər. Bu məqsədlə İran və Rusiya tərəfindən belə bir tezis irəli sürülürdü ki, Xəzər dənizi bütün Xəzəryanı dövlətlər üçün ümumidir və onu milli sektorlara bölmək olmaz. Onlar həmçinin Azərbaycanın birtərəfli qaydada neft müqavilələri bağlamaq və “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından neft çıxarmaq hüququnun olmadığını bildirirdilər. Bu cür bəyanatlar verən dövlətlərin başlıca məqsədi Azərbaycanın xarici neft şirkətləri ilə əməkdaşlığına yol verməmək və onu aciz, kasıb, asılı bir dövlət vəziyyətində saxlamaq idi. Lakin Azərbaycan rəhbərliyi yaxşı başa düşürdü ki, respublikanın real müstəqilliyi yalnız iqtisadi inkişaf, xarici sərmayələrin cəlb edilməsi, ölkənin iqtisadi böhrandan çıxması şəraitində təmin oluna bilərdi. “Əsrin müqaviləsi”nin 5-ci ildönümü münasibətilə Heydər Əliyev adına sarayda çıxış edən ARDNŞ-nin o vaxtkı birinci vitse-prezidenti İlham Əliyev çətinliklərlə bağlı belə demişdi: “…Danışıqlar  tarixindən diqqətəlayiq və çox az adamın bildiyi bir faktı gətirmək istəyirəm. Xəzər dənizi statusunun həll edilməsi problemi o qədər kəskin qoyulmuşdu, Azərbaycana təsir o qədər güclü idi və bütün bunlar “Biz yol vermərik” kimi müxtəlif diplomatik notlar və bəyanatlarla müşayiət olunurdu ki, xarici neft şirkətləri bu tezisi müqavilə şərtlərinə daxil etdilər: yəni, müqavilə Xəzər dənizinin statusu problemi həll edildikdən sonra qüvvəyə minəcəkdi. Bu, faktiki olaraq o demək idi ki, müqavilə imzalanacaq, lakin qüvvəyə minməyəcək və müvafiq olaraq həyata keçirilməyəcəkdi”.

   Təbii ki, Azərbaycan buna razı ola bilməzdi. Həmin vaxt Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ABŞ-ın Energetika Nazirliyinin rəhbərliyi ilə görüşmək üçün ARDNŞ-nin I vitse-prezidenti İlham Əliyevi o zaman yekun danışıqları aparılan ABŞ-ın Hyüston şəhərindən Vaşinqtona ezam olunması  barədə qərar qəbul etdi. ABŞ-ın Energetika nazirinin o vaxtkı müavini Bill Layfla görüşən İlham Əliyev Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini və müqavilədə Xəzərin statusu haqqında tezisin olmasının hansı nəticələrə gətirib  çıxara biləcəyini açıqladı. Yalnız Amerika hökumətinin müdaxiləsindən sonra xarici neft şirkətləri bu bəndi çıxarmağa razı oldular. İlham Əliyev qeyd edir ki, əgər o vaxt xarici şirkətlər buna razılıq verməsəydilər, bu günə kimi “Çıraq” yatağında heç bir iş aparılmazdı. Ona görə ki, bu günə kimi Xəzərin statusu məsələsi həll edilməyib və təbii ki, belə olan halda heç bir nəticə də əldə olunmazdı.

Müqavilə imzalandıqdan sonra Azərbaycanın daxilində də bir çox qeyri-normal proseslər baş verdi. Müqaviləyə imza atıldıqdan cəmi bir neçə gün sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi, lakin bu cəhd uğursuzluğa düçar oldu. Növbəti dəfə terrorçu qüvvələr baş qaldırıb bir sıra terror aktları həyata keçirdilər, Azərbaycan parlamenti sədrinin birinci müavini Afiyəddin Cəlilov və prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. 1995-ci ilin martında xarici qüvvələr və daxili irtica birləşərək ikinci dəfə dövlət çevrilişinə cəhd etdilər. Onların məqsədi respublika prezidenti Heydər Əliyevi fiziki cəhətdən məhv etmək və hakimiyyəti ələ keçirmək idi. Azərbaycan bu dəfə də öz dövlətçiliyini layiqincə müdafiə edə bildi. Qiyamçıların bir qismi tutuldu, bir qismi məhv edildi, bir qismi indiyədək qonşu ölkələrdə sığınacaq taparaq, Azərbaycana qarşı yeni-yeni təxribatlar hazırlamaqda davam edir. Sonrakı dövrlərdə də Azərbaycan prezidenti Heydər Əliyevə qarşı qəsd planları hazırlandı. Ukrayna prezidenti L.Kuçma və Azərbaycan prezidenti Heydər Əliyevin keçəcəyi körpünün altına partlayıcı qoyuldu. Xarici səfərdən qayıdan Azərbaycan prezidentinin təyyarəsini “Strela” raketi ilə vurmaq cəhdi yalnız küləyin səmtinin dəyişməsi nəticəsində puça çıxdı. Azərbaycan prezidenti İlham Əliyev bu münasibətlə qeyd edirdi ki, bu gün hətta hər cür siyasətdən uzaq, sadəlövh adama da aydındır ki, bütün bu təxribat və çevriliş cəhdləri digər məqsədlərlə yanaşı, “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə mane olmaq məqsədi daşıyırdı.

