Əkrəm Məmmədlinin ifası…

Print Friendly, PDF & Email

  Əkrəm müəllimin ifası, onun doğma ana-azərbaycan dilində danışdığı qədər aydın, səlist, anlaşıqlı və mənalıdır.
Mən Əkrəm müəllimi 1965-66-cı illərdən tanıyıram. Onun mərhum qardaşı Kamil mənimlə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində eyni kursda, eyni müəllimdən dərs almışıq. Allah Kamilin ruhunu şad eləsin.

Biz birinci kursda təhsil alanda artıq Əkrəm müəllim A. Zeynallı adına Bakı musiqi məktəbini bitirmişdi. Mən onun ifalarını dəfələrlə dinləmişdim. Hətta bizim o illərdə şöbə müdiri olmuş (xalq çalğı alətləri fənn birləşməsinin sədri) Adil Babayevin Əkrəmin ifası haqqında söylədiklərinin şahidi olmuşam. O, deyirdi ki, “bu illərdə A. Zeynallı adına musiqi məktəbi, Azərbaycan ifaçılıq tarixinə iki nəhəng musiqiçi bəxş edib, tar ifaçısı Əkrəm Məmmədov, kamança ifaçısı Şəfiqə Eyvazova. Belə ifaçılar hər zaman yetişmir”.

 Bildiyiniz kimi 1972-97-ci illər ərzində mən öz müəllimlərimlə A. Zeynallı adına musiqi məktəbində çiyin-çiyinə çalışmışam və hər dəfə də, istər imtahan, istərsə də açıq konsert olsun, bütün müəllimlər Əkrəmin ifası haqqında çox müsbət fikirlər söylədiklərini eşitmişəm; Kamil Əhmədov, Akif Novruzov, Elxan Mirzəfərov və başqaları.

Əkrəm müəllimin ifasında bütün musiqi nümunələri həm dünya bəstəkarlarının əsərləri, həm də Azərbaycan bəstəkarlarının həcmindən asılı olmayan əsərləri və eyni zamanda xalq musiqisi nümunələri-muğamlar, rəqslər, rənglər, diringilər hətta mahnılar belə çox yüksək peşəkarlıqla, ali zövq ilə səslənir. Bütün bunlar onun fitri istedadından, zəhmətsevərliyindən, mükəmməl təhsilindən və nəhayət kamil insan olaraq doğma Azərbaycanını mənən və ruhən sevməsindən irəli gəlir.

Əkrəm müəllim bu günə kimi ilk tar ifaçısıdır ki, müəllimi Kamil Əhmədovdan öyrəndiyi və əsaslandığı bütün instrumental muğamları nota köçürüb.

Əkrəm müəllim xoşbəxt sənətkardır. Onu hamı sevir və onun ifasını hər zaman dinləmək arzusunda olduqlarını bildirirlər. O, tələbə yoldaşları Şəfiqənin, Elxanın, Adıgözəlin, rəhmətlik Qədirin, Abdullanın və deyərdim ki, hamının böyük məhəbbətini, sevgisini qazanmışdır. Minlərlə peşəkar musiqi sevən insanlar onun ifasının həsrətini çəkir. Çünki Əkrəm müəllimin ifasında, əsərin tələb etdiyi ən yüksək ifa texnikası, melizmləri, applikatura və mizrabların düzgün seçilməsi, əsərin ideyası, xarakteri öz əksini ən yüksək şəkildə tapır. Hətta mən deyərdim ki, bəlkə Əkrəm müəllimin əlində (sinəsində) tutduğu tar da özünü xoşbəxt sayır.

Əkrəm Məmmədli peşəkar pedaqoji təcrübəyə malikdir. Onun gənc tarzənlərin yetişməsi üçün yazdığı “Etüdlər”və “Qamma və arpeciolar” dərs vəsaitləri orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün əsl dayaq mərkəzidir.

Mən bu gün tarzənlərə və tar çalmaq istəyən bütün gənc ifaçılara arzu edərdim ki, “Əkrəm Məmmədli ifaçılıq məktəbi”ndən bəhrələnsinlər, bu məktəbə istinad etsinlər.
Böyük vətənpərvər qardaşım Əkrəm Məmmədliyə Allahdan uzun ömür, möhkəm can sağlığı, yeni-yeni ifaçılıq nəaliyyətləri və firavan həyat arzulayıram.

 

Arif Əsədullayev
Üzeyir   Hacıbəyli    adına    Bakı 
Musiqi Akademiyasının professoru,
sənətşünaslıq üzrə  fəlsəfə   doktoru, 
kamança  ifaçısı. 

Naxçıvanda yaşayıb yaradan ustad tarzən

Əkrəm Məmmədlinin ifasında

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.