   Lakin Azərbaycan bütün bu sınaqlardan çıxdı, bütün çətinlikləri aradan qaldırdı, bütün müqavimətlərə sinə gərdi və verdiyi sözə əməl etdi. Eyni zamanda da məhz böyük dövlətlərin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimad nəticəsində kontrakt uğurla həyata keçdi.

   “Əsrin müqaviləsi”nin 5 illiyi münasibəti ilə keçirilən toplantıda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev demişdir: “Əsrin müqaviləsi” və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı  ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir”.

   “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi. Heç təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin 5 illik yubileyinə ABŞ-ın prezidenti Bill Klintondan, Böyük Britaniyanın baş naziri Toni Bleyerdən, Türkiyə prezidenti Süleyman Dəmirəldən, Yaponiyanın baş nazirindən, Norveçin, Belçikanın baş nazirlərindən, Gürcüstan prezidenti Eduard Şevardnadzedən, Özbəkistan prezidenti İ.Kərimovdan, Qazaxıstan prezidenti N.Nazarbayevdən, Səudiyyə Ərəbistanın kralından və bir sıra başqa dövlətlərdən Azərbaycan dövlətinə böyük hörmət və ehtiram hissi əks olunan təbriklər gəlmişdi. Bu təbriklərdə Azərbaycanın dünyanın bir çox dövlətlərinin böyük neft şirkətləri ilə gördüyü işlər yüksək qiymətləndirilirdi.

   Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev qeyd etmişdir ki, “Əsrin müqaviləsi”ni uğurla həyata keçirən Azərbaycanda görülən işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir; ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.

   “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsinin bir çox elmi, siyasi səbəbləri də vardır. İlk öncə onun əsasını Azərbaycanda aparılan demokratik quruculuq prosesləri, Azərbaycanın bütün dünyaya açıq olması prinsipi, 1993-cü ildən sonra Azərbaycanda ardıcıl olaraq daxili ictimai-siyasi vəziyyətin normallaşdırılması və sabitləşdirilməsi təşkil edir. Məhz belə bir sabitlik şəraitində, Azərbaycanın bu günkü sabit, sərbəst yaşadığı şəraitdə dünya neft şirkətləri, böyük dövlətlər Azərbaycana etimad, etibar göstərir, onunla əməkdaşlıq edirlər. Bu gün “Əsrin müqaviləsi” Azərbaycana nə vermişdir və gələcəkdə bizi nə gözləyir? – sualına “Əsrin müqaviləsi”nin 5-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxış edən ARDNŞ-nin o vaxtkı birinci vitse-prezidenti İlham Əliyev belə cavab verib: “Bu gün yalnız “Əsrin müqaviləsi” çərçivəsində qoyulmuş sərmayələrin həcmi 2 milyard dollar təşkil edir. Digər müqavilələr üzrə sərmayələr də nəzərə alınmaqla, bu rəqəm 3 milyard dollara yaxındır. Adambaşına düşən xarici sərmayələrə görə Azərbaycan Sovet İttifaqının keçmiş respublikaları içərisində birinci yeri tutur və bir çox Şərqi Avropa ölkələrini ötüb keçir”.

   Bu gün müqavilədə nəzərdə tutulmuş bəndlərə əsasən, 2000-dən artıq Azərbaycan vətəndaşı neft şirkətlərinin mühəndis-texniki heyətində çalışır ki, onların aylıq əməkhaqqı orta hesabla 750 dollar təşkil edir. Neft şirkətləri üçün xidmət sahələrində 10 minədək Azərbaycan vətəndaşı çalışır. Əgər bütövlükdə ticarət, tikinti, məişət və sairə sahələrdə çalışan adamları nəzərə alsaq, yeni iş yerlərinin ümumi sayı 30 mini ötüb keçər.

Xarici tərəfdaşlarla birlikdə cəmi 3 il ərzində Azərbaycan “Əsrin müqaviləsi” üzrə çıxarılmış neftin dünya bazarlarına ixracını təmin etmək barədə götürdüyü öhdəliyi yerinə yetirə bildi. Dünya təcrübəsində belə şey olmamış və dünya neft sənayesi təcrübəsi bu cür sürət görməmişdi.

1995-ci ilin yanvar ayından 1997-ci ilin noyabr ayınadək Azərbaycanda dənizdən neft çıxaran “Dədə Qorqud” yarımdalma qazma qurğusu hazırlanıb istifadəyə verildi. Onun qazdığı ilk quyudan -“Çıraq-1” platformasından Səngəçaldakı sahil terminalınadək 177 km uzunluğunda sualtı neft kəməri çəkildi və Səngəçalda sahil terminalı tikildi. 1997-ci ilin oktyabr ayında Bakı-Novorossiysk neft kəməri istismara verildi. Bu münasibətlə 1997-ci il noyabrın 12-də Bakıda Respublika sarayında təntənəli mərasim keçirildi və bu mərasimdə dünyanın aparıcı dövlətlərindən nümayəndələr, siyasətçilər, neft şirkətlərini təmsil edən biznesmenlər iştirak edirdilər. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. Bu da, müstəqil Azərbaycanın tarixində mühüm əhəmiyyətli hadisə idi. Çünki Bakı-Novorossiysk neft kəməri dayandığı hallarda, Azərbaycan bu yeni xətt ilə öz neftini xaricə sərbəst nəql edə bilmək imkanı qazanırdı.

   Beləliklə, Azərbaycanın düzgün neft strategiyası onun beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Bu mənada Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olan “Əsrin müqaviləsi” həm də böyük beynəlxalq əhəmiyyət kəsb edir. Məhz bu uğurlu neft siyasətinin nəticəsində növbəti illərdə əlavə  müqavilələr də imzalandı. İndi dünyanın böyük neft şirkətləri ilə (14 ölkəyə məxsus olan) 25 müqavilə imzalanıb və onlar da ardıcıl surətdə yerinə yetirilir.

   Bu neft müqavilələrinə əsasən, xarici neft şirkətləri ölkəmizə bonuslar və digər oxşar ödənişlər şəklində maliyyə vəsaiti keçirirlər ki, bu da Azərbaycandakı maliyyə sabitliyində mühüm rol oynayır. “Əsrin müqaviləsi”nin 5 illiyi təntənələrində çıxış edən ARDNŞ-nin o vaxtkı I vitse-prezidenti İlham Əliyev məlumat verərək bildirmişdi: “Artıq Azərbaycana 700 milyon dollara yaxın vəsait köçürülmüşdür. 1999-cu ilin sonunadək gözlənilən ödənişlər də nəzərə alınmaqla, bu məbləğ 815 milyon dolları ötəcəkdir. Vergilər, icarə haqları, boru kəməri tarifləri, pensiya və digər sosial fondlara ödənişlər şəklində Azərbaycan əlavə olaraq 154 milyon dollar almışdır. Beləliklə, 1 sentyabr 1999-cu ilədək bonuslar, vergi və digər ödənişlər şəklində Azərbaycan 855 milyon dollar və ya 3 trilyon 400 milyard manat almışdır. Müqayisə üçün deyim ki, ölkənin illik büdcəsi 3 trilyon 900 milyard manata bərabərdir”. Bu isə təqribən 500 milyon ABŞ dolları həcmində vəsait demək idi  və neft sənayesinə qoyulan investisiya Azərbaycanın daxili imkanlarından  və dövlət büdcəsindən iki dəfədən çox idi.

   “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi və sonrakı neft müqavilələrinin bağlanması Azərbaycan vətəndaşlarında nikbinlik hissi yaratmış, hazırkı bir çox siyasi, sosial-iqtisadi və mənəvi mahiyyət daşıyan problemlərin gələcəkdə həll olunacağına bəslənilən ümidləri artırmışdır. Xüsusilə, çadır şəhərciklərində yaşayan, yerindən-yurdundan didərgin düşmüş, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın düşmüş adamlar “Əsrin müqaviləsi”nin uğurlarını görüb dövlətin siyasətinə daha çox inanırlar və təbii ki, öz yerlərinə, torpaqlarına nə vaxt qayıdacaqlarını düşünürlər. Bu münasibətlə Azərbaycan prezidenti Heydər Əliyev “Əsrin müqaviləsi”nin 5-ci ildönümünə həsr olunmuş mərasimdə qeyd etmişdir ki, bizim gördüyümüz bütün işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, Azərbaycanın iqtisadi potensialını artırmaq üçündür. Təbii ki, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz evlərinə qayıtmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına imkan yaradacaq. Şübhəsiz ki, bunlar bütün başqa məsələlərin də həll olunmasına kömək edəcəkdir. Dövlət başçısı xüsusi vurğulamışdır ki, Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib və Azərbaycanı bütün dünya müstəqil, azad inkişaf edən bir dövlət kimi tanıdıb. “Əsrin müqaviləsi”ndən, digər müqavilələrdən əldə olunmuş gəlirlər, sərvətlər, Azərbaycan xalqının gələcək nəsillərinin firavan yaşaması üçün çox ciddi əsas yaratmışdır.

“Əsrin müqaviləsi”ndən keçən müddətdə Azərbaycan dövləti  bu sahədə bir çox tarixi  əhəmiyyətli layihələrə imza atdı.1999-cü ilin noyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT-in sammiti zamanı  Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı  bəyannamə  imzalandı.Beləliklə də, “Üç dənizin əfsanəsi” adlandırilan dünya əhəmiyyətli kəmər layihəsinin tikintisi üçün siyasi qərar verildi.Görülən gərgin əməyin,aparılan ardıcıl mübarizənin nəticəsində 2006-cı il mayın 28-də Azərbaycan nefti “Bakı-Tbilisi-Çeyhan”xətti ilə  Türkiyənin Ceyhan limanına çatdı.2014-cü ilin iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı.

   2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində  xxı ci əsrin ən böyük enerji layihəsi olan  Heydər Əliyev adına  Bakı-Tbilisi- Ceyhan əsas ixrac boru kəmərinin  təntənəli açılış mərasimi  keçirildi. İstismara verildiyi andan indiyə qədər  263 milyon ton neft tankerlərə doldurularaq xarici bazarlara yola salınmışdır.

   Azərbaycan xalqı   çox haqlı olaraq “Əsrin müqaviləsi”nin 20 illiyini bayram kimi qeyd edir.Ona görə ki,Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi təminatı və ölkəmizin iqtisadi müstəqilliyinin əsas bünövrəsi “Əsrin müqaviləsi” ilə qoyuldu.Məhz bu müqavilədən sonra Azərbaycan  bir daha neft ölkəsi kimi dünyada  məşhurlaşdı və dünya dövlətlərinin Azərbaycana marağı artdı,ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə zəmin yarandı.  Dünyada siyasi mövqeyi və nüfuzu xeyli artmış Azərbaycan  Cənubi Qafqazın liderinə çevrilmişdir.”Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: ”Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi və bu gün biz  “Şahdəniz”yatağıdan qaz hasilatına nail ola bilməzdik. Böyük maraq doğuran TANAP,TAP, ”Cənub “  qaz dəhlizi ilə bağlı müzakirələr aparılmazdı. İndi Azərbaycanın enerji inkişafına  istənilən nöqteyi- nəzərdən  yanaşsaq görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir”.(Bax: ”Xalq qəzeti”, 18 sentyabr 2014-cü il,№203,səh.1).

   Yazını  belə bir fikrlə bitirirəm ki, ölkəmizin ərazisində və Xəzər dənizinin dibində milyon illərlə yığılb qalan  yeraltı təbii sərvətlərdən,o cümlədən neft və qazdan   tam dolğun və məqsədəuyğun  şəkildə istifadə etmək imkanını Tanrı xalqımıza həm SSRİ-nin dağıldığı, dünyada enerji daşıyıcılarının qiymətinin  və dəyərinin ən yüksək səviyyəyə çatdığı və Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi  bir dövrdə, həm də ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə eyni zamanda qismət elədi. Xöşbəxtlikdən on il ərzində Heydər Əliyev tərəfindən işlənib hazırlanmış  və uğurla həyata keçirilmiş neft strategiyası,bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhtəşəm təşkilatçılığı, bənzərsiz titanik fəaliyyəti,bacarığı, əzmkarlığı, bir də “Heydər Əliyev sayağı” cəsarəti nəticəsində belə yüksək səviyyədə,dünyada analoqu olmayan bir yaradıcılıqla və ustalıqla həyata keçirilir.Bu isə,artıq Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin,dönməzliyinin və sarsılmazlığının təminatıdır.  

                          Qafar ƏLİYEV,

Azərbaycan Respublikası prezidentinin İcra Aparatının bölmə müdiri, YAP Siyasi Şurasının üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.